Tam aydın sənətkar və natamam “qaranlıq” siyasətçi - Nəriman Nərimanov...
Çox nasional və hədsiz internasional. XI Qızıl (?! Yox bir, brilyant!) Ordu Bakıya soxularkən “Gələn işğalçı ordudur!” deyə hayqıran cümhurçuları “Yox, gələn xilaskar ordudur...” deyə sakitləşdirməyə çalışan və sonralar Vladimir İliç Leninə “Bakı fəhləsi sovet Rusiyasına bu qədər ucuz qiymətə satdığı neftdən öz çıraqları üçün ala bilmirlər...” yaza-yaza için-için yanıb-alışan. Erməniliyin tarixi xislətini, Stepan Şaumyanın çağdaş rəzalətlərini bütün çılpaqlığı ilə görüb-bilən və aylarla otağına qapılıb, lətif adlarımızdan ən zərifini onların qızlarından birinə ad edib “Bahadır və Sona”nı qələmə alan...
“Və” lər... Bu qrammatik bağlayıcı onun çox-çox dramatik keçən həyatını - bütün ömrünü izləyib; doğum və ölüm ünvanlarından tutmuş, inqilabi anlam və qavramlarına, siyasi inanış və aldanışlarına qədər.
Kərbəlayi ailəsində halal-ümmət tərbiyə almış, 20 yaşında son dərəcə humanitar-elitar bir təhsil ocağını - Qori Müəllimlər Seminariyasını, 28-ində Odessa Universitetinin tibb fakültəsini bitirmiş geniş dünyagörüşlü Nəriman elə gənc yaşlarından millətin qayğıkeş böyük qardaşına və sonralar cəfakeş atasına çevrilsə də, nədənsə (əslində, hamıya özü kimi inandığından), bu missiyanı başqalarından - sovet Rusiyasından gözləməyə başladı. Onun bu yanlış inancı özü üçün qədərsiz zillət və məşəqqətlər yaratdı, Azərbaycan ictimai fikri üçün ikili standart, müxtəlif rəy və qənaətlər.
Nərimanov Zamanı və Zaman Nərimanovu
Belə bir zaman da gəlir ki, millətlər oyanır, mədəniyyətlər “ictimaiyyətlər pərvəriş-dirçəlişə - ticari meydanlardakı mənzərələrdən daha faidəli, daha qidalı, bəşəri səs-sədalı alış-verişə” (Əliqulu Qəmküsar) başlayır. Bu milli təlatümlər, oyanışlar ayrı-ayrı şəxsiyyətlərin adları ilə hallandırılır. Hər ölkədə - siyasi müdriklərdən birinin formulası ilə desək, “kütlələrin - 6 sıfırın əvvəlinə keçən 1-lər milyon yaradır” və beləliklə də millətlərin imzaları yaranır. Milli duyğu-“antena”ları “Yox millətimin imzası bu imzalar içində” (Məhəmməd Hadi) kimi ictimai mesaj-sifarişlər tutan Azərbaycan aydınları da o ictimai tutumlu “1-lər”ə çevrilir, kütlələri öz ətraflarına toplayıb, xəlqi maarif və mədəniyyət, ədəbiyyat, ictimai-siyasi ovqat, xoşbəxt həyat, nəticə etibarilə özgür millət, müstəqil hökumət yaratmaq istəyirdilər. Onlardan bəzisi nəinki Azərbaycan, həm də ümumtürk-müsəlman arealına banilik bəxş edən opera, bütün zövqlərin fəthinə nail olan operettalar yazır, bəzisinin “Molla Nəsrəddin” ərzi-ədalı qələm-kağız sədası - bütün Yaxın Şərqdən gəlir, bəziləri həmin ünvanlar cəmində ilk Demokratik Cümhuriyyət qurmağa çalışırdılar...
Onlardan ən universalı -
ən çox bizim və... bir az da başqalarının olmuş Nəriman Nərimanov!
O bütün ürəyi, qanı, can-ciyərilə bizim idi. Özü də “balaca” mənalı, “çəpər” ərazili bizim yox, böyük bizim - Turan və Quran dünyasıyca bizim! Azərbaycan hökumətinin ən hökmlü, səlahiyyətli bir rəhbər vəzifəsində ikən (yəni Türkmənistanda tüğyan edən vəba xəstəliyinin qarşısını almaq üçün istənilən sayda və qədərdə tibb heyəti və ləvazimatı göndərmək imkanı varkən) çantasını əlinə alıb özü gedir o potensial yoluxma təhlükəsi olan qardaşstana.
O bütün cəsarəti, xarakteri, milli sevgisiylə bizim idi. Üzeyir bəy Hacıbəylini bir kərə daşnak-bolşeviklərin “gözügötürməz”lik-“pantürkist”lik, bir dəfə də cılxa sovet bolşevizminin “anti-sovet” motivli ölüm siyahılarındakı adı üstündən qırmızı karandaşla xətt çəkib, “yox” dərkənarı qoyub.
Nəriman Nərimanov, belə demək mümkünsə, bu “təcrübə”ləri hələ çarizm dövründə həyata keçirməyə başlamışdı. Harada ki ictimai mənafe-məzmunlu bir problem, ümummilli ağrılı səs-səda qalxırdı, Nərimanovun özü və ya nümayəndəsi dərhal orada olardı. Bu səs-sədalardan biri də məktəblərdən gəlir. Belə bir mövzuda ki, siniflərdə ana dilində danışmaq qadağan edildiyindən, türk-müsəlman şagirdlər və müəllimlər çox çətinliklərlə üzləşirlər. Milli vicdanlı müəllimlərdən biri isə “uzağı Sibir, yaxını qəbir!” perspektivilə canını dişinə tutub, “Kaspi” qəzetinə “açıq məktub” yazır. O məktubda belə bir cümlə olur: “Öz dilimizdə bir kəlmə belə danışmaq yasaqdırsa, mən yazıq “sobaka laet” tərkibindəki sonuncu ifadəni fağır müsliman balalarına necə izah edim? Hürərək anladım?!” Onsuz da bu barədə çoxdan düşünüb qayğılanan Nərimanov Dumadakı yığıncaqların birində məsələnin çox ciddi qoyulmasını tələb edir. Və elə o yığıncaqdakı “tələb” sözünün Tiflisdə oturan Qafqaz canişininə yazılan məktubda da qeyd olunması üstündə ciddi mübahisə-müzakirələr gedir. Zeynalabdin Tağıyev də daxil, hamı “xahiş edirik” yazılmasını məsləhət görür, Nərimanov isə “Mən öz dilimdə danışmaq üçün kimdənsə xahiş etməliyəm?!”, - deyə “tələb edirik” yazılmasında israr edir.
Bütün ürəyi, cəsarəti, dönməzliyilə təpədən-dırnağa bizim olan bu fenomen bolşevizmin allı-güllü internasionalizminə, ilkin qırmızı nümayiş-gərdişlərinə aldanaraq, düşüncələrində beyin “solçu”luğuna meyilləndi. Moskva idarəçiliyinə dəvət edilməsini, özünün bir “milli əngəl” olaraq Azərbaycandan uzaqlaşdırılması cəhdi kimi yox, sovet Rusiyasının etnik bərabərlik, “böyük qardaş”lıq jesti kimi qiymətləndirdi. Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə bağlı müşavirədə səsvermə zamanı tək qaldıqdan sonra, bu siyasi “dabbaq”da V.İ.Lenin “yoldaş”ın və o vaxtadək də az tanımadığı Şaumyan xislətli kimsə-kilimçilərin gönlərinə bələd oldu və nəhayət, Anton Pavloviç Çexovun “Qlaflı adam”ındakı xəcalətdən ölən məşhur məmurun tam əksinə olaraq, yenilməz-dönməzliyi ucbatından öldürüldü.
Beləliklə, Nərimanov Zamanı Zaman Nərimanovuna qalib gəldi (?)...
Onun canlı siyasi varlığı belə bitdi.
Çox böyük ictimai-fədai oğlumuzun siyasi həyatının çox az nöqtə-vergülünə toxunduğum siyasət Nəriman Nərimanovluğu haqda bu qədər.
Ədəbi Nəriman Nərimanov
Qəribədir ki, həyatında (istər-istəməz) baş verən ikililik onun ədəbi yaradıcılığında da az təzahür etməyib. Qüdrətli, məşhur Nadir şah Əfşardan bəhs edən “Nadir şah” əsəri oxucuda bir çox mühakimələrlə yanaşı, bir müəllif və obraz paraleli, oxşarlıq nüansı da oyadır. Nadir şaha məxsus “həyat və hakimiyyət” tandeminə ikili baxış - başqa bir aspektdə Nəriman Nərimanovda da vardı. O, onu oxutdurub dünyəvi təhsil vermiş Zeynalabdin Tağıyevi, deməli, Tağıyevliyi - milli burjuaziyanı rədd, sonradan “çırağına tökmək üçün” bir litr neft tapmayan proletariatı - deməli, kasıbçılığı müdafiə edirdi.
“Bahadır və Sona”, “Qonaqlıq”, “Pir”, “Bahadır və oğlu”, “Şahmandarbəy”...
Bu adlardakı assosiativ duruluq, ifadələrin oyatdığı xəlqi duyğusallıq müəllifin milli-mənəvi düşüncə obrazını da yaratmış olur. O, sülhün, qardaşlığın, millətlər birliyinin tam tərəfdarı, sidq-ürəkdən aşiqi idi. “Bahadır və Sona” romanı da bu istək və arzuların nəticəsi idi. Lakin sonralar, adını “Sona” qoyduğu o “axçi”nin qardaşlarının daha nələr etdiklərini görüb, çox düşünür və aradan götürülüb aparıldığı qərib paytaxtda məzlum Bahadırların əmin-aman sabahları üçün Azərbaycanın oçağkı xalqının bildiyi, bilmədiyi və bəlkə də heç zaman bilməyəcəyi fədakarlıqlar edir, çox ciddi işlər görürdü.
Xalqımızın siyasi beyinlərində “gah-gah” notları ilə dəyişən, qalxıb-düşən Nərimanov sənət, ədəbiyyat aləmi insanlarının qəlbində əbədi ədib kimi yaşayacaq. Bunu onun heykəlləri, müxtəlif abidələri, muzey və adının verildiyi rayon, prospekt, küçə, müəssisə və digər obyektlər də təsdiq edir.
Sonda da əvvəlki “və” bağlayıcısına bağlanmalı oluram. O, 1870-ci il aprelin 14-də Tiflisdə doğuldu və 1925-ci il martın 19-da Moskvada öl(dürül)dü. Çar Rusiyası dövründə Həştərxana və sovet Rusiyası vaxtında o dünyaya sürgün edildi. Çətin vaxtlarda açıq şəkildə “Hümmət” təşkilatının mərkəzi komitəsinin sədri, “Hümmət” qəzetinin baş redaktoru, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri oldu, “dünyanın düz vaxtında” müəmmalı şəkildə öldü...
Ömür qəza-qədər sarıdan “öldü” yazmağa “məhkum” olsaq da, belə deməkdə azadıq ki: Daha bundan artıq, bundan gözəl, bundan əbədi nə yaşamaq ki?!.
Tahir Abbaslı