Ötən yüzilliyin əvvəlində Azərbaycan ictimai fikrinin inkişafında xüsusi yeri olan mətbu orqanlardan biri də “Şərqi-Rus” qəzetidir. Qəzetin ilk nömrəsi 1903-cü il 30 mart (yeni təqvimlə 12 aprel) tarixində Tiflisdə Məhəmmədağa Şahtaxtlının naşirliyi və redaktorluğu ilə işıq üzü görüb.
   
   1891-ci ildə Tiflis qubernatorunun sərəncamı ilə azərbaycanlı oxucuların yeganə anadilli mətbu orqanı “Kəşkül” qəzetinin nəşri dayandırılandan sonra dövrün ziyalıları Azərbaycan dilində yeni bir qəzet çıxarmaq üçün çalışırlar. Ancaq heç bir nəticə hasil olmur. Bu təşəbbüsdə olanlardan biri də Məhəmmədağa Şahtaxtlı idi.
   Naxçıvanda şəhər məktəbini, Tiflisdə gimnaziyanı bitirdikdən sonra Peterburqda alman dilini öyrənmiş, Almaniyanın Leypsiq Universitetinin fəlsəfə, tarix və hüquq fakültəsində təhsil almışdı. Sonra Parisdə Şərq Dilləri Məktəbində mühazirələr dinləyir, fransız və ingilis dillərini mükəmməl öyrənir. Eyni zamanda türk, ərəb, rus və fars dillərini bilirdi.
   Məhəmmədağa Şahtaxtlı xeyli səy göstərdikdən sonra “Şərqi-Rus” qəzetinin nəşrinə icazə alır. Naxçıvanın Şahtaxtlı kəndindəki ata mülkünü sataraq Tiflisə köçür. Burada bir mətbəə alır və qəzetin ilk nömrəsi çapdan çıxır. Birinci nömrədə qeyd olunmuşdu ki, “Şərqi-Rus” cəmiyyət işlərinə və ədəbiyyata məxsus çərşənbə, cümə və bazar günləri çıxan bir türk qəzetidir.
   Digər anadilli mətbu orqanlarımız kimi, bu qəzetin də başlıca məqsədi türk-müsəlman əhalisini maarifləndirmək olur. Məhz buna görə də qəzetin səhifələrində dünyəvi elmlərlə bərabər, ana dili və qadın azadlığı ilə bağlı maraqlı yazılar dərc olunur. Çox keçmir, “Şərqi-Rus ” qəzeti dövrün mütərəqqi fikirli ziyalılarını - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqalarını öz ətrafında cəmləşdirir.
   Onu da qeyd edək ki, Həsən bəy Zərdabi “Kəşkül” qəzeti ilə “Şərqi-Rus” qəzeti arasında keçən 13 ili (həmin vaxtlarda ana dilimizdə mətbuat orqanı olmayıb) Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırıb. Bu nəşrin səciyyəviliyi onun ilk gündəlik Azərbaycan qəzeti olmasında idi. Görkəmli siyasi xadim M.Ə.Rəsulzadənin ilk mətbu əsəri “Şərqi-Rus” da dərc edilmişdi. Lev Tolstoyun yaradıcılığından Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində işıq üzü görüb. “Şərqi-Rus”un Azərbaycan mətbuatında ən layiqli xidmətlərindən biri Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri üzə çıxarması olub. Xüsusilə C.Məmmədquluzadənin bir jurnalist və yazıçı kimi püxtələşməsində M.Şahtaxlının böyük xidməti danılmazdır.
   1904-cü ilədək (262 nömrə) qəzetin redaktoru M.Şahtaxtlı, 1905-ci il 15 yanvaradək (392-ci nömrəyədək) isə C.Məmmədquluzadə olub. Onu da deyək ki, ilk vaxtlar M.Şahtaxtlı məslək və qələm dostları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə və başqaları tərəfindən dəstəklənir. Ancaq zaman keçdikcə müəyyən fikir ayrılıqları ilə bağlı münasibətlər dəyişir. Milli mətbuatın məqsəd və vəzifələri barədə fikirlərində ziddiyyətlər ortaya çıxır. Belə ki, qəzet Hacı Zeynalabdin Tağıyevin Tiflisdə bir müsəlman məktəbini himayəyə götürdüyünü, ancaq sonradan köməklik göstərmədiyini tənqid edir. Buna da redaktorun məslək və qələm dostları etiraz edirlər. Qəzet isə buna cavab olaraq daha kəskin yazı dərc edir, onları “Hacı Zeynalabdinin qələm qoçuları” adlandırır. Professor Vilayət Quliyev “Üç aqilin davası” yazısında bu haqda maraqlı məlumatlar verib.
   Həmin yazıya cavab olaraq Əhməd bəy Ağayev qəzetin səhv addım atdığını qeyd edir: “Belə qəzetin ilk oxucuları artıq o qədər ziyalıdır ki, qovğalı yazılardan heç bir zövq almırlar. O qədər həssasdırlar ki, qovğa rubrikaları onlarda, sadəcə, ikrah doğurur”.
   Qeyd edək ki, bu intriqaların arxasında şəxsi maraqlar durmayıb. Onlar, sadəcə, “Şərqi-Rus”un tutduğu yolun yanlış olduğunu qeyd ediblər. Məqsəd ancaq ümumi işə xidmət olub. Maraqlıdır ki, sonralar hər şey öz qaydasına düşür. M.Şahtaxtlı özü də ümummilli maraqlar naminə şəxsi iddialarından çəkinir, qəzet vasitəsilə səhvini etiraf edir. Ə.Topçubaşov qələm dostunun bu etirafını təqdirlə qarşılayır.
   “Şərqi-Rus” qəzetinin sonuncu nömrəsi 15 yanvar 1905-ci il tarixdə çap olunub. Beləliklə də, Azərbaycan mətbuatının Tiflis dövrü bu qəzetlə başa çatır...
   Onu da deyək ki, M.Şahtaxtlı Rusiya imperiyası daxilində yaşayan milyonlarla türkün milli-mədəni inkişafında xüsusi xidmətləri olan ziyalılarımızdandır. Böyük maarifçilər Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin, İsmayıl bəy Qasprinskinin başladığı yol Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı və başqa ziyalılarımızın işıqlı əməlləri ilə davam etdirilib. Məhəmmədağa Şahtaxtlı 1919-cu ildə Bakıya gəlir. Bakı Dövlət Universitetinin yaradılmasında yaxından iştirak edir. Sovet hakimiyyəti illərində ilk professor adını alan azərbaycanlıdan biri olur. 1931-ci ilin dekabrın 12-də, ömrünün ixtiyar çağında - 85 yaşında vəfat edir.
   
   Savalan Fərəcov 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar