Millət oğlu, dahilər qardaşı, maestro atası - Zülfüqar Hacıbəyov
   
   Bəli, Zülfüqar bəy Hacıbəyov həm də böyük professionallar nəslinin qayğı bünövrəsi olub.
   Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Soltan Hacıbəyli, maestro Niyazi, İsmayıl Hacıbəyli...
   Bu adlar yüz ildən çoxdur ki, mədəniyyətimizin mənəvi soyadları kimi səslənir, türk-müsəlmanelli aləmdə milli bayrağımızın rəngləri kimi canlanır. Bu obrazlı deyimi bir az da “tünd”ləşdirərək deyim ki, canlı Üzeyiri, Ceyhunu və Niyazini də Zülfüqar Hacıbəylinin şanlı əsərləri sırasına daxil etmək olar.
   
   O, tək elə üç böyük qardaşdan böyüyü olaraq, “tərcümeyi-hal”lara - Hacıbəylilər şəcərəsi tarixçəsinə deyil, böyük sənət əsərləri, ictimai yüklü publisistik yazılar müəllifi kimi, milli tərcümeyi-hal tariximizə də əbədi düşüb.
   1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olmuş Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəylinin kiçik qardaşları Üzeyir və Ceyhunun sənət baxışlarının, milli fəaliyyət və düşüncə hədəflərinin formalaşmasında oynadığı böyük qardaş rolu haqda sənədlər, söhbətlər, xatiratlar çoxdur.
   Bəs onun özü necə formalaşmış və sonralar professional musiqimizin banisi olmuş Üzeyir qardaşının böyük sənət qardaşına - dünyalarca məşhur Üzeyir bəy Hacıbəyliyə çevrilməsinə ustadlıq etmiş bu müəllimsiz “xalq tələbəsi” böyük sənət azmanları sırasında məxsusi yer qazanmışdır?
   
   Həyat düşüncələri, sənət əsərləri...
   
   Hələ uşaqkən öz ailəsi və Şuşanın mədəni mühiti tərəfindən ona aşılanmış sənət duyğuları Zülfüqarda özünü musiqiyə həsr etmək istəyi yaratmışdı. O, eşitdiyi el nəğmələri, xalq mahnıları ilə birgə böyüyür, sonralar yazı-pozu adamları olmuş bəzi tay-tuşlarının yazdıqlarına görə, hərdən, “bəzi-bəzi yekə fikirlər söyləyirmiş”. Deyirmiş ki, mən bu musiqiləri bu məhəllələrin ara-bərəsindən, kol-kosların böyür-başından yığıb aparacam bər-bəzəkli konsert salonlarına...
   Onun bu tip sözlərinin, “vəd” nitqlərinin dinləyiciləri arasında özündən yaşyarım kiçik qardaşı Üzeyir də varmış ki, o, belə söhbətlərə “biri varmış, biri yoxmuş” nisyəsi kimi baxmırmış. Yetkinlik yaşına çatan və balaca qardaşında özündən də böyük istedad görən Zülfüqar öz arzu-dilək yaradıcılığından öncə Üzeyirin reallaşması üçün qayğı-sayğı fəaliyyətinə başlayır.
   O, ev-eşikdə Üzeyirə böyük qardaş, məlumatlı müəllim kimi yanaşarmış, çöl-bayırda ata kimi. Bu haqda az yazılmış olsa da, Üzeyir bəy Hacıbəyli salnaməsinin müəllifi - mədəniyyət, sənət tariximizin canlı ensiklopediyası rəhmətlik Qulamhüseyn Məmmədlidən çox eşitmişəm. Onun danışdıqlarına görə, Zülfüqar bəyin çalışmaları Üzeyir bəyi Qori Müəllimlər Seminariyasına tam hazır vəziyyətdə göndərmişdir. “Şuşada səslər çoxdur, qulaqlar az”. “Bir səs nə qədər gur olsa da, alışdırıb-yandıran qor olsa da, xor deyil”. “İsa bulağı axıb-axıb axır ki gedib dəryaya çatır, İsaların, Hüsülərin səsi isə balaca-balaca toy məclislərinə”. “Sən Məcnunu Leyli qəbri üstdə eşitdin, bəs Leyli havaxt çıxacaq meydana?..”
   Bu xatirə-fikirlərin sonuncusu 1899-cu il dekabrın 31-də gecə saatlarında deyilib. Və 15 yaşlı Üzeyir 16 yaşlı Zülfüqara qayıdıb ki, qardaş, xəbərin varmı bir neçə dəqiqədən sonra dünyanın on doqquz yaşı tamam olur, iyirmi yaşına keçir?..”
   Azərbaycanın ilk səhnə möcüzəsinə - “Leyli və Məcnun” operasına isə səkkiz il qalırdı...
   Nəhayət, Zülfüqar öz gününü də “ağlayıb”-çağlamağa qədəm qoyur. Bakıya gəlir. Uşaqlıq arzularının partitura “əkin”inə qədəm qoyur. Lakin nəsil-genindəki milli-mübarizlik damarı bu canda da özünü göstərir. Hərdən not yaradıcılığına ara verib, milli-mənəvi düşüncələrini mətbu yazılarla bəyan edir. Məsələn, fərdi zövqlə ictimai-milli zövq arasındakı ziddiyyət Zülfüqar Hacıbəyli qələmində belə şərh olunur: “1908-ci ildən bəri - yəni “Leyli və Məcnun” adlı ilk Azərbaycan operasının meydana çıxmasından başlayaraq xalqımız ümumən Yaxın Şərq üçün yeni olan bu sənət “dilinə” də yiyələnir, tamaşalarda fəal iştirak edir. Əlbəttə, bu yeni zövqə qarşı xalqda antipatiya yaratmaq heç də yaxşı, inkişaflı gələcək vəd etmir. Bunları yazmağa məni vadar edən odur ki, ilk Azərbaycan operası səhnəyə qoyularkən belə bir istibdad dövründə bəslənmiş, böyümüş, tərbiyələnmiş, milli hissini unutmuş bəzi Azərbaycan ziyalıları bu cür yenilik başlanğıcına təhqiranə nəzər ilə baxmağa bünövrə qoydular...”
   Dərin milli düşüncə sahibi olan Zülfüqar Hacıbəyli həmin dırnaqarası ziyalıların pessimist-nihilist fikirlərindən çəkinməyərək, bir-birinin ardınca maraqlı operettalar, opera, kompozisiya və digər janrlı əsərlər yaradır. Özündən kiçik qardaşı Üzeyir bəyin “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi dahiyanə operettaları ilə birgə, Azərbaycan tamaşaçısı Zülfüqar bəyin “Evliykən subay”, “Məşədi Xudu”, “Əlli yaşında cavan” (1910) və başqa operettalarını da xoş maraqla qarşılayır, alqışlayırdı. Azərbaycan professional bəstəkar yaradıcılığının ilk nümunələrindən olan “Kənd qızı”, “Əsgər nəğməsi” və s. mahnıları dövrün dillər əzbəri idi.
   Zülfüqar Hacıbəyli yaradıcılığının əhəmiyyəti həm də qədim Azərbaycan musiqi ənənələrinin yenilənmə, zənginləşmə inkişafı prosesini sürətləndirməsində idi. Onun fortepiano ilə simfonik orkestr üçün yazdığı “Azərbaycan qadınının rəqsi”, bəstəkar Zakir Bağırovla birgə işlədiyi “Kantata” uzun illər Azərbaycan radiosunda və konsert salonlarında ictimai zövq, ən çox mənəvi qida meyarı kimi səsləndirilib.
   Zülfüqar Hacıbəyovun adı ilk Azərbaycan operasından 7 il sonra - 1915-ci ildə yazdığı “Aşıq Qərib”lə mədəniyyət tariximizə gözəl bir opera müəllifi kimi də düşür. Bütün bunlar - bu təvazökar, məhsuldar, vətənpərvər bəstəkarımızın mədəniyyət aləmindəki xidmətləri - gec də olsa, qiymətləndirilir; 1943-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adı, 1946-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif edilir.
   
   “Bu dünyaya tezikdim, o dünyaya gecikdim...”
   
   Dırnaq işarəsi içərisində verdiyim bu “sitatı”ı heç kəs heç bir mənbə-məxəzdə axtarmasın - tapılmayacaq. Çünki Zülfüqar Hacıbəyli bu sözləri 1949-cu ildə xəstəxanada müalicə olunarkən 19 yaşlı bir şəfqət bacısına deyib. Həmin şəfqət bacısı isə - sonralar baş həkim işləyərkən - 1989-cu ildə telemüsahibəmiz zamanı bunu mənə danışmışdı.
   Zülfüqar Hacıbəyli xəstəxanada olduğu günlərdə tez-tez ona baş çəkən həmin şəfqət bacısı məşhur bəstəkarın maraqlı söhbətlərinə qulaq asar, məqam düşdükcə, ona əsərlərini, mahnılarını çox sevdiyini bildirərmiş. Üzeyir bəyin daha məşhur, daha populyar olmasından dolayı, bir gün də Zülfüqar bəyə belə bir sual verir: “Ay Zülfüqar əmi, bəyəm, rəhmətlik Üzeyir bəy Sizdən yaşca böyük idi?..” Mətləbi anlayan Zülfüqar Hacıbəyli “incik” bir rola girib: “Üzeyirin nə həddi vardı ki, yaşca da məndən böyük olaydı? - deyir - O böyük məndən düz 1 il 5 ay uşaq idi”. Bunu deyib, yarı fəxr-yarı hüznlü görkəm alan bəstəkar əlavə edir: “Onunla müqayisədə mən bu dünyaya tezikdim, o dünyaya gecikdim...”
   
   Ovqat şəfası...
   
   Bir gün o şəfqət bacısı Üzeyir bəyin keşməkeşli tale yolu haqda atasının söylədiklərini də Zülfüqar bəyə danışır. Özü də “zəmanə qulaqları” xofundan xısın-xısın danışır. Söyləyir ki: “Zülfüqar əmi, xəbəriniz varmı ki, bir neçə dəfə repressiya qurbanlığından qurtarılan Üzeyir bəyi axırıncı dəfə də bizim qonşu binada yaşayan Məmməd Səid Ordubadi xilas edib?” Özünü heç nədən xəbərsiz kimi göstərən Zülfüqar bəy: “Necə xilas edib?!” - deyə soruşanda şəfqət bacısı Üzeyir bəy ölkəsinə - belə bir korifey yetişdirmiş Vətənə mənsubluq fəxarətilə deyir: “Heç nə, Bağırov yoldaş Ordubadi dadaşa him eləyib deyəndə ki; “bəlkə bunu da “o məsələ”, o da qayıdıb ki, nə badə! Əgər Üzeyir bəyi də aradan götürsəniz, onda gərək bütün teatrların qapılarından qıfıl asaq. Axı, bütün teatrlarda Hacıbəyovların əsərləri oynanılır!..”
   Bu Hacıbəyovlardan biri də Zülfüqar bəy idi...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar