“Koroğlu” operasının ilk tamaşasından 75 il ötür
   
   Aprelin 30-da ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin yaradıcılığının zirvəsi sayılan “Koroğlu” operasının ilk tamaşasının 75 ili tamam olur. Üzeyir bəy bu əsər üzərində 1932-ci ildən işləməyə başlamışdır. Operanın yaradıcı heyəti - libretto müəllifi Heydər İsmayılov, şeirlərin müəllifi M.S.Ordubadi, rejissor İsmayıl Hidayətzadə, rəssam Rüstəm Mustafayev olmuşdur. İlk tamaşaya Üzeyir bəy özü dirijorluq etmişdir. Baş rolları Bülbül (Koroğlu), Gülarə İsgəndərova (Nigar), Məmmədtağı Bağırov (Həsən xan) ifa etmişlər.
   
   Üzeyir musiqisinin incəliyi, parlaqlığı, möhtəşəmliyi bir daha bu opera vasitəsilə özünü sübuta yetirmişdir. Bəstəkar musiqi dili ilə Koroğlunun yenilməzliyini, mərdliyini, mübarizliyini dinləyiciyə, tamaşaçıya çatdıra bilmişdir. Üzeyir bəyin hər bir əsəri ayrılıqda sənət incisidir. Lakin “Koroğlu” operasının Azərbaycan musiqi tarixində yeri əvəzolunmazdır. 5 pərdədən ibarət operanın uvertürası sanki ayrıca bir əsərdir. İnsanın qəlbini dinləndirən bu musiqi qəhrəmanlıq operasına girişdən əlavə, həm də Üzeyir bəyin qəlbinin dərinliklərində olan arzu və istəklərinin ifadəsi kimi səslənir. Opera bəstəkarın necə yüksək zövqə, həssas qəlbə və eyni zamanda güclü vətənpərvərlik hissinə malik olduğundan xəbər verir. Üzeyir bəy “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər” məqaləsində yazır: “...Həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının müəllifi olmaq şərəfi mənə nəsib olmuşdur. Beləliklə, “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər keçilən yol təkcə Azərbaycan operasının otuz illik tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq yolumdur... ”
   “Koroğlu” operasının musiqisi insanda yüksək duyğular, milli fəxarət hissi oyatmağa qadirdir. Bir sıra görkəmli sənətkarlar opera haqqında fikirlərində “Koroğlu”nun əzəmətli musiqisini xüsusi vurğulayıblar. Bu baxımdan Koroğlu obrazının ilk və əvəzsiz ifaçısı Bülbülün sözləri yerinə düşür: “”Koroğlu” operası ilk tamaşadan sonra ürəklərə yol tapdı, bir çox müğənnilərin ifasında qardaş respublikaların səhnələrində, efirdə tez-tez səslənməyə başladı. Mən teatrımızın səhnəsində xalq qəhrəmanı Koroğlu rolunda 400 dəfədən çox çıxış etmişəm. Hər dəfə bu rolu ifa edərkən Üzeyir bəyin sənətinə valeh oluram. Bu operanın uvertürasına mən dəfələrlə qulaq asmışam. Uvertüra başlananda insanı cuşa gətirir. Elə bir musiqi həvəskarı tapılarmı ki, bu musiqi onu həyəcana gətirməsin? Uvertüra operanın qəhrəmanı kimi səslənir, bütün hadisələrin tərcümanı kimi qəbul olunur. Üzeyir sənətinin qüdrəti orasındadır ki, bəstəkarımız Azərbaycan xalq musiqisinin, muğamlarımızın bütün incəliklərini bilir, onun məlahətini duyur, öyrənir və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı”.
   Opera 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında nümayiş etdirilmiş və 1941-ci ildə müəllifinə Stalin mükafatı laureatı adını qazandırmışdır.
    “Koroğlu” operası Azərbaycan musiqili teatrının parlaq yüksəlişinə səbəb oldu. Onun səhnə taleyində Üzeyir Hacıbəyli musiqisini dərindən duyan Niyazinin böyük rolu vardır. Operaya həmçinin Əşrəf Həsənov, Rauf Abdullayev, Kazım Əliverdibəyov və başqaları dirijorluq etmişlər. 75 yaşlı “Koroğlu” səhnəyə qədəm qoyduğu gündən neçə-neçə sənətkar nəsli yetişdirib. Müxtəlif illərdə Koroğlu obrazını yüksək peşəkarlıqla yaradan Bülbül, Lütfiyar İmanov kimi sənətkarlarla yanaşı, gənc nəslin nümayəndələri - Samir Cəfərov, Həsən Enami, Ülvi Qılınc da bu obrazın öhdəsindən layiqincə gələ bilmişlər.
   Əsər 1958-ci ilə qədər İ.Hidayətzadənin, sonralar isə F.Səfərovun quruluşunda təqdim olunmuşdur. Bülbüldən sonra Koroğlunu Lütfiyar İmanov, Adil Məlikov canlandırmışlar. Nigar rolunda isə Firəngiz Əhmədova, Fidan Qasımova, Xuraman Qasımova çıxış etmişlər.
   Aşqabadda türkmən dilində (1939), Daşkənddə özbək dilində (1950) səhnələşdirilmiş, həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrının qastrol tamaşaları zamanı Təbriz, Tiflis, Kiyev, Peterburq və s. şəhərlərdə nümayiş etdirilmişdir. 2009, 2010-cu illərdə TÜRKSOY-un təşkilatçılığı ilə keçən Beynəlxalq İstanbul Opera Festivalı çərçivəsində professor Rauf Abdullayevin dirijorluğu və Həsən Enami (Koroğlu), Zemfira İsmayılovanın (Nigar) iştirakı ilə tamaşaya qoyulan opera böyük müvəffəqiyyət qazanmışdır.
   Musiqi sənətimizin parlaq səhifəsi olan “Koroğlu” operasının 75 yaşı münasibətilə bəstəkarın ev-muzeyində sərgi təşkil olunub. Sərgidə müxtəlif illərin tamaşalarının afişa və proqramları, operadan müxtəlif səhnələri əks etdirən fotoşəkillər və s. maraqlı materiallar nümayiş etdirilir. İllər, əsrlər ötüb keçəcək, lakin Üzeyir bəyin musiqisi heç zaman qocalmayacaq, unudulmayacaq. Hər zaman öz layiq olduğu yerlərdə - zirvələrdə səslənəcək.
   
   Aytən Heydərova,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin baş mühafizi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar