Görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Əziz Şərifin (1895-1988) ömrünün müəyyən illəri Tiflis şəhəri ilə bağlı olmuşdur. O, ötən əsrin əvvəllərində Tiflis gimnaziyasında təhsil almış, daha sonra təhsilini Moskva şəhərində davam etdirmiş, 1920-1935-ci illərdə Tiflisdə mətbuat sahəsində çalışmış, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi işləmişdir.
   
   Əziz Şərif həm gimnaziyada təhsil aldığı illərdə, həm də əmək fəaliyyəti dövründə Tiflis ədəbi mühiti, o cümlədən teatr mühiti ilə dərindən maraqlanmışdır. Ədib özü sonralar bu barədə belə yazmışdır: «Mənim həyatımda olduğu kimi, gündəlik və müxtəlif yazı-pozularımda da teatr müəyyən yer tutur. Uşaq vaxtımdan, Tiflisdə gimnaziyada oxuduğum illərdən mən teatra və teatr yaradıcılarına yaxın olmuş, Tiflisdə Azərbaycan teatrının fəaliyyətində iştirak etmiş və bütün ömrüm boyu teatr tamaşaları haqqında Tiflis mətbuatında, bəzən də Bakı mətbuatında yüzlərlə irili-xırdalı məqalə və resenziya yazıb çap etdirmişəm» (Əziz Şərif. «Keçmiş günlərdən», Bakı, 1977, səh. 148).
   «Mədəniyyət»in oxucularına məlumdur ki, 1912-ci ilin aprel ayında Tiflisdə azərbaycanlıların yaşadığı «Şeytanbazar» məhəlləsində teatr tamaşaları göstərmək üçün Azərbaycan Xalq Evi - «Auditoriya» açılmışdır. Açılış mərasimində şəhər idarəsinin rəisi, habelə görkəmli ziyalılar - Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Mirzəli Abbasov və başqaları çıxış etmiş, Azərbaycan teatrının tarixi və inkişafı, bu sənətin əhəmiyyəti barədə danışmışlar.
   Bundan sonra Tiflis Azərbaycan teatrı öz tamaşalarını burada göstərməyə başlamışdır. Bununla yanaşı, Əziz Şərifin teatrla təması da canlanmış, o, məhz həmin vaxtdan tədricən suflyor, tərcüməçi və publisist kimi formalaşmışdır.
   Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: «Əziz Şərif cavan yaşlarından Tiflis ədəbi mühitinə bağlı idi. Tiflis Azərbaycan teatrı aktyorlarını, mühərrirləri tanıyırdı. Teatrın göstərdiyi tamaşaların çoxuna baxır, məşqlərdə, müzakirə, müsamirə və Şərq axşamlarında, xeyriyyə cəmiyyətlərinin yığıncaqlarında iştirak edirdi».
   Əziz Şərifin xatirələrindən məlum olur ki, o, gimnaziyada oxuya-oxuya Tiflis Azərbaycan teatrının bütün tamaşalarına baxmış, həm də teatrın işlərində yaxından iştirak etmişdir. «Gündəlik»dəki qeydlərindən məlum olur ki, ədib 1912-ci il aprelin 22-də «Auditoriya»da göstərilən «Pəhləvani-zəmanə» tamaşasında suflyorluq etmişdir.
   Həmin il aprelin axırlarında tanınmış türk aktyoru Osman bəy Bektaşi həyat yoldaşı Mərziyə xanımla İstanbuldan Tiflisə gəlmişdir. Onlar Əziz Şəriflə tanış olmuş, Tiflis aktyorları ilə birlikdə tamaşa hazırlamaq və göstərmək arzusunda olduqlarını bildirmişlər. Yerli aktyorlar bununla razılaşmış və bu məqsədlə türk yazıçısı Namiq Kamalın «Zavallı cocuq» pyesi seçilmişdir. Əziz Şərif tamaşanın məşqlərində suflyor kimi iştirak etmiş, nəhayət, may ayında «Auditoriya»da göstərilən tamaşada suflyor olmuşdur. Ədibin yazdığına görə, tamaşa uğurla keçmiş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
   Əziz Şərifin həmin illərdə Tiflis Azərbaycan teatrının tamaşaları barədə mətbuatda dərc etdirdiyi məqalələr və gündəlikləri bu teatrın tarixi, aktyor və rejissor işi ilə bağlı araşdırmaların aparılmasında xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, ədib bu truppanın problemlərini də unutmurdu. O, Nəcəf bəy Vəzirovun «Hacı Qəmbər» pyesinin tamaşası haqqında yazdığı məqalədə dramaturqun yaradıcılığını yüksək dəyərləndirir, aktyorların oyununu bəyənir və bununla yanaşı, azərbaycanlı qızların səhnədə görünmədiyinə təəssüflənirdi: «Keçən məqalələrimin birində mən müsəlman aktrisalarına aid çətin və incə bir mətləbə yüngülvari toxunmuşdum. Ancaq bu, azdır. Ümumiyyətlə, türk qadınlarından və xüsusilə aktrisalardan həmişə yazmaq, qızları olan ataları qızlarını səhnə üçün qurban verməyə çağırmaq lazımdır. Səhnə qadınsız yaşaya bilməz. Tutaq ki, bizə kömək edən rus qadınlarından bizim iki aktrisamız vardır, biz onlara çox minnətdarıq, lakin nə üçün bizim öz içimizdən aktrisamız yoxdur» (sitat professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından götürülmüşdür).
   Məlumdur ki, Əziz Şərif ömrünün 75 ili müddətində sistematik olaraq gündəlik yazmış, daha sonra isə bunların əsasında öz xatirələrini qələmə almışdır. Bununla yanaşı, onun zəngin şəxsi arxivi olmuşdur. Ədib hələ sağlığında öz arxivini təmənnasız olaraq Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə vermişdir (Yeri gəlmişkən, bu barədə professor Ataxan Paşayevin «El» jurnalının son sayında maraqlı bir məqaləsi dərc edilmişdir). Təbii ki, ədibin arxivində Tiflis Azərbaycan teatrı ilə bağlı müxtəlif materiallar vardır.
   «Gündəlik»lərdən məlum olur ki, görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rza Təhmasib (1894-1980) Tiflisdə təhsil alarkən «Müsəlman Artistləri İttifaqı»nın teatr truppasına daxil olmuş və ilk sənət addımlarını burada atmışdır.
   Əziz Şərifin «Keçmiş günlərdən» kitabından: «Öz ilk rolunu hazırlayan Rza (Rza Təhmasib - A. B.) dərin həyəcan keçirirdi. Sözlərini yaxşı əzbərləmişdi və dəfələrlə bütün rolunu mənim yanımda və mənim replikalarımla ifa edir, səhnəyə çıxmağa hazırlaşırdı. Hər necə olursa-olsun, bu ilk tamaşa («Qaçaq Kərəm» tamaşası nəzərdə tutulur- A. B.) Qaçaq Kərəmin silahdaşlarından birinin rolunu ifa edən gənc Rza Təhmasibin gələcək həyat və fəaliyyət yolunu müəyyənləşdirmişdi».
   Əziz Şərifin xatirələrində onunla birlikdə gimnaziyada oxuyan və aktyor kimi tez-tez səhnəyə çıxan Həbib Kərimov-Köçərlinski və Nadir İbrahimovun fəaliyyəti ilə bağlı maraqlı məqamlar vardır. Ədib hər iki gənc aktyorun istedadını xüsusi qeyd etmiş və eyni zamanda onların sənət sahəsində deyil, başqa sahələrdə fəaliyyət göstərdiklərinə təəssüflənmişdir.
   Əziz Şərif 1912-ci ildə fransız yazıçısı Melxior Lengelin «Tayfun» dramını rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Tərcümə Tiflis Azərbaycan teatrının aktyorları tərəfindən bəyənilmiş və tamaşaya qoyulması qərara alınmışdır. Sonradan Tiflisdə qastrol səfərində olan böyük səhnə xadimi Hüseyn Ərəblinski «Tayfun»u hazırlamağı öz öhdəsinə götürsə də, məlum olmayan səbəblərdən bu tamaşa hazırlanmamışdır.
   Əziz Şərifin şəxsi arxivində Tiflis Azərbaycan teatrının tamaşalarının proqramları da toplanmışdır. Bu proqramlarda xüsusi bir məqam diqqəti cəlb edir. Belə ki, Əziz Şərif baxdığı tamaşalarda iştirak etmiş aktyorların oyununu qiymətləndirmişdir. Bu «qiymətlər» aktyorların adı və soyadı qarşısında yazılmış «misilsiz dərəcədə gözəl», «gözəl», «çox yaxşı» «yaxşı», «ortabab», «pis» və s. sözlərlə ifadə edilmişdir.
   Əziz Şərifdən «yüksək qiymət» almış aktyorlar sırasında Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov kimi ustad aktyorlar, habelə Nadir İbrahimov və Həbib Kərimov-Köçərlinski kimi istedadlı gənclər vardı.
   Əziz Şərif «Keçmiş günlərdən» kitabında onun müasiri olmuş istedadlı gənc aktyor Nadir İbrahimov haqqında danışarkən belə yazmışdır: «Nadir İbrahimov milli teatr və musiqi sahəsində görkəmli bir sima olmuş və incəsənətimizin inkişafında müəyyən rol oynamışdır. Mən arzu edərdim ki, milli səhnə və musiqi tariximizdə onun da adı çəkilsin, çünki Nadir doğrudan da buna layiq bir sənətkar idi».
   Bu sözlər Ustadın özünə də aiddir.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar