Mayın 1-də Azərbaycanda tarixi roman janrının banisi, yazıçı-dramaturq, publisist Məmməd Səid Ordubadinin vəfatının 62-ci ildönümü onun xatirə muzeyində qeyd olundu. Muzeyin əməkdaşları, ədibin qohumları Fəxri xiyabanda Ordubadinin məzarını ziyarət etdikdən sonra anma mərasimi yaşayıb-yaratdığı evdə davam etdirildi.
   
   Muzeyin direktoru Lalə Abaszadə bu il görkəmli ədibin anadan olmasının 140 ilinin tamam olduğunu, yubileylə bağlı ölkə Prezidentinin sərəncam imzaladığını nəzərə çatdırdı. Yazıçının 140 illik yubileyinin C.Məmmədquluzadənin ev muzeyində, İ.M.Əbilov adına Mədəniyyət Mərkəzində qeyd olunduğunu deyən direktor silsilə tədbirlərin ilin sonunadək davam edəcəyini bildirdi.
   Qeyd olundu ki, milli mədəniyyətimizin inkişaf yollarından, Azərbaycanda ictimai fikrin təşəkkülündən söz açılanda Ordubadini yada salmamaq mümkün deyil. Onun yaradıcı axtarışlarının bəhrəsi olan bədii və tarixi, elmi-nəzəri əsərlər, ehtiraslı publisistika nümunələri yüzlərlə, minlərlədir. Vaxtilə Xalq şairi S.Rüstəm onun haqqında deyirdi: “M.S.Ordubadi elə bir şəxsiyyətdir ki, Azərbaycan ədəbiyyatının inkişafını onsuz təsəvvür etmək mümkün deyildir”. Ordubadidən danışarkən ən əvvəl geniş əhatəli epik lövhələr ustasını, hamının rəğbətini qazanmış tarixi romanlar müəllifini xatırlayırıq. Yazıçının “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Dünya dəyişir”, “Qılınc və qələm” kimi tarixi romanları Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur.
   Ordubadinin özü “Dumanlı Təbriz” əsərində əks etdirdiyi Cənubi Azərbaycan inqilabi hərəkatında iştirak edərək bir çox hadisələrin şahidi olmuşdur. Ümumiyyətlə, vətən və xalq motivləri onun bütün əsərlərinin ruhunu təşkil edir. Ordubadinin bir yazıçı kimi böyüklüyü ondadır ki, onun əsərləri heç vaxt köhnəlmir, dönə-dönə oxunur. Həmin əsərlər bizi nəcibliyə, vətəni, xalqı sevməyə, mübariz olmağa çağırır.
   Satira yaradıcılığına “Molla Nəsrəddin” jurnalından başlayan Ordubadi çox keçmir ki, fəal mollanəsrəddinçi kimi məşhurlaşır. Jurnalda “Hərdəmxəyal” imzasıyla felyetonlarını nəşr etdirir, cəmiyyətdəki eyiblərin, nöqsanların aradan qaldırılması üçün var qüvvəsilə çalışırdı. Bir çox Azərbaycan ziyalılarının fikrini aydınlaşdıran, sənətini rövnəqləndirən “Molla Nəsrəddin” jurnalı Ordubadinin yaradıcılığına da ciddi təkan verdi.
   Tədbir iştirakçıları Ordubadinin həyat və yaradıcılığına nəzər saldılar, onunla bağlı şahidi olduqları hadisələri, öz valideynlərindən eşitdikləri həzin xatirələri danışdılar. Bildirildi ki, “Qılınc və qələm”də Nizaminin dilindən verilən bütün şeirlər ədibin atası Hacağa Fəqirə məxsusdur.
   Sonda Ordubadinin ailə üzvləri adından çıxış edən Bakı Musiqi Akademiyasının müəllimi Səadət Səttarova xatirə muzeyinin kollektivinə gördükləri işlər üçün minnətdarlığını bildirdi. 167 saylı orta məktəbin şagirdi Ayşən Nərimanova Ordubadinin satirik şeirlərindən nümunələr söylədi.
   
   İ.Əsədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar