Onun şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi memarı olduğu Azərbaycan dövlətinin inkişaf və yüksəlişində öz təsdiqini tapır
   
    Mayın 10-da zəmanəmizin qüdrətli siyasətçisi, böyük dövlət xadimi, 30 ildən artıq bir dövrdə Azərbaycan xalqının həyatında, taleyində tarixi rol oynamış Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tamam olur.
   
   İstər sağlığında, istərsə vəfatından sonra Heydər Əliyev haqqında çoxsaylı kitablar, qəzet-jurnal məqalələri yazılıb və bundan sonra da yazılacaq. Ona ithaf olunmuş ədəbi əsərlər, musiqi nümunələri, tablolar, onun həyat və fəaliyyətindən bəhs edən filmlər də bundan sonra uzun illər işıq üzü görəcək. Və bütün bu yazılan, lentə alınan, nota və kətana köçürülən əsərlər onun zəngin portretinin bir neçə cizgisini, fəaliyyətinin bir neçə istiqamətini dolğun əks etdirməyə müvəffəq olur. Çünki Heydər Əliyev o qədər nəhəng şəxsiyyət və dövlət xadimi idi ki, onu bir əsərdə tam və bitkin şəkildə təsvir etmək mümkünsüzdür. Biz də bu yazıda böyük öndər haqqında, onun şəxsiyyəti barədə bəzi məqamları, sadəcə, qeyd etmək istərdik.
   * * *
   Heydər Əliyev orta məktəb illərində teatra maraq göstərmiş, hətta bədii özfəaliyyət dərnəyində Hamleti oynamışdı. O, aktyorluq sənətinin ardınca getmədi, amma özünün ən böyük rolunu doğma xalqının, Azərbaycanın həyatında oynadı. O, həyatı boyunca dəfələrlə Şekspirin qəhrəmanının məşhur dilemması ilə üz-üzə dayanmış və hər dəfə bu mübarizədən qalib çıxmışdı. 1993-cü ilin yayında xalq kömək üçün ona üz tutanda Azərbaycan dövlətçiliyi də "olum ya ölüm" sualı ilə üz-üzə idi. O, tarixi qərarını verdi, ölkəyə rəhbərliyə qayıtdı, sabitlik yaratdı, gənc respublikanı inkişaf relsinə çıxardı, onun dünya birliyində layiqli yer tutması üçün əlindən gələni etdi.
   * * *
   Heydər Əliyev ali məktəbdə öncə memarlıq, sonra isə tarixçi təhsili almışdı. Lakin nə memar peşəsində işlədi, nə də tarixçi oldu. Bununla belə, o, siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirdi: müstəqil Azərbaycan dövlətinin memarı oldu, Azərbaycanın ən yeni tarixini isə öz əməlləri ilə yazdı. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsidir. "Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin şah əsəridir" - bu, sadəcə, gəlişi gözəl söz deyil, yaşadığımız tarixin, çağdaş günümüzün gerçəyidir.
   O, Azərbaycana rəhbərlik etdiyi və böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə xalqın taleyində tarixi rol oynayıb. Azərbaycanın hər bir bölgəsində onun quruculuq fəaliyyətinin izləri var. Təkcə paytaxtda Heydər Əliyev quruculuğunun nümunəsi olan onlarla nəhəng tikili, sənaye müəssisəsi, mədəniyyət, təhsil və səhiyyə ocağı var. Bu gün Bakıda Heydər Əliyevin adını daşıyan möhtəşəm saray da vaxtilə onun rəhbərliyi altında Azərbaycanda aparılmış tikinti-quruculuq işlərinin bir nişanəsidir. Həmin saray onun iştirakı ilə nə qədər təntənələrin şahidi olmuş, Heydər Əliyev bu sarayda neçə-neçə böyük tədbirlər keçirmiş, nitqlər söyləmiş, nəhayət, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra Azərbaycan Prezidenti kimi burada xalqa və dövlətə sədaqət andı içmişdi. 2003-cü il aprelin 21-də auditoriya qarşısında, Ali Baş Komandanı olduğu hərbçilər önündə son çıxışını da bu sarayda etmişdi. Tale elə gətirdi ki, 2003-cü ilin 15 dekabrında xalq özünün böyük oğlunu məhz bu saraydan son mənzilə yola saldı.
   * * *
   O, birincilik üçün, lider olmaq üçün yaranmışdı. Bu keyfiyyətlər onda fitrətən vardı. Onun liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü göstərmişdi. Heydər Əliyev sovet dövlətinin rəhbərliyində yeganə azərbaycanlı, türk-müsəlman olaraq təmsil olunanda da onun liderliyi bariz idi. Təsadüfi deyil ki, üstündən illər ötəndən sonra da keçmiş SSRİ-nin müxtəlif bölgələrində - sıravi işçidən akademikədək - hər kəs onu ehtiramla anır.
   * * *
   Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
   Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəyi dəfələrlə təsdiqləyib.
   O, dünya azərbaycanlılarının prezidenti idi. 1993-cü ilin dekabrında prezident vəzifəsində Fransaya etdiyi ilk xarici səfərdən dönəndən sonra jurnalistlərlə söhbətində belə bir faktı təəssüflə qeyd etmişdi ki, xaricdəki azərbaycanlılar mütəşəkkil deyil, Azərbaycan gerçəkləri dünyada yetərincə tanınmır, təbliğ olunmur.
   Məhz buna görə Heydər Əliyev prezidentliyi illərində dünyadakı azərbaycanlıların təşkilatlanması, Azərbaycanın tarixi gerçəklərinin, milli mədəniyyətimizin dünyada geniş yayılması üçün səylərini əsirgəmirdi.
   Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın - azərbaycançılıq məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın türk dünyasında layiqli yerini tutması, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Onun tarixi səyləri nəticəsində dahi Məhəmməd Füzulinin 500 illik yubileyi, böyük türk dastanı «Kitabi-Dədə Qorqud»un 1300 illik yaşı UNESCO səviyyəsində bütün dünyada qeyd olundu.
   Bütün bunlarla yanaşı, Heydər Əliyevin «azərbaycançılıq» ideyasını ümummilli məfkurə olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki məhz bu ideya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu. Bu ideologiya Heydər Əliyevin böyük vətəndaş hünərinin göstəricisidir və dünya azərbaycanlılarının tarixi Vətən - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir.
   «Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək deməkdir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam». Böyük öndərin 2001-ci ildə söylədiyi bu tarixi sözlər, onun müdrik siyasəti kimi, zamanın sınağından uğurla çıxmaqdadır.
   * * *
   Tarix, zaman Heydər Əliyevə dövrünün böyük siyasət və dövlət adamı kimi ən böyük qiymətini hələ bundan sonra verəcək. Lakin bir şey şəksizdir ki, onun liderlik fəaliyyəti və bacarığı artıq Azərbaycan gerçəkliyində böyük örnək, nümunə sayıla biləcək faktora çevrilib. Bundan sonra hələ uzun illər Azərbaycanın gəlib-gedəcək rəhbərləri Heydər Əliyev dühasının çalarlarından bəhrələnəcək, xalq da onları Heydər Əliyevlə müqayisə edəcək.
   Bu gün o, həyatda olmasa da, onun banisi olduğu dövlətçilik xətti yaşayır. Onun şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi memarı olduğu Azərbaycan dövlətinin inkişaf və yüksəlişində ən bariz şəkildə öz təsdiqini tapır. Onun Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərinin miqyasını, dəyər və əhəmiyyətini isə zaman ötdükcə daha aydın hiss edirik.
   
   V.Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar