Bəşər tarixinin ən dəhşətli səhifələrindən olan II Dünya müharibəsindən 67 il ötür. 1945-ci ilin 9 mayında faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın da on minlərlə oğul və qızı canından keçib, fədakarlıq və şücaət göstərib.
   
   Müharibənin ağrı-acısı isə uzun illər insanların yaddaşında silinməyən izlər qoyaraq xatirələrdə yaşayır. Qələbə günü ərəfəsində həmin illəri yada salmaq, acı da olsa, bir ibrət nümunəsi kimi xatirələri dinləndirmək üçün Bakının 9-cu mikrorayonunda Mir Cəlal Paşayev küçəsindəki ünvana üz tuturuq. Müharibənin dəhşətlərini öz gözləri ilə görmüş Əmiralı Əmirəliyev azərbaycanlılardan ibarət məşhur 416-cı Taqanroq diviziyasında vuruşub. Döyüşlərdə iki dəfə ağır yaralanan, cəbhədən qayıtdıqdan sonra həyatın bir çox çətinliklərindən keçən həmsöhbətimizin müharibə xatirələri o qədər dolğundur ki, 89 yaşlı veteranın iti yaddaşına heyrətlənməyə bilmirsən.
   1923-cü ildə Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub. Müharibə başlayanda əvvəlcə özündən böyük iki qardaşı, 1942-ci ilin yazında isə özü döyüşə yollanıb.
   
   «Müharibə uşaqları» tez böyüyürlər
   
   Müharibə başlayanda hələ məktəbli idilər. Çoxları nələr baş verdiyini dərk etmirdi: “Müharibə başlayandan sonra günbəgün kənddə kişilər seyrəlirdi. Demək olar ki, hər ailənin başçısı, oğulları cəbhəyə getmişdi. 1942-ci ildə bizə dedilər ki, sonuncu sinifdə oxuyanlar vaxtından əvvəl imtahan verəcəklər. Hər şey aydın idi. «Müharibə uşaqları» tez böyüyürlər. Hitlerçilər Qafqaz istiqamətində irəliləyirdilər. Artıq Mozdoka çatmışdılar. Novruz bayramında bizi cəbhəyə yola saldılar”.
   1941-1945-ci illərin Böyük Vətən müharibəsi hərbi texnika savaşı olduğundan düşmən nəyin bahasına olursa-olsun Bakı neftini ələ keçirmək istəyirdi. Əmiralı Əmirəliyevin 416-cı diviziyanın tərkibində ilk döyüş yolu Mozdokdan başladı. Səngərdən-səngərə atıldı, ən çətin məqamlarda avtomatını sinəsinə sıxaraq düşmənə aman vermədi. Onun Zərdaba ilk əsgər məktubu gəldi. Məktubda yazırdı: «Darıxmayın, əsgərlərimiz Vətənə, torpağa və andlarına sadiqdirlər. 416-cı diviziya almanlara əl-qol atmağa imkan vermir, inşallah, qələbə bizimlədir».
   Döyüşlərdə yaralandığı və həyatının bir tükdən asılı olduğu vaxtlar da olub. Və bu gün həmin hadisələr kino lenti kimi gözləri qarşısında canlanır:
   «Qaranlıq gecə idi. Atəş səsləri yeri-göyü lərzəyə gətirirdi. Azərbaycanlılardan ibarət 416-cı milli diviziyanın pulemyotçu rotasının nişançısı olaraq Vətən keşiyində müsəlləh əsgər kimi ayıq-sayıq dayanmışdım. Döyüşçülərimizi ağır bir sınaq gözləyirdi, almanlar əks-hücuma keçmişdilər. Qüvvələr nisbətinə görə düşmən üstün idi. Bu döyüşdə qəflətən qollarım yanıma düşdü, sağ ayağıma dəyən qəlpə məni al-qana boyadı. Paşa adlı bir nəfər azərbaycanlı əsgər güllə yağışı altında məni at arabası ilə oradan uzaqlaşdırdı”.
   Tale elə gətirdi ki, ona dərhal tibbi xidmət göstərmək mümkün olmadı. Ətrafda ölüm-itim savaşı davam edirdi. O, sürünə-sürünə yola çıxdı və üzü üstə yerə uzandı, çox qan itirdiyindən huşunu itirdi: «Məni maşınlar işləyən yola yaxın bir yerdə qoydular ki, bəlkə sağ qaldım. Yeriyə bilmirdim. Bu, laqeydlik deyildi. Belə bir ağır vaxtda mənim üçün döyüşçü ayırası deyildilər. İnsanlar qırılırdı. Arxadan axın-axın gələnlər isə onları əvəz edirdi... Bir neçə dəfə huşumu itirdim. Can şirin şeydi. Özümü toplayıb birtəhər yolun kənarına çıxdım. Döyüşə gedən insan axınının arası kəsilmirdi. Bu zaman döyüşə gedən kəndlilərimizi gördüm. Onlar mənim halımı görüb ağladılar. Neyləsinlər, mənə kömək edə bilməzdilər. Ciddi intizam vardı. Geriyə qayıdan maşınlar güllə kimi ötüb keçirdi, saxlamırdılar. Birtəhər sürünüb yolun ortasına uzandım. Bundan sonra silah-sursat üçün geri qayıdan maşın saxladı. Tələsik məni götürüb maşına atdılar. Bir də gözümü açanda gördüm ki, ağxalatlıların əhatəsindəyəm. Ancaq ayağımdakı dəhşətli ağrılar mənə əzab verirdi. 1942-ci ilin dekabrında cəbhədən Bakıya göndərildim. Təxminən bir aydan çox müalicədən sonra cəbhəyə - odlu səngərlərə qayıtdım».
   
   «Qolumu kəsmək istədilər, ağladım, qoymadım»
   
   Əmiralı ordu sıralarında cəsarət göstərdi, neçə-neçə uğurlu döyüş əməliyyatlarının iştirakçısı oldu. «Taqanroq»un döyünən ürəyi olan Əmiralı Əmirəliyevin şücaəti barədə xoş söz-söhbətlər bütün diviziyaya yayılmışdı. O, Novorossiysk uğrunda gedən qanlı döyüşlərdə də yaxından iştirak etdi. Amma deyir ki, çox keçmədi ki, düşmən gülləsi onu yenidən yaraladı: «Bu dəfə snayper gülləsi qolumu parça-parça etmişdi. Qolumu kəsmək istədilər, ağladım, qoymadım. O zaman ağır cərrahiyyə əməliyyatı olundum və qolum xilas olsa da, bir müddət işləmədi. Bu səbəbdən artıq döyüşə bilməzdim»
   Ə.Əmirəliyev 1943-cü ildə müharibədən tərxis olunaraq arxa cəbhəyə yollandı. Deyir, böyük qardaşı müharibədə həlak olduğundan onun sağ-salamat geri qayıtması ailədə toy-bayrama çevrilir.
   Müharibə qələbəmizlə başa çatdıqdan sonra Əmiralı müəllim əmək fəaliyyətinə başladı. Gözlərinin nurunu, qələbənin hərarətini gənc nəslin təlim-tərbiyəsinə sərf etdi. Göyçay Pedaqoji Texnikumunda, sonra isə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsilini davam etdirdi. Zərdab rayonunda məktəb direktoru, təhsil şöbəsində metodkabinetin müdiri, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri və digər məsul vəzifələrdə çalışdı.
   Keçmiş döyüşçü Ə.Əmirəliyev 1985-ci ildə Bakıya gəlib. Sinəsində «İgidliyə görə», “Almaniya üzərində qələbəyə görə”, «Qafqazın müdafiəsinə görə» və digər orden və medallar bərq vuran cəsur döyüşçü hazırda Binəqədi rayonu Veteranlar Şurası və Bakı şəhər Veteranlar Şurası plenumunun üzvüdür. Həmçinin 416-cı diviziyanın Veteranlar Şurasının sədridir. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının fəxri fərmanına, Müdafiə Nazirliyi Silahlı Qüvvələrin şəxsi heyətinin hərbi vətənpərvərlik ruhundakı tərbiyə olunmasındakı xidmətlərinə görə tərifnaməyə, ayrı-ayrı illərdə Bakı şəhər müharibə veteranları komitəsinin diplomlarına layiq görülüb, televiziyada onun əmək və döyüş yolu ilə bağlı süjetlər verilib.
   6 övlad atasıdır, 8 nəvəsi var. Bu gün 9 May - Qələbə Günüdür. Əmiralı müəllimin simasında bütün müharibə veteranlarımızın bayramını təbrik edirik. Arzu edirik ki, gün o gün olsun, belə bir Qələbə gününü Qarabağda qeyd edək.
   
   Mehparə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar