XIX əsrdə Azərbaycanda mövcud olan ədəbi məclislərdən biri də şöhrəti Qarabağın hüdudlarını aşan “Məclisi-üns”dür. Görkəmli şairə Xurşidbanu Natəvanın himayəsində bu ədəbi məclis xeyli inkişaf edir. O mötəbər məclisin yetirmələrindən biri də Qəmər bəyim Şeydadır.
   
   Qəmər bəyim Şeyda 1881-ci ildə Şuşa şəhərində anadan olub. Atası Əkbər ağa Qarabağın tanınmış mülkədarlarından olur. O hələ kiçik ikən atası vəfat edir. Uşaqlar ailənin böyük oğlu Məhəmməd ağanın himayəsində qalır. Məhəmməd ağa bacılarının təlim-tərbiyəsi ilə xüsusi olaraq məşğul olur. Onlar üçün müəllim tutur. “Ailə məktəbi”ndə -yəni evdə təhsil alırlar. Qəmər bəyim ibtidai təhsilini başa vurur. Sonra qardaşının məsləhəti ilə “Şuşa gimnaziyası”nda təhsilini davam etdirir. Məhəmməd ağa Qəmər bəyimin hərtərəfli inkişafı üçün böyük səy göstərir. Hətta ona at çapmaq, tüfəng atmaq da öyrədir.
   “Məclisi-üns”ün növbəti yığıncaqlarının birində Xurşidbanu Natəvan yanında oturan 13-14 yaşlı qızı dərnək üzvlərinə təqdim edir:
   - Bu gənc qızın adı Qəmərdir. Yaxın qohumumdur. Şeirə marağı hədsizdir. İcazə versəniz şeirlərindən bir neçəsini oxuyar. Xoşunuza gəlsə, sıralarımıza qəbul edərik. Ancaq qohumum olduğu üçün üzgörənlik etməyin.
   Qəmər bəyim uşaq utancaqlığı, eyni zamanda əsilzadə ədəb-ərkanlığı ilə irəli çıxır. Əvvəl bir az sıxılır. Ancaq özünü ələ alır, xüsusi bir ahənglə şeir oxuyur. Məclisin ağsaqqalı Mirzə Sadıq Piran ondan daha bir şeir oxumasını rica edir. O, qocaman şairin xahişini yerinə yetirir. Sonra keçib yerində oturur. Xurşidbanu Natəvan üzünü Mirzə Sadığa tutub deyir:
   - Mirzə, nə deyirsən, xoşuna gəldimi? Bu qızcığazdan şair olarmı?
    - Sizin bu qohumunuz gerçək şair imiş ki. Misralarında məna çalarları var. Nitqi, tələffüzü öz yerindədir. Böyük inamla demək olar ki, Qəmər bəyim sizin və bizim davamçımız olacaq.
   Natəvan üzünü məclis üzvlərinə tutub deyir: - Deyirəm bəlkə elə bu başdan ona təxəllüs də verək. Özünüz də gördünüz ki, Qəmər bəyim şeir söyləyərkən şeyda bülbül kimi necə ötürdü. Bəlağətli və tuti nəfəsli səsi var. Ona ədəbi təxəllüs vermişəm. Görün, yaraşır? Şeyda! Qəmər bəyim Şeyda!
   Qəmər bəyim Şeyda “Məclisi-üns”ə qəbul olunandan sonra öz üzərində daha çox çalışır. Məşğələlərdə müntəzəm iştirak edir, təcrübəli şairləri dinləyir. Bu ədəbi aləm onun şair kimi formalaşmasında böyük rol oynayır...
   Onun günümüzə bir neçə şeiri gəlib çatıb. Həmin şeirlərdə hüzn, kədər və şikayət motivləri daha qabarıq görsənir. Bu da onu göstərir ki, Qəmər bəyim Şeyda Natəvanın təsirinə daha çox məruz qalıb. Daha doğrusu, o, Natəvan üslubunda yazıb-yaradıb. Sadə, realist şeirlərində nəcib və insani hisslər, səadət, məhəbbət öz dərin bədii ifadəsini tapıb. Şairə əsərlərində əruz vəzninin ahəngdar bəhrlərindən geniş istifadə edib. Bununla da qəzəllərini daha oxunaqlı edə bilib...
   Natəvanın ölümündən sonra “Məclisi-üns” himayəsiz qalır. Onun əvvəlki şöhrəti getdikcə zəifləyir. Ancaq vaxtilə Natəvanın verdiyi xeyir-dua Qəmər bəyim Şeydanı poeziya aləmində irəli aparır. XIX əsrin axırlarında o artıq tanınmış şairə idi. Mənbələrdə onun “Ləli” təxəllüslü şairə Ziba Ərdəbili ilə deyişməsi var. Tanınmış yazıçı-jurnalist Vasif Quliyev öz araşdırmalarında göstərir ki, Ziba xanım Ərdəbili o dövrdə tanınmış şairə olub. Onun “Ağam canı” rədifli qəzəli ədəbi mühitlərə geniş yayılıb.
   
   Sənin tək aşiqi məşuq yox, Ləli, bu aləmdə,
   Qamü aşiqləri eşqin edib fani, ağam canı.
   
   Ziba xanım Ləlinin “özündən çox deməsi” Qəmər bəyim Şeydanı təsirləndirir. Buna görə də ona cavab yazır:
   
   Məlahət gülşənində bir güləm qönçə libasında,
   Açılsam kər tutaraq qovğa bu dünyanı, ağam canı.
   Ləli şəkər, sözü şirin bu Şeyda tək hərifin var,
   Əgər mümkün ola, tərk et bu sevdanı, ağam canı.
   
   XIX əsrin məşhur şairlərindən olan Fatma xanım Kəminə gənc şairələrin deyişməsinə bir nəzirə ilə münasibət bildirir:
   
   Gərək ruhani olmaq ta bizi cananə bilsinlər,
   Bizə layiq deyil tərifi-cismani, ağan canı.
   
   Hər iki gənc şairə bundan sonra ədəbi mübahisələrinə son qoyurlar...
   Qəmər bəyim Şeyda qələmini dram janrında da sınayıb. 1918-ci ildə altı pərdəli “Zülmün daşqını” adlı pyes yazır. Əsərdə dövrün varlı bəyləri arasında gedən qan davası, ədavət və düşmənçilik nəticəsində baş verən faciələr, milli qırğınlar təsvir olunub.
   1924-cü ildə Qəmər bəyim Şeyda Bakıya köçür. Oğlu Bahadırın iş yeri tez-tez dəyişdiyi üçün o, Bakıda, Naxçıvanda, Tiflisdə yaşamalı olur. Bahadır Naxçıvana xalq səhiyyə komissarı vəzifəsinə təyin olunur. Həmin vaxt ana da oğlu ilə ora gedir. Naxçıvanlı qadınlar arasında maarifçililik işi aparır, mütərəqqi fikirli ziyalı kimi bölgənin ictimai həyatında fəal iştirak edir...
   Vaxt tapıb tez-tez Qarabağa da gedir. Keçmiş tanışları və qohum-əqrəbaları ilə hal-əhval tutur. 1930-cu ilin yayında o, Şuşada yaşayan qızı evinə qonaq gedir. Bakıya qayıdarkən arabanın oxu qırılır. Yolda çox yubanırlar. Axşama tərəf arabanı düzəldib yola çıxırlar. Kürəkəni deyir: - Artıq gecdir. Ətraf qaçaq-quldurla doludur. Burada gecələyib səhər obaşdan yola düşərik. Ancaq Qəmər bəyim təkid edir ki, getmək lazımdır. Səsə yaxınlıqdan keçən qaçaqlar onlara yaxınlaşır. Bir nəfər qabağa çıxıb soruşur :- Buradan bir səs eşitdik, o səs Qəmər bəyimin səsi deyil?!
   Qəmər bəyim vaxtilə nökəri olmuş Cıraq Həsəni tanıyır. Onu yaxına çağırır. Hal-əhval tutduqdan sonra bu yoldan çəkinməyi ona tövsiyə edir. Sonra onlara zamin durur, hökumətdən bağışlanmalarını istəyir. Qaçaqlar bağışlanır və öz ev-eşiklərinə dönürlər...
   Qəmər bəyim Şeyda 1933-cü ildə Bakıda vəfat edib. Deyilənə görə, şairənin xeyli əlyazmaları olub, lakin sonradan it-bata düşüb.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar