Azərbaycan
   
   18 may 1906 - Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906 - 1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. “Azərbaycanın estetik fikir tarixindən" monoqrafiyasının müəllifidir.
   18 may 1951 - Kinorejissor, ssenarist Ziya Şıxlinski anadan olub. Sənədli filmləri: “Ruslar müharibə istəyirmi?” (20 Yanvar haqqında), “ Artilleriyanın "Allah"ı sayılırdı” (Əliağa Şıxlinski), “Doğma diyar” (Mstislav Rostropoviç) və s. Bir neçə bədii filmdə rejissor assistenti olub: “Dərviş Parisi partladır”, “Şir evdən getdi”.
   18 may 1969 - Tanınmış aktrisa Məlahət Abbasova anadan olub. “Sən həmişə mənimləsən” (1987) teletamaşasında Nargilə rolu ilə məşhurlaşıb. “Sürəyya”, “İmtahan” filmlərində çəkilib. 90-cı illərdən Türkiyədə yaşayır, İstanbul Bələdiyyə Teatrında çalışır, seriallarda («Min bir gecə» - Mehriban) çəkilir, prodüser kimi fəaliyyət göstərir.
   
   19 may 1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub.
   19 may 1910 - Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes), "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər" , "Üzü küləyə" kitabları və s. N.Gəncəvinin «Xosrov və Şirin» poemasını, rus (A.Puşkin, M.Lermontov, N.Nekrasov, V.Mayakovski) və Avropa şairlərinin (C.Bayron, H.Heyne və s.) əsərlərini dilimizə tərcümə edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
   19 may 1935 - Şair və tərcüməçi Vladimir Əbüləzim oğlu Qafarov (1935 - 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri məhz onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.
   20 may 1884 - Görkəmli ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. "Molla Nəsrəddin" jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.
   20 may 1904 -Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) Şamaxı qəzasının Basqal kəndində doğulub. «Yoxuşlar», «Müharibə», «Dostluq qalası», «Tərs adamlar», «Dünya qopur» və s. romanların müəllifidir.
   20 may 1907 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (1907 - 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
   20 may 1920 - Tanınmış filosof alim, professor, Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Göyüşov (1920-1984) Ağdamda anadan olub.
   20 may 1923 - Dramaturq, publisist Rauf İsmayılov (1923-1980) anadan olub. «İkinci ailə», «Son məktub» pyesləri səhnəyə qoyulub.
   20 may 1929 - Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929 - 19.4.2006) Qazax rayonunun Kəmərli kəndində doğulub.
   20 may 1946 - Xalq şairi, publisist, tərcüməçi, ictimai-siyasi xadim Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, «Qan yaddaşı», «Ömür kitabı», «Atamın ruhu», «Xətai yurdu» və s. kitabların, “Cavad xan” filminin (2009) ssenari müəllifidir. 1990-cı ildən Azərbaycan parlamentinin deputatıdır.

   21 may 1928 - Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Tamilla Ağamirova Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Don Kixot” filmində (1957, “Lenfilm”) Altisidora rolu ilə tanınıb. Azərbaycanda “Onun böyük ürəyi” (Səmayə), “Əsl dost” (Bilqeyis), “Koroğlu” (Alagöz), “Yenilməz batalyon” (Xavər) filmlərində çəkilib.
   
   Dünya
   
   18 may Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). UNESCO yanında Beynəlxalq Muzey Şurasının (İnternational Council of Museums - ICOM) 1977-ci ilin mayında SSRİ-də (Moskva və Leninqrad) keçirilən 11-ci baş konfransında sovet nümayəndə heyətinin təşəbbüsü ilə təsis olunub.
   18 may 1048 - Böyük fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri, 1048 - 4.12.1131) anadan olub.
   18 may 1872 - İngilis filosofu, riyaziyyatçı, ictimai xadim Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub. "Rasionalizm və humanizmin ən parlaq nümayəndələrindən biri” kimi ədəbiyyat üzrə “Nobel” mükafatına (1950) layiq görülüb.
   18 may 1912 - Amerika kinorejissoru, “Oskar” laureatı Riçard Bruks (Richard Brooks - Ruben Sax; 1912-1992) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “Elmer Hentri” və s.
   18 may 1936 - Görkəmli qazax şairi, ədəbiyyatşünas, dövlət xadimi Oljas Süleymenov anadan olub. Qədim türk tarixindən bəhs edən “AziYa” kitabı ilə məşhurlaşıb. 2002-ci ildən Qazaxıstanın UNESCO-da daimi nümayəndəsidir.
   18 may 1962 - Ötən əsrin 80-90-cı illərinin populyar estrada ulduzu, alman müğənnisi Sandra (Sandra Cretu -Sandra Ann Lauer) anadan olub.
   
   19 may 1762 - Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.
   19 may 1898 - İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola; 1989-1974) anadan olub.
   19 may 1904 - Rus kinodramaturqu və kino nəzəriyyəçisi Mixail Yuryeviç Bleyman (1904-1973) anadan olub. Sovet dövrünün məşhur ideoloji filmlərinin (“Böyük vətəndaş”, “Kəşfiyyatçının igidliyi” və s.) ssenarisini yazıb.
   19 may 1946 - İtaliya aktyoru Mikele Plaçido (Michele Placido) anadan olub. «Sprut» teleserialı (komissar Korrado Kattani rolu) ilə şöhrət qazanıb.
   
   20 may 1799 - Dünya ədəbiyyatının klassiki, fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 - 18.8.1850) anadan olub. "Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
   20 may 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
   20 may 1830 - Fransız yazıçısı Ektor Malo (Hector Malot. 1830-1907) anadan olub.
   20 may 1851 - Alman əsilli Amerika alimi, qrammofonun ixtiraçısı Emil Berliner (1851-1929) anadan olub.
   20 may 1882 - Norveç yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset, 1882-1949) anadan olub.
   20 may 1923 - Cənubi Afrika Respublikasının tanınmış yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer) anadan olub.
   20 may 2009 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (23.2.1944 - 2009) vəfat edib. Filmləri: “Həmin o Münhauzen”, “Mənim nəvazişli zərif heyvanım”, “Məşuq”, “Çar” və s.
   
   21 may Dünya (Dialoq və İnkişaf Naminə) Mədəni Müxtəliflik Günüdür. BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.
   21 may 1471 - Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer, 1471-1528) anadan olub.
   21 may 1906 - SSRİ Xalq artisti, rejissor, aktyor, ssenarist Sergey Gerasimov (1906-1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s. Uzun illər ÜDKİ-də dərs deyib, aktyor və rejissorların (o cümlədən Azərbaycandan) hazırlanmasına töhfə verib.
   21 may 1937 - Məşhur gürcü aktrisası Sofiko Mixaylovna Çiaureli (1937-2008) anadan olub. Filmləri: “Qəm yemə”, “Əlibaba və 40 quldur”, “Qadını axtarın”.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar