Azərbaycan
   
   22 may 1918 - SSRİ Xalq artisti, görkəmli rejissor, aktyor, pedaqoq Mehdi Əsədulla oğlu Məmmədov (1918 - 28.1.1984) Şuşada doğulub. Gəncə Dövlət Dram Teatrında (1942-1945), Opera və Balet Teatrında (1956-1960), Akademik Milli Dram Teatrında (1960-1963), Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor olub. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya Mürşüdov) çəkilib. Dövlət Teatr (İncəsənət) İnstitutunun professoru olub.
   22 may 1937 - Bəstəkar, Xalq artisti, professor Aqşin Əliqulu oğlu Əlizadə Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət”, “Ümid valsı” baletləri, “Azərilər” kantatası, simfoniyalar, digər janrlarda əsərlərinin müəllifidir. Fimlərə musiqi yazıb: “Tütək səsi”, “Rəqiblər” (“Ömrün səhifələri”), “Gözlə məni”, “Ötən ilin son gecəsi”, “Sizi dünyalar qədər sevirdim” və s.
   
   23 may 1524 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 - 1524) vəfat edib. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. «Xətai» təxəllüsü ilə şeirlər yazıb. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
   23 may 1919 - Xalq yazıçısı Hüseyn İbrahimov (1919 - 10.4.2008) Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Əsrin onda biri”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir. Naxçıvan Ali Sovetinin sədri (1963-1967) işləyib.
   23 may 1923 - Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki M.F.Axundzadə adına Milli Kitabxana) təntənəli açılışı keçirilib.
   23 may 1955 - Tanınmış şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli (Vaqif İttifaq oğlu Quliyev) Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 20-dək şeir, publisistika, hekayə və tərcümələrdən ibarət kitabların müəllifidir.
   
   24 may 1830 - Publisist, maarif xadimi Hüseyn Əfəndi Yusif oğlu Qayıbov (1830-1917) anadan olub.
   24 may 1863 - Şair, nasir, tərcüməçi, görkəmli maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 31.8.1942) Şəkidə anadan olub. "Qan ocağı, “Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Saqqalın kəraməti", "Diş ağrısı" və s. pyeslərin müəllifidir. Rus şairlərindən (Krılov, Puşkin, Lermontov), Firdovsidən, Şillerdən tərcümələr edib. Qori Müəllimlər Seminariyasında dərs deyib, sovet dövründə pedaqoji fəaliyyətini davam etdirib. Dərsliklər (“Uşaq bağçası”) yazıb.
   24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Şairliklə yanaşı, tərcüməçilik fəaliyyəti də çox zəngin olub. Klassik rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edib, onları “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında 1912-ci ildə çap etdirib.
   24 may 1875 - Şair, publisist, tərcüməçi, folklorşünas, maarif xadimi Məhəmməd Mirzə Kərim oğlu Axundzadə (1875-1923) anadan olub.
   24 may 1879 - Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
   24 may 1880 - Şair, publisist Əliqulu Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfov; 1880 - 4.3.1919) Naxçıvanda doğulub.
   24 may 1885 - Tədqiqatçı alim, tərcüməçi Əli Eyyub oğlu Şabanov (1885-1949) anadan olub.
   24 may 1885 - Şair, publisist Cabbar Əsgər oğlu Əsgərzadə (1885-1966) anadan olub.
   24 may 1893 - İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 - 27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ilk ifaçısı kimi məşhurlaşıb, pedaqoji fəaliyyət göstərib. Repressiya qurbanı olub.
   24 may 1893 - Ədəbiyyatşünas alim Mustafa Zəkəriyyə oğlu Quluyev(1893-1938) Şəkidə anadan olub. Azərbaycan SSR xalq maarifi komissarı (1922-1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının məsul redaktoru işləyib. Repressiya qurbanıdır.
   24 may 1899 - Şairə Ümgülsüm Sadıqzadə (1899 - 17.9.1944) Bakının Novxanı kəndində doğulub. Yazıçı-dramaturq Seyid Hüseynin həyat yoldaşı olub. 1937-ci ildə ailəliklə repressiya ediliblər. S.Hüseyn güllələnib, Ü.Sadıqzadə Rusiyanın Mordoviya vilayətinə həbs düşərgəsinə göndərilib. 1944-cü ilin iyulunda həbsdən geri qayıdıb, iki ay sonra Şamaxıda vəfat edib.
   24 may 1925 - Məşhur azərbaycanlı kardioloq, publisist, ictimai xadim Cavad Heyət Təbrizdə doğulub. Tibb xadimi olmaqla yanaşı, həm də tanınmış ədəbiyyatşünas, türkoloqdur. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” (iki cilddə), “Müqayisətül-lüğəteyn”, “Azərbaycan şifahi xalq ədəbiyyatı” və s. əsərlərin müəllifi, İranda Azərbaycan dilində nəşr olunan «Varlıq» jurnalının yaradıcısıdır.
   24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 - 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub. Kitabları: “Şair ürəyi”, “Bu köhnə dünyada təzə nə var ki...”, “Uzaqlarda qalan dünyam”.
   24 may 1935 - Şair Hacıbala Səməd oğlu Şirinov (1935-2000) anadan olub.
   24 may 1948 - Görkəmli aktyor, Xalq artisti Fuad Ağarəhim oğlu Poladov Bakıda doğulub. 1969-1989-cu illərdə Milli Dram Teatrında çalışıb, 1989-cu ildən Rus Dram Teatrının aktyorudur. Teatrla yanaşı, kinoda (“Qayınana”, “İşarəni dənizdən gözləyin”, “Güllələnmə təxirə salınır!...”, “Ovsunçu”, “Arxada qalmış gələcək”, “Küçələrə su səpmişəm”), televiziya tamaşalarında (“Atayevlər ailəsində”, “Alov” və s.) zəngin obrazlar qalereyası yaradıb.
   24 may 1967 - Filoloq-alim, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925-1967) vəfat edib. "Əcəb işə düşdük", “Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu" və s. pyeslərin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib. 1967-ci ildə Azərbaycan KP MK-nın katibi olarkən onun təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd edilib.
   
   Dünya
   
   22 may 1813 - Böyük alman bəstəkarı, dramaturq, musiqişünas, filosof Rixard Vaqner (Wilhelm Richard Wagner, 1813-1883) anadan olub. Vaqnerin qatı millətçi ruhlu musiqi əsərləri Almaniyada faşizmin ilham qaynaqlarından olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya - “Reyn qızılı”, “Valkiriya”, “Ziqfrid”, “Tanrıların ölümü”).
   22 may 1859 - İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle, 1859-1930) anadan olub. Xəfiyyə Şerlok Holmsun macəralarından bəhs edən əsərlərlə məşhurlaşıb.
   22 may 1885 - Fransız romantizminin banisi, görkəmli yazıçı Viktor Hüqo (Victor Marie Hugo; 26.2.1802 - 1885) vəfat edib. Əsərləri: «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» (romanlar), “Kromvel”, “Ernani”, “Mariya Tüdor” (pyeslər) və s.
   22 may 1891 - Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 - 11.10.1958) anadan olub.
   22 may 1913 - SSRİ Xalq artisti, bəstəkar Nikita Boqoslovski (1913-2004) anadan olub. Populyar mahnıların və kino musiqilərinin müəllifidir.
   
   23 may 1891 - İsveç yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Çırtdan”, “Varavva”, “Savilla” (romanlar), “Qəlbsiz insan”, “Qaranlıqda qələbə” (pyeslər).
   23 may 1921 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Çuxray (1921-2001) anadan olub. Filmləri: “Qırx birinci”, “Əsgər haqqında ballada” və s.
   23 may 1930 - Tanınmış rus teatrşünası, teleaparıcı Vitali Yakovleviç Vulf (1930 - 13.3.2011) Bakıda doğulub.
   23 may 1933 - Tanınmış ingilis aktrisası Coan Kollinz (Joan Henrietta Collins) anadan olub.
   
   24 may 1830 - Rus rəssamı Aleksey Savrasov (1830-1897) anadan olub.
   24 may 1899 - Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.
   24 may 1905 - Görkəmli rus yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1965) laureatı Mixail Aleksandroviç Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don”, “Dirçələn torpaq”, “Onlar Vətən uğrunda döyüşüblər”, “İnsanın taleyi” və s.
   24 may 1940 - Rus şairi, ədəbiyyat üzrə “Nobel” mükafatı (1987) laureatı İosif Aleksandroviç Brodski (1940 - 26.1.1996, Nyu-York) Leninqradda (Sankt-Peterburq) doğulub. 1972-ci ildə Amerikaya mühacirət edib.
   24 may 1941 - Amerika müğənnisi, bəstəkar, şair Bob Dilan (Robert Allen Zimmmerman) anadan olub. Dünya rok musiqisində “The Beatles” ansamblından sonra ikinci görkəmli fiqur sayılır.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar