Azərbaycan
   
   1 iyun 1920 - Azərbaycanda sovet hökuməti teatrların milliləşdirilməsi haqqında dekret verib. Azərbaycan Dövlət Teatrı yaradılıb.
   1 iyun 1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov anadan olub.
   1 iyun 1939 - Respublika Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) görkəmli mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. 1923-cü il mayın 23-də fəaliyyətə başlayan kitabxana 1961-ci ildə indiki binasına (arxitektor M.Hüseynov) köçüb. 1962-ci ildə binada M.F.Axundzadənin büstü (heykəltəraş İ.Zeynalov) qoyulub.
   
   2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günüdür. 1938-ci il iyunun 2-də Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Peşə bayramı günü Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə təsis olunub.
   2 iyun 1919 - Bakı Dövlət Universitetinin kitabxanası yaradılıb.
   2 iyun 1957 - Xalq artisti, tanınmış müğənni Şahnaz Həsən qızı Haşımova Gəncədə doğulub. Uzun illər “Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub, ansambla rəhbərlik edib.   
   2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.
   
   3 iyun 1957 - Yazıçı Afaq Məsud Bakıda anadan olub. “İzdiham”, “Azadlıq”, “Dəfn”, “II İohann”, “Fatma” və s. romanların, “O məni sevir”, “Qatarın altına atılan qadın” və s. pyeslərin müəllifidir. Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbərlik edir. Q.Markesin "Patriarxın payızı", T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını dilimizə tərcümə edib.
   3 iyun 1992 - Azərbaycan BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Ölkəmizin UNESCO ilə səmərəli əməkdaşlığının nəticəsi kimi Qobustan və İçərişəhər (Qız qalası və Şirvanşahlar sarayı) UNESCO-nun dünya mədəni irs siyahısına, Azərbaycan muğamı, aşıq sənəti, milli xalçaçılıq sənətimiz, Novruz bayramı təşkilatın qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
   
   4 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batumda aparılan danışıqların yekunu olaraq "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı Türkiyəsi tərəfindən tanınıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdır.
   4 iyun 1926 - Tanınmış xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 - 4.1.2000) Qubada anadan olub. Bənzərsiz səsi ilə ifa etdiyi “Kəsmə şikəstə” muğamı, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və s. mahnılarla musiqi tariximizdə qalıb. "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib.
   
   Dünya
   
   1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub.
   1 iyun 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
   1 iyun 1850 - Türk yazıçısı, dilçi və ədəbiyyatşünas Şəmsəddin Sami (1850 - 5.6.1904, İstanbul) Albaniyada (o vaxtlar Osmanlı imperatorluğuna daxil idi) doğulub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin (“Kamus-ı Türki”) tərtibçisidir.
   1 iyun 1923 - Rus yazıçısı Boris Andreyeviç Mojayev (1923-1996) anadan olub. Əsərləri: “Kişilər və arvadlar”, “Fyodor Kuzkinin həyatından” və s.
   1 iyun 1926 - Dünya şöhrətli Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson, 1926-1962) anadan olub. Filmləri: “Eva haqqında hər şey”, “Niaqara”, “Arzunun yeddi ili”, “Centlmenlər sarışınları xoşlayırlar”, “Şahzadə və rəqqasə” və s.
   1 iyun 1929 - Məşhur hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid, 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   1 iyun 1937 - Amerika aktyoru Morqan Frimen (Morgan Freeman) anadan olub. Filmləri: “Şouşenkodan qaçış”, “Epidemiya”, “Qorxunun qiyməti”, “Yeddi”, “Balaca üçün milyon dollar” (“Oskar”) və s.
   
   2 iyun 1740 - Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizm cərəyanının banisi kimi tanınan fransız yazıçısı Donaten Alfons de Sad (Donatien Alphonse François de Sade, 1740-1814) anadan olub.
   2 iyun 1816 - İngilis yazıçısı, sentimental romanlar müəllifi Qreys Aqilyar (Grace Aguilar, 1816-1847) anadan olub.
   2 iyun 1840 - İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy, 1840-1928) anadan olub.
   2 iyun 1896 - İtalyan ixtiraçı Guglelmo Markoni (Guglielmo Marchese Marconi (1874-1937) Amerikada ilk radioqəbuledicinin patentini alıb. Digər versiyaya görə, radionun ixtiraçısı rus Aleksandr Popov (1859-1905) sayılır. O, 1895-ci il mayın 7-də ilk radioqəbuledicini nümayiş etdirib.
   2 iyun 1904 - Tarzan haqqında filmlərdə baş rolun ifaçısı kimi tanınan amerikalı Conni Vaysmüller (Johnny Weissmuller, 1904-1984) anadan olub. Məşhur idmançı, üzgüçülük üzrə beş dəfə Olimpiya çempionu olub.
   2 iyun 1988 - Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor, 14.12.1924 - 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.
   
   3 iyun 1796 - Rus şairi, ədəbi tənqidçi Mixail Aleksandroviç Dmitriyev (1796-1866) anadan olub.
   3 iyun 1906 - Rus kinorejissoru, SSRİ Xalq artisti Sergey Gerasimov (1906 - 1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dərs deyib, aktyor və rejissorların hazırlanmasına töhfə verib.
   3 iyun 1875 - Fransız bəstəkarı Jorj Bize (Georges Bizet - Alexandre-Cesar-Leopold Bizet, 25.10.1838 - 1875) vəfat edib. Məşhur “Karmen” operasının müəllifidir.
   3 iyun 1922 - Fransız kinorejissoru Alen Rene (Alain Resnais) anadan olub.
   3 iyun 1924 - Alman yazıçısı (yəhudi əsilli) Frans Kafka (Franz Kafka, 3.7.1883, Praqa - 1924, Vyana) vəfat edib. Əsərləri: “Bir xanımın xülasəsi”, “İtaətçi ilə söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi”, “Qətl” və s.
   3 iyun 1963 - Böyük türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (15.1.1902 - 1963) vəfat edib. Siyasi baxışlarına görə kommunist olmuş, 1938-ci ildə Türkiyədə həbsə məhkum edilmişdir. 1951-ci ildə Türkiyə vətəndaşlığından məhrum olunduqdan sonra SSRİ-yə mühacirət edib. Məzarı Moskvadadır. Ədibin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), "Məhəbbətim mənim, kədərim mənim" (SSRİ-Türkiyə, rejissor Əjdər İbrahimov) filmləri çəkilib.
   
   4 iyun 1882 - Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.
   4 iyun 1960 - Amerikalı fantast-yazıçı Kristin Ketrin Raş (Kristine Kathryn Rusch) anadan olub.
   4 iyun 1975 - Amerika kino ulduzu Ancelina Coli (Angelina Jolie) anadan olub. Filmləri: “Məhəbbətin dolanbacları”, “Qorxunun hökmü”, “Yarıda kəsilmiş həyat” (“Oskar”), “Mister və miss Smit”.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar