Əhməd Cavad - 120 
   
    
   1937-ci ilin bütün tarixləri qan rəngindədir. Üstündən 75 il keçsə belə o tarix hələ də insanları üşüdür, qorxudur, məyus edir. 1937-ci il oktyabrın 13-də Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olan,
   
   Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.
   Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram! -

   
   - deyən böyük istiqlal şairi, azərbaycançılıq, türkçülük ideyalarının yorulmaz təbliğatçısı, həyatı boyunca bir an olsun belə ideallarından əl çəkməyən, həm ictimai fəaliyyəti, həm də bədii yaradıcılığı ilə tarix səhifəsindən üzüağ çıxan vətən oğlu, mübarizlik, qəhrəmanlıq nümunəsi Əhməd Cavad güllələnir.
   Özü demişkən:
   Soranlara bən bu yurdun
   Anlatayım, nəsiyəm:
   Bən çeynənən bir ölkənin
   “Haqq!” bağıran səsiyəm!
   
   Ədəbiyyatımızın Əhməd Cavad səhifəsi
   
   Babaları Cənubi Azərbaycandan olan Əhməd Cavad Axundzadə 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd ilk təhsilini mollaxanada alır. Sonra ailələri Gəncəyə köçür. O, buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında təhsil alır. Seminariyanın müəllimləri uşaqlara yalnız dərs vermir, həm də onlarda milli vətənpərvərlik ruhu formalaşdırırdılar. Onların arasında şair Hüseyn Cavid, ədəbiyyatşünas Abdulla Sur, Şeyxülislam Pişnamazzadə kimi dövrünün tanınmış simaları var idi. Əhməd tezliklə seminariya müəllimlərinin sevimli tələbələrindən birinə çevrilir. Hüseyn Cavidlə tez-tez ünsiyyətdə olması və onun şeirlərini dinləməsi Əhmədi də yazmağa ruhlandırır. O, ilk şeirlərini də məhz seminariyada oxuyarkən qələmə alır. Bundan əlavə, müəllimlərinin milli-mənəvi ruhlu söhbətlərini dinləməsi, türk xalqlarının düşdüyü vəziyyət, gələcəyi barədə seminariyada gedən söhbətlər Əhməd Cavadın gələcək həyat yolunun müəyyən edilməsində, onun bütün varlığı ilə milli istiqlal yolunda mücadiləyə başlamasında böyük rol oynayır.
   Əhməd seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənir. 1912-ci ildə təhsilini bitirərək müəllimlik şəhadətnaməsi alan Əhməd Cavad əmək fəaliyyətinə başlayır. Yaradıcılığa lirik şeirlərlə qədəm qoyan gənc şairin əsərləri 1913-cü ildən çap olunmağa başlayır. "Qoşma" adlı ilk şeirlər kitabı isə üç il sonra, 1916-cı ildə çapdan çıxır.
   
   “Çırpınırdın, Qara dəniz”
   
   Bunlar işığa can atan, fəqət taleyi qaranlıqdan keçən Əhməd Cavadın həyatının başlanğıcıdır. O, yüksək istedada malik, vətənini, xalqını bütün qəlbi ilə sevən bir türk oğlu idi. Odur ki, əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət onu ciddi narahat edir. Şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi gedişində Türkiyənin şərq cəbhəsindəki döyüşləri Sarıqamış uğursuzluğu ilə nəticələnir. Ölkənin rus ordusunun işğalı altında olan Qars və Ərzurum əhalisi rus və erməni dəstələri tərəfindən qırğına məruz qalır. Bakıda yerləşən “Azərbaycan xeyriyyə cəmiyyəti” Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım edir. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışır. Qardaş xalqın ağır günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə “Nə gördümsə” şeirində dilə gətirir:
   
   Ərməğanım yaslı nəğmə,
   Bir quş oldum, çıxdım yola.
   Getdim, gördüm dost elində
   Nə bir səs var, nə bir layla.
   
   Əhməd Cavad bu tarixi şeiri 1915-ci il martın 22-də yazır. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad “Qara dəniz” şeirini yazmış və böyük ümidlərlə yaşamışdı. “Qara dəniz” şeirinin son bəndi belə bitir:
   
   Dost elindən əsən yellər
   Mənə şeir... salam söylər.
   Olsun bizim bütün ellər
   Qurban Türkün bayrağına.

   
   Birinci Dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. 1918-ci ildə türk ordusu qardaş Azərbaycanın istiqlalına köməyə gəlir. Azərbaycan və türk birlikləri Bakını erməni-rus işğalından azad edir. Əhməd Cavad azərbaycanlı və türk əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Bu döyüş meydanında Əhməd Cavadın yazdığı “Bismillah” şeiri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:
   
   Atıldı dağlardan zəfər topları,
   Yürüdü irəli əsgər, Bismillah.
   O Xan sarayında çiçəkli bir qız,
   Bəkliyor bizləri zəfər, Bismillah.
   
   Azadlıq və mübarizə himni
   
   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini - “Azərbaycan marşı”nı yazır. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir:
   
   Türküstan elləri öpüb alnını
   Söyləyir dərdini sana, bayrağım!
   Üç rəngin əksini Quzğun dənizdən
   Ərməğan yollasın sana, bayrağım!..
   
   Əhməd Cavadın yuxarıda adını çəkdiyimiz “Çırpınırdın, Qara dəniz” şeirinin sözlərinə yazılmış mahnı (musiqisi Üzeyir Hacıbəylinindir) bütün türk dünyasının azadlıq və mübarizə himninin əks-sədasıdır.
   Azərbaycan milli-azadlıq mücadiləsinin öndəri və Şərqdə qurulan ilk demokratik cümhuriyyətin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə yazırdı: “O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi”.
   1919-cu ildə Əhməd Cavadın "Dalğa" adlı şeir kitabı nəşr olunur.
   1920-ci ildə cümhuriyyətin süqutundan sonra şair Qusarın Xuluq kəndinə köçərək müəllimlik edir.
   Əhməd Cavad 1922-ci ildə Bakıda Pedaqoji Ali Məktəbə daxil olur. “Maarif və mədəniyyət” jurnalında işləyə-işləyə Ali Pedaqoji İnstitutu bitirən Əhməd Cavadın sonrakı pedaqoji fəaliyyəti ali məktəblərlə bağlı olmuşdur. Bir müddət Azərbaycan Politexnik İnstitutunda, Kənd Təsərrüfatı İnstitutunda (Gəncə) dərs demiş, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri olmuşdur.
   Əhməd Cavadın məşhur "İstiqlal uğrunda şeirlər" kitabı 1928-ci ildə İstanbulda işıq üzü görür və bununla da həmin dövrdə mətbuatda Əhməd Cavadın əleyhinə hücumlar başlayır. Mətbuat səhifələrində Əhməd Cavada çirkab atanlar özləri də yaxşı bilirdilər ki, o, mənəviyyat və təmizliyi ilə çoxlarından yuxarıda dayanır. Şairin əsərlərini “əks-inqilabi yazılar” adlandıraraq onu hər tərəfdən tənqid və təhqir atəşinə tuturdular.
   
   “Sən ağlama, mən ağlaram"
   
   1935-ci ildə Gəncədən Bakıya qayıdan Əhməd Cavad “Azərnəşr”də fəaliyyətini davam etdirir. Ona qarşı hücumlar burada da səngimək bilmir. Xüsusilə də Yazıçılar İttifaqının plenumlarında şairi kəskin tənqid edirlər. Əhməd Cavad bütün bu zərbələrə mərdliklə dözür, əleyhdarlarının adi ədəbi faktlara kəskin siyasi don geydirmələrinə təmkin göstərirdi. Hücumlar isə öz nəticəsini verir.
   1937-ci il. Dövrün qara yelləri başlayır. Mətbuat səhifələrində Əhməd Cavada qarşı mənhus iftira kampaniyası gedərək genişlənir. “Kommunist” qəzetinin 12 mart 1937-ci il sayında Seyfulla Şamilovun yazıçıları tənqid edən “Ədəbiyyatda bolşevizm ideyalılığı uğrunda” adlı məqaləsindən: “Burada hər kəsdən əvvəl Əhməd Cavad haqqında danışmalıyıq. Əhməd Cavad Azərbaycan xalqının ən qatı düşməni olan “Müsavat” hökumətinin sevimli və dərvişlik edən şairi olmuşdur.
   Bu adam, ümumiyyətlə, bir yazıçı olaraq xalqımız tərəfindən lazımınca oxunmadığına, sevilmədiyinə, daha doğrusu, tanınmadığına baxmayaraq, xalq düşmənlərinin agitasiyası işində az vəzifə daşımamışdır. Əhməd Cavad özünün belə bir mənhus keçmişi ilə revolusiyadan sonra yenə də ədəbiyyatımızda iştirak etməkdən məhrum edilməmişdir”.
   Həmin məqalədən üç ay sonra, 1937-ci ilin 3 iyununda Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Həmin dövrdə qəzetlərdə çıxan materialların yalnız sərlövhələrini xatırlamaq kifayətdir: “Sonadək ifşa etməli”, “Sıralarımızı təmizləyin”, “Amansız olmalı”, “Səhvlərimiz haqqında”. Bu yazıların müəllifləri sovet hökumətindən kifayət qədər bəhrələnən yazıçı və tənqidçilər idi.
   Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana “xalq düşməni” damğası vurulur. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə edirlər.
   Bu da taleyin bir ironiyası: vaxtilə Əhməd Cavadla bir kənddə müəllim işləyən Mircəfər Bağırov sonralar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olur. Əhməd Cavadın repressiyaya məruz qalmasında onun xüsusi rolu olduğu güman edilir.
   Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.
   Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür.
   Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda “xalq düşməni” damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar