Ötən illərin mahnıları
   
      
   Özü də səsinə-sözünə zərrəcə toxunmadan, necə var, eləcə...
   

   Əzizinəm, a balam, badam sevgilim, ah...
   Demə ki, ədə balam, sənə yadam, sevgilim.
   Qara gözlərinə qurban olduğum... ay!
   Uzaqdan, ədə balam, boyunu gördüm,
   Dünya qədər şadam sevgilim, sevgilim...
   

   Mən oxudum, o dinlədi. Hələ çox illər əvvəl, hələ bir çox arzular fidan, ürək qubarsız, qəlb ağrılarsız, ömür bar-bəhrə vədli ikən tanıdım onu. Dinlədim, vuruldum, kəsilə-kəsilə, yana-yana səsinə səs verdim “Kəsmə şikəstə”nin. Sonra daha bir neçə illər keçdi. O kəsilə-kəsilə nəfəs, can verdiyim şikəstə ömrümdə, taleyimdə iz qoydu. Bilmirəm, bu pisdir, yoxsa yaxşı. Amma...
   
   Xəyal yarıda qırıldı
   
   İsti iyun səhərində qarşımdakı monitorda ağ-qara şəkildən və fondakı musiqidən aldığım ilk təəssürat bu idi. Bir də həmkarlarımın çox xəsisliklə yazdığı və bəlkə də yazmaq istədikləri bir-iki məqalə. Ağrılıdır. Əməkdar artist, ilğım səsli Fatma Mehrəliyevanı xatırlamaq istədikdə bu bir-iki qırıq avtobioqrafik məlumat və o illərin ən gözəl, xoşbəxt anlarının yansıdığı fotolar gəldi imdada. Vəssalam. Bir insanın bu həyatda varlığının təsdiqi yalnız bu qırıq faktlardır.
   
   Bir də...
   
   Hə, bir də gözəl, əsrarəngiz səs. Bir nəfəsi ilə min bəzəkli cümləyə can, qan verən səs. Və ötən illərin gözəl mahnıları. Ömür yoluna gözəl Qubada başlayıb arzularını özü ilə Bakıya daşıyan və elə bu şəhərə də hədiyyə verib gedən gözəl bir xanımın yadigar səsi. Bu bələdçiliklə o səsin getdiyi haralara getmək olmaz ki?!
   
   Qubalı qız
   
   Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyunun 4-də Qubada anadan olub. Gözəl təbiət - əngin səma, ucsuz-bucaqsız meşələr, pıçıltıyla axan bulaqlar, təbiətin məlahətli, cilvəli Qubasının xarakteri bu qızın da təbiətinə, həyatına, ruhuna hopub. Hələ uşaq vaxtlarından qonum-qonşularının səsinə, məlahətinə heyran qaldığı Fatma arabir oxuduğu mahnılarla onları da ovsunlar, qoca qarıların «a bala, bir segah oxu» sifarişlərinə də məharətlə cavab verərmiş. Elə ona görə də hər kəs bu qızdan yaxşı xanəndə olacaq qənaətinə gələrmiş. Təbii ki, bütün bu sözlər balaca qızın xanəndə olmaq, məşhurlaşmaq kimi kövrək arzularına qol-qanad verərmiş. Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir bəyin diqqətini çəkir. Və elə bununla Fatma da böyük bəstəkarın himayəsinə keçir.
   Böyük azərbaycanlıdan atalıq qayğısı, atalıq nəvazişi görən Fatma bir müddət onların evində qalır. Bəstəkar istedadlı qızın yaxşı musiqi təhsili alması, muğamları mükəmməl mənimsəməsi üçün hər cür şərait yaradır. Beləcə gözəl günlər başlayır, şirin xəyallar gerçəyə dönür.
   
   Artıq şöhrət qapıdadır
   
   Gənc Fatma 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblında işə düzəlir. Artıq filarmoniya səhnəsindən daha bir gözəl, məlahətli səs eşidilməyə başlayır. Beləcə qısa zamanda həzin səsin sahibi ətrafına pərəstişkarlar ordusu toplamağa başlayır.
   Ancaq bu sevinc də uzun sürmür. Müharibənin acı sorağı ətrafı məyus edir, hər çöhrəni hüzn, kədər alır. 1941-1945-ci illərin Böyük Vətən müharibəsi Fatma xanımın həyatında da öz izlərini qoyur. Bütün bunlara baxmayaraq gənc müğənni səsini, sənətini səngərlərə, müharibənin od-alov saçan cəbhələrinə də daşıyır, səsi ilə döyüşür və qələbə çalır. Gənc müğənninin həzin səsində dahi Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri daha çox sevilməyə və ifaçısını tanıtmağa başlayır.
   Bəstəkarın Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə çevrilir.
   
   «Arşın mal alan»ın Tellisi
   
   Beləliklə, sənət yolunda uğurla addımlayan F.Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. Elə bu şöhrət sayəsində o, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminə dəvət alır və ekran əsərində Telli rolunu ifa edir. Obrazın öhdəsindən ustalıqla gələn Fatma Telliyə yaddaqalan kino həyatı verir. Maraqlıdır ki, ondan sonra da bu rolun ifaçıları Fatmanın xarakterinin Telliyə yansıyan tərəflərini məhz elə o biçimdə yaratmağa çalışıblar.
   
   Kəsilə-kəsilə «Kəsmə şikəstə»
   
   Qadın ifaçıların əksəriyyətinin repertuarında bu şikəstə mütləq ki var. Amma Fatma xanım qədər iliyimizə işlədə biləni, onun şikəstəsi qədər ruhumuzu viran edəni, könlümüzü dağlayanı yoxdur. İnsan müğənninin şikəstədə vəsf etdiyi sevgilisinə və sevgi naləsinə elə qapılır ki, dünyadan əl üzür. İlahi, bu nisgil, bu yanğı, bu kədər, bu ərşi-əlan nədir, nə?
   Ruhmu didərgin, arzumu yarımçıq, xəyallarmı çılpaq?! Axı şikəstə ilə ruhunu ədəbi şikəst qoyan bir qadının tale yazısı, qəlb harayındakı bu hikmət nədir?!
   Əslində Azərbaycan zərb muğamlarından olan “Kəsmə şikəstə”nin poetik mətni xalq bayatılarından ibarət olduğundan o elə bu cür, yəni kəsilə-kəsilə oxunmalıdır. Amma təbii ki, Fatma xanımın səsində bu muğam bir ayrı ecaz qazanıb.
   
   O şikəstə məhz Fatmanın səsində nota köçdü
   
   Tanınmış musiqişünas alim, professor Ramiz Zöhrabov “Zərbi muğamlar” kitabında “Kəsmə şikəstə”ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb. Bunu şikəstənin məhz Fatma xanımın səsində özünün əsl həllini tapması ilə izah edən musiqişünas muğamın ifaçıları arasında məhz bu sənətkarın adının əbədi qalacağını dedi: «Bildiyimiz kimi, “Kəsmə şikəstə” Azərbaycanın zərb muğamlarından biridir və «Segah» ladına əsaslanır. Poetik mətni xalq bayatılarından ibarət olan “Kəsmə şikəstə” sanki qırıq-qırıq, kəsik-kəsik musiqi frazalarından ibarətdir. Dinləyicidə son dərəcə lirik hisslər oyadan “Kəsmə şikəstə”nin musiqi cümlələri fasilələrlə səslənməlidir. Fatma xanım da bu muğamı məhz belə oxuyurdu. Açığını deyək ki, hər ifaçı “Kəsmə şikəstə”ni oxuya bilməz. Bunun üçün xüsusi səs tembrlərinin olması zəruridir. Azərbaycan muğam ifaçılığı tarixində “Kəsmə şikəstə”nin yalnız Fatma Mehrəliyeva tərəfindən yüksək məharətlə oxunması bir gerçəklikdir. Bir çox qadın ifaçılar istəsələr də, onun kimi bu musiqi nümunəsinə nəfəs verə bilməyiblər».
   Bir müddət Fatma xanımla filarmoniyada bir yerdə çalışan Ramiz müəllim sənətkarla bağlı xatirələrini də bölüşdü. Əslində Fatma xanımın heç də hər zaman bu muğamı ifa etmək arzusunda olmadığını dedi: «Növbəti konsertlərin biri idi. Fatma xanım səhnəyə çıxdı, bir mahnı oxudu, alqışlandı, ikinci, üçüncü, dördüncü mahnısını da oxudu və səhnə arxasına keçdi. Alqışlar yenə kəsilmədi və tamaşaçılar israrla onu yenidən səhnəyə çağırdı. Bu vaxt o, qəribə bir təbəssümlə «Axı bunlar nə istəyirlər, mən repertuardan da kənara çıxıb oxudum, hətta yoruldum», - dedi. Mən «Fatma xanım, onlar sizdən «Kəsmə şikəstə»ni istəyirlər. Yaxşısı budur çıxın onu oxuyun», - dedim. Fatma xanım yenidən səhnəyə qayıtdı və oxudu. Bununla da dinləyiciləri öz arzularına çatmış oldu. Əslində o bu musiqi nümunəsini hər dəfə oxumaq istəmirdi, amma tamaşaçılarının israrlı tələbindən də keçə bilmirdi. Fatma xanım özünə və dinləyicilərinə qarşı tələbkar xanım idi. O, 100-cü dəfə də səhnəyə çıxsa yenə də həyəcanla, məsuliyyətlə hazırlaşardı, məşq etməkdən yorulmaz, hər sözün, hər hissənin üzərində diqqətlə dayanardı. Məhz Fatma xanımın ifasındakı «Kəsmə şikəstə»ni nota köçürməmə gəlincə, onun ifası mütləq şəkildə digərlərindən fərqli və şikəstənin xarakterinə uyğun idi. Digər tərəfdən o vaxt Fatma xanımdan sonra bu muğamı cəsarət edib hər xanəndə də oxuya bilmirdi. Şövkət xanım kimi sənətkar belə yalnız Fatma xanım dünyasını dəyişdikdən sonra o şikəstəni ifa etdi. Fatma xanım o musiqiyə möhür vurmuşdu».
   
   Xatirələrdə yaşayan sənətkar
   
   Xanəndəni sənət dostu, gözəl xanəndəmiz, Xalq artisti Əlibaba Məmmədovla xatırladıq. Bir anlıq ötən illərin xoş xatirələrinə qayıdan sənətkar Fatma xanımın Azərbaycan ifaçılıq sənəti tarixində özünəməxsus iz qoyduğunu, ifa yolu yarada bildiyini deyir: «Onun haqqında çox danışmaq olar. Amma bir kəlmə ilə demək olar ki, Fatma xanım kimi «Kəsmə şikəstə» oxuyan nə əvvəl var idi, nə indi. Heç inanmıram, bundan sonra da olsun. O səsinin, ruhunun gözəlliyini, arzularının, qəlbindəki pünhan duyğuların həllini bəlkə də bu ifasında tapmışdı. O məhz səsi ilə deyə bilmədiklərini deyir, hiss etdiklərini dilə gətirirdi. Ona görə də onun oxusu bir ayrı idi. Onun səsinin yanğısı, naləsi Allah vergisi idi. Sanki səsi yazıq, miskin səs idi. Ona görə də çoxları onun bu ifa manerasının taleyindən, həyat tərzindən qaynaqlandığını düşünürdü, haqqında müəyyən fikirlər səsləndirirdilər. Düzdü, tale, alın yazısı hərəyə bir qismət verir. Fatma xanımın da taleyində çətin, ağrılı məqamlar çox olub. Amma bütün bunların fonunda o bizim yaddaşımızda gözəl səsli, gözəl bənizli bir xanım, sənətkar kimi qalıb».
   
   Sənətdə qiymətini aldı
   
   Filarmoniyanın səhnəsində uzun illər çıxış edərək səsi, ifası ilə minlərin, milyonların qəlbinə yol tapan sənətkar dinləyicilərinin yaddaşında «Olmaz-olmaz», “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə” , «Muğan qızı», «Unuda bilmirəm» və s. mahnılarla iz qoya bilib. Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülən sənətkar bu vaxta qədər artıq xalqının qəlbində ən böyük titulları, ən gözəl sözləri, ən xoş etirafları qazanmışdı. O, səsi, ifası, sənətkarlığı ilə xalqına nə qədər yaxın olduğunu göstərərək xalqının məhəbbətini qazana bilmişdi. Bu isə sənətkar üçün ala biləcəyi ən böyük mükafat idi.
   
   Bitdi?
   
   Yayda doğulan günəş soyuq yanvara təslim oldu. Qəlbi daim bahar arzulu, yaz istəkli bu qadın qışın sərt üzünə, taleyin ağır zərbələrinə dözə bildiyi qədər dözdü və nəhayət susdu. Beləcə Fatma Mehrəliyeva adlı səs, sənət ilahəsi 2000-ci ilin 4 yanvarında həyata vida dedi. Səsini ruhumuza, çöhrəsini xəyalımıza ərməğan edib getdi.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar