Azərbaycan
15 iyun 1945 - Görkəmli aktrisa, teatr xadimi, Xalq artisti Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən çalışdığı Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra rəhbərlik edir. “Arxadan vurulan zərbə” (Ziba), “Qərib cinlər diyarında” (Zərrintac), “Babək” (Zərnisə”), “Gözlə məni” (Fəxrəndə”), “Cavad xan” (Darya) və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005) olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, sənətşünaslıq elmləri doktorudur.
15 iyun 1949 - Əməkdar incəsənət xadimi, xor dirijoru Rəfail Musa oğlu Kərimov anadan olub.
15 iyun 1992 - Tanınmış telejurnalist Çingiz Mustafayev Qarabağ müharibəsində (Xocalı rayonunun Naxçıvanik kəndi yaxınlığında) döyüş əməliyyatını lentə alan zaman həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
16 iyun 1888 - Xalq artisti, aktyor Hacıağa Abbasov (1888-1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildə Tənqid-Təbliğ Teatrını yaradıb. 1927-1929-cu illərdə Akademik Dram Teatrına, 1929-1937-ci illərdə Bakı Teatr Texnikumuna rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir. 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görülüb.
16 iyun 1939 - Şair, ədəbiyyatşünas, filosof Rəfiq Zəka Xəndan (1939 - 7.1.1999) anadan olub. "Çağlayan", “Baharın heykəli”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir. "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının librettosunu yazıb.
17 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi təşkil olunub, Xudadat bəy Rəfibəyli səhiyyə naziri təyin edilib. Prezident Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə 17 iyun Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı günü elan olunub.
17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926 - 15.9.2007) anadan olub. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.
17 iyun 1947 - Tanınmış müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Fidan Əkrəm qızı Qasımova anadan olub. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş (1977, C.Viotti adına müsabiqədə birinci mükafat) ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Dövlət Opera və Balet Teatrının solistidir. Bakı Musiqi Akademiyasının professorudur. "Torpaq. Dəniz. Od. Səma" filmində (1967, Sevda) çəkilib.
17 iyun 1956 - Fəlsəfə elmləri doktoru Vilayət İsmayıl oğlu İsmayılov Ağstafa şəhərində anadan olub. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktorudur. Ali məktəblər üçün dərsliklərin, monoqrafiyaların müəllifidir.
18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür. 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. İnsan Hüquqları Günü Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.
18 iyun 1917 - Xalq artisti, bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.
18 iyun 2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib.
Dünya
15 iyun 1594 - Fransız rəssamı, klassizm cərəyanının tanınmış nümayəndəsi Nikola Pussen (Nicolas Poussin; 1594-1665) anadan olub.
15 iyun 1843 - Görkəmli Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub.
15 iyun 1920 - İtalyan kinoaktyoru və rejissoru Alberto Sordi (Alberto Sordi; 1920-2003) anadan olub. Filmləri: “İtaliyalı Amerikada”, “Taksi sürücüsü Nyu-Yorkda”, “Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm” və s.
15 iyun 1946 - Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos) Misirin İsgəndəriyyə şəhərində doğulub.
16 iyun 1313 - İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Təxminən 100 povest və hekayədən ibarət məşhur «Dekameron» əsərinin müəllifi kimi dünya şöhrəti qazanıb.
16 iyun 1754 - Məşhur başqırd şairi Salavat Yulayev (1754-1800) anadan olub. Ədəbi yaradıcılığı ilə yanaşı, rus üsyançısı Yemelyan Puqaçovun silahdaşlarından biri kimi tarixə düşüb.
16 iyun 1871 - Rus filosofu, yazıçı, publisist Sergey Nikolayeviç Bulqakov (1871-1944) anadan olub. “Təsərrüfatın fəlsəfəsi”, “Adın fəlsəfəsi” və s. əsərlərin müəllifidir.
16 iyun 1937 - Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub. “Məhəbbət tarixçəsi” povesti 20-dən çox dilə tərcümə olunub, əsər əsasında eyniadlı film çəkilib.
16 iyun 1950 - Məşhur hind kinoaktyoru Mithun Çakroborti (Mithun Chakraborty) anadan olub. 1982-ci ildə ekranlara çıxan “Disko rəqqası” filmi (Cimi) ilə böyük şöhrət qazanıb. “Üç muşketyor kimi”, “Oyna, oyna” və s. - ümumilikdə 200-dən çox filmə çəkilib.
17 iyun “Dünya səhralaşma və quraqlıqla mübarizə günü”dür (World Day to Combat Desertification and Drought). BMT Baş Assambleyasının 30 yanvar 1995-ci il tarixli qətnaməsi ilə təsis edilib.
17 iyun 1818 - Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod; 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.
17 iyun 1882 - Rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu”, “Petruşka” baletlərinin, “Bülbül” operasının müəllifidir.
17 iyun 1903 - Rus şairi Mixail Svetlov (Şeynkman; 1903-1964) anadan olub. Əsərləri: “Qrenada” poeması, “İyirmi il sonra” lirik pyesi və s.
17 iyun 1939 - Polşa kinorejissoru Kşiştof Zanussi (Krzysztof Zanussi) anadan olub. Filmləri: “Ailə həyatı”, “Spiral” və s.
18 iyun 1812 - Rus yazıçısı İvan Aleksandroviç Qonçarov (1812-1891) anadan olub. “Oblomov”, “Uçurum”, “Adi əhvalat” romanlarının müəllifidir.
18 iyun 1919 - SSRİ Xalq artisti, tanınmış aktyor Yuri Yarvet (1919-1995) anadan olub. “Sakit mövsüm”, “Kral Lir”, “Solyaris” və s. filmlərdə çəkilib.
18 iyun 1929 - Müasir dünya fəlsəfəsinin görkəmli nümayəndəsi, alman sosioloqu Yurgen Habermas (Jürgen Habermas) anadan olub.
18 iyun 1935 - SSRİ Xalq artisti, məşhur rus aktyoru Yuri Solomin anadan olub. Filmləri: “Əlahəzrətin yavəri”, “Əzablı yollarla”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” və s.
18 iyun 1936 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3.1868 - 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” romanları; “Uşaqlıq”, “Mənim universitetlərim” povestləri; “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” pyesləri və s.
18 iyun 1942 - İngilis müğənnisi və bəstəkarı, əfsanəvi «Bitlz» qrupunun üzvü Pol Makkartni (James Paul McCartney) anadan olub.
Hazırladı: Vüqar Orxan