Ötən illərin mahnıları
   
  
   Yanğı ilə, ürəkdən, sanki sözün tam mənasında, hər kəlməsinin fərqinə vararaq, yaşayırmış və ya yaşayacağına əminmiş kimi oxuyurdu məşhur «Mənim dünyam» mahnısını. Elə bil Ələkbər Tağıyevin yazdığı bu gözəl şərqidəki kimi dünyanın yalanlığını, insanların vəfasızlığını, ömrün etibarsızlığını anlayırdı, duyurdu. İnsanlığın unutqanlığını, biganəliyini, ötəri duyğularını incə, məlahətli səsində hayqırtıya, cara, çağırışa çevirmişdi.
   
   Heç bəlkə də dünyanın onun üçün xoş, arzuların pərvaz, məşhurluğun pik anında, qırmızı-bəyaz səhnələrin gur işıqları altındakı parıltılarda, minlərin alqışı fonunda bu gerçəyin o qədər də fərqinə varmırdı. Hər halda «Səndən ötrü narahatam. Mənim dünyam, mənim dünyam» deyərkən nisgilli sonluq çağırışı da edirdi. Beləcə, «gəlimli-gedimli, son ucu ölümlü dünya"da bir Hüseynağa Hadıyevin də var olduğunu təkrar-təkrar xatırladırdı. Və nə yaxşı ki, dönə-dönə yaddaşımızı təzələyib, səsi, ünü ilə ruhumuzu sığallayır, arzularımıza şirin-şirin ninnilər deyirdi.
   
   Bir-iki sətirlik ömür vərəqi
   
   Hər kəs qismətinə düşən ömrü yaşayır bayaqdan giley etdiyimiz bu dünyada. Kimi sükutla keçir, kimi hökm verir, kimi də ürəklərdə bir cığır açır özünə. Hüseynağa Hadıyev də belə insanlardan, belə sənətkarlardan idi. Qulaq batırmayan, çığırtıdan, bağırtıdan uzaq, incə, məlahətli, sakit, «səssiz» səsi ilə ürəklərdə özünə taxt qurdu. Bir-iki cümləyə sığan tərcümeyi-halı, təntənəli yaşam tərzi və fəxri adları olmasa da, hər kəsin yaddaşında bir xatirə ilə qaldı: «Dan ulduzu»nun sönməz ulduzu.
   
   Dağlı məhəlləsinin gənci
   
   Hüseynağa Hadıyev 1948-ci ildə Bakıda, Dağlı məhəlləsində doğulmuşdu. Onu uşaqlıqdan musiqi özünə çəkirdi. “Pionerlər evi”ndə qarmon dərnəyinə gedir, ifaçılığın sirlərini öyrənməyə çalışırdı. Lakin bir gün dərnəkdən evə qayıdaraq əsəbi və küskün halda “Daha musiqi dərsinə getməyəcəyəm, müəllim dedi ki, səndən musiqiçi çıxmaz, çünki avarasan”, - deyir. Bu sözlər balaca oğlanın qəlbinə böyük yara vurur, bəlkə də bundan sonra özü də hiss etmədən daha yaxşı olduğunu göstərməyə çalışır və buna nail olur. İllər sonra ona o sözü deyən müəllim Hüseynağanı bağrına basır...
   Əslində onun ifaçılıq məharəti də uşaq yaşlarından üzə çıxır. Lakin təvazökarlığı, bəlkə də utancaqlığı ona özünü göstərməyə mane olur. O vaxta qədər ki, yaxın dostu, bəstəkar Rizvan Ələsgərov təkidlə “Dan ulduzu” instrumental ansamblına gətirir. Yaraşıqlı və istedadlı gənc oğlanın fərqli, maraqlı, qeyri-adi səsi, tembri gözəl musiqiçimiz, mərhum sənətkar, «Dan ulduzu» instrumental ansamblının yaradıcısı və rəhbəri Gülarə Əliyevanın diqqətini cəlb edir və o, ifaçını ansambla qəbul edir. Beləcə, Dağlı məhəlləsinin dəliqanlı gəncinin böyük səhnəyə yolu açılır.
   
   «Dan ulduzu»nun fərqli səsi
   
   Hüseynağa Hadıyev ömrünün sonunadək "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. Elə ansamblın üzvləri də, bədii rəhbəri Gülarə xanım Əliyeva da onun xətrini çox istəyirdi. Hüseynağa "Dan ulduzu"nun müşayiəti ilə tez-tez ekranda görünərdi. Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar, səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər. Bu qadağalar onu həmişə özündən çıxarardı. Təbii ki, emosional ifaçı bütün bunlardan bezməz, daim xarici görünüşünə sadiq qalmağa çalışardı.
   
   Nə var bu səsdə?
   
   Hüseynağa Hadıyevin lent yazılarına qulaq asa-asa bu sualı verirəm özümə. Və təbii ki, minlərlə dinləyici kimi mənim də qənaətim birdir; qışqırıq yoxdur, saxta sevinc yoxdur, kədər başını götürüb qaçmağa səsləmir. Həzinlik var, səmimiyyət var. Onun mahnıları təkcə bənzərsiz səsin üzərində dayanmır, həm də belə təəssürat yaranır ki, sanki müğənni oxuyacağı mahnının sözlərini, musiqisini zərrəbin altında seçib. Maraqlıdır ki, sənət dostları da belə deyir: “O, ürəyinə yatmayan mahnını oxumazdı. Bəlkə elə bu səbəbdəndir ki, oxuduğu bütün mahnılar da (“Unuda bilmirəm”, “Gəl barışaq”, “Köçəri quşlar”, “Gecələr bulaq başı”, “Bu gecə”, “Bir xumar baxışla”, “Mənim dünyam”) dinləyicilərin ürəyinə yatırdı, yadda qalırdı. Amma istedad da ayrı şeydir. Onun səsinin, əksinin hopduğu mətnlər, musiqilər, mahnılar, rəsmlər unudulmur. O, rahatlıqda daim sənin beynini dəlir, ruhunu dincəldir, ya da əksinə, narahat anlarda əlindən tutur, qeyri-adi rahatlıq gətirir...
   
   Sakit görünüşlərin çılğın adamı
   
   Tanıyanların dediyinə görə, o zahirən sakit, təmkinli görünürdü. Amma məlum bir həqiqət var: sakit, təmkinli görünüşün altında həmişə coşqun qəlb yatır və bu coşqunluq bir gün mütləq partlayış şəklində özünü büruzə verir. Bu partlayış onun mahnılarıydı. Bu ifa “elə bil ki, nağıllar, əfsanələr danışır”dı. Sənətkarı onun sənət dostu və məhəllə yoldaşı, gözəl tarzənimiz, Xalq artisti Zamiq Əliyevin xatirələri işığında anırıq: «Onunla bir məhəllədə böyümüşük. Bizim evimiz “Dörd pilləkən”in altında, N.Nərimanovun heykəlinin aşağı hissəsində idi. Ondan yuxarıdakı məhəllədə Hüseynağagil olurdu. Mən filarmoniyada çalışırdım. Hüseynağa isə həmin vaxtlarda həm «Dan ulduzu»nda, həm də paralel olaraq filarmoniyada işləyirdi. Bir gün mənə «Gedək, «Dan ulduzu»nda konsertimiz var, orada ifa et. Gülarə xanıma söz vermişəm ki, yaxşı tarzənimiz var, onu gətirəcəyəm», - dedi. Və günlərin bir günü məni ansamblın radiodakı ənənəvi canlı konsertində ifa etməyə dəvət etdi. Təbii ki, radioda canlı konsertdə, özü də məşqsiz-filansız ifa etmək o vaxt mənə çətin görünürdü. Amma buna baxmayaraq, o israr etdi və məni də özü ilə konsertə apardı. Nə isə biz getdik və təxmini iki saatlıq məşqdən sonra canlı konsertə çıxdıq. Bax, elə o vaxtdan ansamblla əlaqələrim yarandı. Hüseynağa Hadıyev özünəməxsus səs, ifa manerası ilə seçilən sənətkarlardandı. O, həm də gözəl insan, dost, həmkar, sənət yoldaşı idi. Oxuduğu mahnıları elə ustalıqla seçib, elə ifa edirdi ki, istər-istəməz bəstəkarın bu mahnıları məhz onun səsinə yazdığını düşünürdün. Təsadüfi deyil ki, onun bənzərsiz səsi həmin mahnılara öz möhürünü vurub. Xarakter etibarilə nə qədər çılğın, emosional olsa da, ifasında tam əks insanı görürdük. Səs sanki sakit bir bulaq idi. İncə, zərif, duyğulu səs insana ilham verirdi. Təəssüf ki, həyatdan erkən getdi. Amma fərqli səsi, ifası və görünüşü ilə minlərin, milyonların xatirində qala bildi. Bu mənada düşünürəm ki, nə qədər Azərbaycan musiqisi, ifaçılığı var, Hüseynağa da olacaq, yaşayacaq».
   İfaçının səsi, ifası ilə yanaşı, görünüşünə də xüsusi önəm verdiyini deyən Z.Əliyev onun indi populyar olan imic anlayışını hələ o zaman formalaşdıra və çətin də olsa, qəbul etdirə bildiyini deyir: «Hüseynağanın fərqli saç düzümü və geyimi, səhnəyə yaraşan görünüşü və tamaşaçı qarşısına çıxarkən daimi məsuliyyəti insanı valeh edirdi. O çalışırdı ki, hər konsertə fərqli kostyum geyinsin, fərqli görünsün».
   
   Quşbazlığı da varmış
   
   Bir çox “Sovetski” gəncləri kimi, onun da göyərçin saxlamağa meyli varmış. Uşaqlıqdan sevdiyi bu məşğuliyyətindən sonrakı illərdə də əl çəkə bilməyib. Bu barədə xatirələrini bizimlə bölüşən «Dan ulduzu» instrumental ansamblının bədii rəhbəri, Əməkdar artist Tariyel Abbasov danışdı: «O, gözəl sənətkar, mükəmməl ifaçı olmaqla yanaşı, həm də yaxşı yoldaş, dost idi. Özünəməxsus insan idi. Səhnədə fərqli səs və görünüşü ilə tamaşaçı rəğbətini qısa zamanda qazandı. O illərin elit Bakı toylarının əksəriyyətinin ifaçısı o olardı. Gözəl musiqi duyumu vardı. Hər mahnıya bir rəng qatırdı. Elza İbrahimovanın «Gecələr bulaq başı», «Gəl barışaq», Emin Sabitoğlunun «Bu gecə», «Sən olmuşam», Oqtay Kazıminin «Köçəri quşlar» mahnılarına o sanki möhürünü vurmuşdu. Dediyim kimi, yaxşı yol yoldaşlığı da vardı. Onunla bir neçə xarici ölkədə qastrolda olmuşuq. Bu uzun yollarda vaxtın necə keçdiyini bilməzdik. Çox məzəli zarafatları və şaqraq danışığı vardı. Maraqlı vərdişlərindən biri də quşbazlığı idi. Təsəvvür edin ki, hər zaman fikri sevimli göyərçinlərinin yanında olardı. Günlərin bir günü o, qonşusu, qarmon ifaçısı, Əməkdar artist Faiq Əlibalayevi səhər saat 6-da yuxudan oyadır ki, bəs, dur, səninlə vacib işim var. Hövlnak döyülən qapıya yuxudan qalxan Faiq Hüseynağanı görüb duruxur. Dostunun çaşqın baxışlarına məhəl qoymayan Hüseynağa «Tez maşını işə sal, sür Sabunçu bazarına. Qədeşim, quşlarım acından öldü e, gedək dən alaq» - deyir. Yarıyuxulu Faiq təbii ki, buna əsəbiləşsə də, büruzə vermir. Hüseynağa bax belə xarakterli, çılğın təbiətli və ən əsası gözəl, kövrək, duyğulu insan idi. Onun bir cəhəti də özünə vurğunluğu idi. Təsəvvür edin ki, geyimlərinə o qədər düşkün idi ki, hər qastroldan iki çamadan paltarla qayıdardı. Təbii ki, bu da onun özünə və tamaşaçısına olan ehtiramından qaynaqlanırdı. O, izləyici qarşısında qüsursuz görünmək istəyirdi».
   
   Nədən saçların bəyazlanmış, arkadaş?
   
   Hüseynağa Hadıyev türk mahnılarının Azərbaycanda ilk ifaçılarından olub. Məşhur türk müğənnisi Zəki Mürənə xüsusi rəğbəti varmış. Dostlarının sözlərinə görə, tez-tez, həm də yanıqlı bir avazla: “Nədən saçların bəyazlanmış, arkadaş?” mahnısını oxuyarmış. Sanki hiss edirdi... hiss edirdi ki, az qalır... tezliklə istedad tanımayan amansız xəstəlik onun bədənini cənginə alacaq...
   Hüseynağa Hadıyev ömrünün son günlərini xəstəxana çarpayısında keçirdi və... Hamı kimi onun da öz dünyası vardı, kimsənin bilmədiyi, tanımadığı, tanımayacağı dünyası. Bu dünya haqqında yazmaq olduqca çətindir, çünki onu yalnız hiss etmək olar. Özü də sadəcə dinləməklə. Biz də bundan sonra yalnız bu dünyanın zaman-zaman ifa şəklində təzahür etmiş inikasını dinləyəcək, dinləyib sevəcəyik... Və sevə-sevə də sevimli dünyadan və onu bizə sevdirənlərdən uzaqlaşacağıq.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar