Azərbaycan
   
   26 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başladı. General Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildi. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.
   26 iyun 1915 - Rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 - 14.3.1974) anadan olub. Uzun müddət Akademik Milli Dram Teatrında çalışıb.
   26 iyun 1949 - Rejissor, Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda doğulub. 1975-1977-ci illərdə Qroznı şəhərində (Çeçenistan) M.Lermontov adına Dövlət Rus Dram Teatrında çalışıb. 1977-1981-ci illərdə Sumqayıt Dram Teatrının baş rejissoru olub. 1981-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
   26 iyun 1985 - Əməkdar artist, aktrisa Süsən Hacı Aslan qızı Məcidova (1916-1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmləri: “Telefonçu qız” (Səlminaz), “Bir cənub şəhərində” (Mənsurə), “Bizim Cəbiş müəllim” (Makedonun anası), “Tənha narın nağılı” (Bəyxanım), “Həyat bizi sınayır” (Sadığın arvadı).
   
   27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.
   27 iyun 1924 - Xalq artisti, məşhur aktyor Məlik Yusif oğlu Dadaşov (1924 - 3.12. 1996) anadan olub. 1950-ci ildən Akademik Milli Dram Teatrında işləyib. Teatr səhnəsində (“Otello” - Yaqo, “Maqbet” - Maqbet), televiziya tamaşalarında (İ.Əfəndiyevin “Atayevlər ailəsində” - Atayev) yaddaqalan rollar oynayıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib. Kinoda zəngin obrazlar qalereyası yaradıb: “Dəli Kür” - Molla Sadıq, “İyirmialtılar” - Əzizbəyov, “Birisi gün gecə yarısı” - Nəriman Nərimanov, “Axırıncı aşırım” - Qəmlo, “O dünyadan salam” - Şeyx Nəsrullah, “Fəryad” - Aram Xaçaturyan və s.
   
   28 iyun 1842 - Görkəmli maarifçi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycan müəllimlərinin birinci qurultayının sədri (1906) olub.
   28 iyun 1914 - Xalq artisti, teatr və kino aktrisası Barat Şəkinskaya (1914 - 14.1.1999) Şuşada anadan olub. 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Qızmar günəş altında” (Sərdarovun arvadı), “Onun bəlalı sevgisi” (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   28 iyun 1925 - Xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədov (1925-1994) anadan olub.
   28 iyun 1935 - Xalq artisti, rejissor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. 1956-1963-cü illərdə Akademik Dram Teatrında aktyor kimi çalışıb. Sumqayıt Dram Teatrında direktor, Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. “Yük” filmində Hacı Zeynalabdin Tağıyev rolunda çəkilib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   
   29 iyun 1913 - Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 - 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən bir sıra ədəbi nümunələri (F.Şillerin «Məkr və məhəbbət», A.Çexovun «Vanya dayı», «Albalı bağı» pyesləri, E.Voyniçin «Ovod» romanı, A.Puşkin, M.Lermontov, T.Şevçenkonun şeirləri və s.) Azərbaycan dilinə çevirib.
   29 iyun 1944 - Tanınmış şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu (Çingiz Əli oğlu Əliyev) Füzuli şəhərində anadan olub. Ümumittifaq poeziya müsabiqəsinin qalibi kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına layiq görülüb. Rus dilindən ədəbi tərcümələrin müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə olunub. “Gün keçdi” filmində (Camal) çəkilib.
   
   30 iyun (yeni təqvimlə 12 iyul) 1812 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (1812 - 10.3.1878, Tiflis) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 1873-cü ildə Bakıda ədibin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə professional Azərbaycan teatrının əsası qoyulub.
    30 iyun 1934 - Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın İdarə heyətinin sədri seçilib. Əslən Krım tatarı olan A.Refatov tanınmış bəstəkar idi. 1926-cı ildə Bakıya gələrək Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, burada dərs demiş, 1931-ci ildə bu təhsil ocağının prorektoru təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il sədrlik etdi, 1937-ci ildə repressiya olundu. 1935-ci ildə Bəstəkarlar İttifaqına Əli Kərimov, 1936-cı ildən isə dahi bəstəkar Üzeyir Hacıbəyli (1948-ci ilədək) rəhbərlik etdi.
   30 iyun 1952 - Yazıçı-dramaturq, filosof, tərcüməçi Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) anadan olub. 30-dan çox pyesin ("Ayı təbəssümü", “Zaman”, “Tələ”, “Pələng ili”, "Musiqili məktublar" və s.), povest və romanların ("At günü", "Dəniz köçü", “Teatr meydanı” və s.) müəllifidir. Rus dilindən tərcümələr edir.
   
   Dünya
   
   26 iyun Beynəlxalq Narkomaniyaya və Narkobiznesə qarşı Mübarizə Günüdür (International Day against Drug Abuse and Illicit Trafficking). BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi ilə təsis olunub.
   26 iyun 1763 - İngilis rəssamı Corc Morland (George Morland; 1763-1804) anadan olub.
   26 iyun 1892 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1938) laureatı Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.
   26 iyun 1927 - Tanınmış kinorejissor, Rusiyanın Xalq artisti Vladimir Motıl (1927-2010) anadan olub. “Səhranın bəyaz günəşi”, “Sayrışan xoşbəxtlik ulduzu” və s. filmləri çəkib.
   26 iyun 1950 - Eston müğənnisi, ötən əsrin 70-80-ci illərində sovet estradasının ulduzlarından olmuş Yaak Yoala anadan olub.
   
   27 iyun 1940 - Məşhur aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları” (Robin Qud), “Qırmızı çadır”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.
   27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.
   27 iyun 1955 - Fransız aktrisası İzabel Adjani (Isabelle Yasmine Adjani) anadan olub. Filmləri: “Adeliya Hüqonun əhvalatı”, “Bronte bacıları”, “Kraliça Marqo” və s.
   
   28 iyun 1577 - Görkəmli Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens; 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.
   28 iyun 1712 - Görkəmli fransız yazıçı və mütəfəkkiri, musiqişünas, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanlarının, “İctimai müqavilə”, “Düşüncələr” və s. fəlsəfi əsərlərin müəllifidir.
   28 iyun 1867 - İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1934) laureatı Luici Pirandello (Luigi Pirandello; 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” romanları, “Liola” , “Hər kəs özünə görə”, “IV Henrix” və s. pyeslər.
   28 iyun 1871 - Rus filosofu, yazıçı, publisist Sergey Nikolayeviç Bulqakov (1871-1944) anadan olub. “Adın fəlsəfəsi”, “Fəlsəfənin faciəsi” və s. əsərlərin müəllifidir.
   28 iyun 1949 - Tanınmış rus aktyoru və rejissoru Aleksandr Pankratov-Çernı anadan olub. “Biz cazdanıq”, “Qaqrada qış axşamları” və s. filmlərdə çəkilib.
   
   29 iyun 1798 - İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.
   29 iyun 1900 - Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Külək, qum və ulduzlar”, “Hərbi təyyarəçi”, “Balaca şahzadə”, “Qala” romanları və s. əsərlərin müəllifidir.
   29 iyun 1908 - Amerika bəstəkarı Leroy Anderson (1908-1975) anadan olub.
   29 iyun 1957 - Kuba əsilli Amerika aktrisası və müğənnisi Mariya Konçita Alonso (Maria Concepcion Alonso Bustillo) anadan olub. “Ruhlar evi”, “Vampirin öpüşü”, “Güllər” və s. filmlərdə çəkilib.
   
   30 iyun 1685 - İngilis şairi və dramaturqu Con Gey (John Gay; 1685-1732) anadan olub.
   30 iyun 1789 - Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub.
   30 iyun 1884 - Fransız yazıçı-dramaturqu, şair, ədəbiyyatşünas Jorj Düamel (Georges Duhamel; 1884-1966) anadan olub. “Tərk edilmişlər”, “Gecəyarısı etiraf”, “Salavenin gündəliyi” romanları və s. əsərlərin müəllifidir.
   30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1980) laureatı Çeslav Miloş (Czeslaw Milosz; 1911-2004) anadan olub.
   30 iyun 1918 - Amerika kinoaktrisası Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub. “Mən yaşamaq istəyirəm” filmində Barbra Qrem roluna görə “Oskar” mükafatı (1958) alıb.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar