Azərbaycan
   
   1 iyul 1858 - Bakıda Xəzər gəmiçiliyi fəaliyyətə başlayıb. Prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən, 1998-ci ildən etibarən iyulun 1-i Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
   1 iyul 1909 - Tanınmış alim, akademik Rüstəm İsmayılov (1909-1972) anadan olub. 1967-1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.
   1 iyul 1925 - Ədəbiyyatşünas alim, tərcüməçi, professor Pənah İmran oğlu Xəlilov Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub.
   1 iyul 1926 - Bakıda "Komsomol" adlı aylıq ədəbi, siyasi və elmi jurnalın 1-ci sayı çapdan çıxıb.
   
   2 iyul 1892 - Tanınmış yazıçı, maarif və mədəniyyət xadimi Tağı Şahbazi Simurq (1892-1937) anadan olub. Xarkov Universitetinin tibb şöbəsini bitirib. 1919-cu ildə Bakıya qayıdaraq maarif və mədəniyyət sahəsində çalışıb. 1920-1930-cu illərdə xalq maarif və səhiyyə komissarlarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru, Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. Povest və hekayələrində dini fanatizm, qadın azadlığı problemlərini təsvir edib. «Ağanın kənizi», «Azadlıq üçün cinayət», «Aldanmış ümid», «Əzab qorxusu» və s. kitabların müəllifidir. Stalin repressiyasının qurbanı olub.
   2 iyul 1918 - Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycanda polis günü kimi qeyd olunur.
   2 iyul 1921 - Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb - Kişi Pedaqoji İnstitutu yaradılıb. Sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanıb, hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir.
   2 iyul 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) yanında Yeni Türk Əlifbası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu Kiril əlifbası əvəzlədi.
   
   3 iyul 1920 - Azərbaycan SSR İnqilab Komitəsi (müvəqqəti hökumət) respublikada kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret qəbul edib.
   3 iyul 1940 - Tanınmış pianoçu, Xalq artisti, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940-24.5.2012) Bakıda anadan olub. Azərbaycan fortepiano məktəbini bir çox ölkələrdə uğurla təmsil edib. 1990-cı ildən ömrünün sonunadək Türkiyədə, Eskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.
   
   5 iyul 1851 - Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851-1894) İrəvanda anadan olub. "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax"ın təsisçisi, naşiri və redaktoru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı olub.
   5 iyul 2002 - Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövlətinin xaricdəki soydaşlarımızla əlaqələrini tənzimləyəcək qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanı ilə qurum Diaspora ilə İş üzrə Dövlət Komitəsinə çevrilib.
   
   Dünya
   
   1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz; 1646-1716) anadan olub.
   1 iyul 1751 - Fransız maarifçiləri Deni Didro və Jan Leron D’Alamber tərəfindən hazırlanan və dünya mədəniyyəti tarixində mühüm hadisə sayılan «Ensiklopediya» («Elm, incəsənət və sənətlərin izahlı lüğəti») kitabının ilk cildi çapdan çıxıb.
   1 iyul 1862 - Moskva Kitabxanası (Rusiya Dövlət Kitabxanası) fəaliyyətə başlayıb. Dünyanın ən böyük kitabxanalarından biridir, fondlarında 247 dildə 17 milyon nüsxə kitab, ümumilikdə, 43 milyon müxtəlif nəşr saxlanılır.
   1 iyul 1804 - Məşhur fransız yazıçısı Jorj Sand (əsl adı Amandina Avrora Düpen) - (George Sand - Amantine-Aurore-Lucile Dupin de Francueil; 1804-1876) anadan olub. Əsərləri: “Roz və Blanş”, “İndiana”, “Leliya”, “Konsuelo” və s.
   1 iyul 1889 - Rus heykəltəraşı, məşhur «Fəhlə və kolxozçu qadın» əsərinin müəlliflərindən biri Vera Muxina (1889-1953) anadan olub.
   1 iyul 1892 - Amerika yazıçısı Ceyms Keyn (James Mallahan Cain; 1892-1977) anadan olub. Detektiv əsərlərin müəllifidir. “Poçtalyon həmişə iki dəfə zəng çalır” əsəri üzrə məşhur film çəkilib.
   1 iyul 1902 - Amerika rejissoru, prodüser Uilyam Uayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar” mükafatına layiq görülüb.
   1 iyul 1909 - Məşhur gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda anadan olub. “Keto və Kote”, “Əsgər atası” (Georgi Maxaraşvili) və s. filmlərdə çəkilib.
   1 iyul 1934 - Amerika aktyoru və kinorejissoru Sidni Pollak (Sydney Irwin Pollack; 1934-2008) anadan olub. Filmləri: “Yakudza”, “Afrikadan” (“Oskar” mükafatı), “Sabrina”, “Tutsi” (“Oskar”) və s.
   
   2 iyul 1714 - Alman bəstəkarı Kristof Villibald Qlük (Christoph Willibald Ritter von Gluck; 1714-1787) anadan olub. “Orfey və Evridika”, “Paris və Yelena”, “İfigeniya Tavridada” və s. operaların müəllifidir.
   2 iyul 1877 - Görkəmli alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse; 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
   2 iyul 1923 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1996) laureatı Vislava Şimborska (Wislawa Szymborska) anadan olub. “Son və əvvəl”, “Yüz əyləncə” və s. kitabların müəllifidir.
   2 iyul 1961 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 - 1961) vəfat edib. Əsərləri: "Kişisiz qadınlar", "Əlvida, silah", "Əcəl zəngi" romanları, "Qoca və dəniz" povesti və s.
   2 iyul 1977 - Dünya şöhrətli rus yazıçısı Vladimir Nabokov (22.4.1899 - 1977) vəfat edib. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s. Bir sıra əsərləri ekranlaşdırılıb.
   
   3 iyul 1883 - Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka, 1883 - 3.6.1924) Praqada doğulub. Əsərləri: “Bir xanımın xülasəsi”, «İtaətkarla söhbət», «Çevrilmə», «Qəsr», «Kənd həkimi», «Qətl» və s.
   3 iyul 1908 - Fransız yazıçısı və ssenaristi Toma Narsejak (Thomas Narcejac, əsl adı Pierre Robert Ayraud; 1908-1998) anadan olub. Fransız yazıçısı Pyer Bualo (1906-1989) ilə yaradıcılıq tandemində bir çox detektiv filmlərin ssenarisini (“Şeytanlar”, “Başgicəllənmə” və s.) yazıb.
   3 iyul 1962 - Amerikalı aktyor, rejissor, Hollivud ulduzu Tom Kruz (Thomas Cruise Mapother) anadan olub. Filmləri: “Riskli biznes”, “Geniş bağlanmış gözlərlə” və s.
   
   4 iyul 1676 - İspan dramaturqu Xose Kanisares (1676-1750) anadan olub.
   4 iyul 1815 - Rus rəssamı Pavel Andreyeviç Fedotov (1815-1852) anadan olub. Əsərləri: “Mayorun elçiliyi”, “Dul qadın”, “Ankor, yenə ankor!” və s.
   4 iyul 1918 - Rus filosofu, kulturoloq, «Mədəniyyətlərin dialoqu» konsepsiyasının müəllifi Vladimir Solomonoviç Bibler (1918-2000) anadan olub.
   4 iyul 1927 - Amerika dramaturqu və ssenaristi Nil Saymon (Neil Simo) anadan olub.
   4 iyul 1957 - İspan aktrisası Viktoriya Abril (Victoria Abril - əsl adı Victoria Merida Rojas) anadan olub.
   
   5 iyul 1841 - İngilis səyahətçisi və iş adamı Tomas Kuk (Thomas Cook; 1808-1892) ilk turist agentliyini açıb. Dünyada mütəşəkkil turizmin başlanması bu tarixdən hesablanır. Tomas Kukun əsasını qoyduğu müəssisə “Thomas Cook Group” adı altında indi də fəaliyyət göstərir.
   5 iyul 1812 - İspan yazıçı-dramaturqu Antonio Qarsiya Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.
   5 iyul 1889 - Fransız yazıçısı, rəssam, rejissor, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. Dadaizm və sürrealizm üslubunda şeirlər yazıb. "Əllamə Toma", "Ədəbsiz uşaqlar" romanlarının, antik miflər mövzusunda "Antiqona", "Orfey" pyeslərinin müəllifi, "Orfey" və "Orfeyin vəsiyyəti" filmlərinin rejissorudur.
   5 iyul 1897 - İsrail musiqi mədəniyyətinin banilərindən biri, bəstəkar, pedaqoq Paul Ben-Haim (Frankenburger; 1897-1984) anadan olub.
   5 iyul 1901 - SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Vladimiroviç Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar