İlkinlər
Milli musiqi alətlərinin şahı sayılan tar haqqında görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvani yazırdı:
Guş qıl, ey ki, bilirsən özünü vaqifi-kar,
Agah ol, gör ki nədir: naleyi-ney, nəğmeyi-tar.
Məsələ də ondadır ki, istər neydən, istərsə də tardan qopan həzin musiqiləri dəlicəsinə sevmək, ona vurğun kəsilmək mümkündür. Amma tarın sirlərindən baş çıxarmaq, möcüzəsinə vaqif olmaq, sinənə sıxaraq simlərdə tufan qoparmaq hər kəsə müyəssər olan xoşbəxtlik deyil. Azərbaycan musiqi tarixində çox məşhur tarzənlər var ki, onların hər biri öz adını mədəniyyətimizə qızıl hərflərlə həkk edib. Bununla bərabər, nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda «tarın atası» sayılan bir şəxsiyyətin adı həmişə ehtiramla çəkilir - Sadıqcan!
Görkəmli Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyli yazırdı: «Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir mərhələyə qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqi tarixində yeni bir səhifə açmışdır».
Mirzə Sadıq Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub. Ailələri maddi cəhətdən o qədər də imkanlı olmayıb, atası gözətçi işləyib. Şuşa kimi bir mühitdə böyüyən Sadığın hələ uşaq yaşlarından incəsənətə, musiqiyə sonsuz həvəsi olub. Ata oğlundakı gözəl səsi duyaraq onu Xarrat Qulunun məktəbinə qoyub. Şuşanın bu məşhur xanəndəsi yeniyetmənin səsini yoxlayaraq məlahətli avazından xoşu gəlib və məktəbinə qəbul edib. Xalq mahnılarını özünəməxsus şəkildə oxuyan Sadığın 18 yaşında səsi qəflətən batır. Amma musiqiyə, sənətə bağlılığı onu ruhdan salmır. Bir müddət tütək, ney, sonra da kamança çalıb. Bu alətləri gözəl dinləndirsə də, özünü ancaq tarda tapıb. Unudulmaz müğənnimiz Bülbülün yazdığına görə, Mirzə Sadığın tar müəllimi XIX əsrdə yaşamış məşhur tarzən Əli Əsgər olmuşdur. İri əlləri, uzun və güclü barmaqları olan Sadıq qısa müddət ərzində istedad və qabiliyyətinin sayəsində bu sənətin sirlərinə yiyələnərək hətta müəllimindən da yaxşı tar çala bilib. Ustadı Əli Əsgər şagirdinin bu istedadına sevinərək qibtə ilə deyərmiş: «Kaş mənim var-dövlətim Sadığın, onun barmaqları isə mənim olaydı».
Mirzə Sadıq Şuşada fəaliyyət göstərən ədəbi məclislərdə tez-tez iştirak edərdi. Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın yaratdıqları «Məclisi-üns» və «Məclisi-fəramuşan»ın üzvləri arasında Mirzə Sadığın xüsusi yeri vardı. Şeir söyləyənlərin ifasını Mirzə Sadıq öz tarında çox həssaslıqla müşayiət edərdi. Demək olar ki, bu məclislərin yaraşığı idi Mirzə Sadıq. Onu Şuşada o qədər çox sevirdilər ki, bu səbəbdən də hamı ona «Sadıqcan» deyə müraciət edərdi. Xalq rəssamı Lətif Kərimovun «Musiqi lüğətinin izahı» adlı əsərindən məlum olur ki, XVIII əsrdən etibarən Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda xalq tərəfindən yüksək dərəcə sevilən və qiymətləndirilən xanəndə və sazəndələrə «can» kimi yüksək ad və yaxud təxəllüs verilərdi. Belə bir əzizləmə Mirzə Sadıqdan başqa bir məşhur müğənniyə müyəssər olmuşdur. Bu da məşhur xanəndə Əbdülbaqi Zülalov (Bülbülcan) idi.
Sadıqcan həm kamançada, həm də tarda o dövrün məşhur xanəndələrini müşayiət edərdi. Artıq onun sorağı Qarabağdan kənara çıxmışdı. Cənubi Qafqazda, Şərq dünyasında Sadıqcanı yaxşı tanıyırdılar. Onu tez-tez öz məclislərinə, toylarına, xeyir işlərinə dəvət edərdilər. Sadıqcanın adı Cabbar Qaryağdıoğlu kimi xanəndə ilə yanaşı çəkilirdi. 1880-ci ildə Təbrizdə Nəsrəddin şahın oğlunun toy mərasiminə dəvət alan Mirzə Sadıq xanəndə Hacı Hüsü ilə birlikdə elə gözəl məclis aparıblar ki, Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən sayılaraq Nəsrəddin şah tərəfindən «Şiri-Xurşid» qızıl medalı ilə təltif olunub. Görkəmli bəstəkar Ağalarbəy Əliverdibəyov qələmə aldığı «Xatirələrim» adlı əsərində yazıb ki, Təbrizdə Nəsrəddin şahın məclisində məşhur bir tarzən Sadığı yarışa çağıranda Sadıq tarın bütün pərdələrini kəsib. Bunu görən tarzən yarışdan imtina edərək Sadığın barmaqlarından öpüb.
Musiqi tədqiqatçısı Əbdülhəmid Babayev yazırdı: «Mən ilk dəfə Sadıqcanı 1897-ci ildə Bakıda - İçərişəhərdə Hüseynbəy Ağayevin toyunda gördüm. Cəmi Qafqazda belə gözəl tar çalan olmayıb. Sadığın çox gözəl camalı var idi. Ucaboy, enlikürək və cüssəli idi. O, məclisə çox ədəb və ərkanla girərdi. Camaat ona sonsuz hörmət bəslərdi. Onun əlində o qədər qüvvə var idi ki, tarı çox zaman mizrabsız çalardı».
Sadıqcanın gözəl çalğısı haqqında eşidən şamaxılı Mahmud ağa onu Şirvana dəvət edib. Bir müddət Şamaxı məclislərində məharətli ifası ilə özünə çoxlu pərəstişkar qazanan Sadıqcanın paxıllığını çəkənlər də olur. Təbiətən xeyirxah və nəcib olan Sadıqcan həcvlərə dözməyərək Qarabağa qayıdıb. Mahmud ağa Sadıqcanın getməsindən çox kədərlənib. Bu səbəbdən də Şirvanda böyük nüfuza, hörmətə sahib olan Seyid Əzim Şirvanidən xahiş edib ki, Sadıqcanı geri qaytarmaqda ona kömək etsin. Seyid Əzim məktub yazsa da, ismarıc göndərsə də, Sadıqcan geri qayıtmır. Hətta Mahmud ağa tarzəni qonaq da çağırıb, amma Sadıqcan sözündən dönməyib. O zaman Xurşidbanu Natəvan da Sadıqcanın xətrini həddən artıq istəyirmiş. Demək olar ki, Sadıqcan Xan qızının məclislərinin yaraşığı idi. «Məclisi-üns» də Sadıqsız keçinməzdi. Deyilənlərə görə, Sadığın üstündə Mahmud ağa ilə Natəvan arasında uzun illər yazışma olub. Mahmud ağa Sadıqcanı öz yanına çağırırdı, Xan qızı da tarzəni öz məclislərindən getməyə icazə vermirdi. İş o yerə çatıb ki, Seyid Əzim Şirvani Sadıqcanın arxasınca Şuşaya üz tutub. Onun iştirak etdiyi toy məclislərinin, el şənliklərinin şahidi olub. Gözləri ilə görüb ki, Şuşa necə də gözəl bir şəhərdir. Şənlikləri də çox qeyri-adi keçir. İlhama gələn Seyid Əzim Şirvani Şuşa haqqında belə bir beyt də söyləyib:
Şəhri-Qarabağa Şişə qoymuşlar ad,
Bu şəhər pərilərdən olubdur abad.
Təxsiri-pəri Şişədə qalmaq xoşdur,
Amma bu pərilərin əlindən fəryad.
Azərbaycan musiqi tarixinin əvəzsiz tədqiqatçısı Firudin Şuşinski yaradıcılığı boyu bir neçə dəfə Sadıqcan haqqında kitab çap etdirib. Firudin Şuşinskiyə qədər Sadıqcan barəsində ətraflı, dərin və mükəmməl əsər yazmaq heç kəsə qismət olmayıb. Unudulmaz Firudin müəllim yazırdı: «Sadıqcan sözün ən geniş mənasında novator tarzən idi. O, təxminən 1870-1875-ci illərdə tar üzərində hərtərəfli yenidənqurma aparıb. Yəni o, tarın təkmilləşdirilməsi üzərində işləyərək quruluşunu dəyişmişdir. Tarın qolunda olan bir çox artıq pərdələri atıb 17 pərdə saxlamış, səsini gücləndirmək üçün birinci qoşa ağ simin və qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən iki cüt cinkənə simi əlavə etmişdir. Tarın rezonansını artırmaq, həm də lazım gəldikdə səsləndirmək üçün sarı simdən bir oktava aşağı, yəni bəm səslənən bir qalın sarı boş sim də artırdı. Bundan əlavə, tarın qolunun yuxarısında, yəni kəlləyə yaxın yerdə əlavə pərdə bağlamaqla «lal barmaq» üslubunu da icad etdi».
F.Şuşinskinin yazdığına görə, Sadıqcana qədər tarı adət üzrə diz üstündə qoyub əyilərək çalardılar. Sadıqcan bu bəsit qaydanı sıradan çıxardaraq həmin alətin tarixində ilk dəfə onu sinə üzərində çalmağa başladı. Sadıqcana qədər tarın beş simi var idi. O, tara altı sim də əlavə edərək 11-ə çatdırdı. Əlbəttə, bu böyük ustadın tar ifaçılığında yaratdığı yeniliklər Cənubi Qafqaz və Orta Asiya tarzənləri tərəfindən məmnuniyyətlə qəbul edildi. Onun yaratdığı yeni tar daha gözəl, daha mükəmməl idi. Məhz Sadıqcan tar sənətinin inkişafında yeni bir mərhələ açdı. Onun çaldığı musiqilər də, havalar da əvvəlkilərdən qat-qat fərqlənirdi.
Bəziləri tardan danışarkən onun yarandığı dövrləri müxtəlif ölkələrə aid edirlər. Bu barədə F.Şuşinski «Azərbaycan xalq musiqiçiləri» adlı kitabında yazıb: «Bəzən tarın tarixi haqqında danışanlar heç bir elmi və arxiv sənədlərinə əsaslanmayan söz-söhbətə yol verirlər. Mötəbər tarixi mənbələrə əsaslanıb deyə bilərik ki, tarı miladın X əsrində Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd Carco şəhərinin Fərab adlı bir kəndində düzəltmişdir».
Tarda səslənən musiqilər o qədər qeyri-adi, qəlbə yatımlı oldu ki, ondan yalnız türkdilli xalqlar deyil, eyni zamanda ərəb, fars, əfqan, hind, ləzgi və başqaları da istifadə etdilər. Beləliklə, türk əllərindən həyat vəsiqəsi alan tar milli musiqi alətlərimizin şahı oldu. Onu təkmilləşdirən, ona yeni həyat gətirən isə şuşalı Sadıqcan adını mədəniyyət tarixinə əbədi yazdı.
Məşhur türk musiqişünası Rauf Yektabəy Sadıqcanın tara gətirdiyi yenilikləri yüksək dəyərləndirərək yazırdı: «Tarzənlikdə dahi olan Sadıq beş simli tara altı sim əlavə edib onu zənginləşdirərək şöhrətini dünyaya yaydı».
Sadıqcan təkcə toy şənliklərində çalmırdı. O, həm də Tiflisdə, Şuşada göstərilən teatr tamaşalarında da tarzən kimi çıxış edirdi. Hətta həmin dövrün afişalarında da bu barədə məlumat var. Tiflisdə çıxan «Kavkazskoe obozreniye» adlı qəzeti 1886-cı il 29 dekabr nömrəsində Mirzə Fətəli Axundzadənin tamaşaya qoyulan «Müsyö Jordan və dərviş Məstəli şah» adlı komediyasının səhnə həlli barədə belə bir məlumat yayıb: «Komediya səhnədə sönük keçdi. Tamaşanı maraqlı edən əsasən sazəndələr idi. Tarda bütün Zaqafqaziyada birinci tarzən sayılan məşhur Sadıq çalırdı. Onun çalğısı aydın, sənətkarlıq cəhətcə dəqiq, güclü və məlahətli idi. Yaxşı olardı ki, bizim bəstəkarlar Sadığın Tiflisə gəlməyindən istifadə edib ondan Şərq havalarını öyrənələr. Bu isə onlara yeni əsərlər yazmaqdan ötrü yaxşı material ola bilər».
Azərbaycan muğamlarına bir sıra yeniliklər gətirən Sadıqcan «Segah» muğamını inkişaf etdirərək ona «Zabul» pərdəsini, «Mirzə Hüseyn» segahına isə «Müxalifi» əlavə etmiş, «Mahur»u daha da təkmilləşdirmişdir. Məhz Sadıqcandan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onun ifadə vasitələri, təsir qüvvəsi, ifa üsulu yeni bir pilləyə qalxdı. Sadıqcanın Azərbaycan musiqisi tarixində açdığı yeni səhifə, əslində bir məktəb idi. Bəzi yazılarda Sadıqcanın bəstəkar kimi də fəaliyyət göstərdiyindən danışılır. O, «Orta Segah» və «Bayatı-Şiraz» muğamlarına bir neçə rəng bəstələmişdi. 1897-ci ildə Şuşada dini «Şəbeh» üslubunda musiqili «Leyli və Məcnun» tamaşasının qoyulmasında yaxından iştirak edib. Dahi Üzeyir Hacıbəyli həmin tamaşa ilə əlaqədar yazırdı ki, məhz bu «şəbeh»lər sonralar Azərbaycan muğam operasının yaranmasında əhəmiyyətli rol oynadı.
XIX əsrin 90-cı illərində Şuşada özünün ansamblını yaradan, dövrünün məşhur çalıb-oxuyanlarını bu kollektivə toplayan Sadıqcan bir ustad kimi ardıcıllarını da yetişdirirdi. Məşədi Zeynal, Malıbəyli Həmid, Məşədi Cəmil, Qurban Pirimov, Şirin Salyanlı kimi məşhur musiqi xadimləri öz dərslərini məhz bu unudulmaz ustaddan aldılar.
Şuşa musiqi aləminin qəribə məziyyətləri var. Deyirlər ki, Sadıqcan tarı elə çalarmış ki, quşlar da cəh-cəh edərmiş. Bu barədə Qurban Pirimov yazırdı: «Bir gün Sadıq məndən xahiş etdi ki, onun üçün Gülablıdan bir bülbül gətirim. Mən də bir şeyda bülbül, bir də qaratoyuq apardım. Bir gün gəlib gördüm ki, o, qaratoyuğun qabağına bir güzgü qoyub. Özü isə kənarda durub tar çalır. İndiki kimi yadımdadır. O qaratoyuqların çöldə oxumalarına bənzəyən bir təsnif çalırdı. Güzgüdə öz şəklinə tamaşa edən qaratoyuq birdən başladı oxumağa. Mən təəccübdən yerimdə quruyub qaldım. Sadıq belə sənətkar idi. O, görünməmiş bir möcüzə idi».
Sadıqcan həm də maraqlı bir şəxsiyyət olub. Onun sənəti barədə, özü haqqında Qarabağda çoxlu rəvayətlər yaranıb. Hətta şəninə dastanlar da söylənilib. 1901-ci ildə Şuşada birinci Şərq konserti keçirildi. Bu mərasimdə iştirak edən tarzənlərin sırasında ilk dəfə Sadıqcan «Mahur» çaldı. O dövrün qəzetlərində, musiqişünasların xatirələrində bu çalğının qeyri-adiliyi haqqında qeydlər var. Bir il sonra - 1902-ci ildə Azərbaycan tarının atası, öz sehrli barmaqları ilə rəngarəng musiqilər yaradan, xalqın ürəyində abidə ucaldan Sadıqcan 56 yaşında Şuşada vəfat etdi.
Flora Xəlilzadə,
yazıçı-publisist