XX əsr mədəniyyət tariximizdə bir çox mürəkkəb, həm də maraqlı taleli sənətkarlar iz qoyub. Onlardan biri tanınmış müğənni, Əməkdar artist Cahan Talışinskaya olub.
   
   Cahan xanım Talışinskaya 1909-cu il fevralın 9-da Lənkəran şəhərində anadan olub. 1918-ci ildə ailəsi Bakıya köçüb. Cahan burada Qızlar Seminariyasına daxil olur. Eyni zamanda musiqi ilə maraqlanır, piano və tarda ifa etməyi öyrənir. Seminariyada oxuyarkən Əli Bayramov adına klubun nəzdində yaradılan bədii özfəaliyyət dərnəyinə üzv olur. 1927-ci ildən Bakı şəhər radio şəbəkəsində işə düzəlir.
   1934-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Maraqlı konsert proqramı ilə silsilə çıxışlar edir. Xalq mahnı və muğamlarının gözəl ifaçısı kimi şöhrət tapır. Onun ifasında “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz” muğamları, “Qarabağ şikəstəsi” daim dinləyicilərin alqışları ilə müşayiət olunur. Lakin “Qatar” muğamı onun ifa etdiyi şah əsəri olur. Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs tembrinə malik olması texniki cəhətdən mürəkkəb olan muğamı onun ifasında təkrarolunmaz edir.
   Müğənninin ifaçılıq xüsusiyyətlərindən söz açanlar maraqlı bir hadisəni nəql edirlər.
   1930-cu ilin əvvəlində Əfqanıstan şahı Əmənulla xan Bakıya gəlir. Hörmətli qonağın şərəfinə verilən ziyafətdə konsert proqramı təqdim olunur. Konsertdə Cahan Talışinskaya da çıxış edir. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi qızıl qol saatını müğənniyə hədiyyə edir. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər. Saatı bir günlüyə ondan alırlar. Səhəri gün saatı qaytarırlar: saatın arxa tərəfində “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmışdı.
   Xalq artisti Bəhram Mansurov xatirələrində Cahan xanımdan bəhs edərək yazır: “O, Cabbar Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Pirimov, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələr ilə bərabər konsert proqramlarında çıxış edirdi. Eyni zamanda o, özünü istedadlı folklorçu kimi də göstərirdi. Çox az adama məlumdur ki, “Qubanın ağ alması”, “Uca dağlar”, “Dəli Ceyran” kimi xalq mahnıları məhz ilk dəfə onun ifasında lentə yazılıb.
   Araşdırmalarda göstərilir ki, müğənni bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplayıb. Bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayaraq onu dinləyicilərə olduğu kimi çatdırardı”. Müğənninin oğlu, Əməkdar memar Nazim Hacıbəyov xatirələrində yazır: “Anam bu mahnılardan bəzilərini ucqar dağ rayonlarında çay qırağında paltar yuyan qadınlardan eşidərkən qələmə alıb. Məşhur “Qubanın ağ alması” mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım verib...”
   1933-cü ildə “Şərq musiqi ansamblı”nın tərkibində Cahan xanım Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev şəhərlərində qastrol səfərlərində olur. 1936-cı ildə Moskva və Sankt-Peterburq şəhərlərinə qastrolları zamanı “Qatar” və “Segah” muğamları, “Uca dağlar” və “Yeni kənd” mahnıları onun ifasında lentə alınır. Bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəğbətini və məhəbbətini qazanır. Respublikanın ən ucqar yaşayış məntəqələrində onu tanıyır və sevirlər. Açıqürəkli, şən və mehriban insan olan Cahan xanımı o dövrün görkəmli sənətkarlarından Səid Rüstəmov, Bülbül, Həqiqət Rzayeva, Şövkət Məmmədova, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədiri, Mərziyə Davudova ilə dostluq və əməkdaşlıq telləri bağlayır...
    Lakin 1937-ci illərin qara yelləri Cahan Talışinskayadan da yan keçmir. Bir gün ona NKVD ilə gizli əməkdaşlıq təklif olunur. Ancaq o, razılıq vermir. Məhz buna görə də Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənəti ongünlüyündə iştirak etməyə icazə verilmir. Lakin sonra hansı səbəbdənsə yuxarıların onun haqqında fikri dəyişir. 1939-cu ildə estrada artistlərinin I Ümumittifaq müsabiqəsinə qatılır və laureat olur. 1940-cı ildə Cahan Talışinskayaya Əməkdar artist adı verilir.
   Bütün bunlara baxmayaraq, qara kölgələr ondan əl çəkmir.
   1942-ci ildə 14 yaşlı oğlu ilə birlikdə həbs olunur. “Xalq düşməni” adı altında Qazaxıstanın Petropavlovsk rayonuna sürgün edilir. Oradan ona Özbəkistana köçməyə icazə verilir. O, Daşkəndə köçür, oğlu Nazimi Bakıya göndərir, özü isə şəhər filarmoniyasında solist ifaçı kimi işə düzəlir...
   Müğənninin Azərbaycana qayıtmasına bir təsadüfi hadisə kömək edir. 1943-cü ildə SSRİ Xalq Komissarlığı nəzdində yerləşən musiqi idarələrinin rəhbəri V.Surin Daşkəndə gəlir. O, Cahan xanımın laureat adını qazandığı Ümumittifaq estrada artistlərinin müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdu. Cahan xanımla tanış olur, onunla söhbət edir. Bu tanışlıqdan sonra ona Tiflis şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir.
   Beləliklə, Cahan xanım Tiflisdə Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada Leyli ("Leyli və Məcnun"), Telli ("Arşın mal alan"), Əsli ("Əsli və Kərəm"), Şahsənəm ("Aşıq Qərib") rollarında çıxış edir və müvəffəqiyyət qazanır. Lakin bir müddət sonra Azərbaycan Xalq Daxili İşlər Komissarlığından Tiflisə məktub göndərilir, yenidən müğənninin sürgün məsələsi qaldırılır. Onu bu dəfə əvvəllər Bakıda yaşamış Zaqafqaziya Hərbi Şurasının üzvü, SSRİ xalq deputatı Xavər Vəliyev xilas edir. Məhz onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır və sonra Bakıya qayıdır. Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəyli onu teatra dəvət edir. Onun "Arşın mal alan", "O olmasın, bu olsun", "Gözün aydın", "Durna" operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları hədsiz dərəcədə parlaq və maraqlı olur. Məhz buna görə də tamaşaçılar onu təkrar-təkrar səhnəyə dəvət edər, hətta mahnı və ariyaları bir neçə dəfə ifa etməsini xahiş edərmişlər.
   1949-cu ildə Cahan Talışinskaya oğlu ilə birlikdə yenidən Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə, İ.Stalinin ölümündən və M.Bağırovun həbsindən sonra Cahan xanım və oğlunun azad olunması barədə qərar qəbul olunur. Lakin Cahan xanım Bakıya dönmür, Daşkənddə qalır.
   O artıq müğənni kimi fəaliyyət göstərmir, ancaq hər həftə radioda onun mahnıları səslənir. Daşkənddə oğlunu evləndirir. Nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya, qohumlarını görməyə gəlirlər. 1966-cı ildə Daşkənddə güclü zəlzələ olur, yaşadıqları ev dağılır. Bu hadisə onların Bakıya qayıtmasını zəruri edir. Uzun illərin təqibi və ağır məhrumiyyətlər bu kübar xanımı vaxtından əvvəl qocaltmışdı. Bakıya dönən Cahan xanım bir il sonra, 1967-ci ildə vəfat edir...
   
   Savalan Fərəcov 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar