Azərbaycan
17 iyul 1487 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487-23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi kimi «Xətai» təxəllüsü ilə əsərlər yazıb. Onun "Dəhnamə" ("On məktub", 1506) poeması, "Nəsihətnamə" məsnəvisi ana dilli şeirimizin qiymətli nümunələrindəndir. Xətai 1524-cü il mayın 23-də qəflətən vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
17 iyul 1926 - Görkəmli pedaqoq, professor Hüseyn Mustafa oğlu Əhmədov Göyçə mahalının Toxluca kəndində anadan olub. "Pedaqogika tarixindən mühazirələr", "XIX əsr Azərbaycan məktəbi" və s. kitab və dərsliklərin müəllifidir.
17 iyul 1939 - Aktrisa Zemfira Sadıqova anadan olub. “Dəli Kür” (Mələk), “Tütək səsi” (Xədicə), “Torpaq. Dəniz. Od. Səma” (Leyla), “Bağ mövsümü (Ağabacı) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
17 iyul 1945 - Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Timuçin İlyas oğlu Əfəndiyev anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.
17 iyul 1953 - Tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlov (1953- 15.4.2010) Balakən rayonunda anadan olub. Teatr və televiziya (“Evləri köndələn yar”, “Nigarançılıq”, “Yarımştat”) tamaşalarında maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, "Anlamaq istəyirəm", “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.
17 iyul 2001 - Görkəmli tarixçi alim, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.1.1906 - 2001) vəfat edib. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində də çap edilib. Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
18 iyul 1018 - Böyük türk yazarı və dövlət xadimi Nizamülmülk (tam adı Əbu Əli Əl-Həsən ət-Tusi Nizamülmülk, 1018 - 14.10.1092) anadan olub. Səlcuq sultanları Alparslan və Məlikşahın vəziri olub, məşhur "Siyasətnamə" kitabının müəllifidir.
18 iyul 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədov anadan olub. Üzeyir Hacıbəylinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin (Ömər Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının müəllimi kimi gənc heykəltəraşların yetişməsinə öz töhfəsini verib.
18 iyul 1932 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova anadan olub. Nizami adına Ədəbiyyat İnstitutunun “Nizami” şöbəsinə rəhbərlik edib.
19 iyul 1915 - Tanınmış opera müğənnisi, Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə (1915 - 17.12.1974) Bakıda anadan olub. Azərbaycan və dünya bəstəkarlarının operalarında əsas partiyaları ifa edib: Üzeyir Hacıbəyli "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan və Alı); Reynqold Qlier “Şahsənəm" (Xan); Coakkino Rossini "Sevilya bərbəri" (Fiqaro) və s.
19 iyul 1945 - Professor, musiqişünas, ilk azərbaycanlı qadın-violonçel ifaçısı Nəzmiyyə Müzəffər qızı Abbaszadə anadan olub. 1998-ci ildən Bakı Musiqi Akademiyasının professordur.
Dünya
17 iyul 1797 - Fransız rəssamı, tarixi naturalist rəngkarlığın banisi Pol (İppolit) Delaroş (Hippolyte (Paul) Delaroche, 1797- 1856) anadan olub.
17 iyul 1888 - İsrail yazıçısı Samuel (Şmuel) Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı” və “Gecə qonağı” romanlarına görə Nobel mükafatı (1966) alıb.
17 iyul 1889 - Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın (o cümlədən vəkil Perri Meysonun baş qəhrəman olduğu 80-dək əsər) müəllifidir.
17 iyul 1935 - Məşhur kanadalı aktyor və prodüser Donald Sazerlend (Donald McNichol Sutherland) anadan olub. «Epidemiya», «Virus», «Kosmik kovboylar» və s. filmlərdə çəkilib.
18 iyul 1610 - Dahi italyan rəssamı, Avropa realist rəngkarlığının banisi Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 28.9.1573 - 1610) vəfat edib. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
18 iyul 1811 - İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.
18 iyul 1900 - Rus əsilli fransız yazıçısı Natali Sarrot (Nathalie Sarraute - Nataliya İvanovna Çernyak; 1900-1999) anadan olub. “Naməlum şəxsin portreti”, “Martero”, “Həyat və ölüm arasında” və s. romanların müəllifidir.
18 iyul 1938 - Holland əsilli Amerika rejissoru Pol Verxuven (Paul Verhoeven) anadan olub. Filmləri: “Robot-polis”, “Hər şeyi yada salmalı”, “Əsas instinkt” və s.
18 iyul 1942 - Dünya şöhrətli ingilis müğənnisi və bəstəkarı, «The Beatles» qrupunun yaradıcılarından biri Ceyms Pol Makkartni (James Paul McCartney) anadan olub.
19 iyul 1834 - Fransız rəssamı və heykəltəraşı Edqar Deqa (Edgar Degas - Hilaire Germain de Gas; 1834-1917) anadan olub.
19 iyul 1893 - Rus şairi Vladimir Vladimiroviç Mayakovski (1893 - 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s. 1930-cu il aprelin 14-də intihar edib.
19 iyul 1938 - Məşhur gürcü müğənnisi, bəstəkar, aktyor Vaxtanq Konstantinoviç Kikabidze anadan olub. İlk dəfə G.Daneliyanın “Qəm yemə” filmində (1969) çəkilib. 1977-ci ildə həmin rejissorun “Mimino” filmində baş rolu oynamaqla geniş şöhrət (SSRİ Dövlət mükafatı) qazanıb.
Hazırladı: Vüqar Orxan