Azərbaycan xalqı incəsənətin bir çox sahələrində olduğu kimi, memarlıqda da görkəmli sənətkarlar yetişdirib. Onlar yaratdıqları bənzərsiz memarlıq abidələri ilə mədəni irs xəzinəmizə əvəzsiz töhfələr bəxş edib. Belə görkəmli sənətkarlardan biri də Zivər bəy Əhmədbəyov olub.
   
   O, 1873-cü ildə Şamaxı şəhərində qulluqçu ailəsində dünyaya göz açıb. Atası mütərəqqi fikirli bir kişi olub, Şamaxıda quberniya idarəsində kiçik məmur vəzifəsində işləyib. Zivərin məktəb yaşı çatanda onu əvvəl molla məktəbinə qoyur. Bir il keçdikdən sonra Zivəri molla məktəbindən çıxarır və Bakıya, gimnaziyada oxumağa göndərir. Zivər burada istedadı və çalışqanlığı ilə tanınır. 1893-cü ildə o “Əlaçı tələbə” statusu ilə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna göndəriş alır. Bu, dövrün zənginlərinin uşaqlarının oxuduğu təhsil ocağı idi.
   Zivər burada da fəal, bacarıqlı tələbə kimi ad çıxarır. Sankt-Peterburqda fəaliyyət göstərən Rusiya Memarlıq və Zərif Sənətlər İttifaqına üzv seçilir. Çox keçmir Zivər bəy Əhmədbəyovun xoş sorağı Azərbaycana gəlib çatır. Hələ tələbə ikən o, Sankt-Peterburqda Həsən bəy Zərdabi və İsmayıl bəy Qasprinski ilə görüşür. Bu görüş onun həyatında dərin iz buraxır. Həsən bəy onun dərin zəkalı, açıqfikirli bir gənc olduğunu vurğulayır. İşinə böyük dəyər verir. Fəaliyyətini Bakıda davam etdirməyi məsləhət görür.
   Bu barədə onun Həsən bəyə yazdığı bir məktubda oxuyuruq: “Sizinlə olan görüşüm hələ də xatirimdədir. Mənə vermiş olduğunuz töhfəni əsla unutmayacağam. İnanıram ki, ən qısa zamanda görüşəcəyik”.
   Zivər bəy ali təhsilini başa vurduqdan sonra təyinatla Bakıya gəlir. Qubernatorun qəbulunda olur. Şəhərdə yenicə başlanılan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin vaxt Bakı sənaye şəhəri kimi inkişaf yolunda idi. Zivər bəyin işlərində Qərbi Avropa üslubuna meylli olması diqqət çəkir. Bu, o zamankı memarlıq sənətində innovasiya kimi qəbul olunur. Tikilən binaların xüsusi naxışları və ornamentləri qubernatoru belə təəccübləndirir. Beləliklə, o, az vaxt ərzində Bakı qubernatorunun və elitar təbəqənin şəxsi malikanələrinin memarı kimi tanınır.
   Onun layihəsi ilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır. Nadir memarlıq abidəsi kimi tanınan Əjdər bəy məscidi belə tikililərdən biridir.
   Dövrünün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyov Bakıda daha bir ibadət məkanı tikmək fikrinə düşür. Xeyli vaxt məqsədəuyğun yer axtarılır. Nəhayət ki, o zaman Qanlı təpə adlanan ərazini bəyənir və məscidin orada inşa edilməsini istəyir. Tanınmış memar, Təzəpir məscidi və digər nadir memarlıq abidələrində iz qoyan Zivər bəy Əhmədbəyova yeni məscidin layihəsini sifariş verir. İstedadlı memar bu sifarişə də yaradıcı yanaşır. Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən bir layihə hazırlayır. Əjdər bəy zövqlü insan olduğundan bu maraqlı layihəni bəyənir və tikintiyə başlamaq barədə tapşırıq verir. “Kaspi” qəzetində dərc edilən bir məlumata görə, məscidin təməli 1912-ci ilin martında qoyulur, 1913-cü ilin dekabrında möminlərin ixtiyarına verilir.
   Zivər bəy Əhmədbəyov 1918-ci ildən Bakı şəhərinin baş memarı vəzifəsində çalışıb. Həmin vəzifəni sovet hakimiyyəti illərində də, ta ömrünün sonuna qədər (1925) icra edib.
   Araşdırmalarda bu görkəmli sənətkarın nəsil-nəcabəti və ailə həyatı haqqında çox az məlumat mövcuddur. Arxiv sənədlərində göstərilir ki, o, iyirmi altı yaşında ikən Zərifə xanım adlı tatar əsilli bir bəy qızı ilə ailə həyatı qurur. Zərifə xanımdan bir qızı, bir oğlu olur. Oğlu Cəlil Almaniyada tibb təhsili alıb. Onun sonrakı taleyi haqqında da heç bir məlumat yoxdur. Qızı Nailə xanım qızlar gimnaziyasını bitirir. Sonra Bakı kəndlərinin birində müəlliməlik edir. Cavanşir nəslindən (Qarabağ xanları) olan bir bəylə ailə həyatı qurur.
   Zivər bəy Əhmədbəyova gəlincə, o, həyatının coşqun və kamillik çağında, 1925-ci ildə Bakıda vəfat edir.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar