Xəyalımızdan getməyən səs
O sənətkar xoşbəxtdir ki, yaradıcılıqda özünəməxsus tərzi var, həmkarlarının arasından seçilə bilir. Həm şəxsiyyəti, həm də bağlandığı peşəsi ilə qəlblərə yol tapır. Əbədiyyət yolçusuna dönəndən sonra da heç vaxt unudulmur. Həmişə yad edilir, yoxluğunun nisgili ürəkləri üzür, sənətinin əbədiliyi isə bir təsəlliyə çevrilərək sanki yuxalmış qəlblərə məlhəm olur. Bu mənada unudulmaz sənətkar, kaman ustası Elman Bədəlovun həm Azərbaycan mədəniyyəti tarixində, həm də onu tanıyanların qəlbində əbədi bir abidəsi var. İyirmi ildən çoxdur ki, dünyasını dəyişib. Amma bu gün də televiziyada, radioda lent yazıları səslənəndə barmaqları ilə simlərin təmasından qopan o xoş təranələrə qoşulub Şuşa dağlarınadək gedə bilirik.
Musiqi ifaçılığında - kamançada öz istedadlarını, qeyri-adi sənətlərini nümayiş etdirən, insanları heyrətləndirən virtuozlar var: Habil Əliyev, Şəfiqə Eyvazova və bu sırada halal yeri əbədi olan Elman Bədəlov...
1929-cu ilin iyununda Ağdamda doğulan Elman Bədəlovun nəsil şəcərəsi Şuşaya bağlıdır. Atası Kərim və əmisi Rəhim Malıbəyli kəndinin nüfuzlu və şöhrətli ziyalılarından sayılırdı. Hətta əmisinin gözəl tar çalmağı vardı. Sonralar Ağdama köçüblər. Rəhim Bədəlov uzun illər Ağdam rayon pionerlər evinin musiqi dərnəyinə rəhbərlik edib. Həmişə də çox sevdiyi qardaşı oğlu Elmanı özü ilə aparar, onda musiqiyə həvəs və məhəbbətin yaranmasına səbəb olardı. Əmisinin tar çalmağından xoşlanan Elman tezliklə dərnəyin tar şöbəsinə üzv yazıldı.
Dərnəkdə tanınmış tarzən Nəriman Mehralıyevdən, əmisi Rəhimdən, evdə isə yaxın qohumları Ağalar Ələkbərovdan tar çalmağın sirlərini öyrəndi. Həyatının ən unudulmaz günü, daha doğrusu, özünü xoşbəxt sandığı an anası Rəxşəndə xanımın ona tar alıb gətirməsi oldu. O gecə sevincindən yata bilməyən balaca Elman tarı sinəsindən yerə qoymadı. Saatlarla radionun yanını kəsdirər, oradan yayılan melodiyalara qulaq asar, sonra da beyninə köçürdüyü musiqiləri olduğu kimi tarında təkrar edərdi. Tar çalmaqdan biləkləri qançır olmuşdu.
Balaca tarzənin şöhrəti Ağdamı bürüdü. Şəhərdə keçirilən konsertlərdə Elman Bədəlov da tarı ilə iştirak edirdi. Onu Ağdam Dövlət Dram Teatrına musiqi hissə rəhbəri kimi işə dəvət edəndə Elman Bədəlovun 18 yaşı vardı. Bacarıqlı tarzənin xoş sorağı Qarabağa yayıldı. Tezliklə Azərbaycan gənclərinin Bakıda keçirilən ikinci festivalının laureatı adını alan Elman Bədəlovun ifası köçürülən lentlər respublika radiosunda səslənməyə başladı. «Şur» və «Segah-Zabul» muğamlarını elə məharətlə çalırdı ki, hətta qocaman xanəndələr də belə etiraf edirdilər: «Elman tarı elə oxudur ki, bizə ehtiyac yoxdur».
Həmişə yeniliyə can atan Elman bir dəfə qonşuluqda yaşayan Əli adlı bir kamança çalanın çalğısına qulaq asaraq o zərif səsə əməlli-başlı aşiq oldu. Üzeyir Hacıbəylinin təbirincə söyləsək, kamançanın elə bir qüdrəti var ki, heç bir alətdə ondakı kimi insan səsinə bənzəyən nalələr qoparmaq mümkün olmur. Saatlarla kamançaya qulaq asmağa başlayan Elman az keçmir ki, mehrini bu alətə salır. Sonsuz həvəs və istəklə onun sirlərinə vaqif olmağa can atır. Əli müəllim də qonşu oğlanın vurğunluğunu hiss edərək ona kamança bağışlayır. Elman Bədəlov böyük məhəbbətlə kamançanı çaldıqca sanki ruhu sakitləşir, özünü o melodiyaların qanadlarına tapşıraraq asimana yüksəlirdi.
Gənc musiqiçinin sorağı müxtəlif konsert salonlarından, festivallardan gəlirdi. Bir neçə dəfə Qarabağ məktəblilərinin Bakıda keçirilən respublika olimpiadalarının laureatı adını qazandı. Sonralar Ağdam Musiqi Məktəbində kamançadan dərs deyən Elman Bədəlov şəhərin özfəaliyyət dərnəyinə də rəhbərlik edirdi. Təhsil almağı da unutmadı. Əvvəlcə pedaqoji texnikumu, sonra isə Ağdam Müəllimlər İnstitutunun fizika-riyaziyyat şöbəsini bitirdi. Çoxcəhətli bir fəaliyyətə malik olan Elman Bədəlov Ağdamın Çəmənli və Əhmədavar kənd məktəblərində bu fəndən dərs deyib. Amma bir gün də olsun kamançasından ayrılmayıb.
Vaxtilə məktəblilərin respublika olimpiadasında iştirak edərkən onun ifa etdiyi «Çahargah» muğamı münsiflər heyətinin üzvü, tanınmış bəstəkar, pedaqoq Səid Rüstəmovun diqqətini çəkib. Səid müəllim bu muğamın lentə yazılmasını məsləhət görüb. Orta məktəbdə müəllim kimi çalışsa da, Elman Bədəlov bu hadisəni unuda bilmirdi. Musiqi sənətinə açılan yollarda inamla irəliləmək üçün professional təhsil almağın vacibliyini duyurdu. Ona görə də 1957-ci ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə daxil oldu. Xoşbəxtlikdən ikinci kursda Səid Rüstəmov ona dərs dedi. Əvvəlcədən tələbəsinin ifaçılıq qabiliyyətinə bələd olan Səid müəllim Elmanı Azərbaycan Televiziyası və Radiosu Xalq Çalğı Alətləri Orkestrinə işə götürdü. Ömrünün sonuna kimi bu ansamblda çalışan Elman Bədəlov kollektivin kamança qrupunun konsertmeysteri kimi fəaliyyət göstərib. Sonralar Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsini kamança ixtisası üzrə bitirən Elman Bədəlov pedaqoq musiqiçi kimi də çalışıb. Elman Bədəlov solo ifaçısı və muğam üçlüyünün tərkibində müxtəlif konsertlərdə çıxış edərdi. Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, festivallarda Azərbaycan xalq musiqisini, muğamları özünəməxsus ifa edərək alqışlarla qarşılanırdı. Onun kamançada çaldığı «Bayatı-Şiraz», «Dilkəş», «Şüştər» muğamları, bir sıra bəstəkar əsərləri haqqında mütəxəssislər həmişə dəyərli fikirlər söyləyiblər. İfaçılıq sənətinin inkişafında və musiqi mədəniyyətinin geniş təbliğində göstərdiyi xidmətlərə görə 1982-ci ildə respublikanın Əməkdar artisti adına layiq görülüb.
Öz kamançası ilə kimləri müşayiət etməmişdi?! Tanınmış musiqiçilərlə yaradıcılıq ünsiyyəti saxlamaqda bənzəri yox idi. Həmkarları da onun xətrini çox istəyirdi, xanəndələr də. Sara Qədimova söyləyirdi ki, Elmanla səfərə çıxmaq çox xoşdur. Elə həssas təbiəti var ki, adamı sözsüz başa düşür. Hələ onun müşayiəti ilə mahnılar oxuyanda insan həvəsə gəlir. Çünki musiqi ilə sözün bağlılığı, ünsiyyəti çox gözəl alınır. Elman Bədəlov öz çalğısı ilə ifaçıya, yəni xanəndəyə kömək etməyi bacaran, ruh yüksəkliyi yaradan, ilham verən sənətkar idi. Şövkət Ələkbərova danışardı ki, Elman heç kəsə bənzəməyən bir kaman ustadıdır. Unudulmaz müğənnimiz Elmanla bağlı bir hadisəni belə xatırlayardı: «1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə mənimlə Xan Şuşinskini Elman müşayiət edirdi. O çıxışları görənlər yaxşı xatırlayarlar, bizim üçlüyümüz nə tufan qopardı. Elə o konsertin nəticəsidir ki, sonra biz dəfələrlə Elman Bədəlovla birlikdə müxtəlif xarici ölkələrdə qastrol səfərlərində olduq».
Təkcə qeyri-adi kaman ifaçısı deyildi Elman Bədəlov. O, həm də bacarıqlı pedaqoq kimi hörmət və nüfuz qazanmışdı. Konservatoriyada dərs dediyi tələbələrindən Ədalət Vəzirov, Yaqut Kərimova, Ağacəbrayıl Abbasəliyev kimi kamança ifaçıları öz müəllimlərindən çox şey öyrənmişdilər. Sonralar onların ifalarının ahəngində də Elman Bədəlovun təsiri duyulurdu.
Tanınmış kaman ustası Ağacəbrayıl Abbasəliyev ustadını ehtiramla xatırlayaraq söyləyir: «Heyf ki, Ədalət Vəzirov sıramızdan tez getdi. Onunla həmişə görüşəndə Elman Bədəlov haqqında söhbət edərdik. Bu, hər müəllimə, musiqiçiyə xas örnək deyil ki, tələbələri həmişə onun barəsində məhəbbətlə söz açmaqdan, xatirələr söyləməkdən, yada salmaqdan qürur duysunlar. Sənətkar tanıyırıq ki, öz ifaçılıq sirlərini nöqtəbənöqtə şagirdinə, tələbəsinə öyrətməyə sanki qısqanclıq edir. Elman Bədəlov isə tamam başqa bir ürəyin sahibi idi. Onun ən böyük arzusu, istəyi bu idi ki, tələbələri ondan yaxşı ifa etsin. O, bizim çalğımızda yeni bir tərz, ifaçılıq uğuru görəndə uşaq kimi sevinərdi. Özünün fikridir: «Əgər tələbə müəllimindən irəli getmirsə, deməli, bütün zəhmət puça çıxıb». Yadımdadır, o, bizim iştirak etdiyimiz konsertlərə məmnuniyyətlə gələr, ifamıza diqqətlə qulaq asardı. Ürəyincə olanda bizi bağrına sıxaraq təbrik edərdi. Nədənsə narazı qalanda çox həssas bir tərzdə, ata ürəyi ilə, müəllim davranışı ilə bizə başa salardı ki, nə edək... İyirmi ildən çoxdur ki, Elman müəllimi itirmişik. Bu dünya fanidir. Kim tutub onu min il qalacaq. Amma Elman Bədəlov kimi sənətkarlar heç vaxt ölmürlər. Onların yaratdıqları yaşayır. Biz bu gün qürur və fərəh duyuruq ki, kamança ilə belə ünsiyyət yaratmağımızda, tamaşaçı məhəbbəti qazanmağımızda ilk növbədə Elman Bədəlovun əməyi vardır».
Nə qədər ki Azərbaycan musiqisi yaşayır, nə qədər ki bu musiqinin melodiyalarını rövnəqləndirən kamança çalanlarımız var, demək, Elman Bədəlov kimi ustadlar da unudulmayıb!
O, yayda dünyaya gəlmişdi. Elə doğulduğu ayda da (iyun 1991) dünyasını dəyişdi. Varlığı qədər sevdiyi Qarabağın, Şuşanın qara günlərindən, işğala məruz qalmağından xəbəri olmadı Elman müəllimin. Amma ruhlardan heç nə gizli qalmır ki?! Çaldığı muğamlarda Şuşa dağlarının havası, çaylarının səsi, meşələrinin rəngi var idi. İfa etdiyi muğamlarda unudulmaz Cabbarın, Seyidin, Xanın zəngulələri çələng tutmuşdu. Çaldığı havalarda Cıdır düzünün genişliyi, Qarqar çayının avazı, Xarı bülbülün etibarı, Xan qızı Natəvanın qəzəlləri dil açırdı. Şuşalı sənətkarlar həmişə həyatdan gələn səsləri elə bacarıqla, ustalıqla ifa ediblər ki, onların çalğıları da, zəngulələri də təbiət gözəllərini ya susdurub, ürəklərini partladıb, ya da ilhama gətirərək oxudub. Qəribə sirr vardı şuşalı çalğıçıların həm əllərində, həm də nəfəslərində. Onlar nəyə toxunsalar, hansı simin üstündə gəzişmə aparsalar, hansı avazla çağlasalar qeyri-adi səslər bürüyür ətrafı. Ya bülbülün bağrı çatlayacaq, ya da qaratoyuq dil açıb oxuyacaq... Bu, şişirtmə deyil. Bizim klassik ifaçılarımızın bioqrafiyası ilə maraqlananda buna oxşar yüzlərlə faktın şahidi olmuşuq.
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan kaman ustadı Elman Bədəlov məhz belə bir istedadın, məharətin sahibi idi. Daxili aləmi ilə sənəti vəhdət təşkil etdiyindən, illərin uzaqlığı, əbədi ayrılığın qüssəsi onu yaddaşımızdan ayıra bilmədi. Unudulmaz sənətkarımızı həmişə yad edir, onun çalğılarına eyni rəğbət və məhəbbətlə qulaq asmağı sevirik. Onun kamanından süzülən melodiyaların ahənginə qoşulub üzü Şuşaya qanadlanırıq!
Flora Xəlilzadə,
yazıçı-publisist