Azərbaycan
   
   17 iyul 1945 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Timuçin İlyas oğlu Əfəndiyev anadan olub. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. "Şöhrət” ordeni (2005) ilə təltif olunub. Kitabları: “Rus dramaturgiyası və Azərbaycan teatrı”, “Hüseyn Cavidin ideyalar aləmi”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Azərbaycan teatr tarixi”, “Mədəniyyətdə tarixilik və müasirlik” və s.
   
   20 iyul 1946 - Rejissor Rafiq Dadaşov anadan olub. Bir sıra filmlərin ikinci rejissoru olub: “De ki, məni sevirsən!” (1977), “Dantenin yubileyi” (1978), “Yol əhvalatı” (1980), “Ötən ilin son gecəsi” (1983), “Qəm pəncərəsi” (1986), “Qətl Günü” (1990) və s. Sənədli filmlər çəkib.
   20 iyul 1948 - Tanınmış aktyor, rejissor, Xalq artisti Ramiz Əzizbəyli anadan olub. “Bağ mövsümü”, “Bəyin oğurlanması”, “Şeytan göz qabağında”, “Qəzəlxan” və s. filmlərdə çəkilib. "Pirverdinin xoruzu" (1987) qısametrajlı, "Bəxt üzüyü" (1992), “Yalan” (2006) bədii filmlərinin quruluşçu rejissorudur. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   
   21 iyul 1938 - Yazıçı-dramaturq Marat Haqverdiyev anadan olub. “Məhəbbət, şeytan və lambada”, “Ox, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Səninlə və sənsiz”, “Amerikalı kürəkən” və s. pyeslərin müəllifidir.
   21 iyul 1950 - Tanınmış müğənni, bəstəkar Xalq artisti Məmmədbağır Bağırzadə (1950 - 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Belə qəmli dayanma”, “Yadıma düşdü”) müəllifi olub.
   
   22 İyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. 1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və 1877-ci ildə bağlanmışdı. "Əkinçi"dən sonra Azərbaycan milli mətbuatının yeni səhifələrini açan "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) və digər qəzetlər nəşrə başladı.
   22 iyul 1928 - Azərbaycan SSR Mərkəzi İcraiyə Komitəsi və Xalq Komissarlığı Soveti yeni - latın qrafikalı əlifbaya keçilməsi haqqında qərar qəbul edib. Latın qrafikalı əlifbaya keçid 1929-cu il yanvarın 1-də rəsmən gerçəkləşdi. 10 il sonra isə latın qrafikalı əlifbanı kiril əlifbası əvəzlədi.
    22 iyul 1941 - Xalq artisti, tanınmış diktor, teatr xadimi Yusif Mehdi oğlu Muxtarov (1941 - 25.4.2010) Sabirabad rayonunun Kür kəndində doğulub. “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində, televiziya tamaşalarında çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   22 iyul 1959 - Tanınmış şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959-6.7.2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) və s. kitabların müəllifidir.
   
   23 iyul 1883 - Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Tofiq - Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 - 8.5.1912) anadan olub.
   23 iyul 1916 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Maral Rəhmanzadə (1916 - 16.3.2008) anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.
   23 iyul 1941 - Tanınmış müğənni, Xalq artisti Flora Ələkbər qızı Kərimova anadan olub. Bir çox bəstəkar mahnıları onun ifasında populyarlıq qazanıb. “Qanun naminə" (1968) filmində (Züleyxa) çəkilib. “Alma almaya bənzər”, “Gün keçdi”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və s. filmlərdə, televiziya tamaşalarında (“Səni axtarıram”) mahnıların ifaçısı olub.
   23 iyul 2011 - Tanınmış xanəndə, Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Nüsrət oğlu Mirzəyev (1943, Cəlilabad -23.7.2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. İfa etdiyi muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları” və s.) televiziya və radionun “qızıl fond”unda saxlanılır.
   
   Dünya
   
   20 iyul 1304 - İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.
   20 iyul 1656 - Avstriya memarı, arxitekturada imperiya üslubunun banisi Yohann Bernhard Fişer fon Erlax (Johann Bernhard Fischer von Erlach; 1656-1723) anadan olub.
   20 iyul 1864 - İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1931) laureatı Erik Karlfeldt (Erik Axel Karlfeldt, 1864-1931) anadan olub.
   20 iyul 1882 - Alman filosofu Nikolay Hartman (Nikolai Hartmann; 1882-1950) anadan olub. Fəlsəfədə yeni (tənqidi) ontologiyanın banisi sayılır.
   20 iyul 1890 - İtalyan rəssamı və heykəltəraşı Corco Morandi (Giorgio Morandi; 1890-1964) anadan olub.
   20 iyul 1895 - Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının parlaq nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.
   20 iyul 1924 - Görkəmli rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova (1924 - 29.9.2011) anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı (1973), “Biz, aşağıda imza edənlər” (1980), “Karnaval” (1981) və s.
   20 iyul 1940 - Rusiyanın Xalq artisti, bəstəkar David Fyodoroviç Tuxmanov anadan olub. Məşhur estrada mahnılarının (“Qələbə günü”, “Təmiz gölməçələr”, “Damda durna” və s.) müəllifidir.
   20 iyul 1941 - Tanınmış aktrisa, SSRİ Xalq artisti Lyudmila Alekseyevna Çursina Düşənbədə doğulub. Filmləri: “Uqryum-çay”, “Qalxan və qılınc”, “Lyubov Yarovaya” və s.
   
   21 iyul 1816 - Dünya şöhrətli «Röyter» informasiya agentliyinin yaradıcısı Paul Yulius Röyter (Paul Julius Reuter - əsl adı Israel Beer Josaphat; 1816-1899) anadan olub.
   21 iyul 1893 - Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.
   21 iyul 1899 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 - 2.7.1961) anadan olub. Əsərləri: "Kişisiz qadınlar" (1927), "Əlvida, silah" (1929), "Əcəl zəngi" (1940) romanları, "Qoca və dəniz" povesti və s.
   21 iyul 1910 - Rus-sovet rəssamı Vladimir Serov (1910-1968) anadan olub. Tarixi mövzuda monumental rəsmlərin müəllifidir: “Buz döyüşü”, “Qış Sarayının alınması”, “Lenin sovet hakimiyyətinin yarandığını elan edir” və s.
   21 iyul 1911 - Kanada yazıçısı, filosof, ədəbiyyatşünas Marşall Maklyuen (Herbert Marshall McLuhan; 1911-1980) anadan olub. Elektron kommunikasiya vasitələrinin insan və cəmiyyətə təsirinə dair tədqiqatlarla məşhurlaşıb: “Mexaniki gəlin: sənaye insanının folkloru”, “Qutenberq qalaktikası: çap edən insanın yaranışı”, “Qlobal kənddə hərb və sülh”.
   21 iyul 1933 - Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933-1982) anadan olub. “Qrendel” romanı ilə məşhurlaşıb, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.
   21 iyul 1938 - Tanınmış gürcü müğənnisi, SSRİ Xalq artisti Nani Breqvadze anadan olub.
   21 iyul 1956 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Maykl Konnelli (Michael Connelly) anadan olub.
   
   22 iyul 1882 - Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Karabəkir Paşa (1882-1946) anadan olub. 1918-ci ildə Azərbaycanın istiqlalına yardıma gəlmiş türk (Osmanlı) ordusunun komandanlarından olub.
   22 iyul 1884 - Məşhur filosof və tarixçi, Azərbaycanda fəlsəfə elminə mühüm töhfələr vermiş Aleksandr Osipovic Makovelski (1884, Qrodno, Belarus - 16.12.1969) anadan olub. 1920-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində dərs deyib, Azərbaycan EA-nın akademiki (1949), Fəlsəfə İnstitutunun direktoru olub. Antik fəlsəfə, Yaxın Şərq xalqlarının fəlsəfəsinə dair tədqiqatların müəllifidir.
   22 iyul 1889 - Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Ueyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev” (Con Boynton Pristlinin əsəri üzrə), “Gözəgörünməz adam” (Herbert Uellsin əsəri əsasında), “Dəmir maskalı adam” (Aleksandr Dümanın əsəri üzrə) və s.
   22 iyul 1896 - Rus kinorejissoru Vladimir Petrov (1896-1966) anadan olub. “Günahsız müqəssirlər”, “Birinci Pyotr”, “Kutuzov” və s. filmlərin müəllifidir.
   22 iyul 1926 - Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.
   22 iyul 1946 - Məşhur fransız estrada müğənnisi Mirey Matye (Mireille Mathieu) anadan olub.
   22 iyul 1946 - Amerika yazıçısı, kinorejissor Pol Şreder (Paul Joseph Schrader) anadan olub. “Göy yaxalıqlar”, “Pişik adamlar” filmlərini çəkib.
   22 iyul 1955 - Amerika kinoaktyoru Uillem Defo (Willem Dafoe) anadan olub. Filmləri: “İsanın sonuncu günahı”, “Taqım”, “Missisipi od içində”, “Sürət-2” və s.
   
   23 iyul 1884 - Alman aktyoru, «Oskar» mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (Emil Jannings; 1884-1950) anadan olub.
   23 iyul 1888 - Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888-1959) anadan olub. Detektiv Filip Marlounun baş qəhrəman olduğu romanların müəllifidir. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.
   23 iyul 1901 - Rus əsilli Fransa rəssamı Jorj Annenkov (Yuri Annenkov; 1901-1974) anadan olub.
   23 iyul 1915 - Rus şairi, bir çox populyar mahnıların sözlərinin müəllifi Mixail Matusovski (1915-1990) anadan olub. 
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar