Ötən illərin mahnıları
     
   
   Onu özündən daha əvvəl səsi tanıtdı. Hər kəs onu qeyri-adi səsində, fərqli avazında, şaqraq zəngulələrində sevdi, saydı. Sadəliyi, xoş xasiyyəti, xalq dilində danışıq-oxusu ilə sənətkar məqamına və ən sonda «Çahargah» zirvəsinə yetişdi. Bir muğam, bir ifası ilə milli musiqi xəzinəmizdə Sabir Mirzəyev adlı sənət adı, ünvanı, istinad yeri yaratdı. Sənətkar kimi fani dünyada qazancı da bu oldu. Xoşbəxt o sənətkardır ki, onun ən böyük sərvəti məhz səsi, sənəti, xalq sevgisidir.
   
   Ömrün şən çağları vardı
   
   Tanınmış xanəndə, Əməkdar artist Sabir Mirzəyev. Amma bütün bunlardan əvvəl o, el-obada, doğma xalqının arasında təkrarsız səsli Sabir, böyük el sənətkarı Nüsrətin oğlu Sabir kimi tanındı, sevildi, yaşadı, yaratdı.
   O, 1942-ci il noyabrın 14-də Cəlilabad rayonunda, tanınmış xanəndə Nüsrət Mirzəyevin ailəsində dünyaya göz açıb. Atası cənub bölgəsinin məşhur xanəndəsi olsa da, Bakıya gəlməmiş, sənət həyatını əyalətdə davam etdirmişdi. Oğlu Sabirin oxumasına, bülbül cəh-cəhini xatırladan səsinə isə o, 6-cı sinifdə oxuyarkən diqqət yetirmişdi. "Xanəndə olmaq istəsə, əziyyət çəkib özü öyrənəcək, gözünün qabağında bu boyda müəllim var..."- demişdi. Uşaqlıq illərinə qayıdarkən bu məqamları xüsusi təbəssümlə xatırlayan sənətkarla müsahibələrimin birində onun həyat məqamları üzərində daha çox dayandım. Keçmiş günlərinə qaytarmaq istədim onu.
   - Cəlilabadın Bayxanlı kəndində doğulmuşam. Atam da o kənddə doğulub. Amma babalarım Cənubi Azərbaycanın Qaradağ vilayətindəndir. O yerlərin hamısını öz gözümlə gördüm və anladım ki, şimalda Qarabağ, cənubda Qaradağ muğam beşiyi, musiqi məbədidir. Elə kəndimiz də Cənubi Azərbaycanla sərhəddə, dağlıq ərazidə yerləşir. Mən o kənddə böyüdüm, bir müddət sonra rayon mərkəzinə, Cəlilabada köçdük. Atam o vaxtlar el sənətkarı kimi çox tanınırdı. O vaxt kim toya çox gedərdisə, onu daha çox sevərdilər. Atam da Cəlilabaddan Salyana, Lənkəranadək hər yerdə sevilər, məclislərə dəvət olunardı. İnanın ki, heç boş günü olmazdı. Xalq onu o qədər çox sevirdi. Təbii ki, belə bir sənətkarın ocağında dünyaya gəlmək bizi də musiqi, muğam vurğunu etdi. Kiçik qardaşım Habillə mən uşaq vaxtlarımızdan oxumağa başladıq. Evdə özümüz üçün zümzümə edərdik. Atam bizə qulaq asanda «Habildən oxuyan olacaq, sən heç. Çünki utancaqsan, bir az da dayılarına çəkibsən», - deyərdi. Amma mən bilirdim ki, səsim var, düzdür, atamın dediyi kimi, utancaq idim, mahnı oxuyanda təkliyə çəkilərdim. Təbim gələndə kəndin kənarındakı dağa qalxar və ürəyimdən gəldiyi kimi oxuyardım.
   
   İlk uğur
   
   Beləcə, aylar, illər keçir. Dağ döşündə, sakit yamaclarda “ilk konsertini verən” gənc Sabir utancaqlığını bir kənara atıb sənətinin ardınca getmək qərarına gəlir. Və bu məqsədlə müsabiqələrin birində iştirak edir. Bu barədə sənətkarın öz dilindən eşitdiklərimdən: «1957-ci il idi. Cəlilabadda orta məktəbdə oxuyurdum. SSRİ rəhbəri Xuruşşovun respublikamıza gəlişi münasibətilə «Çiçəklənən Azərbaycan» adlı festival keçirilirdi. Məni də məktəbdən o festivala yazdılar. Həmin yarışmada birinci yeri tutdum. Oxuduğum «Şahnaz» muğamı münsiflər tərəfindən çox bəyənildi».
   
   Seyid Şuşinski ilə tanışlıq
   
   Qalibiyyətindən həvəslənən gənc Bakıda böyük sənətkar, çox sevdiyi xanəndə Seyid Şuşinski ilə də görüşmək qərarına gəlir. Xatirələrdən daha bir məqam: «Müsabiqədə tar ifa edən gənclərdən biri məni Basin (indiki Füzuli) küçəsi, 58 ünvanına gətirdi. Seyidi görən kimi sevincimdən bilmədim nə edəm. O, məni dinlədi və bəyəndi: «Get, 17 yaşından sonra gələrsən, görək o vaxta səsin dəyişəcək, ya yox»,- dedi. Və mən rayona qayıtdım».
   İlk qələbəsinin sevinci ilə rayona qayıdan 15 yaşlı Sabiri artıq hamı tanıyırdı. Bu qələbəsi sənətkar atasını həm təəccübləndirdi, həm də sevindirdi. 16-17 yaşına çatanda onu artıq nəinki Cəlilabadda, bütün cənub bölgəsində istedadlı xanəndə kimi tanıyırdılar. Günlərin birində Cəlilabadda toyda olan məşhur tarzən Bəhram Mansurov onun səsinə qulaq asıb bəyənir və ona mütləq Bakıya gedib muğam təhsili almağı tövsiyə edir. Atası isə onun Bakıya gəlməsinə etiraz edərək elə rayonda qalıb məclislərdə oxumağı məsləhət görür. Lakin böyük səhnələr və peşəkar təhsil onu Bakıya səsləyirdi.
   
   O, arzularının ardınca gəlir
   
   17 yaşında Bakıya gələn Sabir sənədlərini Asəf Zeynallı adına Musiqi Texnikumuna verir və qabiliyyət imtahanından «5» qiymət alaraq tələbə adını qazanır. Rayona qayıdan Sabir texnikuma qəbul olunmasını hamıdan gizlədir. Səbəb isə təbii ki, atası Nüsrət kişinin «Nə var e Bakıda, hazır oxuyansan, qal burda, məclislər səni gözləyir» deməsi olur. Buna görə də hələ ki, bu şad xəbəri atasından və hər kəsdən gizli saxlayır. Avqustun sonlarında atası ilə toy məclisində iştirak etmək üçün Bakıya gələn Sabir daha rayona qayıtmır.
   Sənətkarı yenidən o günlərə apardım: «İndiki kimi yadımdadı. Avqustun 26-si idi, cəlilabadlı bir gəncin toyu münasibətilə Bakıya gəlmişdik. Məclis bitdi, qayıdanda Beşmərtəbə deyilən ərazidə maşını saxlatdırıb düşdüm. Təəccüblə mənə baxan atama «Mən Musiqi Texnikumuna qəbul olunmuşam. Siz gedin, mən qalıb dərslər başlayana qədər özümə kirayə ev axtaracam»,- dedim. Və beləcə, təhsilə başladım. Xoşbəxtlikdən sənət müəllimim Seyid Şuşinski oldu. Muğamımızın ağa sənətkarı ilə texnikumda dərslərdən doymaz, evinə də gedər və ondan daha çox şey öyrənməyə çalışardım. Ona görə də birinci kursda oxumağıma baxmayaraq, yuxarı kursların muğamlarını da bilirdim. Beləcə, Seyid, Xan əmi, Zülfü Adıgözəlov kimi sənətkarlardan muğamın sirlərini öyrəndim».
   
   İlk lent yazısının sevinci və...
   
   Gənc xanəndənin sorağı tezliklə aləmə yayılır. Gözəl tarzənimiz Hacı Məmmədov da Sabirin sorağını duyur və onun səsini lentə köçürmək qərarına gəlir. 1961-ci ildə xanəndənin ifasında «Mirzə Hüseyn» segahı lentə köçürülür. Sabir Mirzəyev o günləri belə xatırlayırdı: “Doğrudan da ifa çox gözəl alındı, radioda tez-tez səsləndirilməyə başladı. Lakin təxminən 6 aydan sonra yenidən o yazını səsləndirmək istədikdə itdiyini dedilər. Düzü, o vaxt çox pis oldum, ətrafa soraq saldım ki, bəlkə bu lent yazısı kimdəsə var. Lakin fonddan yoxa çıxan yazı tapılmadı”.
   
   Filarmoniya səhnəsində ilk çıxış
   
   1961-ci ildə, 2-ci kursda oxuyarkən Azərbaycan Dövlət Filarmoniyası səhnəsində çıxış edən Sabirin ifası televiziya ilə də yayımlanır. İlk konsert və ilk televiziya çıxışı gənc müğənnini daha da həvəsləndirir. Bir müddət rayona qayıdıb orada mədəniyyət evində bədii rəhbər kimi fəaliyyət göstərən S.Mirzəyev ailə həyatı qurduqdan sonra yenidən Bakıya qayıdır. «Əslində rayonda da yaxşı işləyirdim, daim toy məclislərində olurdum. Amma bütün bunlar məni xoşbəxt etmirdi. Daim Bakıya, böyük səhnəyə can atırdım. Sənətkar dostlarımı televiziya ekranından görəndə mən də həvəslənirdim. Beləcə, anladım ki, mən rayonda qala bilmərəm. Yenidən və bu dəfə həmişəlik Bakıya qayıtdım».
   Bu qayıdışla məqsədlərinə doğru addımlamağa başlayan xanəndə artıq televiziya ekranlarında, konsertlərdə tez-tez görünürdü. 1965-ci ildə Baba Salahovun ansamblının müşayiəti ilə lentə köçürülən «Bəstə Nigar» və «Nisar» təsnifləri ilə xanəndə sənətdə, muğam ifaçılığında möhürünü vurur. Artıq hər kəs onu «Bəstə Nigar» Sabir kimi tanımağa başlayır.
   
   İpə-sapa yatmayan səs və sənətkar
   
   Onun səsi kimi xarakterinin də ipə-sapa yatmadığını deyirdilər. Elə buna görə də haqqında müəyyən fikirlər də dolaşır, onun əhval adamı olduğu, istəməsə hər hansı konsertə, səs yazılışına, televiziya verilişinə getmədiyi barədə tez-tez danışırdılar. Mərhum sənətkar bu fikrə də özünəməxsus təbəssümlə cavab verərək belə deyirdi: «Qədirin «Sona bülbüllər»i kimi, mənim də «Bəstə Nigar» və «Çahargah»ım tam başqa, o zaman qəbul olunmuş ifaçılıq məktəbindən fərqli idi. Bəlkə ona görə belə düşünürlər. Bu yeni ifa tərzi xalq tərəfindən də çox böyük məhəbbətlə qəbul olundu və beləcə, bizim ifamızla yanaşı, şəxsiyyətimiz, xarakterik keyfiyyətlərimiz də söhbət mövzusu oldu. Əslində, bu, mənim çox xoşuma gəlir».
   
   «Çahargah»la sənət zirvəsində
   
   Onu bir sənətkar kimi sənətin zirvəsinə yetirən məhz «Çahargah» muğamı oldu.
   Nə idi bu ifadakı sirr, nə idi səsin bu əsrarəngiz muğama hopan ilahi məqamı?! Yəqin mənim kimi əksər jurnalistlər ona bu barədə sual vermişdilər. Bu sualın cavabında sənətkar «Qoy olduğu kimi yenidən danışım» dedi və sözə başlardı: «Bir neçə sənət dostumla bir məclisdə əyləşmişdik. Orada Adil Bəbirovun Xalq artisti Rübabə Muradovanın ifasında mahnıları lentə yazdığını dedilər. Yığışıb studiyaya getdik. Ansamblın və səsyazma avadanlıqlarının işə salınmasına baxmayaraq, Rübabə xanımın o məqamda səsinin yerində olmaması üzündən lent yazılışı alınmadı. Və birdən-birə Adil müəllim məndən səsimin yerində olub-olmadığını soruşdu. Məndən müsbət cavab aldıqdan sonra «4 saat vaxtımız var. Gəl, sənin səsini yazaq»,- dedi. Təbii ki, o vaxtkı bədii şura və lent yazılışının icazəli olması faktını xatırlatdım. Adil müəllim «heç nə olmaz, lent yaxşı olsa, heç kim etiraz eləməz, gəl, səsini yazaq», dedikdə mən razılaşdım. 20 dəqiqəlik məşqdən sonra «Çahargah», «Dəşti» və «Aşiqəm»i oxudum. Bir dəfə də fasilə etmədən, qüsursuz-filansız bir lent yazısı alındı. Yazı həmin həftə televiziya və radioda səsləndirildi. Beləcə, Sabir Mirzəyev «Çahargah» Sabir oldu. Əslində 1965-ci ildən, yəni bu lentin yazılışından öncə «Çahargah»ı Seyid üçün oxumuşdum. O, qulaq asdıqdan sonra «Bu ifan tor atacaq»,- demişdi. Amma mən təbii ki, o vaxtlar bu sözün fərqinə varmamışdım».
   Sənətkarın oxuduğu "Çahargah" və "Rast" muğamları bu gün televiziya və radionun “qızıl fond”unda saxlanılır. Onun təkrarsız səsindən yadigar qalan muğamlarla yanaşı, "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" kimi xalq mahnıları da sevə-sevə dinlənilir.
   
   Ömür kitabının son səhifəsi
   
   Dünyaya gəlişimizdə nağıl-noğullu, qayğısız uşaqlığımızın rəngli kitabları ilə aldanıb, sonra elm, təhsil arxasınca yüyürüb sonsuz aləmə dalırıq. Hamımızın bir ömür kitabının yazıldığını və nə vaxtsa onun kimlərsə tərəfindən oxuna biləcəyini unudaraq yaşayırıq bu həyatı. Əməllərimiz köçür bu kitabın hər vərəqinə, hər səhifəsinə. Nəhayət, həyat kitabımızın son səhifəsinə yetişirik. Sabir Mirzəyevin ömür kitabının da beləcə, son səhifəsi yazıldı və oxundu. Ağır ürək-damar xəstəliyindən əziyyət çəkən sənətkar 2011-ci ilin iyulunda, ömrün 69-cu yayında həyata vida etdi. Ömrün son səhifəsinin son misraları dədə-baba yurdunda, Cənubi Azərbaycanın Təbriz şəhərində yazıldı. Səs, sənət yazısı isə əbədi olaraq onun ününün yetə bildiyi ənginliklərdə, məhəbbətinin kök saldığı qəlblərdə qaldı.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar