Maqomayev ağzını açanadək də bir fizio-polifonik lad, dad...
   
   Sonuncu sözdən sonra “idi” də yazılmalı idi, yazmadım. Deməyə dilim gəlsə də, əlim gəlmədi. Dedim, birdən möcüzələr toxucumuzun ruhuna belə əyan ola (və hansısa oxucumuzun eyninə elə gələ) bilər ki, bu əbədi var olmuşumuzdan olub-keçmiş kimi danışılır. Hansı ki, sənədlərdə yetmişini tamamlayan bu sənət “dəyirman”ı suyu soğulmuşdan çox, hələ yeni doğulmuşa, dəni daha da dənəvərləşmişə bənzəyir...
   
   Bu sayaq saya sözlərə tam bənd olmamaq natamam bir eqoizm. Böyük mütəfəkkirlərdən birinin (N.Q.Belinski): “...Musiqi, ifa, ifaçı haqda nə qədər maraqlı danışırsan-danış, yazırsan-yaz, hədəfə çata bilməyəcəksən. Lakin sən o musiqini bircə kərə səsləndir, o ifanı, ifaçını bircə seans dinlə!” qənaətini vecə almamaq - universal bir nihilizm!
   Bəli, Müslüm hər dəfə SƏSləndikcə, Müslümü hər dəfə SƏSləndirdikcə, o yenidən doğulur. Müslüm elə bir nəhəng sevgidir ki, onu birdəfəyə sevib qurtarmaq, sinirib-sonlamaq, doyub çəkilmək olmur.
   Amma o necə də tox idi, sadə idi, saya idi! O, neçə illər necə sənətkarlıq kumiri idisə, eləcə də bənzərsiz təvazökarlıq fenomeni olaraq qaldı və... qalır. Onun sir-sifətində bir gilə də sirr olmadı - ömrü boyu. Bircə anlıq “mən!” olmadı; daim məni, səni, onu bəyanladı. Bizi, sizi, onları sayın-yayınladı. “Eeee-yyy(!)...” deyə, ciyər yanğısıyla xitab etdiyi “ə-ziz a-nam - A-zər-bay-caan!” “yerliçiyini” istisna etməklə, dünyanın bütün ölkələrinə eyni gözlə baxdı, eyni səslə çaxdı. Ağzından püskürülən alov-ordu ilə bütün dünyanı fəth edib, sənət fatehinə çevrildi. “Müstəmləkə”lərindən birinin başçısını (Vladimir Putini) isə belə bir “bac-xərac”a vadar etdi: “Bilmirəm, Maqomayev Azərbaycana daha yaxındır, yoxsa Rusiyaya?..”
   
   Bundan beləni səslə yazmaq olaydı kaş...
   
   Bu məqamda yazımın başlığındakı “idi” məsələsi yadıma düşdü. Könlüm isə belə bir cavab ladına düşdü ki, görəsən, bütün bu dünyanın da vahid başçısı olsaydı və ondan soruşulsaydı ki: “Bu saat Maqomayev daha çox bu dünyada hiss olunur, yoxsa o dünyada” - nə deyərdi?
   Mənim bu nisyə sevdaya düşməyiminsə bir səbəbi də budur ki, Müslüm haqda nəqd deyilmişlərin hamısı çox maraqlı olub, sözün müsbət mənasında - təmtəraqlı səslənib. Nəinki sözün, hətta hərfin. Məsələn, 1972-ci ilin yayında Moskvadakı ictimai (sözsüz ki, həm də siyasi) mahiyyətli bir tədbirə qoşulmaq istəyən dostlarımdan biri keçilməz milis-mühafizə səddi ilə qarşılaşır, nə qədər xahiş-minnət (hətta, bir xaxol mayora “hörmət”) etmək istəsə də, buraxmırlar. Lakin bir azdan həmin mayorun dabanlarını bir-birinə çırpıb, “çest” verib, “kardon”u yardıraraq bir nəfəri hörmət-izzətlə içəri dəvət etdiyini görən dostumuz, özünü bilməməzliyə qoyuban “bəs onu niyə buraxdınız?!” söylər-söyləməz, mayor əntiq bir məntiqlə səslənir: “On je Muslim Mahomayev!..”
   O zaman Maqomayevin - artıq məşhuri-cahan “Fiqaro tam, Fiqaro tut!”un vur-tut 30 yaşı vardı...
   Yox, bu tərz informasiya - bu üslubi-tanıq adama qanıq vermədiyindən, qəndsiz çay kimi çıxdığından, belə də demək istəyirəm: o vaxt bizim Müslümün biz müslim-müsəlmanlarçün cəmi otuz yaşı vardı, Xristos-xristianlarçünsə, qafiyəpərdazlıq çıxmasın, “tuz” yaşı...
   
   Daha nələri var(dı)?..
   
   Bu təkrarsız Səs sahibinin şəninə layiq yeni bir bənzətmə tapa bilmədiyimçün hələ mürəkkəbi qurumamış bu yarımbaşlığa belə bir çeynənmiş deyim yapıram: nəyi yox(du) ki?!.
   Məsələyə “hər gözəlin bir eybi” məsəlindən yanaşsaq, daha yaxşı anlaşarıq. Bu yeganə “eyb” isə ibarət olsun bundan ki, kökəncə “xançal çıxdı - qan çıxdı”standan, doğan-əkəncə “Bir cənub şəhərində”n olan bu oğlan ömrü boyu nə kiməsə bir sillə vurub, nə də kimdənsə bir “billə” yeyib. Müsahibələrinin birində (“Sobesednik”, №24, 1997) də deyib: “Balacalıq vaxtlarımı xatırlayır və düşünürəm; o uşaqlıqdan mənə nə qalıb - hansı ki, hərdən babamın skripkasının təzanəsini başım üzərində ən gözəl, ən kəsərli qılınc kimi yellədə-yellədə - Bakı küçələrilə qaçardım. Mənim qaçaq-qoçaqlığım belə şeylərdən ibarət olub və nəinki o illərdə, heç sonralar da heç vaxt, heç kimlə savaşmamışam. Mən, ümumiyyətlə, təsəvvür də edə bilmirəm ki, canlı insanı necə vurmaq olar...”
   Deyirəm, bəlkə bu fiziki-mənəvi gözəlliklər mücəssəməsinin bütün gənclik, ahıllıq, qocalıq-ucalıq özəlliklərinin bir damarı da elə bu “eyb”i ilə bağlıdır?
   Amma bir... işə baxın ki, o, səhnədə, ekranda, dükanda-bazarda tamam başqa ampluada - vurub-yıxan igid qamətində, cigit qiyafəsində görünürdü! “Göydə quşlar qanad saxladı” deyiminin əsasən səslə, avazla əlaqədar işləndiyini bilirik. Həmin quşların incə, belə demək mümkünsə, lirik növlərə aid olduğu da hamıya bəlli. Amma mənə elə gəlir ki, Müslüm səs-sədalı göylərdə qanad saxlayasıların çoxusu qartallar, şahinlər, qızılquşlar olar. Onun melodik vokal tonalları öz yerində, baritonunun “tonnaj”ı adamın qulağının çəkic-zindanında elə əks-sədalanır, elə “sıra dağlar, gen dərələr”lənir, “ürək açan mənzərələr”ləşir ki, sənin xəyalının “hanki səmtə, hanki yana” uçmağından xəbərin olmur. Buna qədər bildiyin bilgiləri, estafet-trafaretləri, əzbərlədiyin misraları “yeni redaksiyada” görürsən. Baritonunda “Qol çırmayıb, sən tarlaya çıxanda”nı “Gur-gurlayıb, sən səhnəyə çıxanda!” kimi nəzirələrə, melo-“bas”ında “Səs salma, yatanlar oyanar, qoy hələ yatsın”ı “Susma ki, yarıoyaqlar da tamam ayılsın” kimi iqtibaslara varırsan. Bəzən də adamı elə məqama çatdırır ki, sənət şərtiliyi ilə həyat həqiqətlərini qat-qarış salırsan. Deyirsən, yəni doğrudanmı bu sənətkarın bütün canı-qanı ilə yaratdığı, səsləndirib dip-diri təqdim etdiyi bu sözlər haçansa, kiminsə cansız qələmilə yazılıb? Yəni doğrudanmı Şeyx Nizami “Başqa bir yarı necə axtarım, ey nazlı nigar?” misrasını bu qədər təlatümlü, bu sayaq ildırımmisal yazıb?! Və yaxud onu “Fiqaronun toyu”nda seyr edərkən məndə yaranmış bir kataklizm: fikir məni götürmüşdü ki, opera (və rejissor) traktovkasına görə, hərəsi öz ifa mizan-təmrinilə məşğul olan ətrafdakı aktyorlar onun bu an dünyanı lərzəyə gətirən ariyasına necə laqeyd qala bilirlər, axı?!
   Vaxtilə Müslüm Maqomayev fenomeni, Müslüm Maqomayev sehr-sirrilə bağlı çox suallar mənimçün bağlı olaraq qalırdı. Lakin onun haqqında yazıları oxuduqca, ona çox yaxınların xatirələrilə tanış olduqca çox şeylər açılıb-aşkarlandı. Amma onları növbəti yazıma - avqustun ortalarına saxlamaq qərarındayam. Bu yubileyərəfəsi “portativ” yazımı isə qəribə bir “subyektiv”lə bitirmək “qətnamə”sindəyəm: yaxşı ki, Müslüm bəzi “supermen estradnik”lər kimi, od-yalo oğlanların yaxasökdüsünə, qızğın qızların tumantökdüsünə “işləyənlər”dən olmadı, yoxsa o da mənim və (deyəsən) çoxlarımızın göz zivəmizdən, söz zirvəmizdən, sevgi ərşimizdən düşərdi. Onun kimi təkrarsız ciddi sənətkar yalnız ciddi sevgilərə layiqdir...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar