Ötən yazılarımızda XX əsrin əvvəllərində Tiflis Azərbaycan teatrı ilə əlaqə saxlamış, tamaşaların hazırlanmasında iştirak etmiş görkəmli ziyalılar və sənət adamları - Hüseyn Ərəblinski, Əbdürrəhim bəy Haqverdiyev, Aleksandr Tuqanov, Əziz Şərif, habelə ilk sənət addımlarını burada atmış Mustafa Mərdanov, Əli Qurbanov, Panfiliya Tanailidi və Möhsün Sənaninin bu teatrla yaradıcılıq əlaqələri barədə «Mədəniyyət»in oxucularına məlumat vermişik.
   
   1911-1919-cu illərdə burada yaşamış məşhur xanəndə, Xalq artisti Seyid Şuşinskinin Tiflis Azərbaycan teatrı ilə əlaqələri teatr tariximizin maraqlı səhifələrini təşkil edir. Həmin illərdə Tiflisdə qaynar ədəbi-mədəni mühit formalaşmışdı. Buraya müxtəlif millətləri təmsil edən ziyalılar, yazıçılar, teatr xadimləri, xanəndələr və musiqiçilər toplaşmışdı. Şəhərdə bir neçə teatr binası və klub fəaliyyət göstərirdi. Bu mədəniyyət ocaqlarında tamaşalar nümayiş etdirilir, konsertlər təşkil olunurdu. Seyid Şuşinski də burada konsertlər verir, tamaşalarda pərdələrarası fasilələr zamanı oxuyurdu. Daha sonra o, Tiflisdə tamaşaya qoyulan musiqili səhnə əsərlərində aktyor kimi iştirak etmişdir.
   Tiflis Azərbaycan teatrının yaranmasında və təşkilatlanmasında mühüm xidmətləri olan Xalq artisti Mustafa Mərdanov öz xatirələrində yazır: «Seyid Şuşinski qabaqlar səhnəyə çıxmazdı, ancaq tamaşadan əvvəl və fasilələrdə pərdə qabağında oxuyardı. Tamaşaçılar onu sevirdi. Seyid teatrdan ayrılmazdı, boş saatlarını teatr məşğələlərinə həsr edirdi. Teatr işçiləri Seyidin inkişaf etməsi üçün ona kömək göstərirdilər. Beləliklə, o, opera və operettalarda çıxış etməyə başladı».
   Seyid Şuşinski məhz həmin illərdə Tiflis Azərbaycan teatrında Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasında İbn Salam, «Arşın mal alan» operettasında Əsgər, «O olmasın, bu olsun» operettasında Sərvər rollarında səhnəyə çıxmış və müasirlərinin yazdığına görə, tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.
   1915-ci il noyabrın 15-də Tiflis Azərbaycan teatrının truppası Gürcü Əyanları Teatrının binasında öz uğurlu tamaşalarından olan «O olmasın, bu olsun» operettasını göstərmişdir. Tamaşanı görkəmli aktyor və rejissor Mirzəli Abbasov hazırlamış və o özü Məşədi İbad rolunda çıxış etmişdir. Digər rollarda Məmmədtağı Ələsgərov (Rüstəm bəy), Mirzəxan Quliyev (Hambal), İsmayıl Həqqi (Rza bəy) və başqaları oynayırdılar. Seyid Şuşinski bu tamaşada Sərvər rolunda səhnəyə çıxmışdır. Cəlil Məmmədquluzadə öz ailə üzvləri ilə, Hüseyn Cavid və digər ziyalılar tamaşaçılar arasında olmuşlar. Həmin tamaşaçılardan biri - Əziz Şərif sonralar xatirələrində belə yazmışdır: «Seyidin bu tamaşadakı oyunu bu gün də mənim gözümün qabağındadır... Biz onu öz milli paltarında (arxalıq və çuxa), əlində qaval görməyə adət eləmişdik. İndi isə o, yüngülvari qrim edilmiş və tamam başqa paltar geymişdi... O qədər gözəl oxuyurdu ki, hər dəfə tamaşaçıların gurultulu alqışları ilə qarşılanırdı».
   Seyid Şuşinski 1916-1919-cu illərdə Tiflis Azərbaycan teatrının Batum, Mahaçqala və Dərbənd şəhərlərində göstərdiyi opera və operetta tamaşalarında da uğurla çıxış etmişdir.
   Onu da qeyd etmək lazımdır ki, Seyid Şuşinski çıxışları üçün heç vaxt pul almamış, əksinə, teatr tamaşalarının hazırlanmasına və aktyorlara maddi yardım göstərmişdir.
   Məlum olduğu kimi, 1912-ci ilin aprel ayında Tiflisdə azərbaycanlıların yaşadığı «Şeytanbazar» məhəlləsində teatr tamaşaları göstərmək üçün Azərbaycan Xalq Evi-«Auditoriya» adlanan klub açılmışdır. «Auditoriya»nın təntənəli açılışında şəhər idarəsinin rəisi, habelə görkəmli ziyalılar- Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Mirzəli Abbasov və başqaları çıxış etmişlər. Mərasimdə Seyid Şuşinskinin rəhbərliyi ilə böyük «Şərq konserti» olmuşdur.
   Seyid Şuşinski böyük səhnə xadimi Hüseyn Ərəblinski ilə də yaradıcılıq əlaqəsi saxlamış, eyni zamanda, bu iki sənətkar yaxın dost olmuşlar. Hüseyn Ərəblinskinin Tiflisdə hazırladığı tamaşalarda fasilələr vaxtı Seyid Şuşinski oxumuşdur. Eyni zamanda, Hüseyn Ərəblinski Tiflisdə «Kazyonnı teatr»ın binasında (indiki Z.Paliaşvili adına Opera Teatrı) Seyid Şuşinskinin iştirakı ilə «Şərq konserti» təşkil etmişdir. Həmin konsertdə məhz Hüseyn Ərəblinskinin tövsiyəsi ilə Seyid Şuşinski səhnəyə Avropasayağı geyimdə - kostyum, ağ köynək və qara bantla çıxmışdır.
   Görkəmli tədqiqatçı-musiqişünas Firudin Şuşinskinin «Seyid Şuşinski» (Bakı, 1991) kitabından: «O, (Seyid Şuşinski - A.B.)... İran konsulu Məcid-əs-Səltənənin qızının fortepianoda müşayiətilə ayaq üstə «Bayatı-İsfahan» muğamını oxumuşdur. Seyiddən sonra səhnəyə çıxan Hüseyn Ərəblinski Hamletin «Olum, ya ölüm» monoloqunu söyləmişdir. Teatrın salonunda əyləşən min beş yüzdən artıq dinləyici ayağa qalxıb Seyid Şuşinskini və Hüseyn Ərəblinskini dəfələrlə səhnəyə dəvət edərək onlara səmimi alqışlarla öz minnətdarlıqlarını bildirmişlər».
   1916-cı ilin əvvəllərində Bakıda Cəlil Məmmədquluzadənin «Ölülər» pyesi tamaşaya hazırlanarkən Seyid Şuşinski və mollanəsrəddinçi şair Əliqulu Qəmküsar Tiflisdən buraya dəvət olunurlar. Tamaşada Əliqulu Qəmküsar Şeyx Nəsrullah obrazını (Əliqulu Qəmküsar bu obrazın ən yaxşı ifaçılarından biri olmuşdur) yaradır, Seyid Şuşinski isə tamaşanın fasilələrində oxuyur. Bu, Seyid Şuşinskinin Bakı şəhərində ilk çıxışı idi və ona böyük şöhrət qazandırmışdır. Həmin tamaşa və Seyid Şuşinskinin ifası barədə yazıçı Seyid Hüseynin və aktyor Cəlil bəy Bağdadbəyovun xatirələrində ürəkaçan sətirlər var.
   Həmin illərdə Tiflisdə yaşayan azərbaycanlı ziyalılar, aktyorlar, musiqiçilər bir yerə yığışar, müxtəlif məclislər keçirərdilər. Belə məclislərdən birini 1914-cü il martın 11-də Tiflisdə yaşayan mühərrir və aktyor İsmayıl Həqqi öz evində təşkil etmişdir. Həmin məclis barədə professor Əziz Şərifin gündəliyində və sonradan qələmə aldığı xatirələrində maraqlı məqamlara rast gəlirik. Məclisdə Hüseyn Cavid və Hüseyn Ərəblinski, habelə Tiflisdə yaşayan ziyalı və aktyorlardan Mirzəli Abbasov, Əliqulu Qəmküsar, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, Nadir İbrahimov, Məmmədtağı Ələsgərov və başqaları iştirak etmişlər. Seyid Şuşinski də burada olmuşdur. Əziz Şərifin həmin gün yazdığı «Gündəlik»dən: «Burada otuz beş-qırx adam toplaşmışdı. Qabaqca Nadir (Tiflis Azərbaycan teatrının aktyoru Nadir İbrahimov - A.B.) tar çaldı, qızlar oynadı. Sonra Seyid oxudu... Gecə saat on birə qədər beləcə yedik, içdik. Seyidin «Şur» muğamına heç söz ola bilməz. Onun oxumağı hamını valeh eləmişdi... Gecə yarıya işləyəndə biz böyük dəstə ilə evdən çıxdıq. Seyid şikəstəni başladı, nə başladı! Tarı da Nadir çalırdı. Bu musiqidən adamın ruhu təzələnirdi».
   Aradan 60 il keçdikdən sonra öz xatirələrini qələmə alan Əziz Şərif bu hadisəni həyəcanla yada salmışdır: «O gecə çox şairanə gecəydi, çünki gənc Seyidin səsi və məktəbli Nadirin xüsusi ilhamla dindirdiyi tarı hamının qəlbini oxşayır, hamıya sonsuz ləzzət verirdi. Biz gənc idik, biz doğma xalqımıza, onun ədəbiyyat, incəsənət və mədəniyyətinə xidmətdə öz canından keçməyə hazır olan, öz ictimai vəzifə və məqsədini düzgün anlayan gənclər idik, biz xalqımızın gələcəyi idik».
   Həmin gənclərdən biri də milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri olmuş Seyid Şuşinski idi...
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar