Müqəddəs ənənələrdən söz düşəndə ilk öncə göz önünə xeyriyyəçilik gəlir. Ötən əsrin əvvəllərində bu müqəddəs işlə bağlı ölkəmizdə onlarca xeyriyyə cəmiyyəti yaranır. Cəmiyyətlərin maliyyə dəstəyi ilə Bakıda maarif-mədəniyyət ocaqları təşəkkül tapır. “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti”nin yaranmasında böyük maarifçi, alim, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova-Abayevanın böyük xidmətləri olub.
   
   O, 5 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olub. Tiflisdə “Müqəddəs Nina” qızlar gimnaziyasında təhsil alıb.
   Məlumdur ki, Həsən bəy Zərdabi gec ailə qurub. Belə qeyd olunur ki, o, təhsilli və müasir fikirli bir xanımla ailə qurmaq istəyib. Lakin o, uzun illər çalışdığı Qubada, Zərdabda, Bakıda belə bir xanımla qarşılaşmayıb... Araşdırmalardan aydın olur ki, o, Tiflisdə olarkən qəzetlərin birində qızlar gimnaziyasının məzun buraxılışı haqqında yazı diqqətini çəkir. Daha dəqiqi, məzunlardan birinin adı - Hənifə onu daha çox maraqlandırır. Qızın türk-müsəlman olacağını yəqin edir. Oradan qalxıb gimnaziyaya gedir. Məktəbin direktoru ilə görüşür. Gəlişinin məqsədini və məramını ona bildirir. Direktor Hənifə xanımı yanına çağırır. Həsən bəylə tanış edir. Üçü bir yerdə ətraflı söhbət edirlər. Oradan birlikdə məscidə gedirlər. Həsən bəy molla çağırır, kəbin kəsdirir. Bax, mədəniyyət tariximizdə özünəməxsus yeri olan şanlı bir ailənin əsası belə qoyulur.
   Həsən bəy və Hənifə xanım Bakıya dönürlər. Hənifə xanım elə ilk gündən ictimai işlərə can atır. Azərbaycan qadınlarının taleyində mühüm rol oynayır. “Nicat ” cəmiyyətinin, “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti”nin yaradıcılarından biri olur. Bakıda ilk müsəlman qızlar məktəbinin yaradılmasının təşəbbüsçü və təşkilatçısı olur. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə məktəb açılır. 1901-1905-ci illərdə Hənifə xanım məktəbin müdiri olur. Sonra, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar (rus-Azərbaycan) qız məktəbinin müdiri vəzifəsində çalışır. Onun maarifçilik fəaliyyəti qısa bir zamanda bütün Cənubi Qafqazda geniş tanınır.
   Məlumdur ki, hər bir yenilik, təşəbbüskarlıq çətinliklərlə müşayiət olunur. Bu baxımdan Hənifə xanımın həyatı da istisna təşkil etmir. O, xatirələrində bu barədə yazır: "Həyatımın məqsədi-bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olub və gələcəkdə də belə olacaqdır. Xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam".
   Hənifə xanım Həsən bəyin sadəcə ömür-gün yoldaşı olmayıb. Onu dərindən başa düşən, hər an yanında olan dostu və ən yaxın həmdəmi olub. O, 1925-ci ildə Zərdabi haqqında qələmə aldığı xatirələrini belə tamamlayır: "Oxucu səriştəsiz hazırlanmış bu bioqrafiya ilə tanış olarkən, onun mahiyyətini anlayaraq razılaşar ki, bu vaxtadək Azərbaycan türkləri arasında belə bir xadim olmamışdır. Öz xalqını belə fədakarlıqla sevən başqası nə vaxtsa olacaqmı - kim bilir?"
   Professor Abbas Zamanov tələbələrinə danışardı ki, milli maarif və mədəniyyətimizin inkişafında iki xanımın xidmətləri unudulmazdır. Onlardan biri Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva, digəri Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə xanımdır. Biri “Əkinçi”nin formalaşmasında, digəri “Molla Nəsrəddin” jurnalının davamlı nəşrində əvəzsiz xidmətlər göstərib. Araşdırmalarda o da göstərilir ki, Həsən bəyin ailəsi vaxtilə imkansızlıqlarına baxmayaraq, son tikələrini əsirgəmədən kimsəsiz uşaqlara sahib çıxıblar. Evlərində açdıqları “xalq məktəbi”ndə (1880) təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara elm, savad öyrədiblər. Görkəmli bəstəkar Rauf Hacıyevin anası da həmin uşaqlardan biri olub.
   Hənifə xanımın iki oğlu, iki qızı olub. Oğlanları barədə bu günə qədər heç bir məlumat yoxdur. Böyük qızı Pəri (Ə.Topçubaşovun xanımı) mühacirətdə dünyasını dəyişib. Digər qızı Qərib Soltanın sonralar gizli qəbri üzə çıxıb...
   Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışır. Lakin dövrün acı məhrumiyyətləri bu maarifpərvər qadını mənən qırır. O, 1929-cu ildə, ömrünün 73-cü payızında Bakıda vəfat edir.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar