Əlbəttə, xatirələrimizin səhnəsində!
   
   Sənət inqilablı, səhnə sərhədi daxilində milli istiqlalçı Tofiq Kazımov. Təbiətcə poetik, təbcə dramatik, dirijor-rejissor - Tofiq Kazımov. Öz nəsil-şəcərə kökü üstdə bitən Tofiq Kazımov. Əli qələm, dili milli atəş-ələm atası Səməd Mənsur kimi - mizan-düzəni xalq, Vətən Tofiq Kazımov. Sənətcə, şəxsiyyətcə, mənəviyyatca və... ümumiyyətcə Tofiq Kazımov!..
   
   Tofiq Kazımovun da təfsirində həyatla sənət qafiyələnirdi...
   Onunçün səhnə də bir sənət inşaatı meydanı idi. Dahilər, ustadlar bu məbəd-“tikili”nin həm memarı olurlar, həm bənnası. Adilər isə, sadəcə, iş icraçısı...
   O, işləri elə qurmuşdu ki, Dramteatr vahid bir milli müzakirə evinə, aktyor-tamaşaçı ailəsinə çevrilmişdi. “Akademik” təyin-tamamlığı ilə çalışan baş teatrımız o zamanlar akademik elektoratı da doyururdu, hər qəzet başında “...birləşin!” xitabı edilən proletariatı da. Elə o zaman elitarlarla proletarlar, olsa-olsa, səhnədə birləşirdilər. Onun zadəgan mizan-düzənilə səhnə-salon tandemi, o dövrdən əvvəlki (1920-yə) və sonrakı (1991-dən) dövrlərin eyhami bir duallığı yaranırdı.
   Səslənişcə doğma, əməl-işcə çətin bir ifadə var: quruluş... Füzulianə “yaxşı nəzər etdikdə” - bu da dövlət qurmaq kimi bir aktdır. Bu “sənət ölkəsi”nin “sərəncam”çısı isə ayrı-ayrı fanatlar, partiyalar, fraksiyalar yox, bütövlükdə xalqdır. Tofiq Kazımov isə dünyanın o rejissorları sırasındadır ki, bəzən sözə də quruluş verirdi. Ömür “quruluş”undakı avto-qəza məsələsinə gəldikdə isə... Qoy bu da olsun bütün ədəbi-bədii janrlarda saysız-hesabsız tamaşalar yaratmış müqtədir rejissorumuzun “avtoportret”-novella tamaşası...
   Bu gün saysız-hesabsız orta və yaşlı nəslin təsdiq edəcəyi faktik misallarla qeyd etmək olar ki, Tofiq Kazımovun tamaşaları erasında “dramteatr” dillər əzbəri, gözlər bəzəyi idi. Çox səbəblərdən biri də bu idi ki, həyat trafaretlərindən bezikənlər “gedək görək sənətdə nə deyirlər”, “nələrə toxunurlar” kimi sual-istixarələr edirdilər. Tofiq Kazımov isə onları iki-üç saatlıq daha ləziz kəlam qonaqlığına, yeni, kaleydoskopial quruluş mənzərələrinə dəvət edirdi. O, bu kiçik məkan-həyatda böyük həyatdakı doğruların, doğruluqların üzünü bir az da ağardır, yalan-yalançılıqlarınınkını isə sənətin ecazkar rənglərilə daha da qızardırdı.
   O vaxtlar biz (bir neçə gənc televiziya işçisi) Tofiq müəllimlə tez-tez görüşmək arzusunda olsaq da, onun işgüzar zəhmi (xüsusi sənət çəkisi) bunu əngəlləyirdi. Arzumuzun alındığı məqamlar da olurdu. Suallarımıza çox qısa cavablar verər, geniş erudisiyası, dəmir məntiqi ilə bizi “sual hakimiyyəti” kürsüsündən “endirib”, ortaq həmsöhbət, məsul tamaşaçı həddinə salardı. “Deyəsən, biz (televiziya) sizi (teatrı) üstələyirik, axı...” sualımıza cavabını dəqiq xatırlayıram: “Bunda pis heç nə yoxdur. Televiziya çox inkişaf edəcək. O qədər ki, - kütlələri də tam inkişaf etdirəcək və xalq bütövlükdə yenidən əsl teatra qayıdacaq...”.
   Sənətə başdan-başa yeni baxışla yaşamış bu sənətkar heç nəyə və heç kimə “toxunulmaz” statusunda baxmırdı. O cümlədən, “məşhur”-“möhürlü” müəlliflərə və “populyar” saqqallı aktyorlara. O vaxtlar “Sən həmişə mənimləsən”də Nargilə kimi baş qəhrəmanı tələbə A.Pənahovaya, “Ölülər”dəki İsgəndər kimi katalizator-obrazı gənc H.Turabova tapşırması ilə dövrün bütün vəzifəli “qardaşoğlu-bacıqızı”çılara əməlli bir dərs verdi.
   Və teatrda, institutda, həyatda belə-belə dərslər verə-verə, özü də dönüb oldu məktəb. Teatr tariximizdə iki-üç canlı məktəbdən biri. Lap axırda da təkcə o dünyaya yox, mədəniyyət tariximizin qızıl səhifələrinə, cəmiyyətimizin əziz xatirələrinə köçdü...
   O xatirələrə ki, xatiratçıların hansından soruşsan, özünü yığışdırıb, həyalı görkəm alıb, bir az da hüznlənib dəqiqələrlə, bəziləri isə saatlarla danışa bilər. O külli-xatirələrə Kazımovsayağı traktovka verə bilsən, bəlkə bu dəryadan bir tərəfə çıxmaq ola. O dəryadakı üç “janr” isə (!): evində ideal ata, ər; həyatda məğrur ziyalı; işdə ciddi və qayğıkeş sərkər!
   O özü xatirələri daha maraqla danışardı. Necə ki, bir gün məşhurluqdan söz düşdü, onu çox öydük, qayıtdı ki, hər şey nisbidir. Dedi, bu yaxınlarda Ədil İsgəndərov bir neçə dostuyla Gəncə yaxınlığındakı doğma kəndinə qonaq gedir, anası Həsənağa Salayevi görəndə yüyürür üstünə ki, ay oğul, bu Ədil məni eşitmir, yaxın dostusan, bunu başa sal, qoy yığışıb gəlsin kəndə. Axı o şəhərdə nə var, e?! Day biz də qocalmışıq, mal-davarımıza ot-əncər gətirənimiz yoxdur...
   Tofiq Kazımov bütün ömrü uzunu o sayaq müqəddəs, “türkəçarə” ana (ata, qardaş, bacı) tamaşaçılara oyanış, o ananın əksi olanlara - bilgidən bol, əxlaq-əqidədən, sevgidən kəmlərə isə düz yola qayıdış dialoqu qurdu. Və bu “son ucu ölümlü” dünyanın baş monoloqunun başlığındakı (“Olum, ya ölüm?!”) sözlərin birincisinə nail oldu...
   
   Tahir Abbaslı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar