Bir sözündən beş göz açan, on beş məna saçan qələm...
   
   Bu məqamda onun Anarın “Adamın adamı” kitabına yazdığı yarım səhifəlik möhtəşəm “ön söz”ü yadıma düşdü. Bu da xatirimə gəldi ki, o vaxt o yazını oxuyanda tələbə yoldaşlarıma dedim: “Adamın yazanı!..”
   
   O, tək elə Yusif deyildi - Yusif Səməd oğlu, Yusif Səmədoğlu (!) idi. Açmasına ehtiyac varsa; yar-yaraşıqlı uşaqlıq, bəxtli cavanlıq, məşhur ahıllıq...
   Deyim ki, ikibaşlı münasibətdən, ikili standartdan tam uzaq olan bu “üçbaşlı” təyin-düyünlər sözügedən mahir redaktorun, görkəmli ədibin, məharətli ssenaristin həyat və yaradıcılığını mətbubamətbu, kitabbakitab, ekranbaekran izləyib (ənənəvi “qarabaqara” zərfi üçün qəribsəyənlərin xatirinə, “arabaara” sözünün də xatırlada bilərəm). Onlarca digər media-biblio-filmo-qrafiyalarını istisna etsək, Yusif Səmədoğlunu publisistika-ədəbiyyat-kinematoqrafiya üçbucağının üç ən güclü ismindən biri kimi dəyərləndirmək olar. Məsələ burasındadır ki, o, elə həmin sahələrin özlərində də “trio”ları ilə seçilir. Baş redaktorluğu - “Azərbaycanfilm” (ssenari redaksiyasında - 1965-69) - “Ulduz” (1976-87) - “Azərbaycan” (1987-...). Sonuncu mötərizədəki “xronoloji” nöqtələr “ömrünün son aylarınadək” deməkdir. Kitabları - “Qalaktika” (1973) - “Qətl günü” (1987) - “Deyilənlər gəldi başa” (1999). Ssenariləri - “Yeddi oğul istərəm” (1970) - “Səmt küləyi” (1973) - “Qətl günü” (1990).
   O, manera-mahiyyətcə, sirr-siyasətcə “alt” sovetin bir qədər üzə çıxmaqda olan dövrünün - “60-cı illər” sərlövhəli Azərbaycan ədəbi Zamanının ən seçkin xüsusi şəxs və məxsusi işarə əvəzliklərindən - ayrıca “O”-larından idi. O, dövrün ədəbi-ictimai təsəvvüründə ayrı-ayrı özəl üslub, milli aura-arena, ədəbi yeniyetmələrə qəyyumluq, gəncliyə örnək komandirlərindən sayılırdı. O, indiki “canlı yayın” ayın-oyunlarından məhrum bir dövrün daim gündəmdə olan sayın “qələm əhli”lərindən idi. Səsləri öz ədəbiyyatımızın bütün canına-qanına işləyən, sədaları sovet ədəbiyyatının ucqarlarında eşidilən “beş-on”lardan (lətifəsi müasir bir teleproqramda SMS-lə şöhrətlənən “Onlar”dan iraq!) idi. “Qlavlit-senzura”larda qaralarına, bəzən də üzlərinə barmaq silkələnsə də, bütün ölkə içrə barmaqla sayılanlardan idi. Öz qələmləri ilə ayrıca bir ədəbi-bədii xalq yaratmağa girişib, müstəqil bir ədəbiyyat ölkəsi, mədəniyyət məmləkəti qurmaq istəyən ziyalı-ədiblərdən idi.
   “İdi”, “biri idi”, “idilər” dediyim o “qaymaq”ları - “mini-toplumu” o vaxtlar hərə bir sayda görüb-hesablayırdı, mənsə -
   
   “Yeddilər” kimi...
   
   Ürəklərinin dərin guşələrində “ədəbi lider”lik iddiaları olsa da, o yeddilər xarizma çığır-bağırlarına, anti-təvazö nağıllarına yol vermirdilər. Bir az o vaxtkı, bir çox da bu vaxtkı bəziləri kimi, öz həmkarı olan “nay”lara “sən tərifləmə, mən mədhiyyələyəcəyəm!”, “nanay-nanay”lara “siz qımıldanmayın, mən gumbuldayacağam!” - deyə, mətbu-şötdəmələrə, “tele-qalmaqal”lara qol qoymurdular.
   O yeddilərdən Məmməd Araz deyirdi: “Görüm ayılmasın - gec ayılanlar!”. Anar yazırdı: “Qəzetimizdə səhv getmişdir: “Hər şey zəhləmgetmişlərindir!” əvəzinə, oxunmalıdır: “Hər şey zəhmətkeşlərindir!”. Əkrəm Əylislinin qələm-qanı ilə böyüməkdə olan sütül bir bacoğlu, ona qədər yazısına pozu olmayan əlmuzdu(r) yazıçılarımızın yaratdıqları əmək-xərək-çəpik qəhrəmanlarından fərqli bir qürurlu kişiyə - bığlı-saqqallı dayısına pasibanlıq edirdi: “Dayı, ağlama, ay dayı...”. Elçin sığalsız, sevgisiz, məhəbbətsiz böyük ölkənin Azərbaycan “kilkə”sinin cayıl vətəndaşına - quru yurdda qalıb qurdalanan Baladadaşa üzdə toy tutub, içdə “vay” edirdi. Yusif Səmədoğlu “Get, komsomol... get. Sarı Şəmistana de ki, öldürdüm Gəray bəyi... Qanına qəltan elədim!” gülüşləri, sarkazmları çıldırırdı. Vaqif Səmədoğlu öz məzarına başdaşı əvəzinə, ayaqqabılarının qoyulmasını vəsiyyət edirdi ki, “dünyanın ən ağır qantelindən ağır” telefon dəstəyindən bəd xəbər eşidəsi ayağıyalınlar onu geyib, hadisə yerinə gedə bilsinlər. Ətrafındakı “lilpar-lilpar”, “löyün-löyün” okey-lakeyliklərdən pisikən, türkicə “kəndi”nə gəlib, azəricə çıxıb kəndinə gedən Musa Yaqub isə, o sarıqulaq, qarabaş, dara-baradaş aləmə baxıb-baxıb, belə bir eks-təbii qərara (və öz həmkarlarından birinin “...karandaşı, naşı, oğrubaşı, daşı göyərdi” rədiflərinə rəğmən əks-təbdili bir hökmə) gəldi ki, yox, qardaş, “Bu dünyanın qara daşı göyərməz!..”
   İkisi rəhmət-cənnətdə, qalan beşi isə hələ də fəal sənətdə olan o “60-cılar” o vaxtlar alayı bir “yeddi yoldaş” olub bu milləti bəyazlı-istiqlallı, üçrəng bayraqlı bir yola düzəldirdilər...
   Bu “məqsədyönlü” girişdən sonra -
   
   Keçək mətləbə
   
   Oxucuların ən ucqar hislərinə də əsər edən əsərlərindən söhbət açaq. “Qətl günü”ndəki imam Əli timsallı baş Şairə (deməli, sənətkarlığa) Yəzzid misallı badalaq gələn ayaq “şair”lərdən danışaq. Öz bənzətməsilə desək, “dılğırlar”ına, inkir-minkir qiyafəli Kirlikirdən - o zir-zibillik, dəlmə-deşik “terror”çusundan geri qalmayan şər fikir-zikir, ev-eşik personajlarına toxunaq. “Yeddi oğul istərəm”indəki Gəray bəy bəyliyini, “ürəyimdən nişan al” təvəqqesində olduğu düşmənə belə “əmi” xitabı tərbiyəsindən çıxış edən Cəlal bəyzadəliyini, Kələntər kələ-kötürlüyünü xatırlayaq. Başçılıq etdiyi ədəbi dərgilərdəki qayğıkeşliyini, fağır yazarlara “uğurlu yol”larını, həyata nagümanların vərə-virdlərini, yatanda belə yuxularına girməyən arzu-xəyallarını bagümanlığa yozmağını, sənətdəki sayğı-salğarlıq, həyatdakı ağır-batmanlıq, sabitqədəmlik və sair bu sayaq yaxşılıqlar cizgilərilə xəyallarımıza yaratdığı şəxsi avtoportret-obrazını yada salaq.
   O, ədəbi obrazlarıyla ədəbiyyatımıza, kinomuza yeni bitkin surətlər gətirirdi, öz obrazıyla cəmiyyətimizə, ədəbi ictimaiyyətimizə yeni yetkin şəxsiyyət kredo-kodeksi! O, sosial-məişət tariximizin hansısa bir ailəvi situasiyasında bir qardaşın bir bacıya “Dərd də gələndə - batmanla gəlir, bacım!” deyimini uman zümrə olan bütün bacılara güman yeri olan bütün qardaşların xitabəti dərəcəsinə qaldırdı. Yəqin, bir də ona görə ki, o, uşaqlıqda cavanlıq, gənclikdə ahıllıq ömrü yaşamışdı. Bəs necə, bir məmləkət paytaxtının ədəbiyyat-sənət mərkəzi olmuş bir evdə dəxi nə tövr böyüyüb, hancarı olmaq olarmış ki, ağrın alem?
   Deyim ki, bu suala nə qlobal cavab gözlənilir, nə regional savab. Bu, heç nəyə işarət deyil -
   
   Sadəcə...
   
   eyhamlı “İblis”lər, qalxanlı Elxanlar, “polad”lı Korçaginlər, ekskavatorlu Sarvanlar, “Oyan, Mironıç, oyan!”lar, “Ələmdən nəşəyə”lər, Adıgeyli sarbanlar - irili-xırdalı ədəbi karvanlar gəlib-gedir, bu “köhnə qəlyan” sayalı, “yuxu tənbəli” ayamalı istedad mücəssəməsi isə öz “ey dadi-bidad” karvansarasında hər şeyi “qolay-naqolay”layıb öz süzgəc-üzgəcindən keçirib, bütün olayları saf-çürük edir, özəlləşdirib-gözəlləşdirirdi.
   Ailə, köklü-köməcli əqrəba, görklü-görkəmli ata, ədəbi və “rəsmi-bədəvi” əmi-dayılar aurası timsalında bitirdiyi həyat “orta məktəb”i onu sənət “ali məktəb”inə əla hazırlamışdı. O vaxtlar təkcə onun yox, bütün millətə (üzdə İosif Vissarianoviç olsa da) “ata” hesab edilən Səməd Vurğunun o “herti-pertisinə lənət!” dünyanın siyasi gərdişinə rəğmən, xalqdan və qələmindən gizləyib, evdə açdığı “bəzi-bəzi həqiqətlər”i də bala-bala, keçmiş mütaliə boşluqlarına boşaldırdı.
   O ata o həqiqətlərdən birini çıxışlarının da birində “çaşıb” dilə gətirmişdi: “Eh... “kiçik” xalqın böyük şairi olmaqdansa, “böyük” xalqın kiçik şairi olmaq daha yey!..”
   O böyük şair dildə “böyük xalq” deyərkən, təbii, ürəyində “azad xalq” düşünürdü, lakin “Oxucum, etiraf edirəm - qəlbən” xitabından, “Yenə “Zabul-segah” - yenə o nalə!” giziltilərindən o yana keçə bilmirdi.
   Oğul isə, cavanca yaşlarından ağır-ağsaqqal bir yazar olub, “köhnə və yeni nəsil”, “klassika və müasirlik”, “atalar və oğullar” tandemlərinə tamam yeni rakursdan baxdı. Amma nə arxaikə arxa çevirdi, nə yeniliyə “ləbbeh” dedi. Onun nihilizmində də bir əndazə vardı, “modernizm”ində də. Astaca-ustaca - oxucuların hamısı ilə bir “proloq-müqavilə” bağlayıb, epiloqa qədər çəkib aparırdı. Onların ayıq-sayıqları üçün adsız baş qəhrəman - “məliküşşüəra” yaradıb irfani nəf elətdirirdi, köhnə “stilizə-üslub” bazarına təzə “İfləmə Qasım”, “zındıqlar”, “dılğırlar” nırxı gətirib, “Araz aşığından, Kür topuğundan”, millət lopuğundan olanlarçün məccani kef...
   Onun qələm-təxəyyülünün məntiqi, sənət “fətva”sı ilə - tarixin və tarixən ədiblərin yaratdıqları (günahlı-günahsız) boyunvuran cəllad da edam edilir. Ən adlı-sanlı şairlər qədər məşhurlaşdırdığı, bütün “adsız şeir”lərdən daha yaddaqalan adsız (və sonda dili kəsilən) Şairin qətli islamın məlum “qətl günü” qədər məşum, burada qurduğu hökmdar-vəzir dialoqu isə onların heç bir döyüş və teatr səhnələrində yığa bilməyəcəyi maraq dividentli:
   “Hökmdar: - Vəzir, şair heç ağzını açıb kəlmeyi-şəhadətini də demədi!..
   Vəzir: - Yəqin qorxusundan dilini udubmuş, kafir oğlu kafir!
   Hökmdar: - Gördün?!
   Vəzir: - Nəyi, qibleyi-aləm?
   Hökmdar: - “Nəyi”, “nəyi”! Deyirdin, işi məxfi tutaq, camaat qalxa bilər! Gördün, bir kimsə cınqırını çıxarmadı, gördün?! Bilin və agah olun; nə qədər ki bəşər övladının qarnında qorxu ağrısı, ürəyində şöhrət azarı var, bir gündə yüz şair başı kəsilsə də, heç kəs və heç bir zaman hökmdarın üzünə ağ ola bilməz!..”
   Tarix qədər uzun “sənət-rəyasət” qarşılıqlarının təsvir “fərmanı”nı bir abzas həcmində verməyin özü də bir ədibi-şahlıq deyilmi?
   Sən təkcə qısa və yığcam deyil, həm də (bir az obyektiv, daha çox isə subyektiv səbəblərdən) az yazırdın. Deyirlər, bunun “niyə”sini heç Sən özün də (nə konkret, nə uzun-uzadı) cavablandırmayıbsan.
   
   Yeri gəlmişkən...
   
   Deyəsən, bu yazı da eləcə. Həcmcə yox, məna-məzmunca. Sənin kimi “mürəkkəb”, aydın-açıq yazılarına nisbətdə “qapalı” sənətkar haqda bu yazı, çox az və bir qədər emosional, sentimental çıxdı. Neynək, qadam, indiyədək Səndən yuxarı-aşağı sənətkarlarımız haqda yazılan ciddi üslublu monoqrafiyalardan, tərif dolu “tənqid və bülbüloqrafiya”lardan ortalığa nə çıxıb ki, bu “patetika”logiyadan da nə çıxa? Yəni, qəmin kəm, “Qətl günü” kimi ədəbi hadisə törədicisi! Rahat uyumağında ol, əbədi Qalaktikanın ədəbi hissəciyi olan “Qalaktika” müəllifi, “Deyilənlər gəldi başa” kimi ikiqat realizm ustası!
   Son olaraq “Astana”dakı və “220 saylı otaq”-odandakı həmişəyaşar bir neçə obrazına salamlar, Fəxri xiyabandakı məzarına, göylərdəki ruhuna ehtiram və dualar!..   

   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar