Ötən illərin mahnıları
   
   
   Və ya hər halında aşiq sənətkar
 
  
   Həqiqətən də, onda bir ayrı aşiqanəlik, Məcnunluq, sevdalılıq vardı. Efir-ekrandan görünən kimi sevgi, eşq paylayırdı. Təkcə səsi, nəfəsi, ifası ilə yox, qaş-gözü, baxışları, əl-qolu ilə də oxuyurdu.
   
   Ona emosiyasız, biganəliklə tamaşa etmək, sakitcə ifasını sonadək dinləmək mümkün deyildi. Tamaşaçı istər-istəməz onun hərəkətli əllərinin, oynayan qaş-gözünün, özünəməxsus mimikalarının, xoş təbəssümünün ardınca gedib ona qoşulurdu. Baba Mahmudoğlu deyərkən elə bəlkə də əksər tamaşaçıların xatirində bu detallar canlanır. Bir də Məcnunsayağı eşq-aşnalıq, «divanəlik», ərkəsöyünlük.
   Hələ uşaq vaxtlarımdan onu efir-ekrandan gördükdə bu təsəvvürləri formalaşdırmışdım özlüyümdə. Mənə görə o, hər yaşında “böyük uşaq”, kövrək, həssas adam idi. Bu qənaətimi onun 2005-ci ilin bürkülü avqustunda redaksiya otağımıza gəlişi ilə gətirdiyi sərinlik, xoşhallıq, sözün yaxşı mənasında, çılğınlıqla bir daha qətiləşdirdim. Baba Mahmudoğlu özü, səsi, sözü ilə bənzərsiz və maraqlı sənətkar idi. Onunla uzun, təxminən 2-3 saatlıq söhbətimiz oldu. Təəccüb qaldım. Haradan desən, ordan danışır, hər məsələni məntiq, yaşam fəlsəfəsi, elm, din, Allah-bəndə əlaqələri ilə cilalayırdı. Arabir söhbətə gözəl, fərqli səsindən ekspromt ifalarla rəng də qatırdı. Amma hər halında özü ilə səsi birləşib bir tamlıq yaradırdı. Bir sənətkar və insan olaraq onun da səadəti bunda idi.
   
   Sənətdə və həyatda Baba
   
   Baba Mirzəyev (Mahmudoğlu) 1940-cı ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Uşaqlığı müharibənin qan-qadalı illərinə, məhrumiyyət dolu dövrlərə təsadüf edən Baba erkən yaşlarından ətrafdakılardan seçilib. Hazırcavablığı, ünsiyyət qurmaq qabiliyyəti və hər şeyi bilmək istəyi onu orta təhsil illərində də tərk etməyib. Çalışqan yeniyetmə orta məktəbi yüksək göstərici ilə başa vuraraq o dövrlərdə çox dəb hesab edilən mühəndislik təhsili almaq üçün arzularının şəhəri Bakıya yollanıb. 1961-ci ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra o vaxtkı Montin adına zavodda növbə mühəndisi vəzifəsində çalışmağa başlayıb. Bir ildən sonra fəaliyyətini Leytenant Şmidt adına (sonralar Səttarxan adına) zavodda davam etdirən mühəndis Babanı təbii ki, coşub-daşan arzuları, böyük səhnəyə atılmaq istəkləri rahat buraxmırdı. Çünki o, səsinin, ifasının bənzərsizliyinə əmin idi. Hələ tələbə ikən yoldaşları onu muğam musiqimizin ağası Seyid Şuşinskinin yanına aparmış və ifasını dinlətməyə nail olmuşdular. O vaxtdan Baba zavodda çalışa-çalışa dinləyici kimi S.Şuşinskinin də dərslərində iştirak etməyə başlamışdı.
   Sənətkar sonralar həmin illəri maraqlı bir dildə nəql edirdi: «Musiqiyə sevgim kəndimizin füsunkar təbiətindən başlayıb. O romantik aləmdə böyümək, bülbüllərin cəh-cəhindən zövq almaq və milli musiqi sədaları, ulu saz-söz sənəti təbii ki, insanı cuşa gətirir. Mən də belə məqamlarda öz hislərimi avazımla ifadə etməyə başladım. Bunu eşidən dost-tanışlar dedilər ki, «Ayə, nə yaxşı oxuyursan». Açığını deyim ki, əvvəllər bu məni bir qədər təəccübləndirdi. Sonralar hiss etdim ki, doğrudan da, içimdə bir oxumaq eşqi, həvəsi var. Odur ki, Bakıya gəlib instituta daxil olsam da, xanəndəliyə meyl məni rahat buraxmadı. Bu həvəs getdikcə daha da artdı. Beləliklə, mən təhsil aldığım institutun özfəaliyyət ansamblında oxuyur, qeyri-rəsmi tələbə və dinləyici kimi ustad xanəndə Seyid Şuşinskinin dərslərinə gedirdim. İşlədiyim zavodda özfəaliyyət ansamblının solisti idim».
   
   Qəzet elanı ilə opera səhnəsinə

   
   1962-ci ildə qəzetlərdə Opera və Balet Teatrında Məcnun rolunda çıxış etmək üçün müsabiqə elanı çap olunmuşdu. Baba da bu müsabiqədə iştirak edir və Niyazinin rəhbərlik etdiyi yarışmada birincilik qazanır. Lakin o, səhnəyə alışmaq üçün öz istəyi ilə əvvəlcə Məcnun rolunda yox, Zeyd obrazında çıxır. Bu minvalla səkkiz il teatrda çalışır, «Əsli və Kərəm»də Sofi, Osmanlı, «Aşıq Qərib»də Aşıq Səlim, «Leyli və Məcnun»da Zeyd, İbn Səlam rollarında oynayır. Səs, istedad, təbii aktyorluq bacarığı kimi keyfiyyətlərlə kifayətlənməyərək sənət təhsili də almaq istəyir və bu məqsədlə indiki Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirir. Beləcə, artıq böyük operanın böyük obrazı, Məcnunu olmağa tam hazır idi.
   
   Obraza girmək üçün psixi xəstələrə qoşulur

   
   Bunu da müsahibəsi zamanı öyrəndim. Özünə və ifa edəcəyi obraza tam məsuliyyətlə yanaşdığını deyirdi. Elə Məcnunun dəli-divanə halını fitrətən yaratmaq və daxilən hiss etmək üçün bu addımı atır. Bu rolu oynamaq üçün rejissorun məsləhəti ilə psixiatriya xəstəxanasına getməli olur. Və o, uzun müddət psixi xəstəlikdən əziyyət çəkən, özünün dediyi kimi, "eşq dəliləri" ilə ünsiyyət qurur, onlarla həmsöhbət olur, dərdi-dil edir, davranış tərzlərini öyrənir. Bu ünsiyyət ona Məcnunu daha obrazlı və təbii oynamağa kömək edir. Beləliklə, hər halətdən Məcnun olan sənətkar 1969-cu ildə bu rolda səhnəyə çıxır. Gözəl müğənni Nəzakət Məmmədova ilə tərəf-müqabil olan xanəndənin debütü tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Sənətşünasların fikrincə, Babanın Məcnunu bir ayrı idi. O, obrazın alınması üçün əlindən gələni edir, hər bir detalı incəliklə təqdim etməyə çalışırdı. Müasirləri onun Məcnunun dağdan yıxılma səhnəsindəki ustalığını xüsusilə vurğulayırlar.
   
   Folklorumuzun vurğunu
   
   Tamaşaçılar onu teleekrandan ilk olaraq Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə izlədilər və sevdilər. Daha sonra Əhməd Bakıxanov və Baba Salahovun ansamblı ilə tamaşaçı qarşısına çıxan sənətkarın Əhsən Dadaşovun kollektivinin müşayiəti ilə də ifaları var.
   Baba Mahmudoğlu aşıq, bəstəkar, xalq mahnılarını öz tərzində, üslubunda oxuyurdu. Aşıq yaradıcılığına xüsusi məhəbbət və tələbkarlıqla yanaşan sənətkarı ekranda tez-tez sazla da görmək olardı. Bütün mahnılarda obraza girən, mahnını hərəkətlərində, üz cizgilərində, bütün varlığında yaşatmağı bacaran ifaçının səhnə jestləri də bir ayrı idi. Onun hər ifası gözəl idi. Koroğlu, Qaçaq Nəbi Baba Mahmudoğlunun ifasında xüsusi orijinallıq, hünər və qəhrəmanlıqla təqdim olunurdu. Zəngulələri, harayları hər kəsin yaddaşındadır. O, həm də folklorumuzun araşdırıcısı, iki folklor ansamblının yaradıcısı olub. Azərbaycan televiziyasının səhnəsində mütəmadi çıxış edən "Dastan", "Xəzinə" ansambllarını, yəqin ki, çoxları xatırlayır. Sənətkar bu ansambllarda böyük həvəs və məsuliyyətlə çalışırdı. O, həm də bir müəllim kimi öz davamçılarını yetişdirirdi.
   
   Sənətə verilən qiymət
   
   Uzun illərin zəhməti və böyük sənət eşqi cavabsız qalmamışdı. Səsi uzaq ölkələrdən gələn, musiqimizin ən müxtəlif janrlarını dünyanın dörd bir yanına səpələyən sənətkar xalqın sevgi və məhəbbətini qazanmış, sevilən ifaçı mərtəbəsinə ucalmışdı. Xalqının sənətkarı olan Baba Mahmudoğlu Azərbaycanın Xalq artisti fəxri adına, Prezident təqaüdünə layiq görülmüşdü.

   Ən yaxşı «Babaşünas»ın xatirələrindən
   
   O, sevimli həyat yoldaşı Amalya xanımı belə xarakterizə edirdi. Ona görə mən də Baba müəllimi yada salarkən onun ömür-gün yoldaşının illərlə ürəyinə hopdurduğu xatirələrini dilləndirdim: «Baba Mahmudoğlu ilə tanışlığımı heç vaxt unutmaram. İndiki Azadlıq prospektindəki yataqxanamız Neft-Kimya İnstitutunun yataqxanası ilə üzbəüz idi. Bir çox tələbələr kimi, mən də Babanı tanıyırdım. Çünki bəzən axşamlar onun səsi nəinki yataqxanaları, ətraf evləri də başına götürürdü. Tanışlığımız da elə ordan başladı. Birinci görüşümüzdəcə mənə evlənməyi təklif etdi. Sizə qəribə gəlməsin, bu, Babanın xarakterindən irəli gəlirdi. Birgə yaşadığımız illər mən bir daha bunun şahidi oldum. Baba sözü qıpqırmızı, adamın gözünün içinə deyirdi. Uşaq kimi təmiz və səmimi idi. Bədii, tarixi, fəlsəfi və siyasi əsərlərlə zəngin bir kitabxanamız var evdə. Dünya fəlsəfə tarixini çox gözəl bilirdi. Fəlsəfədən dissertasiya müdafiə eləmək istəyirdi. Otuz adda qəzet-jurnal alırdı. Çoxu da Moskva nəşrləri idi. Biz - mən və övladlarımız mütaliə xəstəsi olmuşuq. Bu da bizə Babadan keçib. Baba həssas ürək sahibi, gözəl bir insan idi. Hər şeydən əvvəl xoş sözü var idi dilində.
   Baba mənim həyatım idi. Mən onun üçün yaşayırdım. Qohum-əqrəba da çox istəyirdi onu. Nəsimi bazarının yanında darısqal birotaqlı evimiz var idi. 1962-78-ci illərdə orada yaşamışıq. Ömrünün ən gözəl çağları olub o illər... Hara gedirəm səsi qulağımdadır. Televizorda yaxşı nə görürəm, Baba yadıma düşür. Çətindir onsuz, çox çətindir».
   
   Sona doğru
   
   2005-ci ildə Opera və Balet Teatrından təqaüdə çıxan sənətkar pedaqoji və musiqi, yaradıcı fəaliyyətini davam etdirirdi. Daim axtarışda idi, nə isə yenilik etmək arzusu ilə yaşayır, çox sevdiyi sənətdən, səhnədən bir an ayrı düşmək istəmirdi. Lakin bəzən amansız tale və qəfil xəstəlik insanın arzularını yarımçıq qoyur. O da şuxluq və məğrurluğuna rəğmən xəstəliyə təslim oldu. 2005-ci ilin noyabrında insult keçirdi. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşdi. Bu dəfə həkimlər ona rayonda yaşamağı məsləhət görürlər. Bu səbəbdən sənətkar təxminən beş ayı Şamaxı rayonunun Çuxuryurd kəndində keçirir. Daha sonra Bakıya qayıdır. Dekabrın 4-ü axşam Azərbaycanda “Rusiya ili”nin bağlanış mərasimində tamaşaçı kimi iştirak edən B.Mahmudoğlu vaxtilə çalışdığı Opera və Balet Teatrının zalında görkəmli sənətkarların arasında əyləşir. Bununla tale sanki sənətkara sonuncu dəfə doğma teatrı ilə görüşmək fürsəti vermişdi. Dekabrın 6-da 66 yaşında bu dünyadan əbədi köç etdi. Sənətə, səhnəyə, ifaçılığa və xalqına, insanlığa olan tükənməz eşqini və səsinin əbədiləşdiyi lent yazılarını da bizlərə ərməğan qoyub getdi.

   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar