İosif Ploşkonun tikdiyi binalar bu gün də paytaxtımıza gözəllik verir
Bakı tarixində yeni inkişaf dövrü XIX əsrin 70-ci illərinin neft bumundan, neft sənayesində özəl sərmayə və xarici yatırımlara yaşıl işıq yandırılandan sonra başladı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Nuru Əmiraslanov, Teymur bəy Aşurbəyov, İsa bəy Hacınski, Hacı Mustafa Rəsulov, Nobel qardaşları, Rotşild və digərlərinin səhmdar cəmiyyətləri meydana gəldi.
Bu dövrdə Bakıya, əcnəbi sərmayədarlarla yanaşı, tanınmış mühəndislər, inşaat üzrə mütəxəssislər də ayaq açmaqda idi. Şəhərin ərazisi genişlənir, yeni binalar inşa edilir, rayonlar meydana gəlirdi. Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla bərabər, əcnəbi mütəxəssislər də fəal iştirak edirdilər. Şərq üslubunu heç vaxt itirməyən şəhər, eyni zamanda bir Avropa şəhərinə çevrilirdi.
Bakının arxitekturasında polyak memarlar xüsusi rol oynayıblar. Tanınmış memar Nəriman Əliyevin sözlərinə görə, Polşa memarlarının Bakıya gəlmələri ilə iri tikililər meydana çıxmağa başladı: “Artıq XIX əsrin əvvəlindən etibarən tikililər İçərişəhərin hüdudlarını aşaraq Qala divarlarından bayırda inşa edilirdi. XIX əsrin ikinci yarısında şəhərdə avropalı memarlar tərəfindən iri, çoxmərtəbəli binalar inşa olunmağa başlandı. Bu tikintilərdə polyak memarlarının təcrübəsi özünü daha çox göstərirdi”.
Bakı memarlığında yeni dövr - Ploşko tikililəri
Bu dövrdə Bakıda çalışan polyak memarlar arasında Peterburq Mülki Mühəndislər İnstitutunun məzunu İosif (Yozef) Ploşkonun (1867-1931) fəaliyyətini xüsusi qeyd etmək gərəkdir. Professor Şamil Fətullayev-Fiqarov memar haqqında yazır: “Gənc Ploşko şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olur, yerli tikinti materiallarını, əsas etibarilə, gözəl bədii keyfiyyətləri olan əhəngdaşını öyrənir, sonralar isə öz tikililərində ondan məharətlə istifadə edirdi. Bununla yanaşı, o zaman, təəssüf ki, bərbad vəziyyətdə və dağılmaqda olan Bakı qalasının nadir abidələri onun diqqətini cəlb edir. Ploşko həcm plastikası, daş üzərində nəfis oyması və ornament motivlərinin fantaziyası ilə insanı heyran edən Şirvanşahlar sarayı ansamblına xüsusilə böyük maraq göstərir. O, öz istedadı sayəsində şəhərin bəzəyinə çevrilmiş çox gözəl monumental binaların müəllifi oldu”.
Ploşkonun memarlıq aktivində çoxlu yaşayış evləri və binalar, ictimai, mülki, dini tikililər var. Bir memar kimi o, çox məhsuldar idi. Məşhur yerli milyonçular onun sifarişçiləri idilər. Ploşkonun memarlıq əsərlərinin üslubu da zəngin idi: Avropa klassikası, yüksək səviyyəli Venetsiya və fransız qotikası, xüsusilə də əsrin əvvəlində dəbdə olan modern. Onun layihələndirdiyi tikililər arasında yaşayış evləri üstünlük təşkil edirdi. Sifarişçiləri arasında milyonçu Ağamusa Nağıyev xüsusilə seçilirdi. Digər polyak memarı İ.Qoslavski H.Z.Tağıyevin yaxın memarı olduğu kimi, İ.PIoşko da A.Nağıyevin memarı idi. Ploşkonun sifarişçiləri arasında başqa Bakı milyonçuları da vardı: Murtuza Muxtarov, Nuru Əmiraslanov, polyak mənşəli Rılskilər ailəsi və s.
Monumental səciyyəli ilk işi
Nəriman Əliyevin sözlərinə görə, Ploşkonun layihələndirdiyi tikililər Bakı şəhərinin memarlıq-planlaşdırma quruluşunda əhəmiyyətli yer tutur: «Ploşkonun monumental səciyyəli ilk işi olan «İsmailiyyə» onu şəhərin memarlıq mühitində birinci sıralara çıxartdı. Əvvəl bu binanın yerində İ.Qoslavskinin layihəsi üzrə bazar tikilməli idi. Bazar tikilmədi və sahə on il ərzində boş qaldı, sonra məscid tikməyi qərara aldılar, ancaq Bakı qubernatoru şəhərin mərkəzində məscid tikməyə icazə vermədi. Yalnız 1907-ci ildə Ağamusa Nağıyev sahəni aldı və erkən vəfat etmiş oğlunun xatirəsinə «İsmailiyyə» ictimai-xeyriyyə cəmiyyətinin binasının inşasını Ploşkoya sifariş etdi. Bina planlaşdırma cəhətdən əlverişli mövqe tuturdu. Venesiya qotikası üslubunda tikilmiş dəbdəbəli «İsmailiyyə» sarayı çox plastikdir və yaxşı işlənib”.
Ağamusa Nağıyevin Torqovı küçəsindəki (indiki Nizami, 93) evi (1910) də şəhər tikintisinin miqyasını, küçənin memarlıq həllinin xarakterini müəyyənləşdirən və estetik vəzifəyə malik olan çoxmərtəbəli tikilidir. Bina Bakı moderni üslubunda tikilib, yan çıxıntılara ayrılıb, qoşa pəncərə aşırımlarına bölünüb. Ploşko özünün daha bir böyük sifarişini Bakı milyonçusu Murtuza Muxtarovdan almışdı. Milyonçu osetin xanımının arzusunu yerinə yetirərək Vladiqafqaz şəhərində məscid tikməyi memara tapşırmışdı. Ploşko Bakıda yaşadığı dövrdə islam memarlığı abidələri ilə yaxından tanış olmuşdu. Məscidin tikintisi 1908-ci ildə bitdi. Şəhər gözəl bir hədiyyə, müsəlmanlar isə dekorativ motivlərlə bəzənmiş bir ibadətgah aldı.
Şərq və Avropa üslubu
Kapitalizm dövrünün rəqabəti, sənaye sahələri ilə yanaşı, memarlıqda da özünü büruzə verirdi. Zəngin burjua nümayəndələri öz şöhrətpərəstliyini təmin etmək üçün geniş memarlıq-inşaat proqramına xüsusi əhəmiyyət verirdilər. Muxtarovun sifarişi bunu əyani surətdə nümayiş etdirdi. «İsmailiyyə» binasını bəyənən milyonçu milli - Şərq təfsirində deyil, qotika üslubunda saray tikdirməyi qərara aldı. Onun Persidski küçəsindəki sarayı (indiki M.Muxtarov, 6; 1911-1912) fasad detalları fransız qotikası ruhunda nəfis işlənib, mərkəzi qüllə formasındadır. Muxtarovun sarayı bu üslubda yaradılmış ən görkəmli işlərdən biridir. Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka küçəsindəki (Cabbarlı, 12) evi də 1910-1912-ci illərdə İ.PIoşko tərəfindən tikilib.
Memar Nəriman Əliyev bizimlə söhbət əsnasında bir vacib məqama da diqqət çəkdi: «Ümumiyyətlə, əcnəbi memarlar Azərbaycana öz vərdişlərini gətirməklə bərabər, etiraf etdilər ki, Azərbaycan memarlığı bədii-estetik cəhətdən çox zəngindir. Onlar bu elementlərdən ələlxüsus interyerdə istifadə edirdilər. Bütün zəngin adamların sifariş verdikləri binaların içində bir otağı xüsusilə yerli memarlıq üslubunda işləyirdilər. Hətta bəziləri bundan bayır memarlıqda da istifadə edirdilər. Məsələn, «İsmailiyyə» binasının memarlığı öz ruhuna və məzmununa görə yerli mühitə yaxındır. Bakı ilə Abşeronun bütün qədim abidələrində çatma tağlar üstünlük təşkil edir. Eləcə də Ploşkonun milyonçu M.Muxtarovun sifarişi ilə tikdiyi indiki «Səadət» sarayında bu elementləri görmək olar. «İsmailiyyə»də və Hacı Zeynalabdinin evinin bir otağı Azərbaycan milli memarlığı ilə işlənib. Ploşko özü də qotika və modern üslubunda evlər tikdikdən sonra yerli memarlıq mövzusuna müraciət etməyi qərar aldı. Belə ki, polyak mənşəli Rılski qardaşları Bakıda yerli milli memarlıq ənənələrinə uyğun dördmərtəbəli bina tikməyi qərara alıb, bu işi ona sifariş etdilər. Ploşko keçmiş Politseyski (indiki Məmmədəliyev, 11) küçəsində çox maraqlı memarlıq kompozisiyasına malik bir fasad hazırladı. Bu bina - Rılski qardaşlarının evi memarlıq-planlaşma və həcm-məkan həllinə görə paytaxtımızın koloritli binalarından biridir.
Onu da qeyd edək ki, 1920-ci illərdə Ploşko Bakıda mühəndis kimi işləyib və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsinin müzakirəsində iştirak edib. Memar 30 ilə yaxın Bakıda yaşadıqdan sonra 1925-ci ildə Varşavaya, daha sonra isə Fransaya köçüb və orada dünyasını dəyişib.
Mehparə