Növbəti Dünya Forumu 2013-cü ildə keçiriləcək
   
   Azərbaycan prezidenti İlham Əliyev Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə fərman imzalayıb. 
   Fərmanda qeyd olunur ki, 2011-ci il 7-9 aprel tarixlərində Azərbaycanda 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinə təşviq edilməsi Forumun əsas məqsədi olub.
   Fərmanda ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu qeyd olunur və müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsinin zəruriliyi vurğulanır. Fərmana əsasən, Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə 2011-ci ildən başlayaraq hər iki ildən bir ölkəmizdə Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək.
   Fərmanda Dünya Forumunun təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir.
   Nazirlər Kabinetinə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili ilə bağlı təklifləri iki ay müddətində ölkə prezidentinə təqdim etmək tapşırılıb.