Dövrünün çox mədəni-mənəvi yaralarına yaramış Əbdürrəhim bəy Haqverdiyev
   
   Sözsüz, əsl ədiblər özlərindən çox öz xalqı, öz bəşəriyyəti üçün yaşayıb-yaradırlar. Daha çox “özgələr”çün işləyən belələrinin qədir-qiymətini, tərif-təltifini isə sonralar (bəzən çox-çox sonralar) elə həmin o özgələr verir, deyir və yazırlar...
   
   Bu saysız-hesabsız deyimlərdən ikicəsini xatırlatmaq bəs edər, zənnimcə. Birini M.Arazdan: “Nazim qırx il, düz qırx il dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaltdı. Bəs ondan şairə nə çatdı?!”, birini Balzakın arvadından: “Bizim Onere hər işdə dahidir, fərasətlidir, əvəzsizdir, - evə pul gətirməkdən başqa...”
   Bəy şəcərəli Əbdürrəhim bəy Haqverdiyev də eləcə. Bütün ömrü uzunu beynini milli-mədəni problemlərə yönəltdi, ürəyini millətçün döyündürdü, əlinin biriylə qayğıkeşlik, o biriylə qələmkeşlik etdi.
   Onun doğulduğu elatın dağları, qayaları, bulaqları da - bir çox məşhuri-cahan eloğluları kimi, məşhuri-Azərbaycandır və bu məqam “sözün evi”nə əl verənlərdən danışmalıyıq ki, adları dillər əzbəri olan həmin Şuşa bulaqlarından biri onun doğulduğu kəndə ad olunub:
   
   Ağbulaq
   
   Əbdürrəhim 1870-ci il mayın 17-də Şuşa yaxınlığındakı həmin kənddə göz açıb dünyaya. Oranın təbiət gözəlliklərindən zövq ala-ala böyüyüb və tezliklə baxışlarında təbiət aləmilə cəmiyyət aləmi arasındakı fərqlərə də varıb. On yaşında gedib ibtidai təhsilə başlayacağı Şuşa şəhərində yaşından böyük məsələlər haqda düşünüb-daşınırmış. On doqquz yaşınadək Şuşa realnı məktəbində, qısa müddət olduğu Tiflis realnı məktəbində, daha sonra Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunda (1891-99) oxuduğu dövrlərdə isə özünü millətinin mənəvi qurdlarına çomaq, “mədəni söküyünə yamaq” düşüncələri üstdə kökləyirmiş. Elə bu institutun tələbəsi ikən yazdığı (1896) “Dağılan tifaq” əsərini 1899-cu ildə Peterburqda çap etdirməsi faktı gələcəyin böyük yazıçısının qürbətdəki gənclik əzmi haqda çox söz demirmi? Sonra da Şuşaya qayıdıb bütün şəhəri mənəvi təlatümə gətirən çalışmaları, peşəkar mizan-düzənli tamaşalar hazırlaması, çağının dünyəvi elementlərindən xali olmayan Şərq konsertləri təşkil etməsi, təbii istedadlar Şuşasını ədəbi-bədii ustadlar mərkəzinə çevirmək cəhdlərilə ilgili məlumatlara nə təəccüblənmək?
   O dövr rabitələri baxımından çox uzaq, din-məzhəbcə yad bir şəhərin Yol Mühəndisləri İnstitutunda oxuyan bu gənc daha çox milli-mənəvi yol haqda fikirləşdiyindən, elə həmin institutda tələbə ikən “azad müdavim” sifətilə Sankt-Peterburq Universitetinin Şərq fakültəsində müntəzəm dinləyici kimi də iştirak edir, doğma Vətənində boşaldacağı dünyəvi maarif-mədəniyyət, ədəbi-bədii qənimətlərlə yüklənirdi.
   Əbdürrəhim bəy bu milli-mənəvi yüksəliş yüklənişinin bünövrəsinə, dediyimiz kimi, hələ Şuşada ikən başlamışdı. Sonralar “Yeyərsən qaz ətini, görərsən ləzzətini” məzhəkəsinin güllərini, “Ovçu Pirim”i “bəzəyəcəyi”, “Ata və oğul”a, “Ayın şahidliyi”nə, “Hacı Daşdəmir”ə, “Pəri-cadu”ya düzəyəcəyi elementləri o, elə Tanrının gözəllik yazılarına bənzəyən Şuşa ətrafı cığırlardan, şəhəriçi dolanbaclardan, qocaların-qarıların kəlam yağ-yatımından, cavanların sözatımından götürmüşdü. Bir nərin çəkə bilməyəcəyi qədər yüklənib gəlirdi ədəbiyyata, sənətə, mədəniyyətə. Millətə, oxucuya gərəkən hər nə dürr desən, vardı o yükdə. Gördüklərində sinonimlik də vardı, omonimlik də, amma antonimlikləri daha çox qabartmalı olurdu bu vətəndaş-ədib. Bu, bir az da zamanın tələbi imiş, görünür. Onu oxuduqca belə bir mətləb də hasil olur ki, tragikliklə komiklik dünya anadan əkiz doğulub. Onu oxuyanda baxmağı da bacarsan, mütləq görəcəksən: bu dünyada hər iki gözdən biri tragediya üçünmüş, o biri komediya üçün. Qulaqlar da onun kimi. Yoxsa, insanın orta yaşı çox az olarmış. Ya ələmdən oyuluban gedərmiş, ya nəşədən bayılıban. Tutalım, “Qarabağın maralı” deyilən o qızla axı nə qədər Qırxqız yaylağına, oradan da ceyran-cüyür oylağına getmək, İsa bulağına enmək olar? Hərdən “Marallarım”, “Şeyx Şaban”, “Xortdanın cəhənnəm məktubları” kimi uğunuşlar, “Dağılan tifaq”, “Bəxtsiz cavan” sayaq ağınışlar da yazıb, o maral qızın ata-anasına, qohum-qardaşına, küll-soydaşına bir az da mənəvi istiot da dadızdırmamalımı?..
   Deyim ki (əslində, bəlli olduğu kimi), Əbdürrəhim bəy özü də, maya-mahiyyətində qarşıdurmalıq olan bu əbədi ikiliyin ikincisilə daha çox üzləşməli olub. Qismətinə həyatın şirin halvasından çox, acı bibəri düşüb ki, bunu -
   
   Yazıçının tale yazısı -
   
hər şeydən yaza-yaza bütün gələcəyə yazılma, millətinin tarixinə qovuşma da adlandırmaq olar.
   Otuz yaşını keçər-keçməz Əbdürrəhim bəy Azərbaycanın hər tərəfindən görünür, azacıq səviyyəsi olan yurddaşlar, vətəndaşlar tərəfindən dəyərləndirilirdi. O, 1905-ci il inqilabının yaratdığı ictimai-siyasi ab-havanın nəticəsi olaraq Rusiya Dövlət Dumasına nümayəndə (Gəncə quberniyasından) seçilmişdi. Bu fürsət onun yenidən Sankt-Peterburqa getməsinə səbəb olur və gənc ədib orada “Ağa Məhəmməd şah Qacar” əsəri üçün tarixi mənbələrlə tanış olmaq imkanı əldə edir. Üzləşdiyi məqamlar, ictimai-sosial situasiyalar, cari “zəmanə adamları” bu əbədi zaman adamını “ordan bura-burdan ora” marşrutlarına salır. Peterburqdan sonra 1907-ci ildə İrana səfər edən ədib, ertəsi il Şərqin ilk operası xəbərilə tədqiqat işini yarımçıq qoyub, Bakıya qayıtmalı olur. “Leyli və Məcnun”un ilk tamaşasına dirijorluq edir. Dövrün mədəniyyət-mənəviyyat hamisi olan “Nicat” cəmiyyətində, habelə Kür-Xəzər gəmiçiliyi idarəsində çalışdığı dövrlərdə bütün Zaqafqaziyanı, Orta Asiyanı, Dağıstan və Volqaboyunu gəzib-dolaşmalı olan böyük qələm adamı əsrin Qələm məbədi kimi tanınan “Molla Nəsrəddin” jurnalında hekayələr dərc etdirir, “Xortdan”, “Lağlağı”, “Süpürgəsaqqal”, “Ceyranəli”, “Mozalan” və başqa adlarla felyetonlar, məzhəkələr, tənqidi materiallarla çıxış edir.
   Daha sonra Həştərxan səfəri. Bu şəhərin ictimai-mədəni həyatında çox işlər görür, bir çox problemlərin həllində iştirak edir. 1911-15-ci illərdə - dostlarından birinin replikası ilə desək, - “Ağdam ömrü” yaşamalı olur və burada da “xalq adamı” adıyla tanınır. Ağdamdan Tiflisə səfər edən bu “mütəhərrik-mühərrik insan” orada çıxan aylıq məcmuəyə (“Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri”) müdirlik edir. Fevral inqilabından sonra isə Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilir, ardınca Borçalı qəzasına müvəkkil təyin olunur.
   Nəhayət, Azərbaycanda sovet hakimiyyəti qurulur və buna qədər bir çox ciddi işlərdə, vəzifələrdə çalışmış bu qabil kadr dövlət teatrlarına müfəttiş görəvində görülür. Bir az sonra Azərbaycan milli peşəkar teatrının 50 illiyi münasibətilə keçirilən yubiley tədbirlərinə başçılıq etmək kimi bir “hörmət-izzət”ə layiq bilinir. Azərbaycan Dövlət Universitetində oxuduğu mühazirələrin, elmi kadrların hazırlanması, Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayına hazırlıq işlərində çalışmaları isə o dövrün mətbuat səhifələrində çox yüksək qiymətləndirilmiş, elmi-populyar materiallarda layiqincə dəyərləndirilmişdir. Rusiya Elmlər Akademiyası nəzdində olan ölkəşünaslıq bürosunun beşinci sessiyasında yekdilliklə müxbir üzv seçilmiş, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olmuşdur. Dünya ədəbiyyatından maraqlı nümunələri dilimizə çevirən ədibin bir sıra əsərləri əcnəbi xalqların dillərinə tərcümə edilmişdir.
   Səfərləri, çalışmaları, vəzifə görəvləri bunlarla yekunlaşmayan bu böyük sənətkarın “partiya və hökumət” tərəfindən dəyərləndirilməsi isə iki notdan o yana keçmir: Əməkdar incəsənət xadimi (1932) və ölümünə bir neçə gün qalmış Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fəxri fərmanı...
   1933-cü ildə vəfat etmiş bu çox ciddi və çox “güləyən” yazıçı öz dünyadəyişiminə dördcə il geciksəydi, çox güman ki, indi Fəxri xiyabanda yox, çox nəhənglərin səbrini kəsən Sibirlərdə uyuyurdu...
   Bu ölçü-biçili ad yiyəsi, sənət sahibi bir az da yaşayıb “Xalq yazıçısı” adının təsis-təltifinə çatmasa da, millət rəyilə verilən halalca bir ad sahibidir, - zənnindəyəm: Xalq oğlu!..
   
   Tahir Əhmədalılar