Azərbaycan
20 may 1883 - Azərbaycanın Xalq artisti, opera müğənnisi Konstantin Lvoviç Knijnikov (1883-1.11.1952) anadan olub. 1930-40-cı illərdə Opera və Balet Teatrının solisti olub.
20 may 1884 - Ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə doğulub. "Molla Nəsrəddin" jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.
20 may 1904 -Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) Şamaxı qəzasının Basqal kəndində doğulub. «Yoxuşlar», «Müharibə», «Dostluq qalası», «Tərs adamlar», «Dünya qopur» və s. romanların müəllifidir.
20 may 1907 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (1907 - 2.8. 1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
20 may 1920 - Bakıda Əli Bayramov adına Mərkəzi Qadınlar Klubu açılıb. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü ilə milyonçu Murtuza Muxtarovun evində (indiki "Səadət" sarayının binası) yaradılan kluba Ceyran Bayramova rəhbərlik edirdi. Bir sıra tanınmış aktyor və müğənnilər sənətdə ilk addımlarını burada atıblar.
20 may 1920 - Filosof alim, professor, Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Göyüşov (1920-1984) Ağdamda anadan olub.
20 may 1923 - Dramaturq, publisist Rauf Əbdülbaqi oğlu İsmayılov (1923-1980) Bakıda doğulub. «İkinci ailə», «Son məktub» pyesləri səhnəyə qoyulub.
20 may 1929 - Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929-19.4.2006) Qazax rayonunun Kəmərli kəndində doğulub.
20 may 1930 - Şair Tapdıq Şirin oğlu Orucov (1930-2004) anadan olub.
20 may 1946 - Xalq şairi, publisist, tərcüməçi, ictimai-siyasi xadim Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, «Qan yaddaşı», «Ömür kitabı», «Atamın ruhu», «Xətai yurdu» və s. kitabların, “Cavad xan” filminin ssenari müəllifidir. 1990-cı ildən Azərbaycan parlamentinin deputatıdır.
22 may 1888 - Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888-28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib. Hekayələri: "Ağıl dəryası", "Buğda qurusu", "Vəsiyyət" və s.
22 may 1918 - SSRİ Xalq artisti, görkəmli rejissor, aktyor, pedaqoq Mehdi Əsədulla oğlu Məmmədov (1918-28.1.1984) Şuşada doğulub. Gəncə Dövlət Dram Teatrında (1942-1945), Opera və Balet Teatrında (1956-1960), Akademik Milli Dram Teatrında (1960-1963), Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor olub. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya Mürşüdov) çəkilib. Dövlət Teatr (İncəsənət) İnstitutunun professoru olub.
22 may 1928 - Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928-2000) anadan olub.
22 may 1937 - Bəstəkar, Xalq artisti, professor Aqşin Əliqulu oğlu Əlizadə Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” ,“Ümid valsı” baletləri, “Azərilər” kantatası, simfoniyalar, digər janrlarda əsərlərin müəllifidir. Filmlərə musiqi yazıb: “Tütək səsi”, “Rəqiblər” (“Ömrün səhifələri”), “Gözlə məni”, “Ötən ilin son gecəsi”, “Sizi dünyalar qədər sevirdim” və s.
23 may Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür . Prezident İlham Əliyevin 16 may 2007 tarixli sərəncamı ilə təsis olunub.
23 may 1524 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 - 1524) vəfat edib. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. «Xətai» təxəllüsü ilə şeirlər yazıb. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
23 may 1919 - Xalq yazıçısı Hüseyn İbrahimov (1919 - 10.4.2008) Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Əsrin onda biri” , “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir. Naxçıvan Ali Sovetinin sədri (1963-1967) işləyib.
23 may 1923 - Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki M.F.Axundzadə adına Milli Kitabxana) təntənəli açılışı keçirilib. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə kitabxanaya görkəmli mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adı verilib.
23 may 1955 - Tanınmış şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli (Vaqif İttifaq oğlu Quliyev) Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 20-dək şeir, publisistika, hekayə və tərcümələrdən ibarət kitabların müəllifidir.
23 may 1986 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından olan Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2. 1911, Şuşa - 1986) vəfat edib. Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976).
Dünya
20 may 1799 - Dünya ədəbiyyatının klassiki, fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 - 18.8.1850) anadan olub. "Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Evgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
20 may 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
20 may 1830 - Fransız yazıçısı Ektor Malo (Hector Malot. 1830-1907) anadan olub.
20 may 1851 - Alman əsilli Amerika alimi, qrammofonun ixtiraçısı Emil Berliner (1851-1929) anadan olub.
20 may 1882 - Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset, 1882-1949) anadan olub.
20 may 1923 - Cənubi Afrika Respublikasının tanınmış yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer) anadan olub.
20 may 2009 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (23.2.1944 - 2009) vəfat edib. Filmləri: “Həmin o Münhauzen”, “Mənim nəvazişli zərif heyvanım”, “Məşuq”, “Çar” və s.
21 may Dünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günüdür. BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.
21 may 1471 - Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer, 1471-1528) anadan olub.
21 may 1855 - Belçika şairi, dramaturq və tənqidçi Emil Verharn (1855-1916) anadan olub.
21 may 1906 - SSRİ Xalq artisti, rejissor, aktyor, ssenarist Sergey Gerasimov (1906-1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s. ÜDKİ-də dərs deyib, aktyor və rejissorların (o cümlədən Azərbaycandan) hazırlanmasına töhfə verib.
21 may 1937 - Məşhur gürcü aktrisası Sofiko Mixaylovna Çiaureli (1937-2008) anadan olub. Filmləri: “Qəm yemə”, “Əlibaba və 40 quldur”, “Qadını axtarın”.
22 may 1813 - Alman bəstəkarı, dramaturq, musiqişünas, filosof Rixard Vaqner (Wilhelm Richard Wagner, 1813-1883) anadan olub. Vaqnerin qatı millətçi ruhlu musiqi əsərləri Almaniyada nasizmin ilham qaynaqlarından olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya - “Reyn qızılı”, “Valkiriya”, “Ziqfrid”, “Tanrıların ölümü”).
22 may 1859 - İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle, 1859-1930) anadan olub. Xəfiyyə Şerlok Holmsun macəralarından bəhs edən əsərlərlə məşhurlaşıb.
22 may 1885 - Fransız romantizminin banisi, görkəmli yazıçı Viktor Hüqo (Victor Marie Hugo; 26.2.1802 - 1885) vəfat edib. Əsərləri: «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» (romanlar), “Kromvel”, “Ernani”, “Mariya Tüdor” (pyeslər) və s.
22 may 1891 - Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 - 11.10.1958) anadan olub.
23 may 1891 - İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Çırtdan”, “Varavva”, “Savilla” (romanlar), “Qəlbsiz insan”, “Qaranlıqda qələbə” (pyeslər).
23 may 1921 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Çuxray (1921-2001) anadan olub. Filmləri: “Qırx birinci”, “Əsgər haqqında ballada” və s.
Hazırladı: Vüqar Orxan