Azərbaycan
   
   11 iyun 1892 - Azərbaycanın Xalq artisti, opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892-15.6.1968) Saratovda doğulub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. “Koroğlu” (Koroğlu), “Aida” (Radames), “Karmen” (Xoze) və s. operalarda çıxış edib. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
   11 iyun 1913 - Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 - 2.11.1988) Bakıda anadan olub. 1938-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı kimi tanınıb. Kinoda ilk işi 1936-cı ildə “Almaz” filmində Yaxşı rolu olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.
   11 iyun 2002 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" fərman imzalayıb.
   
   12 iyun 1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna) Ağstafa rayonunun Muğanlı kəndində doğulub. Tarixi və fəlsəfi romanları («Məhşər», “Yanar ürək”, «İdeal» və s.) yazıçıya böyük şöhrət gətirib. "Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.
   12 iyun 1932 - Xalq artisti, tanınmış gülüş ustası Hacıbaba Ağarza oğlu Bağırov (1932 - 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb. 1989-1996-cı illərdə "Tənqid-təbliğ" teatrına, 1996-2006-cı illərdə Musiqili Komediya Teatrına rəhbərlik edib. Çəkildiyi filmlər: "Ulduz" (Möhsün), "Qanun naminə” (Arif), "Onun bəlalı sevgisi" (Qaraxalov), "Alma almaya bənzər" (Məmmədəli), "Şirbalanın məhəbbəti" (Şirbala).
   12 iyun 1943 - Tanınmış kinodramaturq və rejissor, Xalq artisti Oqtay Mir Əsədulla oğlu Mir Qasım Bakıda doğulub. Filmləri: “Gümüşü furqon”, “Cin mikrorayonda”, “Anlamaq istəyirəm”, “Şeytan göz qabağında”, “Ovsunçu”, “Günaydın, mələyim! və s.
   
   13 iyun 1709 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi (1709-1808) Qazaxda anadan olub. Yaradıcılığı ilə aşıq şeirinin inkişafına böyük töhfə verib.
   13 iyun 1927 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927-30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (qonaqlıq səhnəsində kamança ifaçısı) çəkilib.
   13 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. İyunun 17-dək davam edən qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək respublika yazıçıları müxtəlif birliklərdə fəaliyyət göstərirdilər. 1923-cü ildə "Türk ədib və şairlər ittifaqı dərnəyi", 1925-ci ildə "Qızıl qələmlər" ədəbi cəmiyyəti qurulmuş, 1927-ci ildə Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yaranmışdı. ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar İttifaqı təsis edildi.
   13 iyun 1959 - Xalq artisti, tanınmış aktrisa Bəsti Əli qızı Cəfərova anadan olub. Səhnə fəaliyyətinə 1978-ci ildən başlayıb. Akademik Milli Dram Teatrının səhnəsində yaddaqalan obrazlar yaradıb: Xavər ("İblis"), Solmaz ("Od gəlini"), Bənövşə ("Nişanlı qız"), Ağabəyim ağa (“Hökmdar və qızı") və s. Film (“Günaydın, mələyim!) və televiziya tamaşalarında çəkilib.
   
   Dünya
   
   11 iyun 1811 - Rus ədəbiyyatşünası və filosofu Vissarion Qriqoryeviç Belinski (1811-1848) anadan olub.
   11 iyun 1864 - Alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss, 1864-1949) anadan olub. Simfonik poema və operaların (“Elektra”, “Kölgəsiz qadın”, “Arabella” və s.) müəllifidir.
   11 iyun 1899 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub. Əsərləri: “Dağın naləsi”, “Köhnə paytaxt” romanları, “Qarlı dağ”, “Minillik durna” povestləri və s.
   11 iyun 1910 - Məşhur fransız dəniz səyyahı, fotoqraf, rejissor, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910-1997) anadan olub.
   
   12 iyun 1819 - İngilis yazıçısı Çarlz Kinqsli (Charles Kingsley; 1819- 1875) anadan olub.
   12 iyun 1921 - İspan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921-2010) anadan olub. Satirik kinonun nümunələrindən olan “Xoş gəlmisiniz, cənab Marşall”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib.
   
   13 iyun 1865 - İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Uilyam Yits (William Butler Yeats: 1865-1939) anadan olub.
   13 iyun 1940 - Keçmiş Yuqoslaviyanın məşhur aktyoru Qoyko Mitiç (Gojko Mitic) anadan olub. Hindulardan bəhs edən filmlərdə (“Çinqaçuk - Böyük İlan”, “Böyük Ayı bürcünün oğulları” və s.) rolları ilə şöhrət qazanıb.
   13 iyun 1943 - İngilis kinoaktyoru Malkolm Makdovel (Malcolm McDowell) anadan olub. Filmləri: “Kaliqula”, “Çar qatili”, “Pişik-insanlar” və s.
   
   Hazırladı: Vüqar Orxan