Azərbaycan
   
   18 iyun Azərbaycanda “İnsan hüquqları günü”dür. 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Əlamətdar gün Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.
   18 iyun 1917 - Xalq artisti, bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.
   18 iyun 2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib.
   
   19 iyun 1900 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 - 11.2.1981) Tiflisdə doğulub. Yeniyetmə yaşlarında Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Kəndlilər”, “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Bizim küçə”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.
   19 iyun 1933 - Əməkdar memar Avrora Əbdüləziz qızı Salamova (1933-1986) anadan olub.
   
   20 iyun 1898 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (1898 - 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə Tiflis Azərbaycan Dram Teatrında başlayıb, 1925-ci ildə Bakıya gələrək ömrünün sonunadək Dövlət Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   20 iyun 1915 - Xalq artisti, aktyor Süleyman Ağababa oğlu Ələsgərov (1915-10. 12.1998) Bakıda anadan olub. Ən populyar ekran obrazı "Bizim Cəbiş müəllim" filmində oynadığı baş roldur. “Bəxtiyar” (klub müdiri), “Dağlarda döyüş” (mayor Poladov), “Babamızın babasının babası” (professor), “Babək” (əyan) və s. filmlərdə çəkilib.
   20 iyun 1921 - Görkəmli bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 - 25.3.1992) Bakının Balaxanı kəndində doğulub. Xor üçün işlənmiş “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, «Sabir», «Hüseyn Cavid» oratoriyaları, “Azad”, “Xanəndənin taleyi” operaları, “Təzə gəlin” operettası və çoxsaylı mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərinə musiqi yazıb.
   20 iyun 1924 - Biblioqraf, ədəbiyyatşünas, professor Nazim Fərrux oğlu Axundov (1924- 10.3.1994) anadan olub.

   Dünya
   
   18 iyun 1812 - Rus yazıçısı İvan Aleksandroviç Qonçarov (1812-1891) anadan olub. “Oblomov”, “Uçurum”, “Adi əhvalat” romanlarının müəllifidir.
   18 iyun 1929 - Müasir dünya fəlsəfəsinin görkəmli nümayəndəsi, alman sosioloqu Yurgen Habermas (Jürgen Habermas) anadan olub.
   18 iyun 1935 - SSRİ Xalq artisti, məşhur rus aktyoru Yuri Solomin anadan olub. Filmləri: “Əlahəzrətin yavəri”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” və s.
   18 iyun 1936 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3. 1868 - 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (roman); “Uşaqlıq”, “Mənim universitetlərim” (povest); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyes) və s.
   18 iyun 1942 - İngilis müğənnisi və bəstəkarı, əfsanəvi «Bitlz» qrupunun üzvü Pol Makkartni (James Paul McCartney) anadan olub.
   
   19 iyun 1623 - Məşhur fransız filosofu, fizik, riyaziyyatçı, ədəbiyyatşünas Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. Riyazi analizin banilərindən biri, “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.
   19 iyun 1920 - Fransız kinorejissoru İv Robber (Yves Robert, 1920-2002) anadan olub. “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s. komediyaların müəllifidir.
   19 iyun 1924 - Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov”, “Sübhədək yaşamalı” və s. Bir çox əsərləri əsasında filmlər çəkilib.
   
   20 iyun Dünya qaçqınlar günüdür (World Refugee Day). BMT Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 4-də təsis edilib.
   20 iyun 1819 - Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach, 1819-1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.
   20 iyun 1932 - Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub”, “210 addım” poemaları və s.
   20 iyun 1933 - Amerika aktyoru, ssenarist Danni Ayello (Danny Aiello) anadan olub. “Bir dəfə Amerikada”, “Qahirənin al qızılgülü”, “Leon” və s. filmlərdə çəkilib.
   20 iyun 1941 - İngilis kinorejissoru Stiven Frirz (Stephen Arthur Frears) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Şeri” və s.
   20 iyun 1967 - Məşhur Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Nikol Kidman anadan olub.
   
   Hazırladı: Vüqar Orxan