İyulun 28-də daha bir sənətkarımızı itirdik. Ustad xanəndə, Xalq artisti Tələt Qasımov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Muğam sənətimiz unudulmaz ifaçısını itirdi. O sənətkarı ki, 23 ildir xanəndəliyə son versə də, zamanında yaratdığı bənzərsiz ifaları ilə daim xalqın yaddaşında idi, sevilirdi və unudulmurdu.
   
   Onda hələ uşaq idim. Televizorda muğam konserti verirdilər. Bu o zamanlar idi ki, Tələt Qasımov qavalı əlindən yerə qoymamışdı və böyük şövqlə “Çahargah” oxuyurdu. Bu o zamanlar idi ki, Tələt Qasımov sənətinin ən qaynar çağlarını yaşayırdı, “Mayeyi-Şur” oxuyurdu...
   
   Musiqiyə erkən yaşlarından həvəs göstərmişdi. İlk vaxtlar mərsiyəxanlıq etmiş, sonralar meylini muğama salmışdı. Xanəndə xatirələrində bu barədə belə deyirdi: “Ana babam məni o qədər də çox sevməzdi. Mərsiyəxanlıq etdiyim vaxtlar idi. Növbəti çıxışlarımın birində ev sahibi mənə tapşırdı ki, məclisdə Qafqazın tanınmış şeyxləri iştirak edir, ona görə də çalış çıxışın zamanı Əbülhəsən Racinin yaradıcılığına daha çox müraciət edəsən. Məclis bitəndən sonra şeyxlərdən biri məni yanına çağırıb kimlərdən olduğumu soruşdu. Bir neçə gün sonra babam məni yanına çağırtdırıb alnımdan öpdü və həmin gündən babamın ən əziz nəvələrindən biri oldum. Muğama böyük həvəsim var idi. Öyrənirdim. Bir də o zamanlar Bakıda ayrı ab-hava var idi. Mirzə Mənsur, Seyid Şuşinski və Qurban Pirimovun yanında dayanıb saatlarla söhbətlərinə qulaq asardım. Bir kəlmə belə danışmazdım. Mənim ustadlarım güclü olub. Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirlərini dərindən mənimsəməyə çalışdım və onların ənənələrini davam etdirdim. İlk illərdə hətta ustadlarımı yamsılamışam da. Amma şükürlər olsun ki, Tələt Qasımov yolunu tuta bildim, tanındım, xalqım tərəfindən sevildim”.
   Tələt Qasımov bir çox muğamları və təsnifləri məharətlə, xüsusi şövqlə ifa edirdi. Onun ifasında “Rast”, “Şur”, “Segah-Zabul” muğam-dəsgahları, “Şüştər” təsnifi Azərbaycan Dövlət Televiziyası və Radiosunun fondunda saxlanılır.
   Xalq artisti adına layiq görülən xanəndə həmişə xalqın arasında idi. Bu illər ərzində həmişə sadə gördüm onu. Tanışların, dostların xeyir-şərindən qalmazdı. Ötən illəri xatırlayıb başına gələn maraqlı hadisələrdən söz açar, eyni zamanda nəsihətlərini, tövsiyələrini gənclərə çatdırardı.
   Tələt Qasımov əhli-ürfan idi. Səs Allahın insana bəxş etdiyi böyük nemətdir. O, səs və söz sahibi idi, danışdığı zaman biz düşünən və düşündürən fəlsəfə karvanının yolçusu olurduq. Deyirdi ki, çalışıram, mənə diqqət kəsilənlərə xoş ovqat bəxş edim. Elə buna görə də harada Tələt müəllim var idi, orada xoş əhval hökm sürürdü. Bəzən gənclik, uşaqlıq illərini yada salar köhnə zamanların xiffətini də çəkərdi.
   Həcc ziyarətindən sonra daha oxumadı. Ürəyini qəzəllərlə, şeriyyatla boşaldardı. Sinəsi açılmamış dəftər idi. Qəzəllərlə yanaşı, aşıq yaradıcılığını da gözəl bilirdi. Heç kəsin bilmədiyi qəzəllərin kitabı idi Tələt Qasımov. Heç bir yerdə nəşr edilməyən qəzəlləri əzbərdən bilirdi. Yeri gələndə bu qəzəlləri gənc xanəndələrə öyrədərdi. Gəncləri dəstəkləyərdi, onları öyrənməyə çağırardı. “Kim nə istəyirsə, verərəm, təki gənc nəsil öyrənsin” - deyərdi.
   Söhbətlərinin birində demişdi: “Sənətkarı xalq sevməlidir. Gəlib bu yaşa çatmışam, həmişə xalqımdan sevgi və hörmət görmüşəm. Özümü dərk edəndən həyatın hər bərk-boşundan çıxmışam. Həmişə istəmişəm ki, sənətimi yaxşı büruzə verim. İnsan gərək sənətinin üstündə çalışsın. Mən gecə də oyanıb qəzəlləri təkrarlayıram. Mən 20 ildir əlimə qaval alıb muğam ifa etmirəm, amma çalışıram ki, qəzəlləri unutmayım. Şeriyyatsız, qəzəlsiz muğamın kimliyi bəlli olmaz”.
   Üç kitab çap etdirmişdi. Ədalət Vəzirov, Hacıbaba Hüseynov və Yaqub Məmmədov haqqında. Sənətkarların əbədi yaşamasını istəyirdi. Nə vaxtsa lentə yazdırmadıqları muğam dəsgahları üçün təəssüf edirdi.
   
   * * *
   Xanəndənin sənət dostları müqəddəs Ramazan ayının seçilmiş günündə haqq dünyasına qovuşan Tələt Qasımovu xoş xatirələrlə, kövrək hisslərlə xatırlayırlar.
   
   Xalq artisti, xanəndə Arif Babayev:
   - Tələt Qasımovun sənətindən əlavə, ilk olaraq insanlığından danışmaq istəyirəm. Çox müsbət keyfiyyətlərə malik bir insan idi. Ünsiyyətcil, yaxşı mərifət əhli idi. Onda xanəndəyə məxsus bütün keyfiyyətlər var idi. Seyid Əzimi, Füzulini, Əliağa Vahidi, klassiklərimizi dürüst bilirdi. Heç vaxt ara qəzəllər ifa etməzdi. Həmişə klassika oxuyardı. Hecanı da gözəl bilirdi. Müasir ədəbiyyatdan da xəbərdar idi. Bütün yeni nəsil ifaçıları izləyər, yeri gələndə fikirlərini bildirərdi. Bu gün gənc nəsil onun yaradıcılığından çox şey öyrənə bilər. Qəbri nurla dolsun.
   Xalq artisti, xanəndə Ağaxan Abdullayev:
   - Tələt haqqında danışmaq həm xoşdur, həm də kədərli. O əsl xanəndə idi. Tələt kimi xanəndələrin ustad sənətkar adlandırılmağa tam haqları var. Onun üstün cəhəti onda idi ki, ədəbiyyatı və qəzəliyyatı gözəl bilirdi. Muğamlarda gözəl qəzəllər seçib istifadə edirdi. Tələffüzü çox aydın və səlis idi. Bu xüsusiyyəti onu daha çox fərqləndirirdi. Tələt iti yaddaşı ilə seçilirdi. Muğamlarımızı dürüst, klassik şəkildə çatdırmağı, heç bir əlavələr etməməyi onu xalqa sevdirmişdi. Təsnifləri gözəl ifa edirdi. Seçimi ilə həmişə xalqın zövqünü oxşayırdı. Onun haqqında çox danışmaq olar. Uzun illərdir ifaçılıq etməsə də, xalq onu çox sevirdi. Bu da onun nümunəsi idi ki, zamanında ifasını xalqa çatdıra bilmişdi və sevilmişdi.
   
   Xalq artisti, tarzən Firuz Əliyev:
   - Sənətə gəlməyimdə Hacı Tələtin böyük rolu olub. Bu yolda çox köməklik göstərib mənə. Buna görə həmişə ona minnətdar olmuşam. İndi düşünürəm ki, nə yaxşı bir zamanlar bu insanla muğam, ifaçılıq barədə fikir mübadiləsi aparmışıq. Həmin günlərin xoş xatirəsi bu gün Tələt müəllim haqqında xoş sözlər deməyə imkan yaradır.
   
   Xalq artisti, tarzən Ramiz Quliyev:
   - Dostlarımın ən böyüyünü, ən sədaqətlisini itirdim. Hacı Tələt xalqın, elin adamı idi. Muğamın şeriyyatın, qəzəliyyatın adamı idi Tələt Qasımov. Onun kimi xanəndələr nadir yetişər və özündən sonra uzun zaman bir boşluq yaradar sənətdə. Allah rəhmət eləsin. Ruhu şad olsun.
   
   Əməkdar incəsənət xadimi Çingiz Abbasov:
   - Tələt Qasımovun ölüm xəbərini eşidəndə çox sarsıldım. Elə bu yaxınlarda, iyun ayının 17-də “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişini xanəndənin 80 illik yubileyinə həsr etmişdik. Verilişin aparıcısı Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov və qonaqlar - xalq artistləri Ağaxan Abdullayev və Firuz Əliyev xanəndə haqqında maraqlı bir efir hədiyyə etdilər tamaşaçılara. Veriliş gözəl alınmışdı. Özünə də zəng edib xəbər vermişdik. Efirdən sonra zəng edib minnətdarlığını bildirdi. Çox xeyirxah insan və böyük sənətkar idi. Muğamlarımızla bərabər xalq mahnılarımızın da mahir ifaçısı idi. “Dəli ceyran” xalq mahnısına, Bəhram Nəsibovun “Səni qəmli görəndə” mahnısına möhür vurmuşdu.
   
   Milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan, ifası ilə musiqi salnaməmizi zənginləşdirən, ötən ay 80 yaşını qeyd edən daha bir sənətkarımızı son mənzilə yola saldıq. Ruhu şad olsun.
   
   Lalə Azəri