Azərbaycan
   
   2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda yaşayan fransalı fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti nümayiş etdirib: “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat). Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust Azərbaycan Kinosu Günü elan olunub.
   2 avqust 1955 - Tanınmış aktyor, Xalq artisti Fəxrəddin Manafov Xankəndi şəhərində anadan olub. Çəkildiyi filmlər: “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” və s.
   2 avqust 1969 - Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907 - 1969) vəfat edib. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
   2 avqust 1980 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 - 1980) dünyasını dəyişib. 1952-ci ildən Dövlət Akademik Milli Dram Teatrında rejissor, 1964-cü ildən baş rejissor işləyib. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması Tofiq Kazımovun adı ilə bağlıdır.
   2 avqust 1984 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə, 20.8.1912 - 1984) vəfat edib. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
   2 avqust 2009 - Xalq artisti, aktyor Elxan Ağahüseyn oğlu Ağahüseynov (8.12.1942 -2009) vəfat edib. Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» filmlərinə çəkilib.
   
   4 avqust 1909 - Şair Oruc Hüseyn oğlu Qoşqarlı (1909-1989) anadan olub.
   4 avqust 1915 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (1915 - 25.1.1984) Gəncədə doğulub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Bəxtiyar” (Rəcəbov), “Bir qalanın sirri” (həkim Eldostu), “Qatır Məmməd” (Gəncə qubernatoru), “Nəsimi” (Şeyx Əzəm), “Əhməd haradadır” (Şirin kişi), “Tütək səsi” (İsfəndiyar kişi) və s.
   4 avqust 1939 - Tanınmış aktrisa, Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939-11.7.2007) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
   4 avqust 1943 - Xalq artisti, Dövlət mükafatı laureatı, tanınmış aktyor Ramiz Ağarza oğlu Məlik Bakıda anadan olub. 1967-ci ildən Milli Dram Teatrında çalışır. “O qızı tapın”, “Qanun naminə”, “Qatır Məmməd” və s. filmlərdə çəkilib, filmlərin dublajı və səsləndirilməsində iştirak edir.
   
   4 avqust 2008 - Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.
   
   5 avqust 1895 - Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1895 - 16.4.1961) anadan olub.
   5 avqust 1950 - Yazıçı-publisist Rafiq Nəzir oğlu Tağı (1950-23.11.2011) Masallı rayonunun Xaççobanlı kəndində doğulub.
   5 avqust 1958 - Tanınmış folklorşünas alim, filologiya elmləri doktoru, professor Məhərrəm Paşa oğlu Qasımlı Tovuz rayonunda anadan olub. Aşıq sənətinə dair araşdırmaların müəllifi, Azərbaycan Aşıqlar Birliyinin katibidir. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı (Orxan Paşa təxəllüsü ilə) çap olunub.
   
   6 avqust 1939 - İlk azərbaycanlı kinorejissorlardan olan Səməd Mərdanov (22.9. 1909 - 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
   6 avqust 1998 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə - "Qlavlit" ləğv edilib.
   
   Dünya
   
   2 avqust 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki məşhur «Azadlıq» heykəlinin müəllifidir.
   2 avqust 1892 - Amerikanın «Warner Brothers» kinokorporasiyasının qurucularından olan Cek Leonard Uorner (Jack Leonard Warner; 1892-1978) anadan olub.
   2 avqust 1905 - Məşhur Amerika kinoaktrisası Mirna Loy (Myrna Loy, 1905-1993) anadan olub.
   2 avqust 1932 - İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.
   2 avqust 1939 - Amerika rejissoru, prodüser və ssenarist Ues Kreyven (Wesley Earl Craven) anadan olub. “Qorxu filmləri”nin müəllifidir: “Soldan sonuncu ev”, “Təpələrin də gözü var” və s.
   
   3 avqust 1832 - Xorvatiya bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.
   3 avqust 1910 - Polyak əsilli Rusiya aktyoru Vaslav Dvorjeski (1910-1993) anadan olub.
   
   3 avqust 1920 - İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Fillis Doroti Ceyms (Phyllis Dorothy James) anadan olub.
   3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şin (Martin Sheen) anadan olub. Filmləri: “Apokalipsis bu gün”, “Uoll-strirt”, “Qandi”, “Amerika prezidenti” və s.
   3 avqust 1994 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.
   3 avqust 2008 - Rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (11.12.1918 - 2008) vəfat edib. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-cü ildə Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir.
   
   4 avqust 1859 - Görkəmli Norveç yazıçısı Knut Hamsun (əsl soyadı Pedersen; 1859-1952) anadan olub. “Aclıq” adlı psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb. Modernizmin məşhur nümayəndələrindən olan yazıçı həm də Hitlerin pərəstişkarı kimi tanınıb. II Dünya müharibəsindən sonra mühakimə olunub və yalnız ahıl yaşına görə həbs cəzasından qurtulub.
   4 avqust 1901 - Dünya şöhrətli Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel "Satchmo" Armstrong; 1901-1971) anadan olub.
   4 avqust 1905 - Rus bəstəkarı, SSRİ Xalq artisti Boris Aleksandrov (1905-1994) anadan olub. Keçmiş Sovet İttifaqının (indi Rusiyanın) Dövlət himninin musiqisinin müəllifidir.
   
   5 avqust 1844 - Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Sadko sualtı səltənətdə”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan” və s.
   5 avqust 1850 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850- 6.7.1893) anadan olub. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” (roman), “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” (novella) və s.
   5 avqust 1860 - İngilis rəssamı Luis Ueyn (Louis William Wain, 1860-1939) anadan olub.
   5 avqust 1901 - Fransız kinorejissoru Klod Otan-Lara (Claude Autant-Lara; 1901-2000) anadan olub. Filmləri: “Qırmızı talvar”, “Qırmızı və qara” (Stendalın romanı üzrə), “Gecə Marqaritası” və s.
   5 avqust 1906 - Amerika rejissoru Con Hyuston (John Marcellus Huston, 1906-1987) anadan olub. İki dəfə «Oskar» mükafatı laureatıdır: “Kazino Royal” və “Çin məhəlləsi” filmləri.
   5 avqust 1962 - Amerika aktrisası Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson: 1.6.1926 - 1962) vəfat edib.
   5 avqust 1987 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Anatoli Papanov (31.10.1922-1987) vəfat edib. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” (rej. M.Zaxarov) və s.
   
   6 avqust 1660 - Görkəmli ispan rəssamı Dieqo Rodriges de Silva Velaskes (Diego Rodriguez de Silva Velazquez, 6.6.1599-1660) vəfat edib.
   6 avqust 1809 - İngilis şairi Alfred Tennison (Alfred Tennyson, 1809-1892) anadan olub.
   6 avqust 1856 - Rus rəssamı və incəsənət nəzəriyyəçisi Apollinari Vasnesov (1856-1933) anadan olub.
   6 avqust 1868 - Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel, 1868-1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.
   6 avqust 1899 - Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899-1978) anadan olub. Filmləri: “Böyük ustadın sağı”, “Ayın oğurlanması”.
   6 avqust 1931 - İtalyan kinorejissoru Umberto Lensi (Umberto Lenzi) anadan olub. Qorxu filmlərinin (“Qarabasmalı ev”, “Zombilər şəhəri”) rejissoru kimi tanınıb.
   6 avqust 1953 - Məşhur hind kinorejissoru Umeş Mehra (Umesh Mehra) anadan olub. Filmləri: “Cəngəllik qanunu ilə”, “Məhəbbətin torları”, habelə məşhur sovet-hind filmləri olan “Məhəbbət haqqında əfsanə”, “Əlibaba və 40 quldurun macəraları” (rejissor Lətif Fayziyevlə birgə).
   
   Hazırladı: Vüqar Orxan