Firidun bəy Köçərli - 150
   
      
   2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, maarif xadimi, yazıçı-publisist, tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2013-cü il tarixli sərəncamına əsasən böyük maarifpərvər alim və ictimai xadimin yubileyi geniş şəkildə qeyd ediləcək. F.Köçərlinin tarixi xidmətlərindən biri də tədrisin ana dilində aparıldığı, milli ruhlu müəllim kadrlarının hazırlandığı ilk təhsil ocağının - Qazax Müəllimlər Seminariyasının yaradılması ilə bağlıdır. Tanınmış alim, akademik Teymur Bünyadovun bu tarixə işıq salan məqaləsini təqdim edirik.
   
   Azərbaycan Xalq Cümhuriyyətinin maarif sahəsində ən önəmli tədbirlərindən biri Qazax Müəllimlər Seminariyasının yaradılması olmuşdur. Bu seminariya Qazax əhalisinin böyük maddi dəstəyi, görkəmli pedaqoq və ədəbiyyat xadimi Firidun bəy Köçərlinin gərgin əməyi sayəsində fəaliyyətə başlamış və tədrisin ana dilində aparıldığı, milli ruhlu müəllim kadrlarının hazırlandığı ilk təhsil ocağı olmuşdur.
   
   Hələ XIX əsrin 80-ci illərindən etibarən Qori şəhərində yerləşən Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müsəlman əhalinin sıx yaşadığı şəhərlərdən birinə köçürülməsi məsələsi zaman-zaman qaldırılır, müxtəlif təkliflər irəli sürülürdü. Azərbaycanın maarif xadimləri, ziyalılar seminariyanın Azərbaycan şöbəsini Bakı, Gəncə, Şamaxı, Şuşa və ya Ağdam şəhərlərindən birinə köçürməyi və onun əsasında ayrıca seminariya açılmasını təklif edirdilər. Firidun bəy Köçərli "Azərbaycan" qəzetinin 13 oktyabr 1918-ci il tarixli 10-cu sayında seminariyanın yaradılması haqqında dərc etdirdiyi məqalədə müstəqil müəllimlər seminariyasının niyə məhz Qazaxda açılması məsələsinə aydınlıq gətirmişdir.
   Məqalədə qeyd edilmişdir ki, 1918-ci il may ayının əvvəlində Qazax şəhərinin əhalisi və bir neçə kəndin camaatı Qafqaz Təhsil Dairəsi qarşısında vəsatət qaldırdı ki, Qori şəhərində yerləşən Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürülsün və onun əsasında müstəqil müəllimlər seminariyası yaradılsın. Qazax əhalisi gələcəkdə seminariya binasının inşası, bağ salınması üçün 10 desyatin suvarılan torpaq ayırmağı öhdəsinə götürdü. Seminariyanın fəaliyyətə başlaması üçün yerli əhali həmçinin birdəfəlik 3 min manat və hər il 1 min manat vəsait ödəməyi də vəd etdi.
   Qeyd etmək lazımdır ki, Qazax əhalisinin müəllimlər seminariyasının yaradılması üçün təklif etdikləri yardımlar kifayət qədər sanballı idi. Məsələn, Qori seminariyasına şagirdlərin kənd təsərrüfatının müxtəlif sahələri: bağçılıq, bostançılıq, ipəkçilik, arıçılıq və s. üzrə praktik məşğələlər aparmaları üçün cəmi 2 desyatin torpaq sahəsi ayrılmışdı.
   1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin dağılması və müstəqil Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaranması məsələnin həllini sürətləndirdi. Gürcüstan Respublikası öz müstəqilliyini elan etdikdən dərhal sonra Qori Müəllimlər Seminariyasının gürcü şöbəsi əsasında milli müəllimlər seminariyası yaratmağı qərara aldı və onun Azərbaycan və erməni şöbələrini köçürməyi qonşu respublikaların hökumətlərinə təklif etdi.
   Azərbaycan hökuməti iyunun 10-da keçirilən iclasında Qori seminariyasının milli seminariyalara ayrılması məsələsini geniş və hərtərəfli müzakirə etdi. Xalq maarif naziri Nəsib bəy Yusifbəyli Qazax əhalisinin bu məsələ ilə bağlı müraciətini nəzərə almağı təklif etdi. Hökumət üzvləri Qazax əhalisinin gələcək seminariyanın normal fəaliyyət göstərməsi üçün bütün xərcləri ödəməyi öhdəsinə götürməsini, eləcə də 1914-cü ildən Gəncədə, 1916-cı ildən Bakıda müəllimlər seminariyalarının fəaliyyət göstərməsini, respublikanın şərq hissəsinin bolşevik-daşnak qüvvələrinin nəzarətində olmasını, digər bölgələrdə də anarxiyanın hökm sürməsini nəzərə aldılar. Xalq maarif naziri Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə aid əmlakın Qoridən Qazax şəhərinə daşınıb gətirilməsini təmin etməyi həmin şöbənin müfəttişi Firidun bəy Köçərliyə tapşırdı.
   Azərbaycan hökuməti 1918-ci il iyunun 20-də keçirilən iclasında Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi əsasında müstəqil müəllimlər seminariyası təşkil edilməsini qərara aldı. Hökumətin tapşırığı ilə Gəncə xəzinədarlığı 1918-ci il iyunun 22-də Azərbaycan şöbəsinin əmlakının Qoridən Qazax şəhərinə daşınması xərclərini ödəmək üçün F.Köçərlinin hesabına 5 min manat vəsait köçürdü. Lakin Gürcüstan hökumətinin Osmanlı ordu hissələrini Azərbaycana buraxmamaq üçün 1918-ci ilin iyun-avqust aylarında Cənubi Qafqaz dəmir yolu nəqliyyatının normal fəaliyyətini əngəlləməsi, Tiflisdən Poylu körpüsünə qədər dəmir yolu xəttini öz nəzarətində saxlaması əmlakın daşınması işini sentyabr ayına qədər təxirə saldı.
   Yalnız 1918-ci ilin sentyabr ayının ortalarında Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin əmlakını Qazax şəhərinə gətirib çıxarmaq mümkün oldu. Qazax qəzasının rəhbərliyi, nüfuzlu şəxsləri seminariyanın normal fəaliyyətə başlaması üçün bütün hazırlıqları gördülər. Məşədi İbrahim Hacı İsmayıl oğlu Qazax şəhərində özünə məxsus 17 otaqlı mülkünü seminariyaya hədiyyə etdi. Azərbaycan hökumətinin qərarı ilə şöbənin bazasında Qazax Müəllimlər Seminariyası təşkil edildi. Görkəmli pedaqoq F.Köçərli seminariyanın müfəttişi təyin edildi.
   Xalq maarif nazirinin növbəti, 12 oktyabr 1918-ci il tarixli, 39 saylı əmri ilə Cənubi Qafqaz Müəllimlər Seminariyasının keçmiş müfəttişi Firidun bəy Köçərli Qazax Müəllimlər Seminariyasına direktor təyin edildi. Əmrə əsasən o, vəzifəsinin icrasına həmin ilin 1 oktyabrından başlamış sayılırdı.
   Xalq Maarif Nazirliyi həmçinin seminariyanın ixtisaslı müəllim kadrları ilə təmin edilməsi üçün zəruri addımlar atdı. Nazirliyin tapşırığı ilə F.Köçərli seminariyada çalışacaq müəllimləri və digər işçiləri müəyyənləşdirmək, seminariya kollektivini formalaşdırmaq işinə başladı. Firidun bəy bir neçə gün ərzində Qori seminariyasının istedadlı və müəllimlik işində böyük təcrübə qazanmış məzunları sırasından yeni yaradılan Qazax Müəllimlər Seminariyasında işləməyə layiq bildiyi şəxslər haqqında məlumatı nazirliyə təqdim etdi. Həmin təqdimat əsasında nazirin imzaladığı 28 oktyabr 1918-ci il tarixli 62 saylı əmrlə Azərbaycan hökuməti İşlər idarəsinin kargüzarı İsfəndiyar bəy Vəkilov seminariyaya rus dili və təbiət elmləri, Yusif Qasımov fənlərin metodikası, Bakı 3 saylı ali ibtidai məktəbin müəllimi Əli Hüseynov tarix və coğrafiya, Gəncə qəzasında Bağmanlar kənd məktəbinin müdiri Məhəmməd Hüseynzadə riyaziyyat, İbrahim əfəndi Qayıbov türk dili fənləri üzrə müəllim təyin edildilər.
   Bundan başqa seminariyanın və Qazaxdakı ali ibtidai məktəbin dərslik və dəftərxana ləvazimatı ilə təchiz edilməsi üçün Xalq Maarif Nazirliyinin göstərişi ilə 1918-ci ilin oktyabr ayında Bakıdan xeyli miqdarda dərslik və dərs vəsaiti göndərildi.
   İbrahim əfəndi Qayıbov Müsəlman Ruhani İdarəsi katibinin köməkçisi vəzifəsindən 1918-ci il noyabrın 1-də azad edildi və yeni təyinatına əsasən Qazax Müəllimlər Seminariyasında müəllimlik fəaliyyətinə başladı.
   Qazaxda seminariyanın fəaliyyətə başlaması həm şəhərin, həm də bütövlükdə regionun mədəni həyatında çox böyük hadisə oldu. Qəza rəisi Halay bəy Şıxlinskinin göstərişi ilə 1918-ci il oktyabrın 29-da qəzada maarifin vəziyyətinin müzakirəyə çıxarılması da xeyli dərəcədə bundan qaynaqlanırdı. Qəza idarəsində keçirilən və seminariyanın direktoru Firidun bəy Köçərlinin rəhbərlik etdiyi yığıncaqda pedaqoqlarla yanaşı, digər ziyalılar, şəhərin nüfuzlu şəxsləri, polis işçiləri iştirak etmişdi. Qazax hərbi qarnizonunun rəisi polkovnik Camal Cahid bəy Qazax ali ibtidai məktəbində təlim-tərbiyə işinin təşkili haqqında məruzə edərək, əksər hissəsi kasıb geyimli olan şagirdlərin sorğu-sual zamanı çox ağıllı, düzgün cavablar vermələrini məmnunluqla qeyd etdi. Məruzəçi daha sonra Qazax əhalisinin çox kasıb təbəqəsinə mənsub olan, küçələrdə boş-bekar dolaşan uşaqların da məktəbə cəlb edilməsi, onlara paltar, ayaqqabı, dərslik və digər tədris ləvazimatı verilməsi, maddi yardım göstərilməsi məsələsini qaldırdı.
   Camal Cahid bəy qızlar üçün məktəb açılması məsələsinə də toxundu. Azərbaycanlı qızların da oğlanlar qədər təlim-tərbiyəyə ehtiyacı olduqlarını vurğuladı. Məruzəçi daha sonra müəllimlərin maddi təminatı məsələsinə toxundu. Bildirdi ki, müəllimə hökumətin verdiyi əməkhaqqından əlavə, cəmiyyət də maddi yardım göstərməlidir. Gənc nəslin təlim-tərbiyəsi kimi çox çətin və məsuliyyətli bir vəzifəni öhdəsinə götürmüş şəxslər gündəlik məişət qayğılarından azad olmalıdırlar.
   Qazax ali ibtidai məktəbinin müfəttişi Əhməd ağa Mustafayev iclasda çıxış edərək məktəbdə şagirdlərin gündəlik 6 dərsdən çox yüklənməməsi zəruriliyini qeyd etdi. Ətraf kəndlərdən oxumağa gələn şagirdlərin dərsdən sonra, xüsusən qış mövsümündə, evə getməyə 2-3 saat vaxt sərf etdiklərini nəzərə almağı məsləhət gördü.
   Yığıncağın sonunda qəza rəisi məktəb yaşlı uşaqları himayəyə götürmək və məktəblərdə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək üçün xüsusi komissiya yaratmağı təklif etdi. Şəhərin hörmətli şəxslərinin, məktəb rəhbərlərinin daxil olduğu bu komissiya Halay bəy Şıxlinskinin sədrliyi ilə dərhal geniş fəaliyyətə başladı.
   Qazax Müəllimlər Seminariyasının rəsmi açılışı 1918-ci il noyabrın 10-da oldu və həmin gündən dərslər başlandı. Bu haqda "Azərbaycan" qəzetinə Qazax ziyalısı Əli Hüseynov ətraflı məlumat ünvanladı. Qəzetdə dərc edilmiş məlumatda bildirilirdi ki, seminariyanın açılışında şəhərin hərbi komendantı Səbri bəy, Qazaxdakı Osmanlı qarnizonunun rəisi Camal Cahid bəy, qəza rəisi Halay bəy Şıxlinski, xalq məktəbləri müfəttişi Nəsib ağa Qiyasbəyli və yerli hökumət idarələrinin məmurları, şəhərin hörmətli şəxsləri, seminariyaya yeni qəbul edilmiş şagirdlərin valideynləri iştirak etmişlər.
   Açılışda birinci çıxış edən seminariyanın ilahiyyat müəllimi İbrahim əfəndi Qayıbov Quran ayələri oxudu, pedaqoji təhsilin əhəmiyyəti və gənc dövlətimiz üçün onun vacibliyini qeyd etdi. Səbri bəy Qazax ictimaiyyətini və seminariyaya yeni qəbul edilmiş şagirdləri təbrik etdi, bu təhsil ocağının xalq kütlələrinə nurlu ideyalar çatdıracaq yorulmaz mübarizlər hazırlayacağına inandığını bildirdi. Camal bəy də öz qısa, lakin duyğulu çıxışında seminariyaya daxil olmuş gəncləri Vətənin rifahı naminə səylə çalışmağa, biliklərə yiyələnməyə çağırdı. Qeyd etdi ki, Vətən təkcə sivri qılıncla deyil, həm də zəka ilə, ağılla qorunur.
   Sonda çıxış edən seminariyanın direktoru Firidun bəy Köçərli bildirdi ki, Cənubi Qafqaz Müəllimlər Seminariyası Azərbaycan şöbəsi uzun müddət ərzində yad mühitdə, Gürcüstanın mərkəzi hissəsində fəaliyyət göstərməsinə baxmayaraq, öz milli keyfiyyətlərini tam şəkildə qoruyub saxlaya bilmiş, xalq məktəbləri üçün çoxlu sayda müəllim kadrları hazırlayıb vermişdir. Firidun bəy Azərbaycan şöbəsinin müstəqil seminariyaya çevrilməsi və Qazax şəhərinə köçürülməsinin böyük əhəmiyyətini vurğulayaraq, doğma zəmində bu təhsil ocağının fəaliyyətini daha da gücləndirəcəyini, xalqın mənəvi gerilikdən azad olması işinə böyük töhfələr verəcəyini əminliklə bəyan etdi.
   Seminariya direktorunun Xalq Maarif Nazirliyinə ünvanladığı raportda 1918-ci il noyabrın 8 və 9-da keçirilmiş qəbul imtahanlarının nəticələri bildirildi. Raportdan aydın olur ki, qəbul olunmaq üçün müraciət etmiş 42 şagirddən 35-i imtahanları müvəffəqiyyətlə verərək seminariyada oxumaq haqqı qazanmışdı. Seminariyaya ilk qəbul edilən bu şagirdlərdən biri də, Səməd Yusif oğlu Vəkilov - gələcəkdə Azərbaycanın görkəmli şairi olan Səməd Vurğun idi.
   1919-cu ildə seminariyaya qəbul olmaq istəyənlər daha çox idilər. Dövlət hesabına oxumaq üçün ayrılmış 8 yerə 40 ərizə verilmişdi. Qəbul edilməyən şagirdlərin valideynləri həmin vaxt Qazaxda keçirilən kəndli qurultayında iştirak etmək üçün gəlmiş Azərbaycan parlamenti üzvləri Əhməd bəy Pepinov, Hacı Kərim Sanıyev və Səməd ağa Ağamalıoğlundan kömək istədilər. Parlament üzvlərinin müraciətinə cavab olaraq seminariyanın direktoru bildirdi ki, o, ömrünü pedaqoji işə həsr etmiş qocaman müəllim kimi hamının təhsil almasını istəyir. Lakin seminariyanın binası bütün arzu edənləri qəbul etməyə uyğun deyildir.
   Seminariya, yuxarıda qeyd edildiyi kimi, Məşədi İbrahim Hacı İsmayıl oğlunun malikanəsində fəaliyyətə başlamışdı. Yaşayış üçün nəzərdə tutulmuş bu binada çətinliklə 60 nəfərin oxuması mümkün idi. Buna baxmayaraq, seminariyada xəzinə hesabına təhsil alan 60 şagirddən əlavə, yeni qəbul edilmiş 5 şagird də öz hesabına oxuyur və pansionatda qalırdı. Yeni qəbul edilmiş daha 11 şagird də dərslərdə iştirak edir və evlərinə gedirdilər. Beləliklə, 1919/1920-ci tədris ilində seminariyada 76 şagird təhsil alırdı və həmin il birinci buraxılış olmalı idi.
   F.Köçərli parlament üzvlərinə bu məlumatları verdikdən sonra, onlardan xahiş etdi ki, Qazax Müəllimlər Seminariyası üçün yeni böyük bina tikilməsi məsələsinin həllini sürətləndirsinlər.
   Xalq Maarif Nazirliyi respublikada fəaliyyət göstərən müəllimlər seminariyalarının imkanlarının məhdudluğundan xəbərdar idi. Nazirliyin 1919-cu ilin oktyabr ayında Azərbaycan Parlamentinə ünvanladığı "Tədris müəssisələrinin açılması haqqında qanun layihəsinə izahat qeydi" adlı sənəddə ölkə ərazisində cəmi 3 müəllimlər seminariyasının fəaliyyət göstərdiyi və onların da hər il ən çoxu 50 müəllim hazırlandığı əks olunmuşdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsini mövcud olduğu 40 ilə yaxın müddət ərzində 250-yə qədər müəllim bitirmişdi.
   1919-cu il oktyabrın 17-də Qazax general-qubernatoru Əmir xan Xoyski seminariyada ümumi vəziyyətlə tanış oldu. O, bütün sinifləri gəzərək dərslərdə iştirak etdi, şagirdlərin milli ədəbiyyat, tarix və pedaqogika fənlərinə necə yiyələnmələri ilə tanış oldu. Qubernator aşağı hazırlıq sinfi şagirdlərinin oxuduqları milli mahnını dinləyib, yataq otaqlarına və yeməkxanaya da baş çəkdi. Sonda seminariyada tədris işini nümunəvi təşkil etdikləri üçün müəllim heyətinə minnətdarlığını bildirdi.
   Xalq Maarif Nazirliyi Qazax Müəllimlər Seminariyasının potensialından qısa müddətli pedaqoji kursların təşkilində də istifadə edirdi. Nazirlik Qazaxda və qonşu bölgələrdə milli məktəblərdə çalışmaq üçün müəllim hazırlamaq və onların peşə hazırlığı səviyyəsini yüksəltmək məqsədilə 1919-cu ilin yayında seminariyanın nəzdində pedaqoji kurs təşkil etdi. Kursun dinləyiciləri arasında kişi müəllimlərlə yanaşı, 20-dən çox qadın müəllimə də olmuşdu.
   Qazax Müəllimlər Seminariyasında yaradıldığı zamandan başlıca olaraq milli kadrlar çalışırdı. Seminariyanın direktoru F.Köçərli və kargüzar A.Vəkilovun imzaları ilə Xalq Maarif Nazirliyinə göndərilmiş 1 aprel 1919-cu il tarixli məlumatdan aydın olur ki, bu təhsil ocağında çalışan müəllim və texniki işçilərin, demək olar ki, hamısı azərbaycanlıdır. Məlumatda qeyd edilmişdi ki, seminariyanın direktoru F.Köçərli 1897-ci ildən pedaqoji sahədə çalışır və aylıq maaşı 1095 manat 83 qəpikdir. İlahiyyat müəllimi İbrahim əfəndi Qayıbov 1911-ci ildən pedaqoji fəaliyyətdədir və aylıq maaşı 715 manatdır. Rus dili müəllimi İsfəndiyar Vəkilov (aylıq maaşı 815 man.), türk ədəbiyyatı və metodika müəllimi Yusif Qasımov (aylıq maaşı 845 man), riyaziyyat müəllimi Məhəmməd Hüseynzadə (aylıq maaşı 811 man.), tarix və coğrafiya müəllimi Əli Hüseynov (aylıq maaşı 845 man.) seminariyada 20 oktyabr 1918-ci ildən çalışırdılar. Gimnastika müəllimi M.Mustafayev (aylıq maaşı 250 man.), nəğmə və musiqi müəllimi Georgi Lyapin (aylıq maaşı 208 man.), qrafika sənəti və rəsm müəllimi M.Həsənov 1 dekabr 1918-ci ildən işləməyə başlamışdılar. Seminariyanın feldşeri Məcid Vəkilov və daha 8 texniki işçi 1918-ci ilin oktyabr-noyabr aylarında işə götürülmüşdülər.
   Xalq maarif nazirinin 25 oktyabr 1919-cu il tarixli əmri ilə Qazax qəzasında kənd həkimi işləyən S.N.Tsinamzqvarov və Qazaxda ikisinifli məktəbdə müəllim işləyən Həsən Bəsri Musazadə Qazax Müəllimlər Seminariyasına təyinat aldılar. S.N.Tsinamzqvarov seminariyaya həkim, H.B.Musazadə nəğmə müəllimi təyin edildilər.
   1919-cu il dekabrın 1-də isə Xalq Maarif Nazirliyi Türkiyədən dəvət edilmiş müəllimləri - Bəhri Mühiddini və Nurulla əfəndini də Qazax Müəllimlər Seminariyasına müəllim təyin etdi. Nazirlik Nurulla əfəndinin Qazaxda normal yaşayıb işləməsi üçün müvafiq şərait yaradılması məqsədilə 3596 manat vəsait ayırdı.
   Beləliklə, Qazax Müəllimlər Seminariyasının müəllim kollektivi 1919-cu ilin sonunda tamamilə azərbaycanlı və Türkiyədən dəvət edilmiş mütəxəssislərdən ibarət oldu. Bu, seminariyanın direktoru F.Köçərlinin 1919-cu il dekabrın 8-də Xalq Maarif Nazirliyinə göndərdiyi seminariyanın şəxsi heyəti haqqında aşağıdakı məlumatdan da aydın görünür:
   
   1. Seminariyanın direktoru F.Köçərli - 1885-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirmişdir.
   2. İlahiyyat müəllimi İ.Qayıbov - 1911-ci ildə Tiflisdə sünni müsəlmanları ruhani məktəbini bitirmişdir.
   3. Türk dili müəllimi Y.Qasımov - 1917-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirmiş, 1918-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunda tarix üzrə 1-ci kursun dinləyicisi olmuşdur.
   4. Riyaziyyat müəllimi M.Hüseynzadə - 1917-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirmişdir.
   5. Tarix və coğrafiya müəllimi Əli Hüseynov - kurs bitirmişdir və 1901-ci ildən müəllim işləyir (Əli əfəndi Hüseynov 1901-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirmişdi - T.B.).
   6. Hazırlıq sinfi müəllimi M.Vəlizadə - 1889-cu ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirmişdir.
   7. Rus dili müəllimi İ.Vəkilov - 1907-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirmişdir.
   8. Nəğmə müəllimi Həsən Bəsri - İstanbul Darülmüəllimini - Müəllimlər Seminariyasını bitirmiş, 1919-cu ilin oktyabr ayında nazirliyin əmrinə əsasən Qazax Müəllimlər Seminariyasında işləməyə başlamışdır.
   Xalq Maarif Nazirliyi həmin dövrdə Qazax Müəllimlər Seminariyasını ana dilində dərslik və dərs ləvazimatı ilə təmin etmək üçün də tədbirlər görürdü. Nazirliyin dəftərxanasında olan qeydə görə, 1919-cu il dekabrın 7-də F.Köçərliyə 20 ədəd "Ədəbiyyat dərsləri", 10 ədəd "Müntəxəbat" kitabı verilmişdi. Nazirliyin dəftərxanasında saxlanılan 1920-ci il 6 yanvar tarixinə aid məlumatda isə Qazax Müəllimlər Seminariyasının direktoruna 4282 man. 90 qəp. dəyərində türk dilində dərslik və kitablar verildiyi göstərilmişdir.
   Qazax qəzasının imkanlı şəxsləri seminariyanın normal fəaliyyət göstərməsi üçün yardımlarını davam etdirirdilər. Seminariyanın hesabına böyük həcmdə vəsait keçirmiş qazaxlı tacir Nəsib Əyyubov bu xeyriyyəçilik fəaliyyətinə görə Xalq Maarif Nazirinin 27 iyul 1919-cu il tarixli 223 saylı əmri ilə seminariyanın fəxri hamisi təyin edilmişdi.
   Bu yardımlar seminariyanın fəaliyyətini qismən genişləndirməyə imkan verdi. 1919/20-ci dərs ilinin əvvəlində seminariyada aşağı hazırlıq sinfi yaradıldı. Nazirliyin 9 sentyabr 1919-cu il tarixli əmri ilə Mirzə Mehdi Nəbi əfəndi oğlu Vəlizadə həmin sinfə müəllim təyin edildi.
   Qazax Müəllimlər Seminariyasında müəyyən hazırlıq keçən müəllimləri Xalq Maarif Nazirliyi əminliklə digər məktəblərə yuxarı siniflərdə dərs aparmağa təyin edirdi. Nazirin 24 noyabr 1919-cu il tarixli əmri ilə Qazax Müəllimlər Seminariyasında aşağı hazırlıq sinfi müəllimləri Mirzə Vəlizadə və Fəhmi bəy Mustafazadə Qazax ali ibtidai məktəbinə dəyişdirildilər. M.Vəlizadə həmin məktəbdə tarix, F.Mustafazadə gimnastika və rəsm müəllimi işləməyə başladılar.
   Nazirliyin 17 fevral 1920-ci il tarixli əmrinə əsasən Qazax Müəllimlər Seminariyasının müəllimi İsfəndiyar bəy Vəkilov Zaqatalada yeni açılan Müəllimlər Seminariyasına direktor təyin edildi. Firidun bəy Köçərli nazir H.Şahtaxtinskiyə ünvanladığı teleqramda bu təyinata razı olduğunu ifadə etdi.
   Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli müəllim kadrları hazırlanmasına başlamış ilk pedaqoji məktəb idi. Bakı və Gəncə şəhərlərində daha öncədən fəaliyyət göstərən müəllimlər seminariyalarında milli proqramlar əsasında pedaqoji kadrlar hazırlanmasına keçid yalnız 1919-cu ildən etibarən başlanmışdı. Xalq Maarif Nazirliyi tərəfindən Bakı Müəllimlər Seminariyasına 20 yanvar 1919-cu il tarixdə Rəşid bəy Əfəndiyev, Gəncə Müəllimlər Seminariyasına 19 avqust 1919-cu il tarixdə Həsən bəy Bağırov direktor təyin edildikdən sonra bu təhsil ocaqlarına azərbaycanlı və Türkiyədən dəvət edilmiş müəllimlər dərs deməyə cəlb edildilər. Bu təyinatlardan sonra həmin seminariyalarda da tədris Azərbaycan türkcəsində aparılmağa başlandı və milli məktəblər üçün müəllimlər hazırlanmasına keçildi.
   Qazaxda Müəllimlər Seminariyasının fəaliyyətə başlaması regionun həyatında əlamətdar hadisə olmuş, Azərbaycan məktəblərinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsində böyük rol oynamışdır. Seminariyanı bitirmiş yüzlərlə gənc müəllim respublikamızın müxtəlif bölgələrində müəllimlik etmiş, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasına, maarifin inkişafına öz töhfələrini vermişlər.

   Teymur Bünyadov
   
AMEA-nın akademiki