Azərbaycan
   
   6 sentyabr 1935 - Şair, publisist, dramaturq Əvəz Mahmud Lələdağ (Əvəz Cəlal oğlu Mahmudov) Zəngəzur mahalının Ağdü kəndində anadan olub. Kitabları: "El yada düşdü", "Dağlar marala qaldı", "Ömür payı", “Bu dünyaya könül verdim" kitabları və s. Əsərləri Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.
   
   7 sentyabr 1914 - Tanınmış ədəbiyyatşünas və teatrşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 - 19.9.1973) anadan olub. Azərbaycan teatrşünaslıq elminin formalaşmasında böyük xidmətlər göstərib, Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. "Rejissor sənəti", "Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir.
   7 sentyabr 1939 - Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində şeirlər yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib. “Bir cənub şəhərində”, “Ötən ilin son gecəsi” filmlərində mahnıların sözlərinin müəllifidir.
   7 sentyabr 1946 - Əməkdar incəsənət xadimi, musiqişünas, fəlsəfə elmləri doktoru, bəstəkar Gülnaz Abutalıb qızı Abdullazadə anadan olub. Qədim və orta əsrlər musiqi mədəniyyəti kontekstində Azərbaycan muğamlarının fəlsəfi-estetik mahiyyətini tədqiq edib. Bakı Musiqi Akademiyasının professorudur.
   7 sentyabr 1961 - Sənətşünaslıq doktoru Fərəh Şirməmməd qızı Əliyeva anadan olub. “Azərbaycan musiqisində üslub axtarışları”, “Musiqi tariximizin səhifələri” və s. kitabların müəllifi, “XX əsr Azərbaycan musiqi mədəniyyətinin qaynaqları” (3 cilddə) kitabının tərtibçisidir. Bakı Musiqi Akademiyasının professoru, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiridir.
   
   8 sentyabr 1928 - Xalq rəssamı Tofiq Məmmədəli oğlu Ağababayev Bakıda doğulub. Bakı şəhərinin baş rəssamı (1966-1968) olub, Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, ABŞ-da, Almaniyada, Rusiyada şəxsi qalereyalarda saxlanılır.
   8 sentyabr 1949 - Tanınmış teatr xadimi, rejissor Hüseynağa Atakişiyev (1949-9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət Teatrında, Akademik Milli Dram Teatrında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb, ömrünün sonunadək bu teatra rəhbərlik edib. “Üzeyir ömrü” (1981) filmində böyük bəstəkarın obrazını yaradıb.
   8 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimli Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Səhnə sənəti, kino, təsviri incəsənət, dramaturgiya, mədəniyyətin müxtəlif problemlərinə dair çoxsaylı kitab və məqalələrin, mədəniyyət mövzusunda televiziya verilişlərinin müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir, “Mədəniyyət” kanalının direktor müavinidir.
   8 sentyabr 1982 - Tanınmış teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909, Şamaxı - 1982, Bakı) vəfat edib. Kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltmək məqsədilə kolxoz-sovxoz teatrına rəhbərlik edib. 1934-cü ildən Milli Dram Teatrında çalışıb. “Səbuhi” filmində (1941) Mirzə Şəfi Vazeh rolunda çəkilib.
   8 sentyabr 1998 - Bakıda tarixi "Böyük İpək Yolu"nun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA layihəsi üzrə beynəlxalq konfrans keçirilib. 32 ölkənin (o cümlədən 9 ölkə prezidenti), 12 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında müqavilə və digər sənədlər imzalanıb, “Bakı bəyannaməsi” qəbul edilib. Hazırda Azərbaycan “İpək Yolu” beynəlxalq turizm marşrutunun da iştirakçısıdır.
   
   9 sentyabr 1937 - Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937-13.6.2009) anadan olub. Səməd Vurğunun ev-muzeyinin baş mühafizi və direktoru (2006-2009) işləyib.
   9 sentyabr 1939 - Xalq artisti, Prezident təqaüdçüsü İrina Aleksandrovna Perlova (1939- 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.
   
   Dünya
   
   6 sentyabr 1860 - Amerika filosofu və sosioloqu, Nobel mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.
   6 sentyabr 1928 - Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.
   6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 - 2007) vəfat edib.

   7 sentyabr 1726 - Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.
   7 sentyabr 1870 - Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta” və s. romanların müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, sonra Rusiyaya qayıdaraq orada vəfat edib.
   7 sentyabr 1909 - Türkiyəli yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancoğlu, 1909-2003) anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Centelmen razılaşması” (1947) və “Limanda” (1954).
   7 sentyabr 1940 - İtalyan kinorejissoru Dario Arcento (Dario Argento) anadan olub. Qorxu filmlərinin müəllifidir: “Bir dəfə vəhşi Qərbdə”, “Fenomenlər” və s.
   7 sentyabr 1949 - Amerika müğənnisi Qloriya Qeynor (Gloria Gaynor - Fowles) anadan olub.
   
   8 sentyabr 1830 - Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.
   8 sentyabr 1841 - Görkəmli çex bəstəkarı Antonin Dvorjak (Antonin Leopold Dvorak; 1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida”), 9 simfoniya (ən məşhuru № 9-li), 5 simfonik poemanın və s. əsərlərin müəllifidir.
   8 sentyabr 1910 - Fransız aktyoru və rejissoru Jan-Lui Barro (Jean-Louis Barrault; 1910-1994) anadan olub. Görkəmli teatr rejissoru kimi tanınıb, “Fantastik simfoniya” filminə quruluş verib.
   8 sentyabr 1923 - Görkəmli avar şairi, publisist və ictimai xadim Rəsul Həmzətov (1923-3.11.2003) Dağıstanın Xunzay rayonunun Tsada kəndində anadan olub. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar yazılıb.
   8 sentyabr 1925 - İngilis kinoaktyoru Piter Sellers (Peter Sellers - Richard Henry Sellers, 1925-1980) anadan olub. Filmləri: “Çəhrayı pantera”, “Royal” kazinosu”, “Lolita” (1962, rej. Stenli Kubrik).
   8 sentyabr 1937 - Məşhur türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur) Əskişəhərdə doğulub. Əslən Krım türkü (noqay), ixtisasca həkimdir. Şeirlər yazır. 300-dək filmdə çəkilib: “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, ”İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” və s.
   
   9 sentyabr 1583 - İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi, 1583-1643) anadan olub.
   9 sentyabr 1769 - Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. Əsərləri: “Üzü köçürülmüş Eneida”, “Natalka Poltavka” və s.
   9 sentyabr 1828 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 - 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” (pyeslər) və s.
   9 sentyabr 1908 - İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese, 1908-1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.
   9 sentyabr 1930 - Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Nadejda Rumyanseva (1930-2008) anadan olub. Filmləri: “Qızlar”, “Yanacaqdoldurma stansiyasının kraliçası”, “Balzaminovun evlənməsi” və s.
   9 sentyabr 1960 - İngilis kinoaktyoru Hyu Qrant (Hugh Grant - Hugh John Mungo Grant) anadan olub. Filmləri: “Acı ay”, “Dörd toy və dəfn”, “Ağıl və hiss”, “Bricit Consun gündəliyi”, “Real məhəbbət” və s.
   
   Hazırladı: Vüqar Orxan