Azərbaycan
   
   17 sentyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyəti hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
   17 sentyabr 1956 - Tanınmış rəssam Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri, 1996-cı ildə Londonda açılmış Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri olub.
   
   18 sentyabr 1885 - Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 - 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Böyük bəstəkarın doğum günü Azərbaycanda “Milli Musiqi Günü” (“Üzeyir Musiqi Günü”) kimi qeyd olunur.
   18 sentyabr 1885 - Görkəmli bəstəkar və dirijor Müslüm (Əbdülmüslüm) Maqomayev (1885 - 28.7.1937) anadan olub. Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib. «Şah İsmayıl», “Nərgiz” operalarının, simfonik və vokal əsərin müəllifidir. Opera Teatrının rəhbəri və dirijoru, Azərbaycan radiosunun musiqi şöbəsinin rəhbəri olub. Hər səhər efirdə səslənən “Radio marşı”nın müəllifidir.
   18 sentyabr 1978 - Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 - 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”
   və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
   18 sentyabr 1988 - Böyük şair, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1907, Təbriz, Xoşnigab kəndi - 1988) Tehranda vəfat edib. Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, ikicildlik seçilmiş əsərləri, "Heydərbabaya salam" poeması, "Türkcə divan" toplusu çapdan çıxıb.
   18 sentyabr 1994 - Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb.

    19 sentyabr 1995 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922-1995) vəfat edib. Populyar mahnıların ("Sevgilim", "Leyla", "Bakı"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Yolayrıcında”, “Ordan-burdan”), simfonik əsərlərin, oratoriya və kantataların müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
   
   Dünya
   
   17 sentyabr 1908 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey, 1908-1973) anadan olub.
   17 sentyabr 1922 - Berlində dünyada ilk səsli filmin nümayişi keçirilib.
   17 sentyabr 1931 - İtalyan əsilli Amerika kinoaktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft - Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.
   17 sentyabr 1939 - Tanınmış rus aktyoru və rejissoru Vladimir Menşov Bakıda anadan olub. Filmləri: “Moskva göz yaşlarına inanmır”, “Məhəbbət və göyərçinlər”, “Şirli-Mırli” (hər üçündə rejissor və aktyor) və s.
   18 sentyabr 1905 - Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatı laureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.
   
   19 sentyabr 1888 - Belçikanın Spa kurort-şəhərində dünyada ilk gözəllik müsabiqəsi keçirilib. Bu şəhərin şərəfinə gözəllik və sağlamlıq salonları “spa-salonlar” adlanır.
   19 sentyabr 1911 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1983) laureatı Uilyam Cerald Goldinq (William Gerald Golding, 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
   19 sentyabr 1948 - Məşhur ingilis aktyoru Ceremi Ayrons (Jeremy John Irons) anadan olub. Filmləri: “Fransız leytenantının arvadı“, “Svanın məhəbbəti”, “Missiya“, “Həyatın dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.
   19 sentyabr 1949 - Britaniya rejissoru və ssenaristi Salli Potter (Sally Potter) anadan olub. Filmləri: “Qızıl axtaran qadınlar”, “Orlando”, “Tanqo dərsi”.
   
   Hazırladı: Vüqar Orxan