“Sən xalqımızın ləl-cəvahiratını toplayırsan”
   
   Atalar sözləri min illərdən bəri xalqın həyat müşahidələrinin bədii ifadəsi kimi böyük tərbiyəvi əhəmiyyətə malikdir. Şifahi yaddaşın nəsildən-nəslə, əsrdən-əsrə miras olaraq ərməğan etdiyi bu “qanadlı” sözlər, ibrətamiz ifadələr həmişə xalq tərəfindən sevilib, tövsiyə olunub. Bu hikmət çeşməsini ilk dəfə ciddi surətdə araşdıran, sevərək toplayıb bir yerə yığan və nəşrə hazırlayanlardan biri unudulmaz folklorşünas, Əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseynzadə (1890-1988) olub.
   
   Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə 25 sentyabr 1890-cı ildə Bakıda anadan olub. Altısinifli şəhər məktəbində orta təhsil alıb. Sonra qiyabi yolla təhsilini davam etdirib. Əmək fəaliyyətinə mühasib kimi başlayan Əbülqasım Hüseynzadə maraqlı ömür yolu keçib. Asudə vaxtlarında atalar sözlərini toplamaqla məşğul olur. Onları bir-bir ipə-sapa düzərək kitab halına salır. Araşdırmalardan məlum olur ki, orta məktəb illərində saçaqlı konfetlərin üzərinə yazılan atalar sözü, zərb-məsəllər və tapmacalar onun diqqətini cəlb edir. Məktəb yoldaşı ilə birlikdə konfet kağızlarını toplayır. Üzərindəki sözləri bir yerə cəm edir...
   Əbülqasım Hüseynzadə sonralar o illəri xatırlayaraq deyib: “İllər boyu səliqə-sahmanla bir yerə toplayıb, sistemə salıb kitab halında çap etdirdiyim atalar sözlərinin əksəriyyətini bax, həmin illərdə əldə etmişəm. Bu səbəbdən də konfet fabrikinin sahibinə həmişə rəhmət oxuyuram”.
   Əbülqasım Hüseynzadə 1910-cu ildə Bakıda “Səadət” məktəbində hesabdar-katib vəzifəsində işləyərkən tale elə gətirib ki, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə görüşüb. Bu görkəmli sənətkar onun atalar sözlərini topladığı dəftərini vərəqləyərək Əbülqasımın nəcib işini dəyərləndirir, məsləhət görür ki, bu işi davam etdirsin: “Sən xalqımızın ləl-cəvahiratını toplayırsan”.
   Görkəmli bəstəkarın tövsiyəsindən sonra Əbülqasımın həvəsi daha da artır. O, 1925-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında baş mühasib vəzifəsinə işə düzəlir. Bir gün Azərbaycan Ədəbiyyat Cəmiyyətinin sədri, şair-publisist Böyükağa Talıblı ilə görüşür. Ondan illər boyu topladığı atalar sözünün kitab halında çap olunmasını xahiş edir və müsbət cavab alır. 1926-cı ildə 2 minə yaxın atalar sözündən ibarət kitab “Bakı işçisi” nəşriyyatının mətbəəsində çap olunur. Bunun ardınca ədəbiyyatşünas-tənqidçi Hənəfi Zeynallının tərtib etdiyi “Atalar sözü” kitabı da çap edilir. Həmin kitabın müqəddiməsində müəllif yazıb: “Mənə bu müqəddəs işdə kömək edənlərdən biri də Əbülqasım Hüseynzadə oldu. Onun topladığı atalar sözlərindən istifadə etdim”.
   1938-ci ildə ədəbiyyatşünas Məmməd Arif Dadaşzadənin redaktorluğu, görkəmli alim Həmid Araslının müqəddiməsi ilə müəllifin ikinci kitabı çapdan çıxır. Onun cəfakeşliklə atalar sözlərini toplaması dövrün ədəbiyyatşünas alimləri tərəfindən yüksək dəyərləndirilir. Ona məsləhət görürlər ki, ölkəmizi qarış-qarış gəzsin. Əbülqasım Hüseynzadə də Azərbaycanı kəndbəkənd, şəhərbəşəhər dolaşır, şifahi xalq ədəbiyyatının digər janrlarının da toplanmasında çox zəhmət çəkir. Atalar sözləri ilə bərabər tapmaca və nağılları da toplayaraq kitabça şəklində nəşr etdirir. Uşaqlar üçün hazırladığı “Tülkü və xoruz”, “Tapmacalar” əsərləri işıq üzü görür.
   1949-cu ildə Əbülqasım Hüseynzadənin çap etdirdiyi növbəti “Atalar sözü” kitabı bir sıra özəlliklərinə görə əvvəlkilərdən fərqlənir. Kitabda atalar sözləri əlifba sırası ilə düzülür, sonda isə müfəssəl mövzular göstəricisi verilir. Kitabı çapa yazıçı Mikayıl Rzaquluzadə hazırlayır, əsər elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Zəhmətinin dəyərləndirilməsi onu yeni-yeni axtarışlara həvəsləndirir. İldən-ilə, nəşrdən-nəşrə oxucuya təqdim etdiyi toplunun yeniləşməsinə, zənginləşməsinə, təkmilləşməsinə çalışır. 1956-cı ildə “Atalar sözü” kitabının dördüncü nəşri işıq üzü görür. Sonrakı illərdə bu kitab rus və Ukrayna dillərində çap edilir...
   Əbülqasım Hüseynzadənin “Rəvayətlər” kitabı 1974-cü ildə “Azərnəşr”də çapdan çıxır. On il sonra “Maarif” nəşriyyatının təqdim etdiyi “Müxtəsər rusca-azərbaycanca atalar sözü lüğəti” onun yaradıcılığının yeni bir cəhətini üzə çıxarır. Ömrünün sonuna kimi hikmət dəryasından ayrılmayan Əbülqasım Hüseynzadənin sonuncu “Atalar sözü” kitabı 1985-ci ildə 40 min nüsxə ilə işıq üzü görüb. Əbülqasım Hüseynzadə bir folklor bilicisi kimi bəzi atalar sözü və məsəllərin izahını verib, onların yaranma səbəblərini də araşdırıb.
   Cəfakeş folklorşünas ömrünün böyük hissəsini xalqımızın hikmət xəzinəsinin gələcək nəsillərə çatdırılmasına həsr edib. Bu sahədə göstərdiyi yorulmaz xidmətə görə ona 1981-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Əbülqasım Hüseynzadə 1988-ci ildə haqq dünyasına qovuşub.
   
   Savalan Fərəcov