Azərbaycan

25 oktyabr 1911- Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911-1959) anadan olub.
25 oktyabr 1912 - Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 - 7.5.2002) anadan olub. Dövlət Dram Teatrında, "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə ("Məhəbbət dastanı", "Dəli Kür", "Dədə Qorqud" və s.) rəssam işləyib.
25 oktyabr 1913 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası olub. Tamaşaya Hüseyn Ərəblinski quruluş verib.
25 oktyabr 1921 - Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 - 27.7.1992) anadan olub. Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (Dilarə), "Aygün" (Aygün), "Əhməd haradadır?" (Nərgiz xala), "Arşın mal alan" (1965, Cahan xala) filmlərində yaddaqalan obrazlar yaradıb.
25 oktyabr 1923 - Bakı Rus "Tənqid-təbliğ" Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.
25 oktyabr 1925 - Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov Bakının Əmircan kəndində doğulub. Aşqabad Universitetini bitirib, Türkmənistan mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayır. “İslam dünyasının cəngavəri”, “Mustafaxanın xəzinəsi”, “Bəhrəmgurun məhəbbəti və kədəri”, “Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.
25 oktyabr 1930 - Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 - 15.10.1996) anadan olub.
25 oktyabr 1935 - Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 - 22.8.1999) anadan olub.
25 oktyabr 1954 - Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883, Bakı, Hövsan - 25.10.1954) vəfat edib. “Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, 1924-cü ildən Dövlət Dram Teatrında çalışıb. “Bismillah", "Hacı Qara", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilib.
25 oktyabr 1960 - Əməkdar artist Sənubər Sabir qızı İsgəndərli Bakıda doğulub. Gənclər Teatrında çalışıb, 1997-ci ildən Milli Dram Teatrının aktrisasıdır. “Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (Ana) və s. filmlərdə çəkilib.
25 oktyabr 2008 - Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev (17.8.1942 - 2008) vəfat edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.

26 oktyabr 1925 - Ədəbiyyatşünas, publisist, nasir Qafar Herisçi (1925 - 24.5.1997) anadan olub. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatda fəal iştirak edib.

27 oktyabr 1931 - Filosof alim, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.
27 oktyabr 1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909 - 1932) vəfat edib. Teatr tamaşalarına musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
27 oktyabr 1937 - İctimai xadim, diplomat, publisist Ramiz Abutalıb oğlu Abutalıbov Ordubad şəhərində doğulub. 1971-1979, 1985-1993-cü illərdə UNESCO-da çalışıb. 1992-2004-cü illərdə Azərbaycanın qurumda daimi nümayəndəsi olub.
27 oktyabr 1939 - Ssenarist, Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada doğulub. “Şərikli çörək”, “Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.
27 oktyabr 1950 - Tanınmış dirijor, Xalq artisti Ağaverdi Ağa oğlu Paşayev Bakıda anadan olub. Dövlət Filarmoniyasının nəzdində Mahnı və Rəqs Ansamblına rəhbərlik edib. 2000-ci ildən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Azərbaycan Milli Konservatoriyasının professoru, kafedra müdiridir.

28 oktyabr 1911 - Xalq yazıçısı, dramaturq, ictimai xadim, akademik Mirzə Əjdər oğlu İbrahimov (1911 - 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə Bakıya gəlib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinin sədri olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib. Sosialist Əməyi Qəhrəmanı (1981) adına layiq görülüb.
28 oktyabr 1941 - Kinooperator Vaqif Muradov anadan olub. Filmləri: “Uşaqlığın son gecəsi” (operator assistenti), “Yuxu” (ikinci operator) və s. “Mozalan” kinojurnalının bir çox buraxılışlarının operatoru olub.
28 oktyabr 1946 - Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Teyyub oğlu Məmmədov anadan olub. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir.

Dünya

25 oktyabr 1825 - Avstriya bəstəkarı İohann (oğul) Ştraus (1825-1899) anadan olub.
25 oktyabr 1838 - Görkəmli fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet, 1838-3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.
25 oktyabr 1864 - Qırğız milli ədəbiyyatının banilərindən biri, şair Toktoqul Satılqanov (1864-1933) anadan olub.
25 oktyabr 1881 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".
25 oktyabr 1924 - Türkçülüyün əsas ideoloqlarından biri, şair və publisist Mehmet Ziya Göyalp (1876-1924) vəfat edib.
25 oktyabr 1926 - Rus opera müğənnisi, SSRİ Xalq artisti, məşhur bakılı musiqiçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya (1926-2012) anadan olub.
25 oktyabr 1931 - Fransız kinoaktrisası Anni Jirardo (Annie Girardot) anadan olub. Filmləri: “Rokki və onun qardaşları”, “Yaşamaq üçün yaşamaq” və s.

26 oktyabr 1842 - Görkəmli rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşaqin (1842-1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.
26 oktyabr 1912 - Amerika rejissoru, “Oskar” laureatı Don Siqel (Donald Siegel, 1912-1991) anadan olub. Filmləri: “Gecədə ulduz”, “Qatillər”, ”Hitler sağdır” və s.

27 oktyabr 1449 - Böyük türk (özbək) mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy (22.3.1394 - 1449) vəfat edib. Əmir Teymurun nəvəsidir, Teymurilər dövlətinin başçısı olub. Özbək dilində şeirlər yazıb. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mükəmməl astronomiya kataloqu olub.
27 oktyabr 1782 - İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini, 1782 - 27.5.1840) anadan olub. Sonatalar, kvartetlər və digər musiqi əsərlərinin müəllifidir.
27 oktyabr 1899 - Rus aktyoru, SSRİ Xalq artisti Mixail İvanoviç Jarov (1899-1949) anadan olub. 1926-1929-cu illərdə Bakı İşçi Teatrında (indiki Dövlət Rus Dram Teatrı) çalışıb.

28 oktyabr Beynəlxalq Animasiya Günüdür (International Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib. Əlamətdar gün 2002-ci ildə Beynəlxalq Animasiya Kinosu Assosiasiyası tərəfindən təsis olunub.
28 oktyabr 1957 - Türkiyə müğənnisi, bəstəkar Əhmət Qaya (1957, Malatya - 16.11.2000, Paris) anadan olub.
28 oktyabr 1967 - Amerika kinoaktrisası Culiya Roberts (Julia Roberts) anadan olub. Filmləri: “Gözəlçə”, “Düşmənlə yataqda”, “Ən yaxın dostun toyu”, “Erin Brokoviç” (“Oskar” mükafatı, 2000) və s.

Hazırladı: Vüqar Orxan