Azərbaycan

29 oktyabr 1937 - Görkəmli dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Canbaxış oğlu Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Azərbaycan Dövlət Opera və Balet Teatrının (1968-1984), Ankara Opera və Balet Teatrının (1993-1997) baş dirijoru işləyib.
29 oktyabr 1941 - Xalq artisti Ağaxan Əli oğlu Salmanlı Bakıda anadan olub. Uzun illərdir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Televiziya tamaşalarında (“Ordan-burdan”, “Nigarançılıq” və s.) çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.
29 oktyabr 1949 - Aktyor Şahin Cəbrayılov (1949 - 5.9.2007) anadan olub. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”), filmlərdə (“Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər”, “Qızıl uçurum”) yaddaqalan obrazlar yaradıb.
29 oktyabr 1993 - Ermənistan silahlı qüvvələri Zəngilan rayonunu, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrini işğal ediblər. Zəngilan rayonu qədim abidələri, zəngin təbii sərvəti, dünyada məşhur olan nadir çinar meşələri ilə tanınırdı. Rayonun sosial-iqtisadi infrastrukturu, 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmiryol stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmiryol deposu və s. qəsbkarlar tərəfindən talan edilib. Rayonun 35 min nəfər əhalisi yurd-yuvasından didərgin düşüb.

30 oktyabr 1880 - Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 - 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. 1905-ci ildən məşhur xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib, xarici ölkələrdə konsertlər verib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
30 oktyabr 1907 - Tanınmış jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyev (1907-1973) Gürcüstanın Axalsix rayonunda anadan olub. «Azərnəşr»in direktoru, Dövlət Mətbuat Komitəsi sədrinin müavini işləyib. Azərbaycan Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-Azərbaycanca üçcildlik lüğətin tərtibçisi və redaktoru olub, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
30 oktyabr 1928 - Görkəmli sənətşünas alim, akademik Rasim Əfəndiyev (1928 - 13.2.2010) Qazaxda doğulub. 30-dək kitabın müəllifi, Azərbaycan milli sənətşünaslıq tarixi məktəbinin banilərindən biridir. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
30 oktyabr 1930 - Azərbaycan Yazıçılar İttifaqının “Hücum” jurnalı nəşrə başlayıb.
30 oktyabr 1941 - Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Oqtay Ələkbər oğlu Babazadə anadan olub. AzTV-də lentə alınan 100-dən çox musiqili, sənədli filmin rejissoru və ssenari müəllifidir.
30 oktyabr 1948 - Tanınmış yazıçı-dramaturq Əli Məmməd oğlu Əmirli Ağdam rayonunun Novruzlu kəndində doğulub. "Meydan", "Axirətdən qabaq gəzinti", "Ölü doğan şəhər" romanlarının, "Bala bəla sözündəndir", "Köhnə ev", "Ağqoyunlular və qaraqoyunlular", “Yeddi məhbusə”, “Mesenat”, "Varlı qadın", “Şah Qacar” və s. pyeslərin müəllifdir.
30 oktyabr 1992 - Ankarada türkdilli ölkə rəhbərlərinin birinci zirvə toplantısı keçirilib. Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edib.
30 oktyabr 2005 - Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950, Bakı, Nardaran - 2005) vəfat edib. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü” və s.) müəllifi olub.

31 oktyabr 1955 - Bəstəkar Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda doğulub.
31 oktyabr 1963 - Bəstəkar Nadir Nəriman oğlu Əzimov anadan olub.
31 oktyabr 1969 - Aktrisa, Əməkdar artist Mələk Fuad qızı Abbaszadə anadan olub. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisasıdır.

Dünya

29 oktyabr 1863 - Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross - ICRC) yarandığı gündür. İsveçrəli iş adamı, xeyriyyəçi Anri Dünan (Jean Henri Dunant, 1828-1910) tərəfindən təsis edilən humanitar təşkilat silahlı münaqişələrdən zərər çəkənlərə yardım göstərir.
29 oktyabr 1923 - Türkiyə Cümhuriyyətinin yarandığı elan edilib. Ankarada, Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Mustafa Kamal paşa Cümhuriyyətin ilk prezidenti seçilib.
29 oktyabr 1947 - Amerika aktyoru, “Oskar” laureatı Riçard Dreyfus (Richard Stephen Dreyfuss) anadan olub.

30 oktyabr 1751 - İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan, 1751-1816) anadan olub.
30 oktyabr 1762 - Məşhur fransız şairi Andre Şenye (Andre Marie de Chenier, 1762-1794) anadan olub.
30 oktyabr 1839 - İngilis əsilli Fransa rəssamı, impressionizmin tanınmış nümayəndəsi Alfred Sisley (1839-1899) anadan olub.
30 oktyabr 1871 - Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery, 1871-1945) anadan olub.
30 oktyabr 1937 - Fransız rejissoru, ssenarist, operator, aktyor Klod Leluş (Claude Lelouch) anadan olub. “Qadın və kişi” filminə görə iki “Oskar” mükafatı (1966, ən yaxşı xarici film və ssenari) alıb.

31 oktyabr 1517 - Alman teoloqu Martin Lüter xristianlıqda islahatlar haqqında məşhur "Doxsan beş tezis"ini Vittenberq (Wittenberg) kilsəsinin qapısına asaraq protestantlıq dini məzhəbinin yarandığını elan edib. Protestant kilsələri bu tarixi “Reformasiya günü” kimi qeyd edirlər.
31 oktyabr 1922 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisri Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul”, ”Uğur centlmenləri”, “Şikayət kitabını verin”, “Sabah gəlin” və s.
31 oktyabr 1928 - Amerika kinoaktrisası Kleo Mur (Cleo Moore, 1928 - 28.10.1973) anadan olub.
31 oktyabr 1993 - Dünya şöhrətli italyan rejissoru Federiko Fellini (Federico Fellini, 20.1.1920 - 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.

Hazırladı: Vüqar Orxan