On beş ilin söhbətidir. Bir yay günü yolum Bakıya düşmüşdü. Vaxt tapıb dostum, tibbi elmləri namizədi, Əməkdar həkim, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Balağa Bağırovla görüşdüm.

O, planetimizin ən qocaman ağsaqqallarından biri, 150 il ömür sürmüş Mahmud Eyvazov haqqında “Hər kəs yüz il yaşamasa...” kitabını çapa hazırlayırdı. Əsərin əlyazmasını oxuyarkən diqqətimi bir şəkil cəlb etdi. Bu, Mahmud babanın respublikanın Xalq artisti tarzən Qurban Pirimovla çəkdirdiyi fotoşəkil idi.
Balağa həkim şəklin tarixi barədə danışdı. Dedi ki, Lerik Rayon Səhiyyə Şöbəsinin müdiri işlədiyim illərdə diyarımızın uzunömürlüləri barədə tədqiqat işi aparırdım. O illər dünyaya səs salan Mahmud Eyvazovla tez-tez görüşür, səhhəti ilə maraqlanırdım. Ağsaqqal hər dəfə zarafata salıb “buz baltası kimiyəm” deyirdi.
1958-ci il noyabrın əvvəlləri idi. Rayon rəhbərliyindən mənə dedilər ki, Bakıda mötəbər yığıncaq keçiriləcək, Mahmud Eyvazovu da dəvət ediblər. Siz ağsaqqalı müşayiət etməlisiniz. Mərkəzdən “Volqa” minik maşını da göndərilmişdi. Yola düşdük. Yığıncaqdan sonra respublikanın rəhbərləri Mahmud Eyvazovla görüşdülər, onun arzu və təkliflərini öyrəndilər. Həm də bildirdilər ki, rejissor Şamil Mahmudbəyov ağsaqqal haqqında sənədli film çəkir, biz on gün Bakıda qalmalıyıq.
Şəhərdə olduğumuz günlərdə Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası göstərilirdi. Nurani qoca klassik musiqimizin vurğunu idi. Musiqi sədası eşidən kimi zümzümə eləyirdi. Uzun ömür sürməsinin bir səbəbi də musiqini sevməsiydi. Teatrın rəhbərliyi bizi tamaşaya baxmağa dəvət etdi. Direktorun lojasında əyləşdik. Tarzən Qurban Pirimov və müğənni Əbülfət Əliyev də orada idilər. Mahmud kişi Qurban əminin əlini ehtiramla sıxıb tarı dilləndirən barmaqlarını sinəsinə sıxdı. Səmimi söhbət başlandı. Böyük sənətkar dedi ki, sənin yaşının yarısı qədər yaşamışam. Göz dəyməsin, məndən gümrah görünürsən. Ağsaqqal gülümsəyərək “uzun ömür sürmək istəyirsənsə, bizim dağlara gəl” deyib doğma kəndi Pirəsoraya dəvət elədi.
Tamaşa başa çatdı. Qurban əmi Mahmud Eyvazovla şəkil çəkdirmək üçün icazə istədi. Ağsaqqal razılıq verdi. Fotoqraf Qurban əminin avtoqrafı ilə şəkli qaldığımız mehmanxanaya gətirdi. Böyük sənətkar məni də yaddan çıxarmamışdı. Şəklin arxasında dəst-xəttiylə bu sözləri yazmışdı: “Doktor B.Bağırova Qurban Pirimovdan. 15.XI.1958. Bakı”.
Eyni vaxtda “Uzaq sahillərdə” filmi də ekranlaşdırılırdı. Mehdi rolunda çəkilən Nodar Şaşıqoğlu da düşdüyümüz mehmanxanada qalırdı. Nodar da Mahmud baba ilə görüşüb söhbətləşdi, şəkil çəkdirdi. Təəssüf ki, şəkilləri ala bilmədik.
Mərhum dostum Balağa həkimin kitabı 1999-cu ildə işıq üzü gördü. Kitabla bərabər həmin şəklin surətini mənə göndərmişdi. Əlli beş il əvvəl çəkilmiş iki böyük şəxsiyyətin şəklini “Mədəniyyət” qəzetinin oxucularına təqdim etməyi özümə borc bildim.

Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist, Lerik rayonu