Azərbaycan
17 dekabr 1905 - Şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov, 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.
17 dekabr 1924 - Görkəmli alim, pedaqoq, professor Şirməmməd Hüseynov Şəkidə anadan olub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin öyrənilməsi və təbliğində misilsiz xidmətləri var.
17 dekabr 1993 - Görkəmli yazıçı, dramaturq, akademik, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911, Cənubi Azərbaycan, Sərab - 1993) vəfat edib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin rəyasət heyətinin sədri (1954-1958) olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.
17 dekabr 1999 - Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (24.6.1955 - 1999) vəfat edib. Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif olunub.
18 dekabr 1928 - Görkəmli xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 - 1989) Salyan rayonunda doğulub. Milli operalarımızda yaddaqalan obrazlar yaradıb: Məcnun, İbn-Salam, Kərəm (Ü.Hacıbəyli - “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Şah İsmayıl (M.Maqomayev - “Şah İsmayıl”) və s.
18 dekabr 1934 - Şair, dramaturq, publisist Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov) anadan olub. Kitabları: “Dostluğun gücü", "Unudulmayan", "Yanğı", "El yolu", "Ömrün gənclik yazı", "Dönməzlik", "Sara" və s.
18 dekabr 1957 - Yazıçı, şair, dramaturq Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Zəngəzur qəzası, Şəki kəndi - 1957) vəfat edib. «Zəngəzur» romanının, “Qadın azadlığı”, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.
18 dekabr 1997 - Prezident Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında» fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib, terror və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.
19 dekabr 1921 - Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki Mikayıl Hüseyn oğlu Abdullayev (1921-21.8.2002) anadan olub. Dövlət mükafatına, “Hindistan” silsiləsindən rəsmlərinə görə beynəlxalq Nehru mükafatına layiq görülüb. Əsərləri: “Mingəçevir işıqları”, “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi”, “Səməd Vurğun” və s. Bakı metrosunun “Nizami” stansiyasının bədii tərtibatını verib. Rəsmləri müxtəlif muzey və qalereyalarda nümayiş olunur.
19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub. “Qobustan kölgələri”, “Kaleydoskop” baletləri, “Eşqə səyahət” mono-operası, simfonik orkestr üçün əsərlərin müəllifidir. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorudur. Əsərləri müxtəlif ölkələrdə festival və konsertlərdə ifa olunur.
19 dekabr 1947 - Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947-16.3.2013) Bakıda doğulub. Mərdəkan xalq teatrında rejissor, Gənclər Teatrında, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. 20-dən çox pyesin müəllifidir.
19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950-17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında (“Bala başabəla”, “Ordan-burdan”) yaddaqalan obrazlar yaradıb.
19 dekabr 1969 - Məşhur pianoçu, caz ifaçısı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadə anadan olub. 1995-ci ildən Almaniyada yaşayır, Avropa ölkələrində konsertlərlə çıxış edir.
Dünya
17 dekabr 1273 - İslam mütəfəkkiri, panteizm (vəhdəti-vücud) fəlsəfəsinin tanınmış nümayəndəsi, tacik (fars) əsilli şair Mövlana Cəlaləddin Məhəmməd Rumi (30.9.1207 - 1273) vəfat edib. İndiki Əfqanıstan ərazisində, Bəlx şəhərində doğulan Rumi ömrünün çox hissəsini Türkiyədə, Konyada yaşayıb və orada dünyasını dəyişib.
17 dekabr 1830 - Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt, 1830 - 20.6.1870) anadan olub. Məşhur yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
17 dekabr 1842 - Fransız tarixçisi, dünya və Avropa tarixi üzrə məşhur alim Ernest Laviss (Ernest Lavisse, 1842 - 1922) anadan olub.
17 dekabr 1893 - Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator, 1893 - 1966) anadan olub.
17 dekabr 1903 - Amerika yazıçısı Erskin Kolduell (Erskine Preston Caldwell, 1903 - 1987) anadan olub. Əsərləri: “Tənbəki yolu”, “Amerika eninə və boyuna” və s.
17 dekabr 1905 - Sovet kinorejissoru İosif Yefimoviç Heyfis (1905 - 1995) anadan olub. Azərbaycan rejissoru Rza Təhmasiblə birlikdə “Bakının işıqları” (1950) filmini çəkib.
18 dekabr 1921 - SSRİ Xalq artisti Yuri Vladimiroviç Nikulin (1921- 21.8.1997) anadan olub. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva sirkinə rəhbərlik edib.
18 dekabr 1946 - Amerika rejissoru, ssenarist, prodüser Stiven Spilberq (Steven Allan Spielberg) anadan olub. Filmləri: “Şindlerin siyahısı”, “Yadplanetli”, “Yura dövrünün parkı”, “Dünyaların savaşı”, “Sıravi Rayanı xilas etməli” və s.
18 dekabr 1963 - Amerika aktyoru və prodüseri Bred Pitt (William Bradley Pitt) anadan olub. Filmləri: “On iki meymun” (“Qızıl qlobus” mükafatı), “Mister və missis Smit”, “Yeddi” və s.
19 dekabr 1864 - Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger, 1864 - 1943) anadan olub.
19 dekabr 1915 - Məşhur fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.
19 dekabr 1944 - Rusiyanın Xalq artisti, tanınmış aktrisa Anastasiya Vertinskaya anadan olub. Filmləri: “Al yelkənlər” (Assol), “Ovod” (Cemma), “Amfibiya-adam” və s.
19 dekabr 1996 - Dünya şöhrətli italyan aktyoru Marçello Mastroyanni (Marcello Vincenzo Domenico Mastroianni, 28.9.1924 - 1996) vəfat edib. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.
Hazırladı: Vüqar Orxan