XX yüzilliyin əvvəllərində Azərbaycan ədəbi-mədəni mühitində, qəzet və jurnallarda “Dəmirçi Gavə” adlı əsər dönə-dönə xatırlanır. Müxtəlif rejissorlar tərəfindən səhnələşdirilən bu əsərin müəllifi alban əsilli türk yazıçısı, dilçi alim, görkəmli ziyalı, naşir Şəmsəddin Samidir.

Şəmsəddin Xalid bəy oğlu Sami 1850-ci ildə indiki Yunanıstan ərazisində, Yanya vilayətinin Fraşer qəsəbəsində dünyaya göz açıb. Şəmsəddinin 9 yaşı olanda atası, iki il sonra anası dünyasını dəyişir. O, böyük qardaşı Əbdülün himayəsində böyüyür. Şəmsəddin 1861-ci ildə qardaşları ilə bərabər Yanya şəhərinə köçür. Qardaşları onun təhsil almasına çalışırlar. O, dövrün müasir tələblərinə cavab verən Zosemia liseyinə daxil olur. Səkkizillik məktəbi yeddi ilə bitirir, yunan, fransız, italyan, ərəb, fars, türk dillərini, coğrafiya, tarix, riyaziyyat elmlərini öyrənir.
1871-ci ildə qardaşlar İstanbula köçürlər. Şəmsəddin Sami “Mətbuat qələmi”ndə məmur kimi işə düzəlir. Ancaq o, yaradıcılığa daha çox vaxt ayırır. Bir müddət sonra ilk türk romanı olan “Taaşşuki-Talat və Fitnat” adlı əsərini yazır. Əsər İstanbulda maraqla qarşılanır və geniş əks-səda doğurur. 1874-cü ildə fransız dilindən “İxtiyar onbaşı” adlı pyesi türk dilinə tərcümə edir. Alban xalqının problemlərini əks etdirən “Besa, yaxud əhdə vəfa” adlı dram əsərini yazır. Əsərlər İstanbuldakı Gədikpaşa teatrında tamaşaya qoyulur.
Şəmsəddin Sami dörd ilə yaxın “Mətbuat qələmi”ndə çalışır. O, artıq İstanbulda təcrübəli yazar kimi tanınırdı. Ərəb və türk dillərində nəşr olunan “Trablusqərb” vilayət qəzetində bir il baş redaktor işləyir. 1876-cı ildə hazırda Türkiyənin məşhur mətbuat orqanlarından sayılan “Sabah” qəzetinin əsasını qoyur. Qısa vaxtda qəzet böyük tirajla nəşr olunur. 1877-ci ildə Rodos valisi Sava Paşanın möhürdarı kimi onunla bərabər Rodosa ezam edilir. Rusiya-Osmanlı müharibəsinin (1877-1878) sonunda Yunanıstanın nəzarətindəki alban torpaqları təhlükə ilə üz-üzə qalır. Buna etiraz səsini qaldıran Şəmsəddin Sami 1878-ci ildə “Vaxt” qəzetində böyük bir məqalə ilə çıxış edir...
Maarifpərvər Şəmsəddin Sami latın və yunan hərflərindən istifadə edərək Albaniyanın milli əlifbasını (1879), daha sonra isə qrammatikasını tərtib edir. O daha sonra Abidin Paşanın rəhbərliyi altında yaradılan “Sevkiyyati-əskəriyyə” birliyinə bir neçə ay baş katiblik edir. Həmin illərdə “Sərfi-nəhvi-ərəbi” adlı qrammatik əsərini yazır.
Sultan II Əbdülhəmid onu 1880-ci ildə saraya dəvət edir. O, “Əsgəri Təftiş” təşkilatında katib vəzifəsinə təyin edilir. Ömrünün sonuna qədər bu vəzifədə çalışır, eyni zamanda yarımçıq əsərləri üzərində işləyir, tərcümə ilə məşğul olur. Viktor Hüqonun “Səfillər”, Daniel Defonun “Robinzon Kruzo” romanlarını türk dilinə tərcümə edir. Fransızca-türkcə “Qamusi-fransavi” adlı kitab hazırlayır. Dilçiliyə həsr olunan bu leksikoqrafik əsər İstanbulda böyük marağa səbəb olur və müəllif II Əbdülhəmid tərəfindən “İftixar” ordeni ilə təltif olunur.
Sonralar 6 cilddə “Qamusül-alam” ensiklopediyası, “Qamusi-ərəbi” ərəbcə-türkcə lüğəti, “Qamusi-türki” adlı elmi kitabları ilə Şəmsəddin Sami Türkiyənin məşhur tədqiqatçılarından biri kimi tanınır. Türk dili üzərində islahatlara can atan Şəmsəddin bəy bu dilin xarici söz və qaydalardan azad olmasına çalışır. O, “Osmanlı türkcəsi” termininə qarşı çıxaraq “türkcə danışan hər kəsin adı türkdür” deyir...
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Şəmsəddin Saminin “Qamusi-türki”, “Qamusi-fransavi”, “Qamusi-alam” əsərləri saxlanılır.
Müəllifin “Gaveyi-ahəngər” (“Dəmirçi Gavə”) adlı faciəsi 1906-cı ildə Süleyman Sani Axundov tərəfindən Azərbaycan dilinə tərcümə olunub. 47 səhifədən ibarət əsər uzun müddət Azərbaycan teatrlarının repertuarından düşməyib.
Tədqiqatçı Rəna İskəndərli araşdırmasında yazır: “...Şəmsəddin Saminin həyatı olduqca çətin və kəşməkəşli keçib. Lakin bütün bunlara baxmayaraq, o, ömrünü türk xalqının tərəqqisinə və mədəniyyətinin inkişafına həsr edib. Yazıçının həyat tərzi və yaşam prinsipləri onun yaradıcılığına bilavasitə təsir edərək mükəmməl elmi əsərlərinin, o cümlədən öz dövründə aktuallığı ilə seçilən bədii əsərlərin meydana çıxmasına səbəb olub”.
Şəmsəddin Sami 1902-ci ildə “Kutadqu bilik”, “Orxon abidələri” və s. əsərləri ərsəyə gətirir. “Orta çağ qıpçaqcası” əsəri üzərində çalışır, lakin əcəl ona bu maraqlı əsəri başa çatdırmağa aman vermir. O, yaradıcılığının coşqun çağında, 1904-cü ildə vəfat edir, Ərənköydəki “Yeni səhra” məzarlığında dəfn olunur.

Savalan Fərəcov