Onun da taleyinə soyuq Sibirə sürgün olunmaq yazılmışdı. Çünki o da əqidə dostları kimi Vətənini müstəqil, xalqını azad görmək istəyirdi. Satirik şair, ədəbiyyatşünas, publisist Əlabbas Müznibin tale yolu və yaradıcılığı məşəqqətlərlə müşayiət olsa da, gələcək nəsillərə yadigar olaraq zəngin ədəbi miras ərməğan edib.
Əlabbas Mütəllib oğlu Əhmədov 1882-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alıb. O, 10 yaşında olarkən atası dünyasını dəyişir. Ailənin qayğıları onun üzərinə düşür. Əvvəlcə baqqal dükanında, sonralar xarrat və dəmirçi yanında çalışır. Bunlara baxmayaraq, qəlbində yaradıcılığa, kitaba da böyük maraq baş qaldırır. O vaxt İçərişəhərdə “Məcmuəş-şüəra” adlı ədəbi məclis fəaliyyət göstərirdi. Məclisdə Bakının tanınmış şairləri bir araya gələrək şeirlərini oxuyur və müzakirə aparırdılar. Əlabbas da boş vaxtlarında bu məclislərdə iştirak edir, poeziyada ilk addımlarını atır. Özünə “Müznib” (ərəbcə “günahkar”, “müqəssir” mənasında) təxəllüsü götürür.
Tiflisdə çıxan “Şərqi-Rus” qəzeti ilə tanışlığı onda maarifçi ideyaların formalaşmasına vəsilə olur. İlk yazıları da bu qəzetdə dərc olunur. Sonra Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun nəşr etdirdikləri “Həyat” qəzeti ilə əməkdaşlıq edir. “Molla Nəsrəddin” jurnalı isə Əlabbas Müznibin həyat və fəaliyyətində əsl məktəb rolunu oynayır. Ədəbiyyat və mətbuat cəbhəsində dövrün tanınmış ədib və ziyalılarından Seyid Hüseyn, Abbasqulu Kazımzadə, Məhəmməd Əmin Rəsulzadə, Kərbəlayı Vəli Mikayılov kimi milli düşüncəli insanlarla dostluq edir, öz ideallarını zənginləşdirir.
Tədqiqatçıların yazdığına görə, Əlabbas Müznibin “Molla Nəsrəddin” jurnalına bağlılığı böyük satira ustası Mirzə Ələkbər Sabirlə şəxsi tanışlığı sayəsində yaranıb. O, Sabiri çox sevib və onun satiralarından təsirlənib, bu ruhda şeirlər yazıb. Onların yaradıcılıq əlaqələri sonradan möhkəm dostluğa çevrilir. Gənc şairin satiraları gizli imzalarla əsasən “Zənbur” və “Babayi-Əmir” jurnallarında dərc olunub.
Müznibin “Zənbur” jurnalında çap olunan “Dilənçi” adlı ilk satirası ona uğur qazandırır:
Etsən nə qədər naləvü-əfqan, a dilənçi,
Bir zərrə verilməz sənə ehsan, a dilənçi.
Ar eylə! Utan! Bari bir, ey mülhədi-kafir!
Xəsmin ola ol xaliqi-sübhan, a dilənçi!
Kəssin səni həm həzrəti-sübhan, a dilənçi!
Maraqlıdır ki, az müddət sonra Sabir də Müznibin bu şeirinə özünün eyniadlı bənzətməsini qələmə alır:
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Vaqqıldama bayquş kimi, idbar dilənçi!
Bu məclisimiz məclisi-ehsandır əgərçi,
Düzdüklərimiz neməti-əlvandır əgərçi,
Ehsan füqəra kəsləri sayandır əgərçi,
Bir adəti-irsiyyəti dəxi var, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Əlabbas Müznib bədii yaradıcılıqla yanaşı, farscadan dilimizə tərcümələr də edib. Həmin tərcümələrə “Molla Nəsrəddin məzhəkəsi”, “Əlif Leyla”, “Şeyx Bəhlul”, “Muxtarnamə” və başqa kitabları misal göstərmək olar.
1910-cu il dekabrın 18-də Müznibin redaktorluğu ilə üzərində türkçülük və islamçılığın rəmzi ay və ulduz olan “Hilal” adlı qəzet nəşrə başlayır. Qəzet kəskin siyasi mövqeyinə görə senzura tərəfindən bağlansa da, dekabrın 25-də ikinci nömrəsi buraxılır. Belə olan halda qəzetin bütün nömrələri polis tərəfindən müsadirə olunur, redaktoru haqqında isə cinayət işi açılır. Tutduğu yoldan dönməyən Əlabbas Müznib 1911-ci ildə yenidən “Hilal” qəzetinin nəşrinə icazə alır. Qəzetdə “Binəva islam” adlı məqaləsini dərc edir. Məqalədə xalqının ağır vəziyyətini qələmə alan müəllif oxucusuna bəzi həqiqətləri deməyə çalışır. Bu qəzetin də cəmi üç nömrəsi çıxır. Yenidən polisin müdaxiləsi nəticəsində qəzetin nəşri dayandırılır.
İdeallarından geri çəkilməyən Müznib bu dəfə “Şihabi-saqib” adlı jurnalın nəşrinə icazə alır. Həmişə olduğu kimi, bu dəfə də jurnalın səhifələrində çar zülmünə qarşı etiraz ruhlu yazılar öz əksini tapır. Jandarm onun evinə basqın edib, axtarışlar aparır, jurnalın nəşrini dayandırır və özünü də həbs edirlər. O, Bayıl həbsxanasında 25 gün həbsdə qalmasına baxmayaraq, vətənpərvər fəaliyyətini davam etdirir.
Üsyankar ziyalı xalqın işıqlı gələcəyi, azadlığı naminə davamlı mübarizə aparıb. Buna görə də üç dəfə ayrı-ayrı vaxtlarda ağır cəzalara məhkum edilib. Birinci dəfə 1912-ci ildə çar hökuməti onu xalqı milli azadlıq qiyamına çağırdığına görə ömürlük olaraq Sibirə sürgün edir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illik yubileyi münasibətilə verilən əfvə düşür. Sürgündən qayıtdıqdan sonra Seyid Hüseyn onu redaktoru olduğu “İqbal” qəzetində işə götürür. İkinci dəfə dini fanatizmi tənqid etdiyinə görə onun barəsində Bakı ruhaniləri tərəfindən ölüm fitvası elan olunsa da, fitvanın icrası baş tutmur.
Şair üçüncü cəzadan yayına bilmir. Bir çox məsləkdaşları kimi, Əlabbas Müznib də “burjua millətçisi”, “pantürkist” və “panislamist” təbliğatçılığında təqsirli bilinir. Ömürlük Sibirə sürgün olunur və 1938-ci ildə sürgündə gözlərini əbədi olaraq yumur.
Savalan Fərəcov