XX yüzilliyin birinci yarısında ölkəmizdə elmin, təhsilin milli zəmində inkişaf etdirilməsində tanınmış pedaqoq, filoloq və publisist Fərhad Ağazadənin mühüm xidmətləri olub. O, Azərbaycan ədəbi-elmi fikir tarixində islahatçı maarif xadimi kimi tanınıb, əlifba islahatı sahəsində ardıcıl fəaliyyəti dövrün mütərəqqi ziyalıları tərəfindən dəstəklənib.

Fərhad Məşədi Rəhim oğlu Ağazadə 1880-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Məşədi Rəhim sadə baqqal olsa da, şəhərdə intişar tapan mədəni inkişafdan geri qalmamağa çalışıb. Uşaqlarını oxutmaq üçün hər zəhmətə qatlaşıb. O dövrdə Şuşada maarif və mədəniyyətdə bir canlanma yaranır. Xüsusilə Qori Müəllimlər Seminariyasını bitirən şuşalı gənclər bu istiqamətdə böyük səy göstərərək bir neçə məktəbin açılmasına nail olurlar. Məktəblərdə Azərbaycan və rus dilinin tədrisi, ibtidai təhsillə yanaşı, müxtəlif sənətlər də öyrədilir.
Belə maarifpərvər gənclərdən biri də Camal bəy Fətəlibəyov olub. Onun 1893-cü ildə Şuşada açdığı məktəbə qəbul olunan 25 şagird arasında 13 yaşlı Fərhad Ağazadə də vardı. Camal bəy bu açıqfikirli və istedadlı gəncin parlaq gələcəyinə inanır. Məhz buna görə 1895-ci ildə onu özü ilə Qoriyə aparır, sənədlərini Qori Müəllimlər Seminariyasının hazırlıq sinfinə verir. Fərhad Ağazadə seminariyada nümunəvi davranışı və dərslərə daimi hazırlıqlı olması ilə kollektivin diqqətini çəkir. İctimai işlərdə fəallığına görə də müəllimlərinin böyük hörmətini qazanır. Bədii qiraətlə də məşğul olur. Musiqi ilə maraqlanır və skripka çalmağı öyrənir. Beləliklə, geniş dünya görüşlü bir gənc kimi formalaşır.
Seminariyada beş il təhsil alan Fərhad 1900-cü ildə zəngin biliklə məzun olur. Göndərişlə Xaçmaz məktəbində bir il müəllim işləyir. Sonra Şuşaya qayıdaraq şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlayır. Pedaqoji fəaliyyətlə yanaşı, Bakıda nəşr edilən mətbuat orqanları ilə də əməkdaşlıq edir. Fərhad Ağazadənin jurnalistik fəaliyyəti Bakıda yaşayan tanınmış ziyalıların da diqqətini cəlb edir. Bir müddət sonra o, Bakıya gəlir və “rus-tatar” məktəbində işə dəvət edilir. Qısa müddətdən sonra məktəbin müdiri təyin olunur. Fərhad Ağazadənin təhsil ocağında fəaliyyəti tezliklə pedaqoji işi canlandırır. O, tədris proqramları yazır, dərsliklər tərtib edir. Beləliklə, savadsızlığın ləğvi istiqamətində böyük xidmət göstərir.
Araşdırmalarda göstərilir ki, Azərbaycan dilinin orfoqrafiyası elmi şəkildə ilk dəfə Fərhad Ağazadə tərəfindən işlənib. O, bir müddət məktəbəqədər pedaqogika ilə məşğul olub, uşaq bağçaları üçün dərs vəsaiti hazırlayıb. Fərhad Ağazadənin xidmətlərindən biri də Azərbaycanın maarif və mədəniyyət tarixini tədqiq etməsidir. Həsən bəy Zərdabi və Firidun bəy Köçərlinin həyatı, fəaliyyəti və xidmətləri haqqında ilk müfəssəl yazılı məlumatı məhz o qələmə alıb.
Fərhad Ağazadə eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbuat orqanı “Azərbaycan” qəzetinin ən fəal əməkdaşlarından olub. 1919-1920-ci illərdə qəzetdə maarifçi ruhlu məqalələr yazıb, xalqın nicatının elmdə, təhsildə olduğunu əsaslandırıb. Azərbaycan gənclərinin təhsil alması üçün çağırışlar edib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan bir il sonra Fərhad Ağazadə əlifba məsələsini gündəmə gətirir. Dövri mətbuatda bu mövzu ilə bağlı silsilə məqalələri dərc olunur. Bu mövzu rəsmi və qeyri-rəsmi yerlərdə açıq müzakirə obyektinə çevrilir. Müzakirələr zamanı ərəb qrafikasından imtina etmək, latın qrafikası əsasında yeni əlifba qəbul etmək təklifini irəli sürür. Onun təşəbbüsünü Nəriman Nərimanov da dəstəkləyir.
Beləliklə, 1922-ci ilin yanvarında Nəriman Nərimanovun təklifi ilə çağırılan yığıncaqda əlifba və dil məsələsi geniş müzakirə olunur. İki qrup yaranır: bir tərəfdə “latın”çılar, digər tərəfdə “ərəb”çilər. Birinci qrupun lideri Fərhad Ağazadə olur. O, 1925-ci ilin martında çağırılan Azərbaycan IV Sovetlər Qurultayına məktub göndərir. Həmin məktubda yazır: “...Savadsızlığın ləğvi üçün ən məqbul əlifbaya ehtiyac var. Bu da yeni türk əlifbasıdır. Çünki o, asan bir əlifbadır. Bir-iki aya onu öyrənmək mümkündür. Siz traktor əvəzinə xışı, elektrik əvəzinə şamı və ya çırağı təklif etməyəcəksiniz...”
Qurultayda Fərhad Ağazadənin “Türk dillərinin orfoqrafiyası” mövzusunda məruzəsi də dinlənilir. O təklif edir ki, türk dilinin bütün kəlmələri, o cümlədən bu dilə daxil olan sözlər vahid yazı qaydalarına tabe olsun. Məhz onun cəhdləri sayəsində 1927-ci ildə Türk Əlifba Komitəsi yaradılır. O, işə çox böyük həvəslə qoşulur və mətbuatda yeni əlifba ilə bağlı məqalə dərc etdirir. Fərhad Ağazadənin bu fəallığı Nəriman Nərimanov və Səməd Ağamalıoğlu tərəfindən müdafiə edilir. Hətta Türkiyə mətbuatında da bu məsələ özünün geniş əks-sədasını tapır.
Araşdırmalarda göstərilir ki, o vaxt qabaqcıl elm və mədəniyyət xadimləri tez-tez bir araya gələrək əlifba ilə əlaqədar müzakirələr aparırlar. Bu müzakirələr çərçivəsində F.Ağazadə və Q.Qaraqaşlının müəllifliyi ilə Kazanda rus dilində çap olunan “Yeni türk əlifba hərəkatının inkişaf tarixi və onun nailiyyətlərinə aid oçerk” kitabı təhlil obyektinə çevrilir. Bəkir Çobanzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Hacı Kərim Sanılı bu müzakirələrdə yaxından iştirak edərək Fərhad Ağazadənin xidmətlərini yüksək dəyərləndirirlər.
Uzun müddət gərgin iş rejimi və Azərbaycanı bürüməkdə olan repressiyalar onu möhkəm sarsıdır. Səhhətində ciddi problemlər yaranır. Müalicə məqsədilə bir neçə dəfə Rusiyanın müxtəlif şəhərlərinə getsə də, bir nəticəsi olmur. Ürəyi arzularla dolu Fərhad Ağazadə ömrünün coşqun çağlarında, 1931-ci il yanvarın 4-də gözlərini əbədi yumur.

Savalan Fərəcov